Vəfa
Muradzadə: “Romada keçirilən biznes forum biz iş
adamları qarşısında geniş imkanlar açır”
“Bu
imkanlar həm etimaddır, həm də məsuliyyət. Biz
iş adamları bu etimadı doğrultmağa, bu iqtisadi əlaqələrdən
istifadə edərək respublikamızın iqtisadi
gücünə güc qatmalı, insanlarımızın
rifah halının yüksəlməsi istiqamətində
çalışmalı, dövlətimizin xarici arenada daha
güclü olmasına kömək etməliyik”
Bu
günlərdə Prezident İlham Əliyevin İtaliyaya
dövlət səfəri bir sıra uğurları ilə
yadda qalıb. Səfər çərçivəsində bir
çox görüşlər və ən əhəmiyyətli
tədbirlərdən biri də Romada keçirilən Azərbaycan-İtaliya
biznes forumu oldu.
Forumda
çıxış edən dövlətimizin
başçısı iki ölkənin iş adamları
arasında təşkil olunan biznes forumun mühüm əhəmiyyəti
olduğunu bildirib: “Əminəm ki, forumun işi nəticəsində
iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr
yeni pilləyə qalxacaq”. İki ölkə arasında
iqtisadi sahədə əlaqələrə gəldikdə isə
ölkə başçısı bildirdi ki, İtaliya Azərbaycanın
birinci ticarət tərəfdaşıdır: “Ancaq biz onu bilməliyik
ki, bu, ilk növbədə, Azərbaycandan İtaliyaya xam
neftin ixrac edilməsinə görə mümkün olmuşdur.
Bizim əsas vəzifəmiz ticarət əlaqələrimizin
şaxələndirilməsidir. Neft-qaz sektorundan başqa layihələrin
həyata keçirilməsi, hesab edirəm ki, belə imkanlar
yaradacaq. Azərbaycan uzun illərdir ki, İtaliyanı xam neftlə
təchiz edir. Azərbaycandan gələn xam neft
İtaliyanın istehlakının 18 faizini təşkil edir və
Azərbaycan birinci yerdədir. TAP layihəsinin uğurla
başa çatması nəticəsində Azərbaycan və
İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində
çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət
göstərəcəklər. Eyni zamanda, indi bizim əsas vəzifəmiz
TAP-dan sonrakı iqtisadi əməkdaşlığı dərinləşdirməkdir.
Əminəm ki, gələcək əməkdaşlıq daha
da genişmiqyaslı olacaq. Çünki strateji tərəfdaşlar
kimi biz ticarət və biznes sahələrində də
bir-birimizi dəstəkləməliyik. Avropa məkanında
İtaliya bizim üçün bir nömrəli tərəfdaş
ölkədir və tam əminəm ki, eyni tərəfdaşlıq
biznes sahəsində də olmalıdır”.
Qeyd
edək ki, Azərbaycan-İtaliya biznes forumunda bir sıra Azərbaycan
iş adamları da iştirak edib. Forum iştirakçılarından
biri də tanınmış iş adamı “Vəfa Collection”
şirkətinin prezidenti, “İş Qadınlarına Dəstək”
İctimai Birliyinin sədri, ilk Azərbaycan brendi - “Made in
Azerbaijan” markası ilə ev tekstili fabrikinin qurucusu Vəfa
Muradzadə olub. V. Muradzadə ölkə başçısının
səfəri, eləcə də biznes-forumla bağlı təəssüratlarını
“Palitra”ya bildirdi ki, Azərbaycan və İtaliya arasında
siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədədir.
V.Muradzadə qeyd etdi ki, son bir neçə ildə
İtaliyanın Prezidenti və Baş naziri Azərbaycana səfər
ediblər: “Azərbaycanın Prezidenti və Birinci
vitse-prezidenti dəfələrlə İtaliyada səfərdə
olublar. Məhz bu əlaqələrin nəticəsidir ki,
İtaliya Avropa İttifaqının digər ölkələr
ilə müqayisədə Azərbaycanın ən yaxın
iqtisadi tərəfdaşıdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin İtaliyaya fevral ayının
19-da başlayan dövlət səfəri bu tərəfdaşlığın
inkişafında yeni səhifə açır. Bu səfər
çərçivəsində Romada Azərbaycan-İtaliya
biznes forumu keçirildi. Bu biznes forumda iştirak edən
iş adamları sırasında mən də vardım. Mənə
göstərilən bu etimad, mənim üçün həm
də böyük məsuliyyətdir. Biznes forumda ilk öncə
ev sahiblərini təmsil edən İtaliya
Respublikasının Xarici İşlər və Beynəlxalq
Əməkdaşlıq naziri Luici Di Mayo çıxış
etdi. Azərbaycan və İtaliyanın qədim tarixini qeyd edən
nazir, məşhur italyan səyyahı Marko Polonun öz əsərlərində
Azərbaycan, Yanardağ haqqında danışmasını
önə çəkdi. Bildirdi ki, Marko Polo hələ XIII əsrdə
iş adamlarına, o vaxtın tacirlərinə Azərbaycan
haqqında məlumat verib. İtaliya- Azərbaycan arasında
böyük həcmli ticari tərəfdaşlığı rəqəmlərlə
şərh edən nazir, bu əlaqələrin on ildən az
müddətdə 70 faizə qədər
artığını bildirdi, bunun daha da inkişaf etdirilməsi
üçün İtaliyanın mümkün imkanları barədə
danışdı”.
V.Muradzadənin
sözlərinə görə, biznes forumda
çıxışı zamanı Romada 25-dən çox sənədin
imzalandığını qeyd edən Prezident İlham
Əliyev bu sənədlərin bir çox sahələri əhatə
etdiyini bildirib: “Çoxölçülü strateji tərəfdaşlığın
gücləndirilməsinə dair Birgə Bəyannaməni
xüsusilə qeyd edən respublikamızın Prezidenti bu sənədi
ciddi siyasi sənəd, iki ölkənin gələcək ikitərəfli
əməkdaşlığının əsas prioritetlərini
müəyyən edən bir sənəd kimi xarakterizə
etdi. Azərbaycan Respublikası Prezidentinin
çıxışı əslində forumda müzakirə
ediləcək müxtəlif istiqamətli məsələlərin
qısa icmalı idi. Belə ki, Prezidentin öz
çıxışında qeyd etdiyi kimi, bu səfərə
kimi əsasən neft-qaz sahəsində inkişaf edən əlaqələr,
bu səfərdən sonra şaxələnərək müxtəlif
sahələri əhatə edəcək. Forumun gündəliyindəki
məsələlər nəqliyyat, yerli neft-kimya sənayesi,
komik sənaye, hərbi sənaye kompleksi, kənd təsərrüfatı,
turizm, elektroenergetika, logistika, İKT, səhiyyə kimi
müxtəlif sahələri əhatə edirdi. Bildiyiniz kimi
hazırda Azərbaycanın 1500-dən çox tələbəsi
İtaliyanın ali məktəblərində təhsil
alır. Təhsil sahəsində də Romada sənədlər
imzalanıb. Həmçinin 2020-ci il İtaliyada “Azərbaycan
ili” elan olunub. Biznes forumdakı çıxışında
Villa Borgeze parkında ucaldılan dahi Nizaminin abidəsindən
danışan İlham Əliyev yaxın zamanlarda Romada Azərbaycan
Mədəniyyət Mərkəzinin fəaliyyətə
başlayacağını da bildirdi”.
V.Muradzadə
adıçəkilən forumun iş adamları
üçün əhəmiyyətinə gəldikdə isə
bildirdi ki, Romada keçirilən biznes forum ikitərəfli
iqtisadi-ticarət əlaqələrinin inkişafına
dövlət səviyyəsində verilən yüksək diqqətin
göstəricisidir və biz iş adamları
qarşısında geniş imkanlar açır: “Bu imkanlar həm
etimaddır, həm də məsuliyyət. Biz iş
adamları bu etimadı doğrultmağa, bu iqtisadi əlaqələrdən
istifadə edərək respublikamızın iqtisadi
gücünə güc qatmalı, insanlarımızın
rifah halının yüksəlməsi istiqamətində
çalışmalı, dövlətimizin xarici arenada daha
güclü olmasına kömək etməliyik”.
Nigar Abdullayeva
Palitra.- 2020.- 27 fevral. S. 5.