Xocalı soyqırımı dünya
ictimaiyyətinin diqqətinə çatdırılır
Vaşinqtonda Ermənistan hökumətindən
Xocalı soyqırımını tanımaq tələb olunub
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər
xaricdə yaşayan soydaşlarımız tərəfindən
də dünya ictimaiyyətinin diqqətinə
çatdırılır. Xüsusən Xocalı
soyqırımının 28-ci ildönümü ilə əlaqədar
bu istiqamətdə xaric ölkələrdə müxtəlif
səpkili tədbirlər keçirilib. Belə ki, fevralın
28-də Ermənistanın Vaşinqtondakı səfirliyi
qarşısında Xocalı soyqırımının 28-ci
ildönümü ilə əlaqədar etiraz aksiyası
keçirilib.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin
(USAN) təşkil etdiyi aksiyada Vaşinqtonda və onun ətrafında,
Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan
icmasının üzvləri iştirak ediblər.
Etirazçılar əllərində Azərbaycan və
ABŞ-ın dövlət bayraqlarını, Ermənistanın
Azərbaycana qarşı təcavüzü və Xocalı
soyqırımı haqqında faktların əks olunduğu
plakatlar tutublar.
Tədbir aksiya
iştirakçılarının Azərbaycanın dövlət
himnini oxuması ilə başlayıb. Sonra “Erməni terrorunu
pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”,
“Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri!”,
“Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan
torpaqlarından əl çəkin!”, “Ermənistan, beynəlxalq
hüquqa riayət et!”, “Köçəryan, Sarkisyan, Ohanyan
cinayətkardırlar” və s. şüarlar səsləndirilib.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin
həmsədri Bədir Məmmədli
çıxışı zamanı Ermənistanın
Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə
müraciət edərək, 1992-ci il fevralın 26-da
Xocalıda 613 mülkü şəxsin erməni hərbçiləri
tərəfindən amansızcasına qətlə yetirildiyini
xatırladıb.
Xocalı soyqırımının
ABŞ-ın bir çox ştatı, dünyanın bir
sıra ölkələri tərəfindən
tanındığına və pisləndiyinə diqqəti cəlb
edən etirazçılar Ermənistan hökumətini də
Xocalı soyqırımını tanımağa, BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin
tələblərini yerinə yetməyə
çağırıblar. Onlar erməni silahlı qüvvələrinin
Azərbaycandan dərhal çıxarılmasını,
girovların azad olunmasını və azərbaycanlı məcburi
köçkünlərin doğma yurdlarına
qayıtması üçün şəraitin
yaradılmasını tələb ediblər.
Daha sonra aksiya iştirakçıları
Türkiyənin Vaşinqtondakı səfirliyi
qarşısında toplaşıblar. Soydaşlarımız
Suriyada türk əsgərlərinin həlak olması ilə əlaqədar
qardaş ölkəyə başsağlığı verib və
Azərbaycan icması adından öz dəstəklərini
ifadə ediblər.
Qeyd edək ki, ABŞ Azərbaycanlıları
Şəbəkəsi hər il Xocalıda baş verən
kütləvi qırğının soyqırımı kimi
tanınması tələbilə Vaşinqtonda etiraz
aksiyası təşkil edir, Amerika ictimaiyyətinin diqqətini
Xocalı soyqırımına və ermənilərin digər
hərbi cinayətlərinə cəlb etmək məqsədilə
müxtəlif kampaniyalar həyata keçirir.
ABŞ-ın Massaçusets ştatının
Boston şəhərində də Xocalı faciəsinin 28-ci
ildönümünə həsr olunmuş etiraz aksiyası
keçirilib.
Aksiyada Azərbaycan icmalarının Bostonda və
onun ətrafında yaşayan üzvləri iştirak ediblər.
Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın
Azərbaycana qarşı təcavüzü və Xocalı
soyqırımı haqqında faktlar əks olunub.
Bannerlərdə əks olunmuş
şüarlar vasitəsilə dünya birliyinə müraciət
edən aksiyaçılar Xocalı soyqırımının
dövlət səviyyəsində tanınmasının
vacibliyinə diqqəti cəlb ediblər. Bu faciənin
Massaçusets ştatı daxil olmaqla Amerikanın 20-dən
çox ştatı və dünyanın bir sıra ölkələri
tərəfindən soyqırımı kimi
tanındığı və pislənildiyi haqqında məlumatlar
səsləndirilib.
Aksiya zamanı şəhər sakinlərinə
Xocalı soyqırımı haqqında faktları əks etdirən
vərəqələr paylanılıb.
San-Fransiskoda Xocalı soyqırımına fərdi
piketlərlə etiraz edilib
Kaliforniya ştatının San-Fransisko şəhərində
də Xocalı soyqırımının 28-ci
ildönümü ilə əlaqədar fərdi piketlər
keçirilib.
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət
Assosiasiyasının təşkil etdiyi fərdi piketlərdə
məqsəd San-Fransisko sakinlərinin diqqətini Xocalı
soyqırımına cəlb etmək olub. Assosiasiyanın fəalları
əllərində Xocalıdan bəhs edən faktların
yazıldığı plakatları şəhərin müxtəlif
məkanlarında, insanların sıx toplaşdıqları
yerlərdə nümayiş etdiriblər.
Həmin plakatlarda "26 fevral 1992-ci il tarixdə
613 nəfərin cəsədi tapılıb",
"Qadın haqları? 106 qadının cəsədi
tapılsa da, bu günədək hec kim cəzalandırılmamışdır",
"Təsəvvür edin ki, dünən gecə hər iki
valideyninizi itirmisiniz. 25 uşaq həqiqətən itirib",
"28 il öncə Xocalıda 130 uşaq 1 valideynini
itirib", "Kimin vecinədir ki, 8 ailə tamamilə məhv
edilib?", "Heç kimin vecinə deyil ki, 150 insan 28 ildir
ki, tapılmır" kimi ifadələr yazılıb. Bununla
da soydaşlarımız Xocalı soyqırımını
törədən erməni qatillərinin indiyədək cəzalandırılmamasına,
Ermənistan tərəfindən azərbaycanlıların
fundamental insan haqlarının kobudcasına tapdalanmasına,
dünya ictimaiyyətinin Xocalı kimi soyqırıma biganə
münasibət göstərməsinə kəskin
etirazlarını bildiriblər.
Qeyd edək ki, fərdi piketlər San-Fransiskonun
ətrafındakı şəhərlərdə də
gerçəkləşdirilib.
Xatırladaq ki, Xocalı soyqırımı
indiyədək dünyanın 16 ölkəsi, Amerika Birləşmiş
Ştatlarının 24 ştatı tərəfindən
tanınıb.
Vyanada Xocalıya ədalət tələb
olunub
Yeri gəlmişkən, Avstriyanın
paytaxtı Vyana şəhərində Xocalı
soyqırımının 28-ci ildönümünə həsr
olunmuş aksiya keçirilib.
Şəhərin mərkəzindəki
Ştefansplats meydanında gerçəkləşdirilən
aksiyanı Avstriya-Azərbaycan Mədəniyyət və
İş Adamları Dərnəyi ("Azer-DER") təşkil
edib. Aksiya iştirakçıları üzərində
“Xocalıya ədalət!” şüarı yazılmış
böyük plakatı əllərində tutmaqla meydandan
keçən insanların diqqətini cəlb ediblər. Burada
qurulan köşədə Xocalı soyqırımı və
Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri
əks etdirən müxtəlif dillərdə kitablar,
broşürlər və digər informasiya materialları
nümayiş etdirilib. Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış informasiya materialları və almanca vərəqələr
yerli sakinlərə təqdim olunub. Xocalı faciəsinin
tarixi ilə maraqlanan Vyana sakinlərinə matəm rəmzi
olaraq qərənfillər paylanıb.
Aksiyaya maraq göstərən insanlara Ermənistanın
işğalçı siyasəti, bir milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkün vəziyyətində
yaşamağa məcbur olması, Dağlıq Qarabağ
münaqişəsinin tarixi kökləri, Azərbaycanın
münaqişənin sülh yolu ilə həll olunmasında
göstərdiyi səylər barədə
danışılıb.
Tədbir zamanı "Azer-DER"in rəhbəri
Yardım Günəş çıxış edərək,
Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən
biri olan Xocalı soyqırımının 1992-ci il fevralın
25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri
tərəfindən törədildiyini qeyd edib, dünya
ictimaiyyətinin bu faciəyə obyektiv siyasi-hüquqi qiymət
verməsinin və soyqırımı törədənlərin
cəzalandırılmasının vacibliyini bildirib.
Sonda Xocalı soyqırımı barədə
bəyanat səsləndirilib. Bəyanatda Avstriya parlamentinin
Xocalı soyqırımı ilə bağlı öz
mövqeyini bildirməsinə və bu bəşəri cinayəti
pisləməsinə çağırış edilib.
Qazaxıstanın müxtəlif vilayətlərində
Xocalı soyqırımı qurbanları anılıb
Qazaxıstanın Aktöbe və Qərbi-Qazaxıstan
vilayətlərində də Xocalı
soyqırımının 28-ci ildönümünə həsr
olunmuş tədbirlər keçirilib.
Ölkəmizin Aktau şəhərindəki
Baş konsulluğunun dəstəyi ilə Aktöbe vilayətində
təşkil edilən tədbirdə “Azərbaycanlılar
Birliyi”nin rəhbəri Şahbaz Camalov, müavini Vaqif Fərzəliyev,
Qazaxıstan Xalqı Assambleyasının katibliyinin müdiri
Marjan Kabakbayeva, soydaşlarımız, müxtəlif
xalqların etnik-mədəni cəmiyyətlərinin rəhbərləri
və yerli ictimaiyyətin tanınmış simaları
iştirak ediblər.
Xocalı soyqırımında vəhşicəsinə
qətlə yetirilmiş insanların əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə
Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış “Xocalıya ədalət!” sənədli
filmi nümayiş olunub.
Mərasimdə çıxışı
zamanı “Azərbaycanlılar Birliyi”nin rəhbəri
Şahbaz Camalov 28 il öncə Azərbaycanın Xocalı
şəhərində erməni silahlı dəstələrinin
366-cı motoatıcı alayın ağır texnikası və
hərbçilərinin köməyi ilə dinc azərbaycanlıları
xüsusi amansızlıqla qətlə yetirdiyi,
yaraladığı, əsir götürdüyü barədə
ətraflı məlumat verib.
Tədbirdə etnik-mədəni cəmiyyətlərin
rəhbərləri və üzvləri də ermənilərin
törətdiyi Xocalı soyqırımını və Ermənistanın
Azərbaycana qarşı apardığı
işğalçı siyasəti pisləyiblər.
Xocalı şəhidlərinin ruhuna duaların
oxunması ilə yekunlaşan tədbirdə Xocalı
soyqırımını əks etdirən foto-sərgi də təşkil
olunub.
Həmin gün “Birlik” milli-mədəni cəmiyyəti
tərəfindən Uralsk şəhərində də
Xocalı soyqırımının 28-ci ildönümünə
həsr olunmuş tədbir keçirilib. Tədbirdə, cəmiyyətin
üzvləri, türkiyəli iş adamları, yerli ictimaiyyətin
nümayəndələri iştirak ediblər.
Tədbirdə “Birlik” milli-mədəni cəmiyyətinin
rəhbəri Nəcəf Məmmədov və
başqaları çıxış edərək, erməni
silahlı dəstələrinin xocalılara qarşı
törətdikləri kütləvi qırğını və
Ermənistanın Azərbaycana qarşı apardığı
təcavüzkar və işğalçı siyasəti pisləyiblər.
Tədbir soyqırımı qurbanlarının
və şəhidlərin ruhuna duaların oxunması ilə
başa çatıb.
Fuad Hüseynzadə
Palitra.- 2020.- 4 mart.-
S.11