“Xocalı faciəsi Ermənistan
dövlətinin Azərbaycana qarşı işğal
siyasətinin tərkib hissəsidir”
“Koreya Respublikası Prezidentinin internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir. Xocalı soyqırımı ilə bağlı həmin petisiyalar yerli kütləvi informasiya vasitələrinin diqqətini çəkib, ölkənin "Boan 24" onlayn xəbər agentliyi bu mövzuda material yayıb”
Avstraliyanın Melburn şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Avstraliyanın Melburn şəhərində Viktoriya Azərbaycan Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” adlı anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Melburnda yaşayan Azərbaycan icmasının üzvləri, diplomatik korpusun əməkdaşları, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri iştirak ediblər. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. “Ölüm dəhlizi” adlı poema ingilis və rus dillərinə tərcümə edilərək tədbir iştirakçlları arasında paylanıb. “Xocalıya Ədalət” sənədli filmi nümayiş olunub. Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı diplomatik nümayəndəliyini rəhbəri Ramil Qurbanov qeyd edib ki, Xocalı faciəsi Ermənistan dövlətinin Azərbaycana və xalqımıza qarşı təcavüzkar siyasətinin tərkib hissəsidir. Məhz bu siyasət beynəlxalq hüquq normalarının və prinsiplərinin, insan hüquqlarının pozulmasına səbəb olub. Diplomatımız xatırladıb ki, ermənilər tarix boyu xalqımıza qarşı törətdikləri qırğınlarla Azərbaycan ərazilərinin işğalına can atıblar. Türkiyənin Avstraliyanın Melburn şəhərindəki baş konsulu Arif Əsər Torun çıxış edərək bildirib ki, Xocalı faciəsi yalnız Azərbayycanın deyil, həmçinin Türkiyənin faciəsidir və həmin qanlı hadisələr zamanı ermənilər tərəfindən törədilən vəhşiliklər Türkiyə cəmiyyətinə də güclü təsir göstərib. Tədbirdə çıxış edən Türkiyə konsulluğunun katibi Yaqub Əroğlu isə Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin pisləyərək, Dağlı Qarabağın və ətraf rayonların tezliklə azad ediləcəyinə əminliyini bildirib. Faciənin mahiyyəti barədə Tomas De Valın müəllifi olduğu ingilis dilində yazılmış “Black garden” kitabı da tədbirdə nümayiş olunub. Qeyd edilib ki, burada əksini tapmış faktlar hadisələrin əsil mahiyyətinin dərk olunması baxımından çox əhəmiyyətlidir. Tədbirin sonunda təşkilatçılar adından iştirakçılara minnətdarlıq ifadə edilib, bildirilib ki, belə müzakirələr Xocalı soyqırımı kimi hadisələrin bir daha təkrar olunmaması baxımından xüsusi əhəmiyyətə malikdir.
Koreya Respublikasının Prezidenti Administrasiyasının saytındakı Xocalı soyqırımına aid petisiya kifayət qədər dəstək toplayıb
Xocalı soyqırımının Koreya Respublikasında daha yaxşı tanıdılması məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Koreya Prezidenti Administrasiyasının və parlamentinin rəsmi internet səhifələrində "Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində səsimizi eşidin!" başlıqlı petisiyalar yerləşdirilib. Azərbaycan-Koreya əlaqələrində ilk dəfə olaraq Koreyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar tərəfindən hazırlanan petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsi vurğulanıb, Ermənistan hakimiyyətinin törətdiyi bu kimi cinayətlərə hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb. Koreya Respublikası Prezidentinin internet səhifəsində yerləşdirilmiş petisiya tələb olunan sayda dəstək topladığından səhifəsinin administratoru tərəfindən nəzarətə götürülüb və hazırda nəzərdən keçirilir. Xocalı soyqırımı ilə bağlı həmin petisiyalar yerli kütləvi informasiya vasitələrinin diqqətini çəkib, ölkənin "Boan 24" onlayn xəbər agentliyi bu mövzuda material yayıb.
Ukrayna telekanalında Xocalı soyqırımına həsr edilmiş veriliş yayımlanıb
Onu da qeyd edək ki, Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb. Canlı yayımlanan “Veçerniy Çerniqov” verilişində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə geniş məlumat verib. Səfir SSRİ-nin süqutundan sonra Azərbaycanın ermənilər tərəfindən separatizmlə üz-üzə qaldığını bildirib. Qeyd edib ki, Azərbaycanın torpaqları işğal olunub. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirilib, nəticədə 613 nəfər, o cümlədən qocalar, uşaqlar və qadınlar amansızcasına qətlə yetirilib. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Diplomat bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Diqqətə çatdırılıb ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımını törədənlərin layiqli cəzalarını alması tələb edilir.
"Der Freitag" nəşri ermənilərin Xocalıda törətdikləri cinayətlər barədə məqalə dərc edib
Bu araad onu da qeyd edək ki, "Der Freitag" nəşrində Humboldt Universitetinin doktorantı Asif Məsimovun ermənilərin Xocalıda törətdikləri cinayətlər barədə məqaləsi dərc edilib "Ermənilər öz cinayətkar əməllərinə görə cavab verməlidirlər" sərlövhəli məqalədə Ermənistan tərəfindən törədilən cinayətlərin qısa xronologiyası və əsas faktlar yer alıb. Qeyd olunur ki, bunun qətliam və ya soyqırımı olması böyük əhəmiyyət kəsb etmir, lakin mühüm olan başqa şeydir - bəşər övladı qarşısında bu ağır cinayətin törədilməsində məsuliyyət daşıyan təşkilatçılar və icraçılar hələ də azadlıqdadır. Universitetin doktorantı yazır ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və sabiq müdafiə naziri Seyran Ohanyan da həmin cinayətkarlar sırasındadır. Müəllif vurğulayır ki, Ermənistan bu cinayətdə nəinki öz rolunu inkar edir, hətta günahı azərbaycanlıların boynuna qoymağa cəhd göstərir. Bununla yanaşı, A.Məsimov Serj Sarkisyanın britaniyalı jurnalist Tomas de Vaala etdiyi etirafı xatırladır: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə heç vaxt əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik”.
Təmas xəttində Ermənistan ordusunun diversiya cəhdinin qarşısı alınıb
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, fevralın 24-də saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Azərbaycan Respublikasının Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb. Ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.
A.Miriyev
Palitra.- 2020.- 25 fevral.
S. 8.