“Azərbaycanın ərazi bütövlüyü
danışıqların mövzusu deyil və heç vaxt olmayacaq”
İspaniyanın “Diplomat in Spain” portalında bu ölkənin Kral Xuan Karlos Universitetinin hüquq elmləri üzrə professoru Karlos Uriartenin Azərbaycanla bağlı geniş məqaləsi yerləşdirilib. Yazıda Dağlıq Qarabağ münaqişəsi haqda da məlumat verilib.. AZƏRTAC xəbər verir ki, məqalədə müəllif Şərqdə ilk parlamentli respublikanın 1918-ci il 28 may tarixində Azərbaycanda yarandığını qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq dövr ərzində demokratiya, dünyəvilik və parlamentli respublika dəyərlərini rəhbər tutduğunu, etnik mənsubiyyətindən, dinindən, sosial statusundan və cinsindən asılı olmayaraq bütün vətəndaşların siyasi və mülki hüquqlarını təmin etdiyini vurğulayıb. Qeyd olunur ki, Şərqdə ilk dəfə, bir çox Qərbi Avropa dövlətlərindən və Amerika Birləşmiş Ştatlarından da əvvəl Azərbaycan Xalq Cümhuriyyətində qadınlar seçki hüququna malik olublar. Bildirilir ki, Azərbaycanda dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Azərbaycan dili rəsmi dövlət dili elan edilib, ölkənin himni, bayrağı və gerbi təsis olunub, Azərbaycan Milli Ordusu yaradılıb.
Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qalıb, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan edib. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası daxili və xarici siyasətdə ağır vəziyyətlə üzləşib, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20 faizi Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Ölkənin bu cür ağır vəziyyətlə üzləşdiyi bir dövrdə, Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev 1993-cü il iyun ayının 15-də yenidən hakimiyyətə qayıdıb, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində ölkədə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olunaraq 1994-cü ildə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs əldə edilib.
Heydər Əliyevin Prezidentliyi dövründə (1993-2003) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların gündəliyinə daxil edilib, bunun məntiqi nəticəsi olaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə (822, 853, 874, 884) Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı qınanıb, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinin vacibliyi bir daha təsdiq edilib, işğal edilmiş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.
Diqqətə çatdırılır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda bütün sahələri əhatə edən çoxşaxəli islahatlar, həyata keçirilən tədbirlər Azərbaycan xalqının mənafeyinə, ölkənin qüdrətinin artmasına və daha da çiçəklənməsinə xidmət edir.
“Biz Qarabağ uğrunda mübarizənin, demək olar ki, artıq son mərhələsinə daxil olmuşuq”
Yeri gəlmişkən, Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib ki, biz Qarabağ uğrunda mübarizənin, demək olar ki, artıq son mərhələsinə daxil olmuşuq: “Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında bu yöndə bəyanatı da təsadüfi deyil. Dövlətimizin başçısı bundan əvvəl məcburi köçkünlərlə görüşündə etdiyi çıxışında da analoji məzmunda bəyanat verib”.
Deputat deyib: “Azərbaycan-Ermənistan münaqişəsi 30 ilə yaxındır ki, davam edir, amma sülh danışıqlarında konkret bir nəticə yoxdur. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı 1918-ci ildə baş verən hadisələrə bir daha münasibət bildirərək, irsimizə sahib çıxmağın və tarixdən ibrət dərsi götürməyin zəruriliyini qeyd edib.
Ermənistanın hazırkı ərazisi bütövlükdə Qərbi Azərbaycan torpaqlarıdır. Qədim Azərbaycan torpaqlarında qondarma Ermənistan dövlətini yaratmış ermənilər indi də işğal etdikləri Qarabağ və ətraf rayonlarda ikinci dövlət yaratmaq istəyirlər. Təbii ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik. Çünki ermənilər artıq bir dəfə torpaqlarımızda öz dövlətlərini yaradıblar, daha doğrusu, bu dövləti onlar üçün yaradıblar.
Bu gün dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüquq tam gücü ilə işləyə bilmir. Bu baxımdan Azərbaycan hücum diplomatiyasına və hərbi gücünün artırılmasına diqqət yetirir, bundan sonra da bu siyasət davam edəcək. Diplomatiya arxasında güc olduqda daha çox effekt verir. Şükürlər olsun ki, Azərbaycan diplomatiyasının arxasında çox böyük güc var, çox güclü orduya malikik. Ordumuz bundan sonra da güclənəcək”.
Deputat qeyd edib ki, Azərbaycan bu gün münaqişənin həlli yolunda əsasən iki istiqamətdə: diplomatiya və ordu quruculuğu istiqamətində çox böyük fəallıq göstərməkdədir. Bu fəaliyyətin nəticəsi olaraq dünya birliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq.
“Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir”
Bu arada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibəti, ikili standartlar və gərəksiz kağız parçaları” adlı məqaləsində Qarabağ münaqişəsinə də toxunub. Məqalədə bildirilir ki, Prezident İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfəri zamanı Ermənistanın əsassız ərazi iddialarını və ermənilərin Cənubi Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına XIX əsrin əvvəllərində məqsədyönlü şəkildə köçürüldüyünü bir daha diqqətə çatdırdı. Dövlət başçısı bildirib ki, Ermənistanın təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Dağlıq Qarabağda keçirilmiş sonuncu qondarma “prezident və parlament seçkiləri” münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirilib və tanınmayıb. Prezident bildirdi ki, bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir: “...Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıb. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur”.
Yazıda qeyd olunur ki, hazırda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktıdır: “AŞPA tərəfindən müxtəlif vaxtlarda insan hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş “hesabatlar”da Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, eləcə də münaqişənin 25 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilməməsi acı təəssüf doğurur. Bununla yanaşı, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır. Amma bunun qarşılığında Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Ermənistanın təcavüzü nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi ilə bağlı real təsiri olan heç bir qərar qəbul etməmişlər”.
Fuad Hüseynzadə
Palitra.- 2020.- 9 iyun. S.
11.