“Ermənistan təcavuzkar
siyasətindən əl çəkməyərək
münaqişənin sülh yolu ilə həll olunmasına maneçilik
törədir”
Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mane törədir. Bu mövzuda politoloq Tofiq Abbasov AZƏRTAC-a açıqlamasında deyib ki, bu gün dünyanın hər yerində gərginlik müşahidə olunur.
Politoloq bildirib ki, uzun illər davam edən münaqişələr öz həllini tapmaq əvəzinə, daha da gərginləşir: “Ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində illərdir ki, ardıcıl mübarizə aparır. Regionda sülhün və sabitliyin təmin olunması məqsədilə qarşı tərəflə danışıqlar aparılır. Lakin Ermənistan təcavuzkar siyasətindən əl çəkməyərək münaqişənin sülh yolu ilə həll olunmasına maneçilik törədir, regionda vəziyyəti daha gərginləşdirir. Ermənistan gözəl anlayır ki, Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcək. Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin və təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın debatı bütün dünyaya münaqişəyə münasibətdə tərəflərin bir-birindən nə ilə fərqləndiyini göstərdi”.
Onun fikrincə, Azərbaycan diplomatiyasının gücünün nəticəsidir ki, bu gün ölkəmiz müstəqillik yolunda inamla irəliləyir: “Kifayət qədər yüksək reytinqə malik olan ölkə diplomatiyası dünyada yeni çağırışların nədən ibarət olduğunu yaxşı bilir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bir sözlə, dünyada baş verən geosiyasi dəyişikliklər fonunda müdrik, dərindən düşünülmüş siyasət və diplomatik bacarıq sayəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu günbəgün artır”.
Ölkəmizin dünyada siyasi nüfuzu ilə yanaşı, iqtisadi gücünün də artdığını bildirən politoloq deyib: “Azərbaycan dünyada böyük və mühüm layihələr həyata keçirir. Bunlardan biri də Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən reallaşdırılan “Bakı prosesi”dir. Burada məqsəd mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulmasını təmin etməkdir. Azərbaycanın bu qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında fərqli dinə mənsub millətlərin və xalqların zəngin mədəni müxtəlifliyinin olması dayanır. Artıq 12-ci ilinə qədəm qoyan “Bakı prosesi”nin əsas qayəsi dialoq məfkurəsinin və təfəkkürünün daha da dərinləşməsinə xidmət edir”.
Azərbaycan diplomatiyasının geosiyasi çəkidə də fərqləndiyini diqqətə çatdıran T.Abbasov deyib: “Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də Avrasiya məkanında öz çəkisi, nüfuzu ilə seçilir. Müxtəlif enerji, nəqliyyat layihələri həyata keçirən Azərbaycanın dünyanın hər yerində tərəfdaşları var. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilir. Bu layihənin sonuncu seqmenti TAP bu il yekunlaşacaq və Adriatik boru kəməri istifadəyə veriləcək. Bu, çox böyük infrastruktur layihəsidir və bu layihə vasitəsilə Xəzərin enerji daşıyıcıları TANAP vasitəsilə Cənubi Avropaya çıxacaq. Beləlklə, bu ilin sonunda İtaliya istehlakçıları Azərbaycanın qazından istifadə edə biləcəklər. Ümumi dəyəri 40 milyard dolları ötüb keçən iri həcmli layihənin həyata keçməsi məhz Azərbaycan diplomatiyasının uğurudur. Ölkə rəhbərinin də dediyi kimi, ölkəmizin məqsədi budur ki, sabitlik bərqərar olsun və maraqlı tərəflər layihədən yararlansınlar. Çünki ekoloji tarazlığın pozulduğu bir vaxtda neft və daş kömürdən qaza daha çox üstünlük verilir. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə həm də ekologiyaya da öz töhfəsini vermiş olur”.
T.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci-vitse-prezident Mehriban Əliyevanın İtaliya səfərinin əhəmiyyətindən danışıb. Bildirib ki, tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq barədə razılaşmaların əldə olunması yüksək səviyyədə diplomatik əlaqələrin nəticəsidir və bu da onu deməyə əsas verir ki, rəsmi Bakı və Roma arasında münasibətlər müsbət müstəvidə inkişaf edir.
Xurşidbanu Natəvanın xarici ölkələrdə ucaldılmış abidələri haqqında “Vikipediya”da məqalələr yaradılıb
Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, qədim abidələri və memarlıq nümunələri haqqında məqalə yaradılması prosesi davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, doğma dilimizdəki “Vikipediya”da XIX əsr Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Belçikanın Vaterlo və Fransanın Evian-le-Bən şəhərlərində ucaldılmış abidələri haqqında məqalələr yaradılıb.
Hər iki məqalədə Xurşidbanu Natəvanın şəxsiyyəti, nəsli, həmçinin şairənin xarici ölkələrdə qoyulan abidələrinin açılış mərasimləri haqqında ətraflı məlumat verilir. Natəvanın Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı olması vurğulanır.
Qeyd olunur
ki, Azərbaycanın İsmayıllı və
Fransanın Evian-le-Bən şəhərləri arasında
imzalanmış dostluq və əməkdaşlıq
xartiyası çərçivəsində 2017-ci ildə Leman gölü sahilində
“Azərbaycan parkı”nın rəsmi
açılışı olub. Bununla yanaşı, parkda
“Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də
açılış mərasimi olub. Heykəlin müəllifləri Xalq
rəssamı Səlhab Məmmədov və Əli İbadullayevdir. 2016-cı il
fevralın 18-də Belçika
Krallığının Vaterlo şəhərində
Azərbaycan şairəsi Xurşidbanu Natəvanın
abidəsinin açılış mərasimi keçirilib.
Şəhərin mərkəzi parkında qoyulan
heykəlin postamentində “Şərqin müasir
maarifçi və şairə
qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan”
sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş
İmran Mehdiyev tərəfindən
hazırlanıb.
Azərbaycan diasporunun birliyi və çevikliyi nəticə verdi: Abidə bərpa ediləcək
Vaterlo şəhərinin meri Florence Reuter Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavab yazıb.
Mer məktubda qeyd edib ki, vəziyyət nəzarət altındadır, polis orqanları təhqiqata başlayıblar: “Yazılı hesabat hazırlanıb. Abidə bərpa ediləcək. Hadisə ilə bağlı aidiyyəti qurumlar ciddi iş aparır”.
Xatırladaq ki, Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterlo şəhər meri Floran Röterə müraciət edibdir.
Xurşidbanu Natəvanın abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə ucaldılıb. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Abidə Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir.
Fuad Hüseynzadə
Palitra 2020.- 13 mart.- S.11.