“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”

 

Fransanın Azərbaycandakı səfiri Zakari Qros AZƏRTAC-a məxsusi müsahibəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışıb. Fransa ilə Azərbaycan arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin inkişaf etdiyini bildirən səfir 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gələndən sonra Fransa ilə tərəfdaşlıq üçün strateji seçim etdiyini vurğulayıb. Bu seçimin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyən səfir bunun ölkələrimizin maraqlarının üst-üstə düşdüyünü əks etdirdiyini bildirib.

Diplomat qeyd edib ki, Fransanın müstəqil, sabit, firavan və demokratik Azərbaycanla əlaqələrə marağı var. Azərbaycanın da Avropa İttifaqı ilə birlikdə bölgənin təhlükəsizliyi və sabitliyinə töhfə verən Fransa ilə münasibətlərə marağı var. “Fürsətdən istifadə edərək, bütün azərbaycanlıları milli bayram münasibətilə təbrik edir, uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycan xalqı qısa zaman kəsiyində əldə olunan tərəqqi ilə fəxr edə bilər”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran səfir bu münaqişənin bütün münaqişələr kimi, ilk növbədə, həm mülki, həm də hərbçi qurbanlar, onların ailələri, qaçqın və məcburi köçkünlər üçün acı bir münaqişə olduğunu qeyd edib. Dağlıq Qarabağ məsələsində dinc və davamlı bir nəticə axtarmağa və onu tənzimləməyə çalışan ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik bir prosesin qurulması əhəmiyyətlidir. Videokonfrans vasitəsilə aparılan sonuncu məsləhətləşmələrdə olduğu kimi, həmsədr ölkələrlə birlikdə konstruktiv danışıqların davam etdirilməsinə münbit şəraitin yaradılmasına çalışmalıyıq. Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı istəyə açıq şəkildə qarşı çıxır. Hamıdan praqmatizm, kreativlik və kompromis ruhu tələb olunur. Minsk qrupunun həmsədri kimi Fransanın fəaliyyətinin mahiyyəti budur.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş layihəsinə toxunan səfir bu saziş layihəsinin siyasi dialoqdan tutmuş iqtisadi tərəfdaşlığa, davamlı inkişafa, iqlim dəyişikliyinə qarşı mübarizəyə, mədəniyyət məsələlərinə və s. daxil olmaqla həqiqətən də bütün sahələri əhatə etdiyini vurğulayıb.

 

“Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir”

 

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir: “Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması – başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur” (AZƏRTAC).

Elçin Əhmədov deyib: “Ermənistan respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Adı çəkilən beynəlxalq sənədlərdə Ermənistanın iddia etdiyi xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bununla yanaşı, Dağlıq Qarabağ bölgəsinin erməniləri isə digər ölkələrdə yaşayan ermənilər kimi Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir”.

 

“Ermənistan Azərbaycana təcavüzü zamanı beynəlxalq hüququn bütün fundamental prinsiplərini kobud şəkildə pozmuşdur”

O bildirib ki, münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Ermənistan özü tərəfindən yaradılan və hazırda onun nəzarətində olan Dağlıq Qarabağdakı cinayətkar və qondarma qurumun tərəf kimi iştirakının təmin olunmasını istəyir: “Ancaq bu tələb də əsassızdır və beynəlxalq hüququn prinsiplərinə uyğun deyil. Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun mandatına ziddir. Həmçinin Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı və ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır və bu beynəlxalq formatdır, əgər Dağlıq Qarabağ münaqişə tərəfi olsaydı, onda Ermənistan tərəfi bu günə kimi danışıqlar prosesində iştirak edib indiyə kimi bir sıra müvafiq sənədləri imzalamazdı.

Bununla yanaşı, Ermənistan Azərbaycana təcavüzü zamanı beynəlxalq hüququn bütün fundamental prinsiplərini kobud şəkildə pozmuşdur. Bu baxımdan ,qeyd etmək lazımdır ki, BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 1989-cu il noyabrın 20-də qəbul edilmiş BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanı Ermənistan ratifikasiya edib, lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə, 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqları və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında konvensiyaların ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən layiqli qiymət verilməlidir”.

“Ermənistan qanlı cinayətlər törətməkdə davam edir”

Elçin Əhmədov xatırladıb ki, II Dünya müharibəsi illərində Almaniya ordusu Praqanın 20 kilometrliyində yerləşən Lidiçe qəsəbəsinin 105 azyaşlı sakinindən 82-sini qaz kamerasında məhv etmişdir. Hadisənin üzərindən cəmi 3 il keçəndən sonra Lidiçedə sözügedən faciənin məsum qurbanlarının xatirəsini əbədiləşdirən muzey yaradılmış, bir müddət sonra isə qətlə yetirilən uşaqların xatirəsinə abidə ucaldılmışdır: “Qeyd etmək lazımdır ki, XX əsrin sonundan başlayaraq keçən dövr ərzində, xüsusilə 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar vardır.1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilmişdir ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da vardır. Belə ki, 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetirmişlər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlamışlar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılmışdır.

1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnmişdir. Müharibənin ilk illərində Kəlbəcərdə 8 uşaq - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Dəmiroğlu (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) vəhşicəsinə qətlə yetirilmişdir. Ermənistan ordusu tərəfindən 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov, Tovuzda isə 13 yaşlı Aygün Şahmalıyeva qətlə yetirilmişdir”.

O deyib ki, Ermənistan işğalla bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icra edilməməsini və onların kağız üzərində qalmasını görərək, beynəlxalq təşkilatlarda işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmamasından və işğalçı siyasətinə görə ona qarşı heç bir sanksiyanın tətbiq edilməməsindən ruhlanaraq qanlı cinayətlər törətməkdə davam edir: “Bu faktlar, soyqırımı və vandalizm aktları təsdiq edir ki, Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır”.

 

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 2 iyun. S. 11.