Dağlıq Qarabağın azərbaycanlı
icmasının qadın üzvləri haqq
səsimizin dünyaya
çatdırılmasında önəmli rol
oynayırlar
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə birgə “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans təşkil edib. Konfrans BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsinin 20-ci ildönümünə həsr olunub.
BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirin BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qadın, sülh və təhlükəsizlik məsələlərinə dair qəbul etdiyi 1325 saylı qətnaməsinin 20-ci ildönümünə həsr olunduğunu bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və 20 mindən artıq soydaşımız hərbi əməliyyatlarda həlak olub. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində işğal pislənilir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb olunur.
Prezidentin köməkçisi bildirib ki, bugünkü tədbir, eyni zamanda, Azərbaycan xalqının ağrılı yarası olan Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində keçirilir. Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların fəal rolunun mühüm amil olduğunun vurğulayan Hikmət Hacıyev deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında önəmli rol oynayırlar. “Azərbaycan qadınları hər zaman ölkəmizin tarixində mühüm rol oynayıblar. Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüququ verilib”- deyən Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanda BMT-nin 1325 saylı qətnaməsi ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planı hazırlanıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzainin bildirib ki, BMT-nin məlum qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda rolu əks olunub. Qadınların bu sahədə fəaliyyəti dayanıqlı sülh üçün təminat yaradacaq. Qadınlar və kişilərin bərabər tərəfdaş kimi tanındığı halda sülh üçün zəmin yarana bilər. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda da mühüm rol oynayır. Qadınların sülhün təmin edilməsi prosesindəki rolu təmin edilmədən məqsədlərə nail olunmayacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1325 saylı qətnamə ilə bağlı Azərbaycanın Milli Fəaliyyət Planının hazırlanaraq müvafiq dövlət qurumlarına göndərildiyini diqqətə çatdırıb: “Hansı ölkə deyə bilər ki, BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qəbul etdiyi 1325 saylı Qadınlar, Sülh və Təhlükəsizlik qətnaməsi ilə bağlı ciddi irəliləyiş əldə olunub? İlk növbədə, işğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır. Niyə BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycana münasibətdə icra olunmur? Ancaq başqa ölkələrə münasibətdə belə qətnamələr dərhal yerinə yetirilir. Elə dövrə gəlmişik ki, sülh dövlətlərin gücündən asılıdır. Azərbaycan artıq güclü bir ölkəyə çevrilib. Amma biz istərdik ki, bu münaqişələrin həllində qadınlarımız da sözlərini deyə bilsinlər”.
Ombudsman Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir: “Azərbaycan erməni işğalından əziyyət çəkməkdə davam edir. Biz bir milyondan çox qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmalarını tələb edirik, əsir saxlanılanlar isə sərbəst buraxılmalıdır. Ermənistan tərəfinin təcavüzü nəticəsində yaranan humanitar fəlakətdə ən çox əziyyət çəkən qadınlar olub". Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir: “Təəssüf ki, İkinci Dünya müharibəsindən sonra da münaqişələrdə qadınların hədəf seçildiyini gördük. Ona görə də 1970-ci illərdə bu məsələyə diqqət artdı. 1325 saylı qətnamənin qəbulundan sonra Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını da qeyd etməliyik. Bu məhkəmənin də araşdırmalarında qadınların işgəncəyə məruz qalmasının şahidi olmuşuq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı qadınlar işgəncələrə məruz qalıblar. Dağlıq Qarabağdan olan azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidiyik. Bu qadınların torpaqlarında ləyaqətlə yaşamaq haqqı tanınmalıdır. İşğal başa çatdıqdan sonra yenidənqurma işlərində qadınlarımızın fəal iştirak edəcəyini gözləyirik”..
“Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir”
Prezidentin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. “Əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanınmasına nail olmaqdır. Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini daim böyük ehtiramla yad edir. Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir. Çox müsbət haldır ki, 10-dan çox ölkənin parlamenti səviyyəsində və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi qəbul edilib. Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırımı kimi tanıdılmasına nail olunmasıdır. Bu prosesdə də ictimai məlumatlandırma, “Xocalıya ədalət!” kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayəndəliklərimizin və diaspora təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır” – deyə Hikmət Hacıyev vurğulayıb.
Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirib
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistan müsəlmanları İdarəsi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov, Daşkənddəki Katolik kilsəsinin rəhbəri Eji Masuleviç xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib. İştirakçılar foyedə Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini İbrahim İnamov tərəfindən şəhidlərin ruhuna dua oxunduqdan sonra Hüseyn Quliyev Xocalı faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat verib, 28 il əvvəl erməni silahlılarının bir gecənin içində Xocalı şəhərini yer üzündən sildiklərini bildirib. Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışıb, Xocalı soyqırımının tanınması istiqamətində görülən işləri diqqətə çatdırıb. O deyib ki, 1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, fevralın 26-sı isə Xocalı Soyqırımı Günü elan olunub.
Diplomat vurğulayıb ki, Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və pislənib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib.
Səfir qeyd edib ki, 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib.
İbrahim İnamov öz çıxışında deyib ki, Azərbaycan xalqı və dövləti çox yetkin mövqe nümayiş etdirərək bir tərəfdən hadisəni unutmur, digər tərəfdən də dünyadan Xocalıya ədalət tələb edir. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov ermənilərin qocalara, qadınlara, uşaqlara dəhşətli işgəncələr və zülm verməsinə, təhqir etməsinə heç cür haqq qazandıra bilmədiyini dilə gətirib.
Nigar Abdullayeva
Palitra.- 2020.- 25 fevral.
S. 11.