Qaradağlı
faciəsi dünya ictimaiyyətinə
çatdırılır
Xocavənd rayonunun Qaradağlı kəndi Qarabağ
müharibəsində ən çox faciələrə
düçar olan, ağrı-acı yaşayan kəndlərimizdəndir. Erməni
işğalçılarına qarşı 4 il
qəhrəmanlıqla mübarizə aparan bu kənd 1992-ci il
fevralın 17-də işğal edilərək
yandırılıb, dinc əhaliyə qarşı
soyqırımı həyata keçirilib. 28 il əvvəl
burada törədilən qətliam, kənd sakinlərinə
verilən işgəncələr 200 ilə yaxın bir
müddətdə erməni millətçilərinin azərbaycanlılara
qarşı həyata keçirdiyi etnik təmizləmə və
soyqırımı siyasətinin davamı, Azərbaycan
türklərinə bəslədikləri nifrətin nəticəsi
idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən
13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında,
dağətəyi ərazidə yerləşir. 1988-ci ildə
Dağlıq Qarabağda erməni separatçıları
baş qaldırdığı andan Xocavənd rayonunun
Qaradağlı kəndinin də faciəli günləri
başlandı. Kəndin sakinləri
böyüyüb boya-başa çatdıqları doğma
yurdun hər qarışı, hər daşı uğrunda
mübaizəyə qalxdı, onlarla kənd sakini ermənilərə
qarşı qeyri-bərabər döyüşlərdə
şəhid oldu.
1990-cı
il noyabrın 24-də üç nəfər
kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni
quldurları tərəfindən vəhşicəsinə qətlə
yetirildi. 1991-ci il yanvarın 9-da kəndə
gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən
atəşə tutuldu, bir nəfər
öldürüldü, dörd nəfər yaralandı. Onlardan ikisi sonralar aldığı yaralardan
dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin
yaxınlığında 2 nəfəri vəhşicəsinə
qətlə yetirdilər. Həmin il iyunun
28-də kəndin 3 kilometrliyindəki fermada altı sakin -
üç kişi və üç qadın diri-diri
yandırıldı. 1991-ci il sentyabrın
8-də Ağdamdan Qaradağlıya gələn sərnişin
avtobusu Xocavənd-Xankəndi yolunun 5-6 kilometrliyində erməni
quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən
iki oğlan, altı qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin
yaxınlığında daha bir azərbaycanlı vəhşicəsinə
qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən
qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il
fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi
işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir,
faciənin törədiləcəyi gün
yaxınlaşırdı.
Erməni
cəlladlar öldürülənləri və yaralı halda
olanları bir yerdə təsərrüfat quyusuna tökərək
torpaqlayblar
1992-ci il fevral ayının 14-də erməni
quldurları xarici muzdluların, xüsusilə Xankəndidə
yerləşən sovet ordusunun 366-cı alayının
texnikasından və canlı qüvvəsindən istifadə
etməklə əlaqəsi hər tərəfdən kəsilmiş,
köməksiz qalan Qaradağlı kəndinə hücuma
keçdilər. Kənddə olan 104 sakin və
14 əsgər sonuncu gülləyə qədər 4 gün
düşmənlə mübarizə apardı. Döyüşlərdə biri qadın olmaqla 14 nəfər
həlak oldu. Silah–sursatı tükənən
soydaşlarımız sonda ermənilər tərəfindən
əsir götürüldülər və onların növbəti
məşəqqətləri başlandı.
Kəndin
Bəylik bağı adlanan yerində 23 sakin erməni cəlladları
tərəfindən güllələndi, əksəriyyəti
yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi
yolu üzərində yerləşən erməni kəndlərində
maşınlardan düşürülərək güllələndi.
İki nəfər Zəki bulağında, 2 nəfər
Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 nəfər kənd sakininə ermənilər
əzab və işgəncələr verərək onları
amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə
şəhid oldu. Beş nəfərin
taleyi bu günə qədər məlum deyil.
Beləliklə,
erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan
Qaradağlı kəndi 1992-ci il fevralın 17-də
işğal edilərək yandırılıb, dinc əhaliyə
qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir
götürülüb, 33 nəfər güllələnib.
Erməni cəlladlar öldürülənləri
və yaralı halda olanları bir yerdə təsərrüfat
quyusuna tökərək torpaqlayblar. Ümumilikdə
əsir götürülənlərdən 68 nəfəri
öldürülüb, 50 nəfəri böyük çətinliklərlə
əsirlikdən azad edilib. Əsir
götürülənlərdən 10 nəfəri qadın, 2
nəfəri məktəbli olub. Azad
olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər
aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi,
vandalizm hərəkətləri ilə davranılması,
insanların başlarının kəsilməsi, diri-diri
basdırılması, dişlərinin çəkilməsi,
ac-susuz saxlanmaları, döyülərək
öldürülmələri insanlığa qarşı
törədilmiş cinayət hadisəsi idi. Ermənistanın
dövlət səviyyəsində həyata keçirdiyi
soyqırımı cinayəti nəticəsində
Qaradağlı kəndində iki ailənin hər birindən
4 nəfər qətlə yetirilib, 43 ailə öz
başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin
həmlələri zamanı qətlə yetirilənlərdən
10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd
sakinlərinin hər 10 nəfərindən biri qətlə
yetirilib. İşğal nəticəsində kənddə
200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb
binası, 25 çarpayılıq xəstəxana binası və
digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini,
mədəni abidələr və qəbiristanlıq
dağıdılıb. Kəndin 800 nəfərə
yaxın sakini məcburi köçkün düşüb.
“Ermənilərdən
biri maşına minərək məni götürüb meytlərin
üstünə atdı”
Qaradağlı
faciəsinin şahidi Şamxal Şirinov AZƏRTAC-ın
bölgə müxbirinə müsahibəsində 28 il əvvəl baş verən qanlı hadisələri
xatırlayaraq deyib: “Fevral ayının 14-də düşmən
kəndi mühasirəyə alaraq, hücuma keçdi. Qüvvələr qeyri bərabər olsa da, dörd
gün müqavimət göstərdik. Döyüş
vaxtı düşmənin xeyli canlı qüvvəsini məhv
etdik. Ayın 17-də gülləmiz
qurtardı və əsir götürüldük.
Cavanları yaşlılardan ayıraraq, “kamaz”-a
yığıb Xankəndi istiqamətində apardılar. Qocaları cavanlardan ayıraraq başqa
maşınlara mindirdilər. Yaşlıları
və 10 nəfər qadını birbaşa Xankəndi şəhəri
tərəfə apardılar. Cavanları
da başqa maşınla aparırdılar. Bəylik bağı deyilən yerdə
maşını saxlayıb bir çoxumuzu güllələdilər.
Ermənilərdən biri maşına minərək
məni götürüb meytlərin üstünə
atdı. Bu zaman aralıda dayanan başqa
bir erməni mənə sarı gələrək
başıma təpiklə vurdu, sonra məni ayağa
qaldıraraq yenidən maşının içərisinə
atdı. Öldürülənləri və
yaralıları silos quyusuna töküb ekskovatorla üstlərini
torpaqladılar. Sağ qalanları maşına
yığdılar. Cəmiyyət kəndi
yaxınlığında Xəlilov Zahidin meyitini düz yolun
ortasında gördüm. Sinif yoldaşım
Quliyev Nəbinin məndən 3-4 metr aralıda diri-diri
başını kəsdilər. Digər kəndlimiz
Mobili güllələyib öldürdülər. Sonra bizi Xankəndinə gətirdilər. Ağrılı-acılı günlərimiz
başlandı. Bizə olmazın işgəncələr
verdilər. Günlərlə ac-susuz
qaldıq. Mart ayının 31-də əsirlikdən
azad edildik”.
Qaradağlı kəndinin digər sakini Qara Kərimov
faciədən illər keçməsinə baxmayaraq hələ
də, həmin günləri xatırlayanda dəhşətə
gəldiyini bildirib. Qara kişi həmin
ağrılı-acılı günləri belə
xatırlayır: “Kəndimizi mühasirəyə
almışdılar. Güclü atışma
oldu. Silahımız
çatışmırdı. Kəndə
kömək də gəlmirdi. Fevral
ayının 17-si səhər “Zəki bulağı” tərəfdən
çoxlu maşın gəldiyini gördük. Erməni hərbi qüvvələri kəndə
dolurdu. Kənddəki idarə
binasının alt mərtəbəsində toplaşdıq.
Ermənilər hər tərəfdən
binanı atəşə tuturdular. Oğlum
Əliqismət üst mərtəbədə düşmənlərə
cavab atəşi açırdı. Ermənilər
Əliqisməti vurdular. O, ölüm ayağında
ürək-dirək verib dedi ki, düşmənə təslim
olmayın, son nəfəsinizədək kəndi müdafiə
edin, qoymayın işğal altına düşsün. Binanı tam mühasirəyə almışdılar.
Çıxış yolumuz yox idi, bizi əsir
götürdülər. Yaşlıları,
qadınları bir maşına, cavanları isə başqa
maşınlara doldurdular. Cəmiyyət kəndinin
yanında maşını saxladılar. Burada
poçtun müdiri Həbibi və Zahidi öldürdülər.
Biz Malıbəyli körpüsünə
çatanda erməni silahlıları maşını
saxlayıb yerə düşməyimizi əmr etdilər.
Bu vaxt cavanları gətirən maşın da
Malıbəyli körpüsünə çatdı.
Gördük ki, maşında adam az
qalıb. Məlum oldu ki, ermənilər
cavanların çoxunu “Bəylik bağı” deyilən ərazidə
güllələyiblər. Bizi Xankəndinə
aparıb zirzəmiyə saldılar. Gecə
çox üşüyürdük. Gecəni
orda qaldıq. Bizə çox
zülüm, işgəncələr verirdilər. Ac-susuz saxlayırdılar. Mart
ayında məni bizimkilər geri ala bildilər. Bu qoca vaxtımda ən böyük istəyim
doğma yurdumuza qayıtmaqdır”.
Erməni
vəhşilikləri Qaradağlı sakinlərinin
yaddaşında ağrı-acılarla dolu silinməz izlər
buraxıb
Qaradağlı kəndi işğal olunarkən Xudayət
Tağıyev məktəbli idi. Ermənilərin vəhşilikləri
Xudayətin də yaddaşında ağrı-acılarla dolu
silinməz izlər buraxıb.
“Ermənilər 1990-cı ildən başlayaraq kəndimizi
atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər. Kəndimizdə
evlərin çoxu zərər çəkmişdi. Məktəbimiz dağıldığı
üçün dərsə getmirdik. Bizi
kəndin özünümüdafiə dəstəsi qoruyurdu.
1992-ci il fevralın 17-də ermənilər
kəndimizi işğal edərək yandırdılar.
Yüzdən çox kənd sakini girov
götürüldü, xeyli adam
öldürüldü. Mən və məndən
bir sinif aşağıda oxuyan Əbülfət Hüseynov da
girovların arasında idik. Girovluqda
çəkdiyim əziyyəti, gördüyüm işgəncəni
sözlə ifadə etmək çətindir. 17 gün sonra azad edildim. Əbülfətin
taleyindən isə bu günədək heç bir xəbər
yoxdur. O vaxtdan illər keçməsinə baxmayaraq hələ
də çəkdiyim işgəncələri bədənimdə,
görüb eşitdiyim təhqirləri qəlbimdə hiss
edirəm. Müharibə mənim
yaddaşımda sağalmaz izlər buraxdı. Mən sanki uşaqlığımı yaşamadan
yaşlandım", - deyə X.Tağıyev bildirib.
Qaradağlı
faciənin dünya ictimaiyyətinə
çatdırılması məqsədi ilə Xocavənd
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
Azərbaycan, rus və ingilis dillərində “Soyqırım:
Qaradağlı”, azərbaycan, rus, ingilis və fransız dillərində
“Soyqırımı Qaradağlı: davam edir...” və
“Qaradağlı, mübarizə” sənədli filmləri
çəkilib. Ermənistan silahlı qüvvələrinin
Qaradağlı kəndində törətdiyi soyqırımla
bağlı garadaghli.org internet saytı və “Qaradağlı
Soyqırımı şahidlərin dili ilə” kitabı
hazırlanıb. Bundan başqa şəhidlərin
xatirəsini əbədiləşdirmək üçün
Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində
və Nərgiztəpə ərazisində abidə kompleksləri
ucaldılıb.
28 ildir ki, Qaradağlı kəndinin sakinləri
Qaradağlısız yaşamağa məcburdur. Beyləqan
rayonu ərazisində Xocavənd rayonundan olan məcburi
köçkünlər üçün salınmış qəsəbədə
məskunlaşan kənd sakinləri doğma yurd-yuvalarına
qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Fuad Hüseynzadə
Palitra.- 2020.- 18 fevral.
S. 11.