Erməni qoşunları tərəfindən
Şuşanın işğal edilməsi
barədə məlumat BMT-də yayılıb
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Ermənistanın daimi nümayəndəsinin 20 may tarixli məktubuna cavab olaraq yazdığı məktub BMT-nin Baş katibinə göndərilib. Ermənistan nümayəndəsinin məktubunda erməni tərəfin qondarma “arsax xalqının azadlıq uğrunda mübarizəsi” və Şuşa şəhərinin “azad edilməsi” barədə cəfəng arqumentlər gətirilir. Gizli deyil ki, belə cəfəngiyatın yayılması sürpriz sayılmamalıdır, çünki rəsmi Yerevan özünün hərbi təcavüzünə və Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin 20 faizinin işğal edilməsinə həmişə və hər vasitə ilə haqq qazandırmağa çalışıb. Erməni tərəfinin yaydığı yalan informasiya cavabsız qalmayıb.
Yaşar Əliyevin BMT Baş katibinə müraciətində deyilir: “Ermənistanın daimi nümayəndəsinin 2020-ci il 20 may tarixli məktubuna (A/74/862-S/2020/425) istinadla bir daha bildirmək istərdim ki, biz Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən qanunsuz yaradılmış oyuncaq rejim adından müxtəlif sənədlərin yayılmasının davam etməsinə qəti etiraz edirik. Belə sənədlər bəsit saxtakarlıq və ifrat sinizm nümunəsi olmaqla bərabər, onların hüquqi qüvvəsi yoxdur və lap əvvəldən rədd edilməlidir. Təcavüz, etnik təmizləmələr və kütləvi qətllər nəticəsində yaradılmış rejimin saxlanması faktı açıq-aşkar göstərir ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindən və beynəlxalq hüquq normalarından irəli gələn vəzifələrini yerinə yetirməkdən imtina edir. Beynəlxalq birlik Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti kollektiv şəkildə tanımamaqdan ibarət ardıcıl və prinsipial mövqeyini bu yaxınlarda bir daha təsdiq etdi, 2020-ci il martın 31-də və aprelin 14-də Ermənistanın rejissorluğu ilə oyuncaq rejimin qondarma qurumlarına qondarma “seçkiləri” rədd etdi və onları etibarsız hesab etdi.
Mən həm də bizim 2020-ci il 11 may tarixli məktubumuza (A/74/851-S/2020/388) istinad etmək və Şuşa şəhərinin işğalının iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycan icmasının bəyanatını bu məktuba əlavə etmək istərdim (bəyanatın mətni əlavə olunur). Bu məktubun və ona qoşma sənədlərin Təhlükəsizlik Şurasının sənədi kimi gündəlikdəki 32, 37, 68, 70, 75 və 83-cü bəndlər üzrə Baş Assambleyanın sənədi kimi yayılmasına görə sizə minnətdar olaram”.
Yaşar Əliyevin məktubuna Şuşa şəhərinin işğalının iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycan icmasının bəyanatı da əlavə edilib. Bəyanatda deyilir: “1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Şuşa şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda ən mühüm strateji yerlərdən biri idi. İşğal nəticəsində Şuşa şəhəri və Şuşa rayonunun 30 kəndi viran edilib, 195 dinc sakin qətlə yetirilib, 165 nəfər yaralanıb, 58 adam itkin düşüb, Şuşa rayonunun 24.000-dən çox sakini köçkün vəziyyətinə düşüb və Azərbaycanın 58 rayonunda məskunlaşıb. Nadir şəhər arxitekturası ilə fərqlənən Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala, Merdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.
Ermənistan silahlı qüvvələri tərəfindən Şuşanın işğalı nəticəsində 25 məktəb, 31 kitabxana, 20 tibb müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institutun filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turizm bazası, 2 mehmanxana, Azərbaycan Dövlət Xalça Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziya Mərkəzi, Şərq Musiqi Alətləri Fabriki, Dövlət Rəsm Qalereyası və Uşaq Sağlamlıq Mərkəzi qarət edilib, yandırılıb və dağıdılıb.
Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşanın işğalından 28 il keçir. Biz ümidimizi itirmir və inanırıq ki, hökmən Şuşaya qayıdacaq, viran olunmuş şəhərimizi bərpa edəcəyik. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun 80.000 nəfərdən çox üzvi olan Azərbaycan icmasının, o cümlədən Şuşa rayonunun Azərbaycan icmasının 30.000 nəfərdən çox nümayəndəsinin adından beynəlxalq birliyi Ermənistanın Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüzünə son qoymağa və işğal faktına obyektiv qiymət verilməsi üçün ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə çağırırıq.
Bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli yolla nizamlanması yalnız erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıtmasından sonra mümkündür. Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun Azərbaycan icması Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində bu regionun erməni icması ilə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülhü təmin etmək mümkün olacaq”.
Xatırladaq ki,
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprel-noyabr aylarında Azərbaycan
ərazilərinin erməni silahlı qüvvələri tərəfindən
işğal olunmasını pisləyən,
erməni silahlı qüvvələrinin qeyd-şərtsiz və
dərhal çıxarılmasını, azərbaycanlı məcburi
köçkünlərin doğma
yurdlarına qayıtması üçün
şərait yaradılmasını tələb edən 822,
853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Assambleyası
beynəlxalq birliyin Təhlükəsizlik
Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiq edən
62/243 nömrəli qətnamə qəbul edib.
BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif
ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları tərəfindən erməni
işğalçı qüvvələrin Azərbaycandan
çıxarılmasını tələb edən onlarca başqa qətnamə
qəbul edilib.
Fuad Hüseynzadə
Palitra.- 2020.- 5 iyun. S.
11.