“Təəssüf ki, bu gün Avropa və dünya informasiya məkanında Azərbaycan mediası ictimai rəy formalaşdırmaq gücündə deyil”

 

-Hazırda magistraturaya ixtisas seçimi başlayıb. Akademiyada bu istiqamətdə hansı yeniliklər gözlənilir?

-Dövlət Gömrük Komitəsinin Akademiyasında magistraturaya Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşması ilə yanaşı, Hüquqşünaslıq istiqaməti üzrə 2020/2021-ci tədris ilindən etibarən “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına qəbul aparılır. Xatırladım ki, 2019/2020-ci tədris ilindən etibarən Akademiyada magistratura səviyyəsinə qəbul həyata keçirilir. Bununla yanaşı, 2020/2021-ci tədris ilindən başlayaraq bakalavriat pilləsində yeni bir ixtisas üzrə - “Beynəlxalq ticarət və logistika” ixtisasına qəbul aparılması nəzərdə tutulub. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı dördə çatacaq. Belə ki, Akademiyada növbəti tədris ilindən etibarən I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, həmçinin “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçiriləcək. Qeyd edim ki, Akademiyada I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi” ixtisasına 2019/2020-ci tədris ilindən başlayaraq qəbul aparılır.

-Uzun illər mediada çalışmısınız. Azərbaycan mediasının bugünkü durumunu necə dəyərləndirirsiniz?

-Azərbaycan mediası uzun və şərəfli bir yol keçmiş, uzun illər istedadı, qələmi olan, jurnalistikanı öz həyatı hesab edən, sevən, əsl peşəkar jurnalist ordusu yetişdirib. Eyni zamanda, ölkəmizdə azad mətbuatın inkişafı üçün dövlət tərəfindən bütün hüquqi baza yaradılıb. Məlumdur ki, 1998-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura ləğv olunub. Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olunub. İstənilən şəxs mətbu orqan təsis edərək fəaliyyət göstərə bilər. Bununla belə, ölkədə fəaliyyət göstərən mətbuat orqanları reklam sahəsində ciddi problemlər yaşayırlar, reklam bazarı hələ də formalaşmayıb. Bu da həm elektron media, həm də yazılı mətbuatın öz işini tam formalaşdırmasına, inkişafına mane olur. Təəssüf ki, Azərbaycanda jurnalistikanın əsas problemi həm də peşəkarlığın çatışmazlığı olduğunu bilirik. Azərbaycanda yüzlərlə peşəkar jurnalist varsa, mediada, o cümlədən mətbuat sahəsində jurnalist vəsiqəsini daşıyan xeyli sayda qeyri-peşəkarlar fəaliyyət göstərirlər. Hazırda mediada təsadüfi adamlar var. Jurnalist olmaq “istəməyən”, sırf təsadüf nəticəsində bu ixtisası seçən, yaxud da tamam başqa sahədən jurnalistikaya yönələn şəxslər var. Burada medianın durumunu tənqid etmədən öncə prosesə ümumi kompleks yanaşma nümayiş etdirmək lazımdır. Jurnalist kadrların hazırlanmasından tutmuş, peşəkar jurnalist nəslinin davamlı olaraq yenilənməsi, daim gənclər sırasında qələmi olan, jurnalistikaya sədaqətli, bu peşənin səviyyəsini qaldıra biləcək gənclərə imkan verilməlidir. İllərlə mediada çalışan, ləyaqəti, şəxsiyyəti ilə milli mediamıza şərəf gətirən, Azərbaycan jurnalistikasının inkişafında həqiqi xidmətləri olanların təcrübəsini yaymaq yaxşı olardı. Tənqid etmək asandır. Əgər nəyisə tənqid edib, mənfi qiymətləndiririksə, gərək onun müsbət tərəflərini də görək, həmçinin çıxış yolunu da təklif edək. Jurnalistika ictimai institutdur, jurnalist ictimai şəxsdir və onun hərəkəti, yazısı, sözü cəmiyyətin maariflənməsinə xidmət etməlidir. Jurnalistlər həm peşə etikası kodeksini bilməli, həm də öz peşəsinə hörmət qoymalıdırlar. Sosial şəbəkələr bu gün bütün dünyada mediadan önə keçib. Lakin bu heç də ənənəvi qəzet çapına mane olmur, Avropada insanlar yenə qəzet oxuyurlar. Qəzetçilik özü jurnalistikanın inkişafına, yeni imzaların, yeni qələmi olan jurnalistlərin üzə çıxarılmasına xidmət edir. Xaricidilli jurnalistlərimizin sayı artmalıdır. Ölkədə nəşr olunan xaricidilli media orqanları üçün imkanlar olmalıdır ki, ölkənin təbliğatına kömək etsin, xarici media ilə beynəlxalq əməkdaşlığa çıxa bilsin. Lakin təəssüf ki, bu gün Avropa və dünya informasiya məkanında Azərbaycan mediası ictimai rəy formalaşdırmaq gücündə deyil. Azərbaycan dövlətinin, xalqının milli mənəvi dəyərlərinin, o cümlədən Azərbaycanın problemlərinin təbliğatı məqsədilə mütləq ölkədəki xaricidilli medianın imkanlarından istifadə edilməlidir. Prezident İlham Əliyevin öz çıxışlarında vurğuladığı kimi, ilk növbədə Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan torpaqlarının işğal olunması və s. dünya mətbuatında işıqlandırılmalıdır. Buna cəhdlər olur, müxtəlif layihələr həyata keçirilir. Lakin bu, biz istədiyimiz səviyyədə deyil. Ermənilər bu sahədə bizdən daha öndədirlər. Bu istiqamətdə Mətbuat Şurası, KİVDF mediaya dəstək verməli, yeni layihələr ortaya qoyulmalıdır.

Dünyada hazırkı inkişaf tempi mediada, jurnalistikada da yeni terminləri meydana gətirir. Ənənələrlə yanaşı, klassik jurnalistikamızla birgə, dünyadakı yeni tendensiyalar, yeni yanaşmalar, yeni media alətləri də öyrənilməlidir. İctimaiyyətlə əlaqələr (PR-piar) yeni bir termin idi. Bu, qəzet çapı, radio və TV-dən sonra yaranmış yeni termin kimi medianın imkanlarından istifadə etməklə cəmiyyətə, ictimai şüura təsir etmə vasitəsi kimi daxil olub. Bu gün artıq piar olmadan hansısa uğurlu layihədən danışmaq olmur. Hazırda PR da TV-dən, mediadan sosial şəbəkələrə keçid edib. Müasir günümüzdə sosial şəbəkələr hər birimizin həyatına nüfuz edib həyatımızın ayrılmaz hissəsinə çevrilib. Beləliklə, Azərbaycanda jurnalistika dedi-qodu, maraqsız, səviyyəsiz yanaşmalardan uzaqlaşmalı, media sahəsi üzrə dünyadakı elmi-akademik, müasir yanaşma və tendensiyalara cavab verən, yeni terminləri qavrayan media əhli yaranmalıdır.

-Akademiyada aktiv fəaliyyət göstərirsiniz. Öz fəaliyyətinizdə media ilə əlaqələrin qurulmasını uğurlu sayırsınızmı?

-Yaxşı sualdır, əslində bu sualın cavabını bizim hörmətli media nümayəndələri daha yaxşı cavablandıra, işimizə qiymət verə bilərlər. Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsi ali təhsil müəssisələri içərisində ən son yaradılmış şöbədir. Bizim şöbəmiz çox gənc bir qurumdur. Akademiyamız 2012-ci ildə yaradılıb, İctimaiyyətlə əlaqələr şöbəsi isə 2018-ci ilin avqustunda formalaşdırılıb. Hazırda ali təhsil müəssisələri içərisində xüsusi təyinatlı ali məktəb olaraq bizim şöbə media ilə daha sıx işləyən, adı daha çox çəkilən və təbliğatı yüksək səviyyədə olan bir qurum kimi qiymətləndirilir. Bunu bir sıra nüfuzlu şəxslərin və tanınmış media ekspertlərin fikirlərinə istinadən deyə bilərik. Şöbə olaraq fəaliyyətimizi Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsi ilə əməkdaşlıqda qururuq. Akademiyanın təbliğat işlərinin aparılmasında, məlumatlarımızın mediada geniş şəkildə yayımlanmasında İdarə rəisi Natiq Axundov bizə hər zaman öz həmkar dəstəyini göstərir. Fürsətdən istifadə edib həmkar dəstəyinə görə təşəkkür edirəm. 2008-ci ildən fasiləsiz olaraq təhsil, o cümlədən ictimaiyyətlə əlaqələr sahəsində olduğumdan, demək olar ki, bütün media nümayəndələri ilə əməkdaşlıq edirəm. Elə həmkarlarım var ki, məhz işgüzar münasibətlərimiz səmimi, yaxın dostluğa çevrilib. Mətbuat katibi olmaq, təmsil etdiyi müəssisənin mənafeyini qorumaq, bununla bərabər, həm də media nümayəndələri ilə ünsiyyəti qorumaq, vasitəçilik etmək bizim işimizin əsasıdır. Jurnalist özünü mətbuat xidməti rəhbərinin, mətbuat xidməti rəhbəri isə, jurnalistin yerinə qoyub onu anlayarsa, səmərəli dialoq alınır. Bir qədər ifadəli desək, bizim işimiz təmsil etdiyimiz qurumun dostlarının sayını artırmaqdır. Məncə, buna azdan-çoxdan nail olmuşuq. Gömrük Akademiyası bu gün hər yerdə var – mediada, TV, radioda, sosial şəbəkələrdə fəal şəkildə təbliğat, piar işimiz gedir, media ilə əlaqələrin qurulması və əməkdaşlığa böyük önəm verilir. Akademiya rəhbərliyi bunun üçün bütün lazımı dəstəyini göstərir. Təbii ki, hər bir qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti, onun media ilə əməkdaşlığı hər şeydən öncə həmin qurumun özünün mediaya, KİV-ə nə qədər açıq olmasından qaynaqlanır. Akademiya rəhbərliyinin iradəsi ilə media ilə əməkdaşlığın yüksək səviyyədə olmasını təmin etməyə çalışırıq. Akademiya olaraq, biz də hər zaman bütün media nümayəndələri üçün açığıq. Şöbəmizin qapısı hər bir həmkarımızın üzünə açıqdır. Fürsət düşmüşkən, Akademiyamızın fəaliyyətini daim izləyən, diqqətdə saxlayan, məlumatlarımızı dərc edən, yayımlayan, Akademiyanın təbliğatında, görülən işlərin ictimaiyyətə çatdırılmasında, cəmiyyətin məlumatlandırılmasında köməyini əsirgəməyən, bizimlə əməkdaşlıq edən bütün media nümayəndələrinə, o cümlədən “Palitra” qəzetinin kollektivinə təşəkkürümü bildirirəm.

 

Zeynab Kazımova

Müsahibəni Apardı: Tural Tağıyev

Palitra.- 2020.- 17 iyun. S. 6.