“Gömrük Akademiyası onlayn tədris prosesinin təşkilinə görə öncül yerdə duran ali məktəbdir“

 

Zeynab Kazımova: “Bizim işimiz təmsil etdiyimiz qurumun dostlarının sayını artırmaqdır”

 

Zeynab Kazımova: "Akademiyamızda onlayn tədrisin yüksək səviyyədə təşkili tələbələr və valideynlər tərəfindən müsbət qarşılanıb"

Müsahibimiz Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımovadır.

-Zeynab xanım, ölkəmizdə tətbiq olunan karantin dövründə Dövlət Gömrük Komitəsinin Akademiyası öz fəaliyyətini necə qurub? Hansı onlayn tədbirlər keçirilib?

-Məlum olduğu kimi yeni növ koronavirus (COVİD 19) infeksiyası ilə bağlı dünyada və ölkəmizdə mövcud vəziyyət nəzərə alınaraq, dövlətimiz tərəfindən ciddi addımlar atılıb, bir sıra tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev bütün bu tədbirləri şəxsən nəzarətdə saxlayaraq, dövlət başçısı olaraq yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını, ölkə əhalisinin sağlamlığının vacibliyini bir daha isbat edib. Koronavirus pandemiyası ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar olaraq bütün ali təhsil müəssisələrində təlim və tədris prosesi dayandırıldı. İlk başdan dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq təhsilin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasında bütün dərslər distant formada təşkil edildi. Daha sonra isə, tədris prosesi onlayn formada həyata keçirildi.

Azərbaycan ali təhsil müəssisələri içərisində Dövlət Gömrük Komitəsinin Akademiyası onlayn tədris prosesinin təşkilinə görə ölkədə öncül yerdə duran ali məktəbdir. Akademiyada mart ayı ərzində bu istiqamətdə işlər həyata keçirilib. Martın 30-dan tələbələrin dərslərə cəlb edilərək, gündəlik dərs cədvəli əsasında cədvələ tam uyğun vaxtda və müddətdə tədrisin həyata keçirilməsi təmin olunub. Akademiya rəisi Qulu Novruzovun dediyi kimi, Azərbaycanda onlayn tədrisi təşkil edən ali məktəblər arasında Akademiya xüsusi təyinatlı ali təhsil müəssisəsi olaraq bu prosesi daha mükəmməl və səmərəli təşkil edib. Bununla yanaşı, karantin dövründə Akademiyada çoxsaylı onlayn tədbirlər təşkil edilib. Akademiyanın Elmi Şurasının genişləndirilmiş onlayn iclası keçirilib. Akademiya rəisi Qulu Novruzovun təşəbbüsü ilə övladları Akademiyada təhsil alan valideynlərlə onlayn forum da keçirilib. Həmçinin Akademiyanın təşəbbüsü və təşkilatçılığı ilə beynəlxalq tədbirlərimiz olub. Türkiyənin Azərbaycandakı səfirliyi və Gömrük Akademiyası arasında iki ölkənin gömrük sahəsində akademik və təlimlər üzrə yeni əməkdaşlıq imkanları videokonfrans formatında müzakirə edilib.

Bundan başqa Akademiyamız Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Şimal-Qərb İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Universitetlərin koronavirusa cavabı: Yeni təhsil mühitində davamlı inkişaf və akademik əməkdaşlığı necə təmin etmək olar?” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda təmsil olunub. Bundan başqa Gömrük Akademiyasının təşkilatçılığı, Latviya Respublikasının Azərbaycandakı səfiri Daynis Qarançsın və Dövlət Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayevin iştirakı ilə “COVID-19 pandemiyası şəraitində gömrük və sərhəd idarəetməsi” mövzusunda beynəlxalq onlayn forum da keçirilib.

Eyni zamanda, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikasın iştirakı ilə Akademiya və Litvanın Mikolas Romeris Universiteti arasında əməkdaşlıq məsələləri iki ali təhsil müəssisəsi arasında keçirilən onlayn görüş də müzakirə olunub.

Onu da qeyd edim ki, ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun başlatdığı qanvermə aksiyasına Dövlət Gömrük Komitəsinin Akademiyası da qoşuldu. Qanvermə aksiyasında Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları aktiv iştirak ediblər. Bu, Akademiya əməkdaşlarının bu ilin əvvəlindən başlayaraq iştirak etdiyi ikinci qanvermə aksiyasıdır.

-Maraqlıdır, bəs Akademiyanın təşkil etdiyi onlayn dərslərə valideyn və tələbələrin münasibəti necədir?

- Akademiyamızda onlayn tədrisin yüksək səviyyədə təşkili tələbələr və valideynlər tərəfindən müsbət qarşılanıb. Akademiyanın rəisi Qulu Novruzovun ünvanına valideynlər tərəfindən göndərilən çoxsaylı təşəkkür məktubları bunu deməyə əsas verir. Valideynlər Akademiya tərəfindən aparılan işlərə, tədrisin onlayn təşkilinə, qiymətləndirmə ilə bağlı qəbul olunan qaydalara dəstək verdiklərini bildirirlər. Valideynlərlə keçirilən onlayn görüşdə də onlar karantin dövründə onlayn tədris prosesinin yüksək səviyyədə təşkili və onlayn dərslərin gündəlik keçirilməsinə görə təşəkkür ediblər. Onlar övladlarının Akademiyanın tələbəsi olmaları və bu ali təhsil müəssisəsində təhsil aldıqları ilə qürur duyduqlarını bildirir və Akademiya rəhbərliyinə minnətdarlıq edirlər. Onu da deyim ki, elektron poçt və sosial şəbəkələr vasitəsilə bəzən valideynlər birbaşa Akademiya rəisinə məktub ünvanlayaraq minnətdarlıq ifadə ediblər. Təbii ki, Akademiya olaraq biz də atılan addımların həyata keçirilməsində verdikləri dəstəyə, övladlarının təhsilinə göstərdikləri diqqətə görə bütün valideynlərə minnətdarıq.

-Onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi qaydaları ilə bağlı Akademiyada hansı addımlar atılıb?

-Akademiya rəisinin təşəbbüsü ilə beynəlxalq təcrübə də öyrənilərək, onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi, onlayn imtahanların təşkili ilə bağlı müvafiq strukturlar tərəfindən müxtəlif variantlar hazırlanıb. Bu variantlar geniş müzakirə edilib, Akademiyanın malik olduğu təhsilin elektron idarəetmə sisteminin verdiyi imkanlar, Akademiyanın keyfiyyət standartları və digər vacib məqamlar nəzərə alınaraq, onlayn təhsil prosesində biliyin qiymətləndirilməsi ilə bağlı xüsusi qaydalar qəbul olunub. Dövlət Gömrük Komitəsinin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə göndərilmiş 4-cü kurs tələbələrinin hesabatlarının və buraxılış işlərinin müdafiəsinin istər onlayn, istərsə də ənənəvi təşkili üçün konkret tədbirlər planı işlənib hazırlanıb. Qəbul edilmiş qərarlarla bağlı onlayn müzakirələr yolu ilə müəllim və tələbə heyəti məlumatlandırılıb. Eyni zamanda, onlayn təhsil prosesində biliklərin qiymətləndirilməsi, eləcə də 4-cü kurs tələbələrinin təcrübə hesabatlarının və buraxılış işlərinin müdafiəsi qaydaları ilə bağlı təkliflər Akademiya tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə də təqdim edilib.

Beləliklə, 2019/2020-ci tədris ilinin yaz semestrinin semestrdaxili imtahanları qəbul edilmiş yeni qaydalara əsasən təşkil olunub. İmtahanlar Akademiyanın elektron imtahan sistemindən istifadə edilməklə, Microsoft Teams proqramı vasitəsilə onlayn qaydada şifahi şəkildə keçirilir.

Həmçinin, onlayn imtahanın keçirilmə şəraiti ilə bağlı tələblər də müəyyən edilib. İmtahanda iştirak etmək üçün tələbə Akademiya tərəfindən əvvəlcədən ona bildirilən vaxtda Microsoft Teams proqramında onun üçün yaradılmış imtahan qrupuna (otağına) daxil olaraq imtahan verir. Suallar əvvəlcədən Akademiyanın elektron imtahan sisteminə yüklənilib və tələbələrə birbaşa sistem tərəfindən ünvanlanır. Tələbənin şifahi cavabı müəllim tərəfindən qiymətləndirilir. İmtahanların video qeydiyyatı aparılaraq arxivdə saxlanılır. Akademiya tərəfindən imtahanların onlayn şəkildə keçirilməsi ilə bağlı qəbul edilmiş qaydalar haqqında müəllimlərin və tələbələrin məlumatlandırılması və onların imtahanlarda onların iştirakını təmin etmək üçün onlayn iclaslar keçirilib. Eyni zamanda, imtahan nəzarətçiləri ilə görüş keçirilib və onlar da müvafiq qaydalar barədə məlumatlandırılıblar. Bununla yanaşı, tələbələrin onlayn şifahi imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədi ilə Akademiya tərəfindən sınaq onlayn imtahan təşkil edilib. Sınaq onlayn imtahan simulyasiyası vasitəsilə əyani şəkildə keçirilən prosesdə tələbələrin böyük əksəriyyəti iştirak edib.

 

-Bəs karantin dövründə tələbələriniz təhsildənkənar digər fəaliyyətlərini necə qurublar? Hansı onlayn tədbirlər keçiriblər?

-Akademiyanın Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən tələbə klubları müxtəlifyönümlü, maraqlı onlayn tədbirlər təşkil edir, həmçinin sosial aksiyalarda fəal iştirak edirlər. Tələbələr arasında İntellektual Oyunlar Klubunun təşkil etdiyi onlayn “Virtual Xəmsə Milli İntellektual Oyunu” keçirilib. Yarışda Akademiyanın bütün kurslarından tələbələr iştirak edib.

İqtisadiyyat klubunun təşkilatçılığı ilə “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr üçün sual bankı yaradılıb. Tələbələr sual bankı vasitəsilə ixtisas biliklərini möhkəmləndirir, həmçinin dünyagörüşlərini daha da genişləndirirlər.

Ekologiya klubu karantin müddətində müxtəlif ekoloji çağırışlar edir. Ekologiya klubunun təşəbbüslərindən biri tələbə-gənclərin evdə qalaraq tullantılardan müxtəlif əl işləri hazırlamalarıdır. Bu təşəbbüsə uyğun olaraq, Akademiya tələbələri tullantılardan müxtəlif əşyalar hazırlayıb #evdəqal #tullantılarahəyatver həştəqi ilə paylaşaraq, tələbə-gəncləri karantin müddətində evdə qalaraq ekologiyaya dəstək verən işlər görməyə çağırıblar.

Şahmat Klubunun təşkilatçılığı ilə Akademiyanın tələbələri arasında davamlı olaraq onlayn şahmat turniri də keçirilir.

Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Orxan Cabbarzadə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyada könüllü olaraq iştirak edib. Akademiyanın tələbəsi, həmçinin DOST Agentliyinin “Könüllü dost” aksiyasında fəal iştirak edib. Akademiyanın tələbəsi Orxan Cabbarzadənin aksiyada iştirakı zamanı çəkilmiş fotoları Türkiyə mediasında da öz əksini tapıb.

Tələbələrimiz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş videoçarx təqdim edib. Akademiya tələbələri tərəfindən hazırlanan videoçarxda müasir Azərbaycanın memarı, Ulu öndər, böyük siyasi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolu və silinməz yeri vurğulanıb.

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə keçirdiyi videogörüşdə Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri, “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi Orxan Yusifov təmsil edib. Bundan başqa, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən artıq iştirakçının qoşulduğu “Dünya və gənclər yeni şəraitdə” adlı onlayn forumda Akademiya TGT da təmsil olunub.

-Hazırda magistraturaya ixtisas seçimi başlayıb. Akademiyada bu istiqamətdə hansı yeniliklər gözlənilir?

-Dövlət Gömrük Komitəsinin Akademiyasında magistraturaya Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması ilə yanaşı, Hüquqşünaslıq istiqaməti üzrə 2020/2021-ci tədris ilindən etibarən “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına qəbul aparılır. Xatırladım ki, 2019/2020-ci tədris ilindən etibarən Akademiyada magistratura səviyyəsinə qəbul həyata keçirilir. Bununla yanaşı, 2020/2021-ci tədris ilindən başlayaraq bakalavriat pilləsində yeni bir ixtisas üzrə - “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul aparılması nəzərdə tutulub. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı dördə çatacaq. Belə ki, Akademiyada növbəti tədris ilindən etibarən I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, həmçinin “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək. Qeyd edim ki, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi” ixtisasına 2019/2020-ci tədris ilindən başlayaraq qəbul aparılır.

 

-Uzun illər mediada çalışmısınız. Azərbaycan mediasının bugünkü durumunu necə dəyərləndirirsiniz?

-Azərbaycan mediası uzun və şərəfli bir yol keçmiş, uzun illər istedadı, qələmi olan, jurnalistikanı öz həyatı hesab edən, sevən, əsl peşəkar jurnalist ordusu yetişdirib. Eyni zamanda, ölkəmizdə azad mətbuatın inkişafı üçün dövlət tərəfindən bütün hüquqi baza yaradılıb. Məlumdur ki, 1998-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura ləğv olunub. Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olunub. İstənilən şəxs mətbu orqan təsis edərək fəaliyyət göstərə bilər. Bununla belə, ölkədə fəaliyyət göstərən mətbuat orqanları reklam sahəsində ciddi problemlər yaşayırlar, reklam bazarı hələ də formalaşmayıb. Bu da həm elektron media, həm də yazılı mətbuatın öz işini tam formalaşdırmasına, inkişafına mane olur. Təəssüf ki, Azərbaycanda jurnalistikanın əsas problemi həm də peşəkarlığın çatışmazlığı olduğunu bilirik. Azərbaycanda yüzlərlə peşəkar jurnalist varsa, mediada, o cümlədən mətbuat sahəsində jurnalist vəsiqəsini daşıyan xeyli sayda qeyri-peşəkarlar fəaliyyət göstərirlər. Hazırda mediada təsadüfi adamlar var. Jurnalist olmaq “istəməyən”, sırf təsadüf nəticəsində bu ixtisası seçən, yaxud da tamam başqa sahədən jurnalistikaya yönələn şəxslər var. Burada medianın durumunu tənqid etmədən öncə prosesə ümumi kompleks yanaşma nümayiş etdirmək lazımdır. Jurnalist kadrların hazırlanmasından tutmuş, peşəkar jurnalist nəslinin davamlı olaraq yenilənməsi, daim gənclər sırasında qələmi olan, jurnalistikaya sədaqətli, bu peşənin səviyyəsini qaldıra biləcək gənclərə imkan verilməlidir. İllərlə mediada çalışan, ləyaqəti, şəxsiyyəti ilə milli mediamıza şərəf gətirən, Azərbaycan jurnalistikasının inkişafında həqiqi xidmətləri olanların təcrübəsini yaymaq yaxşı olardı. Tənqid etmək asandır. Əgər nəyisə tənqid edib, mənfi qiymətləndiririksə, gərək onun müsbət tərəflərini də görək, həmçinin çıxış yolunu da təklif edək. Jurnalistika ictimai institutdur, jurnalist ictimai şəxsdir və onun hərəkəti, yazısı, sözü cəmiyyətin maariflənməsinə xidmət etməlidir. Jurnalistlər həm peşə etikası kodeksini bilməli, həm də öz peşəsinə hörmət qoymalıdırlar. Sosial şəbəkələr bu gün bütün dünyada mediadan önə keçib. Lakin bu heç də ənənəvi qəzet çapına mane olmur, Avropada insanlar yenə qəzet oxuyurlar. Qəzetçilik özü jurnalistikanın inkişafına, yeni imzaların, yeni qələmi olan jurnalistlərin üzə çıxarılmasına xidmət edir. Xaricidilli jurnalistlərimizin sayı artmalıdır. Ölkədə nəşr olunan xaricidilli media orqanları üçün imkanlar olmalıdır ki, ölkənin təbliğatına kömək etsin, xarici media ilə beynəlxalq əməkdaşlığa çıxa bilsin. Lakin təəssüf ki, bu gün Avropa və dünya informasiya məkanında Azərbaycan mediası ictimai rəy formalaşdırmaq gücündə deyil. Azərbaycan dövlətinin, xalqının milli mənəvi dəyərlərinin, o cümlədən Azərbaycanın problemlərinin təbliğatı məqsədilə mütləq ölkədəki xaricidilli medianın imkanlarından istifadə edilməlidir. Prezident İlham Əliyevin öz çıxışlarında vurğuladığı kimi, ilk növbədə Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan torpaqlarının işğal olunması və s. dünya mətbuatında işıqlandırılmalıdır. Buna cəhdlər olur, müxtəlif layihələr həyata keçirilir. Lakin bu, biz istədiyimiz səviyyədə deyil. Ermənilər bu sahədə bizdən daha öndədirlər. Bu istiqamətdə Mətbuat Şurası, KİVDF mediaya dəstək verməli, yeni layihələr ortaya qoyulmalıdır.

Dünyada hazırkı inkişaf tempi mediada, jurnalistikada da yeni terminləri meydana gətirir. Ənənələrlə yanaşı, klassik jurnalistikamızla birgə, dünyadakı yeni tendensiyalar, yeni yanaşmalar, yeni media alətləri də öyrənilməlidir. İctimaiyyətlə əlaqələr (PR-piar) yeni bir termin idi. Bu, qəzet çapı, radio və TV-dən sonra yaranmış yeni termin kimi medianın imkanlarından istifadə etməklə cəmiyyətə, ictimai şüura təsir etmə vasitəsi kimi daxil olub. Bu gün artıq piar olmadan hansısa uğurlu layihədən danışmaq olmur. Hazırda PR da TV-dən, mediadan sosial şəbəkələrə keçid edib. Müasir günümüzdə sosial şəbəkələr hər birimizin həyatına nüfuz edib həyatımızın ayrılmaz hissəsinə çevrilib. Beləliklə, Azərbaycanda jurnalistika dedi-qodu, maraqsız, səviyyəsiz yanaşmalardan uzaqlaşmalı, media sahəsi üzrə dünyadakı elmi-akademik, müasir yanaşma və tendensiyalara cavab verən, yeni terminləri qavrayan media əhli yaranmalıdır.

-Akademiyada aktiv fəaliyyət göstərirsiniz. Öz fəaliyyətinizdə media ilə əlaqələrin qurulmasını uğurlu sayırsınızmı?

-Yaxşı sualdır, əslində bu sualın cavabını bizim hörmətli media nümayəndələri daha yaxşı cavablandıra, işimizə qiymət verə bilərlər. Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsi ali təhsil müəssisələri içərisində ən son yaradılmış şöbədir. Bizim şöbəmiz çox gənc bir qurumdur. Akademiyamız 2012-ci ildə yaradılıb, İctimaiyyətlə əlaqələr şöbəsi isə 2018-ci ilin avqustunda formalaşdırılıb. Hazırda ali təhsil müəssisələri içərisində xüsusi təyinatlı ali məktəb olaraq bizim şöbə media ilə daha sıx işləyən, adı daha çox çəkilən və təbliğatı yüksək səviyyədə olan bir qurum kimi qiymətləndirilir. Bunu bir sıra nüfuzlu şəxslərin və tanınmış media ekspertlərin fikirlərinə istinadən deyə bilərik. Şöbə olaraq fəaliyyətimizi Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsi ilə əməkdaşlıqda qururuq. Akademiyanın təbliğat işlərinin aparılmasında, məlumatlarımızın mediada geniş şəkildə yayımlanmasında İdarə rəisi Natiq Axundov bizə hər zaman öz həmkar dəstəyini göstərir. Fürsətdən istifadə edib həmkar dəstəyinə görə təşəkkür edirəm. 2008-ci ildən fasiləsiz olaraq təhsil, o cümlədən ictimaiyyətlə əlaqələr sahəsində olduğumdan, demək olar ki, bütün media nümayəndələri ilə əməkdaşlıq edirəm. Elə həmkarlarım var ki, məhz işgüzar münasibətlərimiz səmimi, yaxın dostluğa çevrilib. Mətbuat katibi olmaq, təmsil etdiyi müəssisənin mənafeyini qorumaq, bununla bərabər, həm də media nümayəndələri ilə ünsiyyəti qorumaq, vasitəçilik etmək bizim işimizin əsasıdır. Jurnalist özünü mətbuat xidməti rəhbərinin, mətbuat xidməti rəhbəri isə, jurnalistin yerinə qoyub onu anlayarsa, səmərəli dialoq alınır. Bir qədər ifadəli desək, bizim işimiz təmsil etdiyimiz qurumun dostlarının sayını artırmaqdır. Məncə, buna azdan-çoxdan nail olmuşuq. Gömrük Akademiyası bu gün hər yerdə var – mediada, TV, radioda, sosial şəbəkələrdə fəal şəkildə təbliğat, piar işimiz gedir, media ilə əlaqələrin qurulması və əməkdaşlığa böyük önəm verilir. Akademiya rəhbərliyi bunun üçün bütün lazımı dəstəyini göstərir. Təbii ki, hər bir qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti, onun media ilə əməkdaşlığı hər şeydən öncə həmin qurumun özünün mediaya, KİV-ə nə qədər açıq olmasından qaynaqlanır. Akademiya rəhbərliyinin iradəsi ilə media ilə əməkdaşlığın yüksək səviyyədə olmasını təmin etməyə çalışırıq. Akademiya olaraq, biz də hər zaman bütün media nümayəndələri üçün açığıq. Şöbəmizin qapısı hər bir həmkarımızın üzünə açıqdır. Fürsət düşmüşkən, Akademiyamızın fəaliyyətini daim izləyən, diqqətdə saxlayan, məlumatlarımızı dərc edən, yayımlayan, Akademiyanın təbliğatında, görülən işlərin ictimaiyyətə çatdırılmasında, cəmiyyətin məlumatlandırılmasında köməyini əsirgəməyən, bizimlə əməkdaşlıq edən bütün media nümayəndələrinə, o cümlədən “Palitra” qəzetinin kollektivinə təşəkkürümü bildirirəm.

 

Zeynab Kazımova

Müsahibəni apardı: Tural Tağıyev

Palitra.- 2020.- 12 iyun. S. 6.