Anri Matiss. Bir rəssamın hekayəsi

 

“Əgər mənim həyat hekayəm əvvəldən axıra qədər olduğu kimi yazılsaydı, hər kəsi heyrətə salardı”. (Anri Matiss)

 

Anri Emil Benua Matiss 1869-cu ilin 31 dekabrında Le-Kato-Kambrezinin tekstil qəsəbəsində kiçik bir evdə dünyaya göz açıb. Taxıl ticarəti ilə məşğul olan atası Emil İppolit Matissin ailəsi toxuculuqla məşğul idi. Anası Anna Eloiza Jerar isə ən yaxşı dəri hazırlayan köklü ailədən gəlirdi. O, mehriban, qayğıkeş, bacarıqlı olduğu qədər də gözəl və cazibədar qadın idi. Anası haqqında həmişə xüsusi rəğbət və həssaslıqla danışan Anri vurğulayırdı: “Anamın heyrətamiz üz cizgiəri vardı”. Qırx illik evliliyi ərzində Anna Eloiza əri və oğullarının rifahı üçün çalışmış və daim onları dəstəkləmişdi. “Anam etdiyim hər şeyi bəyənirdi”, - deyən Anri on yaşına qədər Bohen-an-Vermanduada yaşayır. Sonra atası onu Sent Quentinə liseyə göndərir. Keramikadan hazırlanan qabları bəzəyən Anna Eloiza ərinin kiçik dükanında sifarişlər qəbul edir və rəng kombinasiyaları üzrə məsləhətlər verirdi. Bu rəng dünyası balaca Anri üzərində uzunmüddətli təsir qoymuşdu və özü qeyd edirdi ki, rəng duyumu mənə anamdan keçib.

Gənc Matiss olduqca utancaq, ətrafa gec uyuşan biri idi. Daim dalğın görünən xəyalpərəst oğlan heç bir istedadı ilə seçilmirdi. Matissin sərt tərbiyəsi ilə bağlı uşaqlıq xatirələri “Tez gəl!”, “Ehtiyatlı ol!”, “Ayağa dolaşma!”, “İşini gör!” və s. kimi əmrlərin çoxluğu ilə yaddaşında qalmışdı. İllər sonra ailə və övlad sahibi olanda da nizam-intizamdakı hər hansı səhv üçün özünü günahlandırır, şəfqət və mehribanlığı zəifliyin göstəricisi kimi qiymətləndirirdi.

1887-ci ildə Parisə hüquqşünaslıq oxumağa gedən Matiss ixtisaslaşandan sonra Le-Kato-Kambrezi məhkəməsində işləməyə başlayır. Çünki atası ilk övladının yaxşı təhsil alıb, yüksək vəzifədə çalışamasını arzulayırdı...

Rəssamlığa ilk addım

Taleyin qəribə hökmü Matissin əsl sənətini tapmasına yol açır. Kor bağırsağından əməliyyat olunandan sonra səhhəti tam düzəlməyən Anri xəstəxanada yatmalı olur. Bu müddət ərzində anası ona rəsm üçün ləvazimatlar gətirir. Həmin günləri xatırlayan rəssam deyirdi: “Boya qutusunu əlimə aldığım andan etibarən, anladım ki, bu mənim taleyimdir. Vəhşi heyvan ovunun üstünə atılan kimi, mən də özümü rənglərin ağuşuna atdım”. Ona rəssamlığın “qanunlarından” kənara çıxıb öz hisslərinə, daxili səsinə qulaq verməyi öyrədən ilk insan da anası olub.

Matiss rəssamlığa o qədər aludə olmuşdu ki, hətta öz gələcək həyat yoldaşı Ameli Pareyrlə belə bir şərt kəsmişdi: “Əziz madmuazell, səni çox sevirəm, ancaq bil ki, rəssamlığı hər zaman daha çox sevəcəyəm”. Cənnəti rəssamlıqda tapdığını deyən Matissin atası isə oğlunun bu seçiminə görə dərindən sarsılmışdı...

1891-ci ildə Parisə qayıdan Matiss “Julian Akademiyası”nda Uilyam Buqronun sinfində təhsil alır. Akademiyadakı mükəmməliyyətçi üslub dərslərindən bezən gənc böyük nifrətlə buranı tərk edir. Bir müddət sonra Güstav Moro ilə çalışmağa başlayır və daha mütərəqqi ideyalarla tanış olur. Hər iki rəssamın studiyasında tələbələr müxtəlif fiqurlar çəkməyin təməl texnikasını öyrənirdilər. Matiss Buqrodan klassik rəssamlığın əsaslarını öyrənmişdi. Moro isə “art du salon”a nifrət etdiyindən Matissi başqa istiqamətə yönəldirdi. “Moro gözəl müəllimdir. O məni başa düşür və dəstəkləyir”, - deyə Matiss qeyd edirdi. Hətta atası oğlunun yeni peşəsini bacarıb-bacarmadığını öyrənmək üçün Parisə gələndə, Moro Matiss haqqında demişdi: “Onun gələcəyi haqqında heç narahat deyiləm, şübhəsiz, mənim ən yaxşı tələbələrimdən biridir”. İlk cəhddən Parisdə Ali İncəsənət Məktəbinə (École des Beaux-Arts) daxil ola bilməyən Matiss, inadkarlıq göstərir və nəhayət ki, seçilir. İlk vaxtlar o, ixtisaslaşdığı flamand üslubunda rəsmlər və natürmortlar çəkirdi. Onun bu dövrə aid işlərində tutqun və tünd palitra dominantlıq təşkil edir.

Jan-Batist Şarden Matissin ən çox sevdiyi natürmort ustalarından biri idi. Klassik rəssamların əsərlərinin üzünü köçürsə də, müasir incəsənətlə dərindən maraqlanırdı. Bu sahədəki eksperimentləri ona “üsyankar rəssam” adını qazandırmışdı. 1896-cı ildə Milli Cəmiyyətə (Société Nationale) üzv seçilən Matissin qarşısında böyük imkanlar açılır. İndi o, hər il əsərlərini ilkin baxışdan keçirmədən birbaşa əsas salonda (Salon de la Société) sərgiləyə bilərdi. Həmin il salonda beş əsərini nümayiş etdirən rəssamın iki işi dövlət tərəfindən alınır. Bu, onun həyatı boyunca öz vətənində gördüyü yeganə diqqət olur...

1897-98-ci illərdə Matiss Con Peter Rasslla görüşmək üçün Fransanın şimal-qərbində yerləşən Bretana yollanır. Rassll onu impressionizm cərəyanı, xüsusilə, yaxın dostu Van Qoqun əsərləri ilə tanış edir. Bundan sonra Matissin iş üslubu tamamilə dəyişir. Bu haqda sonralar deyəcəkdi: “Rassll mənə əsl müəllim oldu. O mənə rənglərin nəzəriyyəsini öyrətdi”. Digər tərəfdən, Matiss Rassll və başqa rəssamların stabil ailə həyatlarını da müşahidə edirdi. Ameli Noelli Pareyr ilə tanış olub evlənməsində də bunun təsiri olmuşdu.

Matissin üzərində aylarca işlədiyi “Nahar süfrəsi” (1897) onun ilk şah əsərlərindən biridir. Salon üzvləri rəsmi nümayiş etdirməyə razı olsa da, onu ən “kasıb” hissədən asırlar. Onlara görə, əsər impressionizm aspektindən çox radikal təsir bağışlayırdı.

Karyerasının başlanğıcında, öz rəssamlıq istiqamətinin qəbul olunmasına çalışdığı vaxtlarda Karolin Jablo ilə tanış olur. Matissə modellik edən Karolinlə aralarındakı dörd illik sevgi münasibətinin nəticəsi olaraq, rəssamın ilk övladı Marqarita dünyaya gəlir. Sonralar Ameli ilə evlənəndə də Marqaritanı yeni ailəyə qəbul edirlər.

Anri Matiss və Ameli Pareyr

Bohenli Matissin və Bozeldən olan Pareyrin nə bir oxşar tərəfi, nə də görüşmələri üçün bir səbəb var idi. Lakin 1897-ci ilin oktyabrında Parisdə baş tutan toyların birində yanında oturan xanımın əlini ona uzatması uzun müddət yaddaşından silinməmişdi.

Fəaliyyəti və xarakterilə o qədər də müsbət qarşılanmayan Matissin əksinə, Amelinin ailəsi sosial, intellektual və siyasi cəhətdən yüksək nüfuza malik idi. Onlar azad düşüncə ideyasını dəstəkləyir, kilsə və dövlətin ayrılması tərəfdarı kimi çıxış edir, həmçinin Fransa təhsil sisteminin dünyəviliyi üçün mübarizə aparırdılar. Bu cür ailənin dəstəyi gələcəyi parlaq olan Matiss üçün çox şey vəd edirdi. 1898-ci ilin yanvarında evlənən cütlük cəmi üç ay idi ki, tanış olmuşdular.

Anri ilə qırx ildən artıq bir yerdə yaşamış madam Matiss rəssamın həyat və yaradıcılığında önəmli rol oynamışdı. Onların iki oğlu Jan (1899) və Pyer (1900) dünyaya gəlmişdi. Ailədə rahatlıq və sakitlik tapa bilməyən Matiss yazırdı: “Məni narahat edən, ətrafımda işim üçün çox vacib sayılan sakitliyin olmamasıdır. Burada dinclik tapa bilmirəm. Uzaq bir kəndə çıxıb getmək fikrindəyəm”. Jan, Pyer və Marqarita ən çətin dövrlərində rəssamın yanında olmuşdular. Onu ruhdan düşməyə qoymayan Marqarita isə atasının əsas dayağı idi.

Anri Matiss, Ameli Pareyr və Marqarita

1902-ci ildə Amelinin valideynləri maliyyə cəhətdən böhran yaşayır. Hüquqi biliklərinin sayəsində Matiss ailəyə əlindən gələn köməyi edir. Lakin bu ağır günlər onun səhhətinə pis təsir göstərir. Həkimlər ona ən azı iki ay tam sakit yerdə istirahət etməyi məsləhət görürlər. Şlyapa dükanları və Ru-de-Şatedundakı evləri əllərindən çıxan Matiss ailəsi üç uşaqla Bohenə köçməli olur.

Yoxsulluq illərindən sonra (1902-1903) “qaranlıq dövrünü” başa vuran Matiss naturalizmə yönəlir. Yenidən tünd palitraya üz tutan rəssam öz dostlarına bildirir ki, artıq tamamilə çəkmək həvəsini itirib və hər şeyi atmaq istəyir.

Rəssamlıq və heykəltəraşlıq

1899-cu ildə rəsm əsərlərindəki üslub istiqaməti tam bəlli olmayan Matiss gildən modellər düzəltməyə və heykəltəraşlığa yönəlir. Luvrda heykəllərdən birinin surətini düzəltmək üçün təyin ediləndə, o, Antuan Lui Barinin “Dovşanı parçalayan yaquar” əsərini seçir. Sonralar rəsmləri monoton alınanda Matiss öz hiss və duyğularını heykəlləri vasitəsilə biruzə verirdi. O deyirdi: “Mən heykəltəraş deyiləm, sadəcə heykəlləri rəssam gözü ilə düzəldirəm”. Relyefli fiqurlarla işləyərkən, rəssam reallıqdakı forma və həcm haqqında daha ətraflı öyrənir, eyni zamanda kətan üzərində təsvir olunacaq insan bədəninin quruluşu haqqında təsəvvürlərə malik olurdu. Heykəllərinin yarısından çoxunu 1900-1910-cu illər arasında yaratmış Matiss illər keçdikcə formaları daha da sadələşdirirdi. Sevimli müəllimi Güstav Moronun “incəsənət nə qədər sadədirsə, hisslər bir o qədər güclüdür” ifadəsini bütün yaradıcılığı boyu tətbiq etmişdi. Ən məşhur işləri arasında dörd seriyalı “Arxa relyeflər” ( “Back reliefs”, 1903-1931), beş seriyadan ibarət “Cannetheds” (“Jeannetteheads”, 1910-1916) və “Oturmuş çılpaq” (“Large Seated Nude”, 1925-1929) heykəllərini göstərmək olar.

Pol Sezann, Qogen, Van Qoq, Pol Sinyak kimi postimpressionist rəssamların işlərindən, eləcə də yapon incəsənətinin örnəklərindən təsirlənən Anri Matiss, rəngləri öz rəsmlərinin əsas elementinə çevirir. O deyirdi: “Müasir təsviri incəsənətdə əxz etdiklərimə görə ən çox Sezanna borcluyam”. Lakin Sezann tablolarını təhlil edərkən Matisslə onun arasındakı fərq aydın görünür. Çünki Matiss əsərlərində öyrəndikləri ilə bərabər, özünəməxsus həyat fəlsəfəsini də əks etdirirdi. 1898-ci ildə Londona M.U.Törnerin rəsmlərini öyrənmək üçün gedir. Oradan Korsikaya səfər edir. 1899-cu ildən 1905-ci ilə qədər yaratdığı əsərlərdə Pol Sinyakdan öyrəndiyi puantilizm texnikası özünü göstərir.

 

Xavər Zahir

Palitra.- 2020.- 12 iyun. S. 13.