Amerika ictimaiyyətini erməni təcavüzü barədə məlumatlandırma kampaniyası keçirilir

 

ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətini erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yollar tikintisi barədə məlumatlandırma kampaniyasına başlayıb. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Amerika qanunvericilərinə, Tramp administrasiyasına və kütləvi informasiya vasitələrinə müraciət göndərilib. Müraciətdə deyilir ki, Ermənistan sülh danışıqlarını pozmaqda davam edir və beynəlxalq hüququn əsas prinsiplərinə riayət etmək barədə beynəlxalq birliyin çağırışlarına etinasızlıq göstərir. Qeyd olunur ki, Paşinyan administrasiyası bu yaxınlarda Ermənistanı Azərbaycanın işğal edilmiş əraziləri ilə birləşdirən üçüncü (işğal edilmiş Laçın və Kəlbəcərə çəkilmiş yollardan sonra) yol çəkiləcəyini elan edib. Ermənistanın hakimiyyət orqanları işğal altında olan Qubadlı və Cəbrayıldan keçməklə Qafanı işğal altında olan Hadrut şəhəri ilə birləşdirmək niyyətindədirlər.

Məktubda qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazisinin beşdəbir hissəsini işğal etməsi faktı özlüyündə beynəlxalq hüququn əsas prinsiplərinin ciddi pozuntusudur. Lakin 1994-cü ildən bəri Ermənistanın qanunsuz yolla əldə etdiyi ərazilərin konsolidasiyası üçün törətdiyi əməllər müharibə dövründə və müharibədən sonra humanitar davranış baxımından beynəlxalq hüquq standartları barədə digər fundamental konvensiyalara da ziddir. 25 ildən artıq müddətdə rəsmi Yerevan diaspordan olan etnik erməniləri cəlb etmək və erməni mənşəli Suriya qaçqınlarını yerli azərbaycanlılardan təmizlənmiş torpaqlara köçürmək yolu ilə yerli azərbaycanlılardan təmizlənmiş işğal altında olan rayonları məskunlaşdırmağa çalışır.

Azərbaycanın işğal olunmuş ərazilərinə yollar çəkilməsinin bir neçə məqsədi var, o cümlədən erməni qoşunlarının Ermənistandan Azərbaycanın işğal altında olan rayonlarına köçürülməsinə kömək, münaqişə zonasına xarici turistlərin cəlb edilməsi, erməni diasporunun işğal olunmuş ərazilərdə sərmayə qoymağa stimullaşdırılması və Azərbaycanın təbii ehtiyatlarının istismar edilməsi məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskənlər salınmasının təşviq edilməsi. Müraciətdə qeyd edilir ki, bu, 1949-cu il Cenevrə Konvensiyasının 49-cu maddəsinin açıq-aşkar pozulmasıdır və beynəlxalq birlik Ermənistan rəhbərliyinə öz narazılığını bildirməlidir.

Azərbaycan icmasının üzvləri ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan ABŞ-ın hökumətinə müraciət edirlər. Yol tikintisi həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsiplərinə əsaslanan sülh danışıqlarını daha da mürəkkəbləşdirir.

Xatırladaq ki, 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin həmin ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Assambleyası beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş mövqeyini bir daha təsdiq edən 62/243 nömrəli qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunvericilikləri tərəfindən işğalçı erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarca başqa qətnamə qəbul edilib.

“Dünyada ikili standartların mövcudluğu Ermənistanı getdikcə azğınlaşdırır”

Yeri gəlmişkən, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Aqiyə Naxçıvanlı söyləyib ki, Ermənistan Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin əlində bir vasitədir (AZƏRTAC).

Deputat bildirib ki, işğalçı ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə biganəlik, dünya birliyinin bu ədalətsizliyə göz yumması Ermənistanı daha da qudurdub. Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə PƏK həmsədrinin, həmçinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin imzaladıqları birgə bəyanat bir daha ölkəmizin ərazi bütövlüyünün bu qurum tərəfindən tanındığını təsdiqlədi. Görünür, beynəlxalq təşkilatlar da artıq Ermənistanın işğalçı siyasətindən cana doyublar. Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra Ermənistan beynəlxalq aləmdəki dayaqlarını bir-bir itirir. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Nikol Paşinyanın faşist ideologiyasına hüsn-rəğbəti onun genindən gəlib. Xatırladım ki, bir qədər əvvəl Paşinyanın özü bu sirrin üstünü açdı. Əslində, o, öz nəsil –nəcabətinin, guya, vətənpərvər, İkinci Dünya müharibəsinin iştirakçısı olduğunu bildirmək istəyirdi. Lakin hadisələrin gedişi heç kimə bəlli olmayan bir həqiqətin üstünü açdı. Məlum oldu ki, baş nazirin babası nasist Nidje Qareginin əsgəri olub.

“Ölkəyə rəhbərlik etdiyi gündən populist çıxışları ilə tanınan N.Paşinyan Ermənistanın inkişafı, işsizlik probleminin aradan qaldırılması, əsgər ölümünün qarşısının alınması, ölkədə demokratik prinsiplərin inkişafı və münaqişənin nizamlanması istiqamətində heç nə edə bilmədi. Paşinyan ölkə rəhbərliyinə gəldikdən sonra, əksinə, danışıqlar prosesinə zərbə vurdu. Onun işğal altında olan Azərbaycan ərazilərinə tez-tez yersiz səfərlər etməsi, Dağlıq Qarabağda keçirilən beynəlxalq hüquq normalarına zidd olan saxta “seçkiləri” dəstəkləməsi, əslində, əhalinin diqqətini ölkə daxilindəki narazılıqlardan yayındırmaq idi. Yeri gəlmişkən, bu vaxta qədər Dağlıq Qarabağda keçirilən bütün “seçkilər” heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. İşğal altındakı ərazilərdə keçirilən qeyri-qanuni tədbirlərdə Paşinyanın populist çıxışları da qeyri–ciddi qarşılanıb. Çünki onun çıxışları hökumət başçısından çox, küçə uşaqlarının dediklərinə uyğun gəlirdi. Yerli ziyalılar və ictimai-siyasi xadimlər də bu reallığı etiraf edirlər. Onlar da indiyədək Ermənistana belə qeyri-ciddi, siyasi təfəkkürü olmayan, savadsız birinin rəhbərlik etmədiyini bildirirlər. Əslində, küçə və meydanlardan hakimiyyətə gəlmiş birindən bundan artıq nə gözləmək olardı?

Ermənistanın ictimai-siyasi xadimləri də etiraf edirlər ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməklə, onları bir-bir sıradan çıxararaq zərərsizləşdirdi. O, öz siyasi rəqiblərini bir-bir həbsə atdırır, onlara hədə-qorxu gəlir və sanki meydanlarda “demokratiya” deyib haray-həşir salan Paşinyan deyildi. Onun göstərişi ilə indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Paşinyanın bu “demokratik islahatlarna” Qərbin seyrçi mövqeyi faşist ideologiyasına meyilli baş nazirin əl-qolunu daha da açır, getdikcə onu daha da azğınlaşdırır. Fürsətdən istifadə edən baş nazir gələcəkdə özünə rəqib olacaq istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etdirir, özünü xalqın təəssübkeşi kimi göstərərək, rəqiblərini sıradan çıxarır. Artıq yerli əhali onu diktator kimi qəbul edir. Son vaxtlar baş verən hadisələr də təsdiqləyir ki, hazırda Ermənistanda totalitar inqilabi diktatura qurulub”, - deyə Aqiyə Naxçıvanlı vurğulayıb.

“İşğalçı ölkə siyasi təlatümlər məngənəsində çapalayır”

Qeyd edib ki, ölkədə həyata keçirilən siyasi repressiyalar növbəsi parlamentə çatıb. Məlum olduğu kimi, 2020-ci il iyunun 16- da “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, ölkənin imkanlı şəxslərindən hesab edilən Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Demək, baş nazirin növbəti qurbanı deputat Q.Sarukyandır. O, ifadə vermək üçün artıq ölkənin təhlükəsizlik qüvvələri tərəfindən istintaqa cəlb edilib. Hadisələrin gedişi də təsdiqləyir ki, deputatın həbs ediləcəyi istisna olunmur. Bəs buna səbəb nədir? Yerli ictimai-siyasi xadimlərin dediyinə görə, Q.Sarukyan dəfələrlə ölkənin siyasi və iqtisadi böhran içərisində çapaladığını bəyan edib. N.Paşinyan hakimiyyətini kəskin tənqid edən, onun dövlət idarəçiliyində piyada, siyasətdənkənar adam olduğunu deyən Qaqik Sarukyana qarşı başlanan siyasi təqiblərin sonu həbslə nəticələndi.

O deyib “Bu gün Ermənistanda sərbəst toplaşmaq azadlığına qadağa qoyulması, öz fikrini sərbəst ifadə edənlərə divan tutulması, onların həbs edilməsi beynəlxalq qurumların gözləri qarşısında baş versə də, yenə də ikili standartlar Ermənistanı, necə deyərlər, “sudan quru çıxarır”. Deputat Q.Sarukyanın Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərən tərəfdarlarına qarşı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təzyiq edilməsi, yüzlərlə aksiya iştirakçısının saxlanılması, hətta baş verənləri işıqlandıran jurnalistlərə qarşı güc tətbiqi “Nikol Paşinyan demokratiyasının” göstəricisidir. Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də “azadlıq carçısı” , “insan hüquq və azadlıqlarının müdafiəçisi” olan bəzi beynəlxalq təşkilatlar, o cümlədən QHT-lər, bütövlükdə isə bir sıra Qərb təşkilatları biganəlik göstərir, antidemokratik hadisələrə laqeyd yanaşır, sanki heç nəyi görmür və heç nəyi eşitmirlər.

Halbuki, bəzi qərəzli təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri, az qala, “milçəkdən fil düzəltdikləri halda”, Ermənistanda baş verən qanunsuzluğa, diktatorluğa və özbaşınalığa bir dəfə də olsun münasibət bildirməmələri ikili standartların nəticəsidir. Vəziyyət isə getdikcə ağırlaşır, işğalçı ölkə siyasi təlatümlər məngənəsində çapalayır.

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 19 iyun. S. 11.