Azərbaycan “Tvinninq” layihəsinə görə liderdir

 

"Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Ermənistanın işğalçılıq siyasətinin qlobal müstəvidə ifşası ilə yadda qaldı"

 

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti hər şeydən əvvəl Ermənistan dövlətinin işğalçılıq siyasətinin qlobal müstəvidə ifşa olunması ilə yadda qaldı. Azərbaycanın son illər artan diplomatik hücumları qarşısında acizlik nümayiş etdirən Ermənistan iqtidarı sözügedən sammitdə də rüsvayçı məğlubiyyətdən qaça bilmədi. Ümumi nəticələri müqayisə etsək, bu sammiti Valday və Münxen zəfərlərinin məntiqi davamı kimi dəyərləndirə bilərik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu bildirib.

Deputat qeyd edib ki, küçə siyasəti ilə beynəlxalq platformaları dəyişik salan Nikol Paşinyan populist ritorikasına uyğun olaraq sammitdə əvvəlcə beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözündən istifadə etdi, ermənicə çıxışında isə “Artsax” sözünü işlətdi. Bu isə onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsindən istifadə edir. Paşinyan çıxışında bir neçə yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək guya bu qərara əsasən Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyini iddia etdi. O, həmçinin öz aləmində Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi.

Beynəlxalq səviyyəli məhkəmə qərarını təhrif edən Paşinyan anlamalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin olduğu da öz əksini tapmayıb. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Avropa Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakar yanaşması ilə ifşa etdi. Deputat vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın dövlət səviyyəsində terrorizmə dəstək olduğunu tutarlı faktlarla sübut etdi. Azərbaycan Prezidenti erməni terrorçusu Karapetyanla bağlı məsələyə tarixi aspektdən yanaşaraq erməni terrorizminin əsl mahiyyətini ortaya qoydu. Xatırladaq ki, dövlətimizin başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi.

Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunub. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilib, mənzil və işlə təmin olunub. Bu, bir daha onu göstərir ki, qanlı terror aktları törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Onu da vurğulamaqda fayda var ki, bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan yalnız biridir. “Sammitin nəticələrini bir cümlə ilə belə ifadə edə bilərik: Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü bütün dünyaya biabır etdi. Sammit təkcə Ermənistanın informasiya müstəvisində rüsvayçı məğlubiyyəti ilə yox, həm də Paşinyanın gülüş hədəfinə çevrilən davranışları ilə yadda qaldı. Söhbət Paşinyanın onlayn konfransa tibbi maskadan istifadə edərək qatılmasından gedir. Paşinyan bir müddət əvvəl koronavirusa yoluxduğunu elan etmiş, daha sonra da sağaldığını açıqlamışdı. Mütəxəssislər hesab edir ki, tibbi protokollara görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur. Çünki bədəndə anticisim formalaşır və belə olduqda tibbi maska taxılmasına ehtiyac qalmır. Sual yaranır ki, belə bir halda Paşinyanın maska taxmasına səbəb nə idi? Üstəlik də kamera qarşısında... Kadrlardan da göründüyü kimi, Paşinyandan başqa heç bir dövlət və hökumət başçısı maska taxmayıb. Çünki beynəlxalq tibbi standartlara görə əgər yaxınlığında kimsə yoxdursa, maska taxmaq zərurəti qalmır. Deməli, bu, Paşinyanın növbəti ucuz şousudur. Onun bundan məqsədi özünü xalqı qarşısında qurban kimi göstərmək və ictimaiyyətin diqqətini cəlb etməkdir”, - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.

"Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə özünü biabır etdi"

Yeri gəlmişkən, Milli Məclisin deputatı Ağalar Vəliyev deyib ki, bu günlərdə Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı ilə yadda qaldı. Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib ki, Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Ölkəmiz Şərq Tərəfdaşlığı üçün həyati əhəmiyyət daşıyan mühüm strateji mərkəzdir. Təsadüfi deyil ki, Azərbaycanla Avropa İttifaqının 9 üzvü arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Dövlətimizin başçısının Sammitdə vurğuladığı kimi, hazırda Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqlar yekun mərhələsindədir və sazişin mətninin 90 faizi artıq razılaşdırılıb. Ona görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Deputat qeyd edib ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır və yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək. Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gözəl perspektivləri var. 2009-cu ildə əsası qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıq yaradılıb və uğurlu nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat dövlətimizin iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırıb və ölkəmizin əsas ticarət tərəfdaşı olub. Eyni zamanda, Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramının 6 üzv ölkəsinin içərisində Avropa İttifaqı ilə həyata keçirilən “Tvinninq” layihələrinin sayına görə lider mövqeyində dayanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qurulub və Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz qurumla əməkdaşlıqda yüksək nailiyyətlər qazanıb. Ağalar Vəliyev vurğulayıb ki, məlum işğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycanın son 16 ildə davamlı sosial-iqtisadi inkişafı təmin olunub, ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib. Bu illər ərzində ticarətimizin təqribən 50 faizi əsas tərəfdaş kimi Avropa İttifaqına üzv olan dövlətlərin payına düşüb. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq. Təbiidir ki, Avropada enerji əməkdaşlığı, təhlükəsizliyi və şaxələndirməsi layihəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin İttifaq bazarlarına inteqrasiya olunacaq 3500 kilometrlik boru kəmərinin təşəbbüskarı və maliyyə təminatçısı ölkəmiz olub. Deputat, həmçinin bildirib ki, son ayların qlobal reallığı olan koronavirus pandemiyasına qarşı dövlətimizin başçısının bilavasitə rəhbərliyi altında ölkəmizdə görülmüş tədbirlər vəziyyəti nəzarətdə saxlamağa və itkiləri minimum səviyyəyə endirməyə imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil edib. “Bir sıra mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi, cənab Prezident Sammitdə Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirdiyini və onun etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini bir daha bəyan edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb etsə də, işğalçı ölkə bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ölkə rəhbərinin təbirincə ifadə etsək, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksinə olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır”, - deyə Ağalar Vəliyev vurğulayıb. Deputat əlavə edib ki, dünya birliyi, Azərbaycan və Ermənistan ictimaiyyəti Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyanın növbəti dəfə özünü biabır etməsinin şahidi oldu. Ermənistan baş nazirinin çıxışı və davranışları bir daha göstərdi ki, o, siyasətdə naşı bir adamdır. Hər kəs aydın şəkildə görürdü ki, Paşinyanın populist çıxışı Ermənistandakı vəziyyət nəzərə alınaraq daxili auditoriyaya hesablanıb. O, siyasi və diplomatik bacarığı olmadığı üçün kobud səhvlərə yol verirdi. Əvvəla tədbirdəki çıxışı Paşinyanın dil biliyinin bərbad olduğunu göstərirdi. O, qabaqcadan hazırlanan çıxışını ingilis dilində oxusa da, növbəti fikirlərini erməni dilində ifadə eləməyə çalışdı. Ermənistan baş naziri Sammitdə çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunan “Naqornıy Karabagh” sözünü işlədir, halbuki ermənicə çıxışında “Artsax” sözünü dilə gətirir. Bu epizodlar bir daha sübut edir ki, Ermənistan dünyanın 30-a yaxın ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanla müqayisədə zəif və acizdir. Paşinyan replika atdığı zaman isə özünü və erməni təbliğatını tamamilə ifşa etmiş oldu.

Onun Ramil Səfərovla bağlı məsələdə diqqəti yayındırmaq cəhdi də puça çıxdı. Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Milli Məclisin deputatı vurğulayıb ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Prezident İlham Əliyevin Azərbaycanın maraqlarını və ədalətli mövqeyini bütün mötəbər tədbirlərdə yüksək səviyyədə müdafiə etdiyini bir daha nümayiş etdirdi.

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 24 iyun. S. 11.