Sürrealist rəssam

 

Saatlıdan olan xanım rəssam Sürəyya Zeynalova 200-ə yaxın sənət əsərinin müəllifidir. O, əl işlərinin çoxunu sürrealizm üslubunda ərsəyə gətirib. Sürrealizm XX əsr mədəniyyətində avanqard cərəyandır və Avropada yaranıb.

AZƏRTAC xəbər verir ki, Sürəyya Zeynalova əsərlərində insan hisslərini ifadə etməyə çalışdığını söyləyir. Deyir ki, sürrealizm üslubunda işlədiyi əsərlərin mövzuları xəyal gücünün və daxili dünyasının məhsuludur.

Bu kimi əsərlər yaradılarkən fikirləri canlandırmaq üçün əvvəlcə onun eskizi hazırlanır, sonra isə kətan üzərinə köçürülür. Sürəyya xanım ərsəyə gətirdiyi əl işlərində tarixi, maddi-mədəni, ədəbi-bədii, ailə-məişət mövzularına da yer ayırır: “Mənim mövzum təbiətdir, insandır. Qəlbimə nə yaxın olursa, könlümə nə düşürsə, onları işləyirəm. Realist üslubda işləmirəm, hisslərimə güvənərək onları kətan üzərinə köçürürəm. Son vaxtlar sürrealizm janrında işləyirəm”.

Sürəyya xanım, əsərlərində Azərbaycan şairi İmadəddin Nəsiminin də yaradıcılığına yer ayırıb. Dahi ədibin yaradıcılığını araşdıran rəssam, onun zamanında çatdırmaq istədiyi fəlsəfi fikirləri rənglərlə məcazi formada yaratmağa çalışır.

Rusiya, İtaliya, Fransa və digər ölkələrdə nümayiş olunan əl işləri Sürəyya xanıma bir neçə mükafat da qazandırıb.

 

Palitra.- 2020.- 12 iyun. S. 15.