Avropa
Parlamenti: Ermənistan ilə Azərbaycanın Dağlıq
Qarabağ bölgəsi arasında əlaqə yaradacaq
magistral yolun tikintisi beynəlxalq hüququn pozulmasıdır
Avropa
Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan
üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri
Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi
Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan
Basesku Ermənistan ilə Azərbaycanın işğal
altında olan Dağlıq Qarabağ bölgəsi arasında
əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı
birgə bəyanat yayıblar. AZƏRTAC Avropa Parlamentinin
saytına istinadla xəbər verir ki, bəyanatda bu qərarın
Azərbaycanın müvafiq orqanları ilə
razılaşdırılmadan verildiyi və bunun beynəlxalq
hüququn pozulması olduğu qeyd edilir. “Biz ATƏT-in Minsk
qrupu həmsədrlərinin səylərinə və
onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə
dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin
uğur qazanması üçün biz Ermənistan və Azərbaycan
hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə
tanınan sərhədləri çərçivəsində
münaqişənin sülh yolu ilə həllinə dair
danışıqlara öz öhdəliklərini gücləndirməyə
çağırırıq”, - deyə bəyanatda
vurğulanır.
Deputat:
“Avropa Parlamentinin bəyanatı qurumun Dağlıq
Qarabağla bağlı ciddi mövqeyini göstərir”
“Avropa
Parlamentinin 2020-ci il 10 iyun tarixli bəyanatı Dağlıq
Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən
qanunsuz işğalını bir daha təsdiq etdi”.
Bunu
APA-ya açıqlamasında Avropa Parlamenti ilə Əməkdaşlıq
Komitəsinin üzvü, millət vəkili Kamal Cəfərov
deyib. O bildirib ki, bəyanatın əsas məqsədi Ermənistan
və Dağlıq Qarabağı birləşdirən
üçüncü avtomobil yolunun inşasının beynəlxalq
hüquqa zidd olmasını bildirmək idi: “Avropa Parlamenti qeyd
edib ki, bu magistral yolun inşası Azərbaycan səlahiyyətli
orqanının razılığı olmadan həyata
keçirildiyi üçün beynəlxalq hüquqa ziddir. Bu
addım Ermənistanın işğalçı siyasətini
əhatə edir. Eyni zamanda Avropa Parlamenti təəssüf
hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti
ilə sülh və barışıq üçün tələb
olunan mühiti pozur. Yekun olaraq, bəyanatda Dağlıq
Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq
tanınmış sərhədləri çərçivəsində
həllinə çağırış edilir. Bu bəyanatın
Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi
Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian
Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan
üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri
Mariya Kalyurand tərəfindən imzalanması çox
vacibdir. Bu, onu göstərir ki, Dağlıq Qarabağla
bağlı Avropa Parlamentinin ciddi və vahid mövqeyi var”.
Deputat
hesab edir ki, Ermənistan işğal siyasəti və fəaliyyəti
ilə özünü bir daha ifşa edib və Avropa Parlamenti
də buna həm hüquqi həm də siyasi rəy verib: “Eyni
zamanda birgə bəyanat göstərdi ki, bu münaqişənin
yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan.
Bütün dünya bir daha yaddaşını təkrarladı
ki, Dağlıq Qarabağ həm beynəlxalq hüquq
normalarına, həm də tarixi nöqteyi-nəzərdən
Azərbaycanın tərkib hissəsidir. Dağlıq
Qarabağ Azərbaycandır”.
İlk
dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları
üzrə nümayəndə heyətlərinin rəhbərləri
ilə videokonfrans formatında görüş keçirilib
Azərbaycan
Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilk dəfə
beynəlxalq parlament təşkilatları üzrə
nümayəndə heyətlərinin rəhbərləri ilə
videokonfrans formatında görüşüb. Bu barədə
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib. Bildirilib ki,
görüşdə beynəlxalq fəaliyyətin daha səmərəli
həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin
daha yaxşı qurulması istiqamətində geniş fikir
mübadiləsi aparılıb. Videokonfransda
çıxış edən Milli Məclisin Sədri Sahibə
Qafarova deyib ki, görüşün məqsədi nümayəndə
heyətlərimiz qarşısında qoyulan hədəflər,
gözləntilərimiz və beynəlxalq təşkilatlar
üzrə heyətlərin iş prinsipləri haqda fikir
mübadiləsi aparmaqdır. O bildirib ki, VI
çağırış Milli Məclisdə beynəlxalq təşkilatlar
üzrə 12 nümayəndə heyəti və bir ikitərəfli
komitə fəaliyyət göstərir. “Əminəm ki,
işimizi doğru və əlaqələndirilmiş şəkildə
quracağımız təqdirdə bütün bu platformalar
bizə parlament diplomatiyamızı uğurla həyata
keçirmək imkanı verəcəkdir”, - deyə Sahibə
Qafarova qeyd edib.
Altıncı
çağırış Milli Məclisin ilk iclasında Azərbaycan
Prezidenti İlham Əliyevin nitqində əksini tapan konseptual
məsələlərin parlamentin beynəlxalq fəaliyyətinin
həyata keçirilməsində də “yol xəritəsi”
kimi çıxış etdiyini deyən Milli Məclisin Sədri
bildirib: “Parlamentin Sədri olaraq mənim məsuliyyətim
dövlətimizin başçısının tövsiyələri
əsasında beynəlxalq fəaliyyətimizin daha səmərəli
qurulmasını təmin etməkdir”. Sahibə Qafarova deyib ki,
Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, beynəlxalq
təşkilatlar üzrə nümayəndə heyətlərimizin
fəaliyyəti Azərbaycanın milli maraqlarını
qorumağa, fərqli gündəlikləri ilə ölkəmizə
təzyiq etməyə çalışan qrupların bu cəhdlərinin
qarşısının alınmasına yönəlməlidir.
O deyib: “Çünki Azərbaycan Prezidentinin də hər
zaman dediyi kimi, həqiqət bizim tərəfimizdədir,
doğru olan bizik! Hər bir fürsətdən istifadə
edib, Dağlıq Qarabağ mövzusunu diqqətdə
saxlamalıyıq”.
Videokonfransda
çıxış edən nümayəndə heyətlərinin
rəhbərləri Milli Məclisdə ilk dəfə belə
bir görüşün keçirilməsinə görə
minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətləri
ilə bağlı fikirlərini ifadə ediblər.
"Amerika
ənənəvi olaraq Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir"
"Amerika
Birləşmiş Ştatlarının prezident seçkilərinin
nəticələrindən asılı olmayaraq Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı ənənəvi
yanaşması dəyişməyəcək.
Düşünürəm ki, bütün hallarda ənənəvi
kurs davam etdiriləcək". Bu sözləri SİA-ya
açıqlamasında siyasi məsələlər üzrə
ekspert İlqar Vəlizadə Amerika Birləşmiş
Ştatlarında keçiriləcək 2020-ci il prezident
seçkilərinin nəticəsinin Dağlıq Qarabağ
münaqişəsinin həllində oynaya biləcəyi
roldan danışarkən deyib.
Onun
sözlərinə görə, ABŞ-da prezident seçkilərinin
nəticələrindən asılı olmayaraq, bu nəticələrin
Dağlıq Qarabağ münaqişəsinin həllində əsaslı
təsirlərə gətirib çıxarmır: "Amerika
Birləşmiş Ştatlarında həyata keçirilən
seçkilər prosesini neçə illərdir ki,
müşahidə edirik. Onların nəticələrini izləyirik.
Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə
təsiri ilə bağlı prosesləri izləyirik. Təəssüflər
olsun ki, bu nəticələrin əsaslı təsirləri
olmur. Sadəcə olaraq hər yeni administrasiya
çalışır ki, bizim məsələmizlə
bağlı müəyyən dəsti-xətt seçsin. Bu dəsti-xətt
Amerikanın xarici siyasətinə uyğun seçilir. Amerika
xarici siyasətində ənənəvi olaraq Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir.
Münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
köməklik göstərir və yaxud buna
çalışır. Hər halda Amerikanın ATƏT-in
Minsk qrupundakı təmsilçiləri də dəfələrlə
onu vurğulayıb ki, işğal olunmuş ərazilər
boşaldılmalıdır və Azərbaycana
qaytarılmalıdır. Xüsusilə də, ilk növbədə
Dağlıq Qarabağ ətrafında yerləşən 7
rayon nəzərdə tutulur".
Siyasi
ekspertin fikrincə, Amerika Birləşmiş
Ştatlarının prezident seçkilərinin nəticələrindən
asılı olmayaraq bu ənənəvi yanaşma dəyişməyəcək:
"Növbəti seçkilərin nəticələrindən
asılı olmayaraq bu yanaşma tərzi dəyişilməyəcək.
Əlbəttə ki, burada qalib gələn tərəflərin
fəallığından biz danışa bilmərik,
çünki, Amerikanın indi başı bir çox məsələlərə
qarışıb. Hazırda, həm regionda, həm də
dünyada prioritet olaraq Dağlıq Qarabağ münaqişəsi,
təəssüflər olsun ki, ön planda deyil. Ona görə
də, düşünürəm ki, bütün hallarda ənənəvi
kurs davam etdiriləcək. Hansısa
sıçrayışlar, hansısa real dəyişiklikləri
gözləmək isə düzgün olmazdı".
N.Abdullayeva
Palitra.- 2020.- 12 iyun. S. 11.