Azərbaycanın
ilk Xalq artisti - Hacıağa Abbasov
Bu gün
Hacıağa Abbasovun anadan olmasından 132 il
ötür
Əsasən komik rolların ifaçısı kimi
tanınan Hacıağa Abbasov ömrünü teatra
bağlayan, səhnə üçün yaşayan sənətkarlardan
idi. Bakının Maştağa kəndində müəllim
ailəsində anadan olan Hacıağa Abbasov ilk təhsilini kənddəki
rus-tatar məktəbində alıb, daha sonra görkəmli
ziyalı, maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində
oxuyub. Burada o, Hüseyn Xələfovla
(Ərəblinski) ilə görüşüb və bu xoş
təsadüf onun gələcək həyatını müəyyənləşdirib.
C.Zeynalov, M.Əliyev, S.Ruhulla kimi görkəmli
aktyorların fəaliyyət göstərdiyi mühitə
düşən H.Abbasov onlarla çiyin-çiyinə Azərbaycan
teatrını inkişaf etdirməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu gün Hacıağa
Abbasovun anadan olmasının 132-ci ildönümü tamam olur. O, səhnə fəaliyyətinə
1905-ci ildə M.F.Axundzadənin "Hekayəti Molla İbrahimxəlil
Kimyagər” əsərində Molla İbrahimxəlil rolu ilə
başlayıb. Bu, cəhalətin, qara qüvvələrin
teatra, aktyorlara qarşı çıxışlarının
tüğyan etdiyi dövr idi. Lakin hədə-qorxular,
maddi çətinliklər onun iradəsini qıra bilməyib.
Əksinə, o, həyatının mənası
bildiyi teatra daha sıx bağlanıb.
1906-1909-cu illərdə təhsilini Port-Petrovskda (indiki
Mahaçqala) davam etdirib. H.Abbasov burada azərbaycanlılardan
ibarət teatr truppası yaradıb və sonralar bu truppanı
Teymurxanşurada (Dağıstanın indiki Buynaksk rayonu) teatra
çevirib. Bakıya müəllim kimi qayıdan gənc
aktyor Müsəlman Artistləri Cəmiyyəti
İttifaqının "Nicat”, "Həmiyyət” teatr truppalarında,
daha sonra isə "Səfa” cəmiyyətinin,
"Zülfüqar və Üzeyir bəy Hacıbəyli
qardaşlarının müdiriyyəti” adlı teatr
truppasında fəaliyyətini davam etdirməklə
yanaşı, Balaxanı kənd məktəbində
böyük satirik Mirzə Ələkbər Sabirlə birlikdə
müəllim işləyir.
Hələ kiçik yaşlarından rus dilini mükəmməl
öyrənən görkəmli aktyor rus ədəbiyyatına,
xüsusilə də Lev Tolstoya böyük maraq göstərirdi,
onun əsərlərini tərcümə edir, tamaşaya
qoyurdu.
Böyük rus ədibinin yaradıcılığına maraq
onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə
gətirmiş və o, ədiblə yaxından tanış
olmuşdu. H.Abbasov bu barədə xatirələrində
yazır: "Mən böyük ədibə Azərbaycan
oxucuları tərəfindən çox sevildiyini dedikdə o,
xeyli məmnun oldu. Biz ayrılarkən "Hərb
və sülh” kitabına "Yadigar üçün
L.N.Tolstoydan” sözlərini yazıb, mənə
bağışladı”.
H.Abbasovun səhnə fəaliyyətinin mühüm hissəsi
özünün yaratdığı və rəhbərlik
etdiyi Tənqid-Təbliğ Teatrı ilə
bağlıdır. 1921-ci il noyabrın 13-də teatrın
açılışında o dövrün çox
böyük mədəniyyət və dövlət xadimləri
- rus rejissoru Konstantin Stanislavski, Nəriman Nərimanov, mühəndis
Zivər bəy, Əzim Əzimzadə, Məmməd Səid
Ordubadi iştirak edib.
H.Abbasov teatrın səhnəsində, müxtəlif ədiblərin
əsərləri ilə yanaşı, özünün
yazdığı pyesləri də tamaşaya qoyub. Dünya və
rus dramaturqlarının yaradıcılığını
öyrənməklə, onları tərcümə etməklə
yanaşı, dramaturgiya sahəsində qələmini müvəffəqiyyətlə
sınayıb. O, "Bakının fəthi”,
"Ağa Məhəmməd şah Qacar və Molla Pənah
Vaqif”, "Əsgər oğluma”, "Sabirin məhkəməsi”,
"Rus macərası” kimi bir-birindən maraqlı, zamanla səsləşən
pyeslər yazıb. "Sabirin məhkəməsi”
pyesində o, böyük satirikin keşməkeşli həyatını
təsvir edib. Əsər haqqında H.Abbasov
yazırdı: "1923-cü ildə mən Sabirlə işlədiyim
günlərin xatirinə "Sabirin məhkəməsi” adlı
kiçik bir pyes yazdım. Bu pyes o vaxt Tənqid-Təbliğ
Teatrında, Bakı fəhlə klublarında bir müddət
müvəffəqiyyətlə oynanıldı. Bu mənim müəllim yoldaşım olan
böyük şairə kiçik bir hədiyyə idi”.
Teatr tez-tez Bakı kəndlərində tamaşalar verib. Teatrın fəaliyyəti
Hacıağa Abbasovun və görkəmli sənətkar Mirzəağa
Əliyevin adı ilə bağlı olduğundan xalq
arasında "Hacımirzə” teatrı kimi
tanınırdı. Məhz bu teatrın səhnəsində
H.Abbasov özünün ən çox sevdiyi Şeyx Nəsrullah
("Ölülər”, Cəlil Məmmədquluzadə) rolunu
50 dəfədən çox oynamışdı. Aktyor
"Ulduz” jurnalının 1974-cü il 5-ci
nömrəsində dərc etdirdiyi məqaləsində
yazırdı: "Bu obraz mənim ifamda Mirzə Cəlilin
çox xoşuna gəlirdi”.
Görkəmli aktyor həm də maarif fədaisi idi. Onun fəaliyyətə
başladığı dövr qaragüruhun xalqın maariflənməsinə
ciddi əngəl törətdiyi illər idi. O,
mövhumatın güclü olduğu kəndlərdə məktəblərin
açılması, qızların məktəbə cəlb
olunması işində fəal iştirak edirdi. Elə
doğma Maştağa kəndində yaratdığı məktəb
üçün az
çalışmamışdı.
Böyük Vətən müharibəsi illərində
o, respublika Xalq Komissarları Soveti yanında İncəsənət
İşləri İdarəsi rəisi vəzifəsində
çalışırdı. Qazax, Şamaxı,
Göyçay, Zaqatala və Bərdədə teatrların
yaradılması bilavasitə onun adı ilə
bağlıdır. H.Abbasov Azərbaycanı
kənd-kənd, oba-oba gəzir, istedadlı gəncləri
toplayır, onlara kömək edirdi. O, Adil İsgəndərovu
Gəncədən Bakıya gətirmiş və onun Moskvaya
oxumağa göndərilməsinə nail olmuşdu. Görkəmli sənətkar tez-tez Bakının
Balaxanı, Sabunçu, Zabrat, Əmircan, Keşlə,
Maştağa, Nardaran və Mərdəkan kəndlərində
zəhmətkeşlər qarşısında maraqlı
çıxışlar edirdi. Bir sözlə,
o, bütün yaradıcı gücünü səhnəyə,
xalqın maariflənməsinə həsr etmişdi.
1927-ci ildə Milli Dram Teatrının direktoru vəzifəsinə
təyin olunan H.Abbasov burada özünü bacarıqlı, fədakar
bir mədəniyyət xadimi kimi göstərə bildi. Azərbaycan
teatrının inkişafında yorulmadan çalışan
H.Abbasov hər şeydən əvvəl yeni aktyor nəslinin
yetişdirilməsinin qayğısına qalırdı. Məhz bu keyfiyyətləri nəzərə
alınaraq onu 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbər
təyin etmişdilər. Burada o, ilk
növbədə, teatrı bacarıqlı rejissor və
aktyorlarla təmin etmək qayğısına qalırdı.
Bu illərdə o, Azərbaycan səhnəsi
üçün bütöv bir aktyor nəsli
yetişdirmişdi. Həmin aktyorların
bir çoxu - Ələsgər Ələkbərov, Adil
İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı -
təkcə Azərbaycanda deyil, ozamankı Sovet İttifaqı
məkanında geniş tanınan sənətkarlar idilər.
Bütün bu xidmətlərinə görə H.Abbasov 1932-ci
ildə Azərbaycanın ilk Xalq artisti adına
layiq görüldü.
H.Abbasov Azərbaycan səhnəsinin bəzəyi olan
bir-birindən gözəl obrazlar yaradıb. Bu sırada Mirzə Fətəli
Axundzadənin "Hacı Qara” komediyasında Hacı Qara, Nəcəf
bəy Vəzirovun "Yağışdan çıxdıq,
yağmura düşdük” əsərində Hacı Qəmbər,
Nəriman Nərimanovun ”Nadir Şah” əsərində Mirzə
Mehdi xan, "Şamdan bəy”də Şamdan bəy, Şəmsəddin
Saminin "Dəmirçi Gavə” əsərində Qubad ,
Nikolay Qoqolun "Müfəttiş” əsərində Osip,
S.L.Lanskoyun "Qəzavat” əsərində Molla Hüseyn Dərbəndi,
Üzeyir Hacıbəylinin "Arşın mal alan”ında
Soltan bəy, "O olmasın, bu olsun”da Məşədi
İbad, "Ər və arvad”da Kəblə Qubad,
Zülfüqar Hacıbəyovun "Əlli yaşında
cavan” əsərində Orduxan bəy, "Evliykən subay”da Kəblə
Hacı rolu kimi bir-birindən dolğun obrazlar silsiləsini
qeyd etmək olar.
Görkəmli aktyorun həyat yolu heç də asan
keçməyib. O, repressiyaya məruz qalmış, uzun müddət təqib
olunmuşdu. Orta Asiyada məcburi sürgün həyatı
yaşayarkən burada səhnə fəaliyyətini davam
etdirmiş, teatr truppaları, dərnəklər
yaratmışdı.
H.Abbasov
özünün keçdiyi çətin həyat yolunu, səhnə
və ictimai fəaliyyətini 1973-cü ildə Azərbaycan
teatrının 100 illiyi münasibəti ilə nəşr etdirdiyi ”Xatirələrim” kitabında geniş əks
etdirmişdi. Əsər Bakının əhalisi,
ictimai-siyasi həyatı, coğrafiyası, etnoqrafiyası
haqqında maraqlı məlumatlarla zəngindir. Bu
baxımdan "Xatirələrim”i Bakı tarixinə aid qiymətli
mənbə saymaq olar.
Hacıağa
Abbasov 1975-ci il mayın 7-də Bakıda
dünyasını dəyişib və 2-ci Fəxri xiyabanda dəfn
olunub.
Palitra.- 2020.- 17 iyun.
S. 15.