“Danışıqların
formatı və gündəliyi dəyişilməzdir”
“Münaqişə
beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq həll edilməli, o cümlədən Ermənistan
silahlı qüvvələri Azərbaycanın işğal
edilmiş ərazilərindən çıxarılmalı, məcburi
köçkünlərin öz evlərinə və mülklərinə
geri qayıtmalıdır”
“Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin erməni icmasına bir daha bildirmək istəyirəm
ki, biz, sülh naminə icmalararası daha geniş dialoqa
hazırıq və bunu tezliklə təşkil edəcəyik. Şübhəsiz ki, Azərbaycanın
ərazi bütövlüyü tezliklə bərpa ediləcək
və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
yaşayan hər iki icmanın bütün hüquq və
azadlıqları Azərbaycan Respublikasının
Konstitusiyasına müvafiq olaraq bərabər şəkildə,
ən yüksək səviyyədə qorunacaq”
Aİ-nin
xüsusi nümayəndəsi Ermənistan-Azərbaycan
münaqişəsinin nizamlanması prosesinin cari vəziyyəti
barədə məlumatlandırılıb
Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa
İttifaqının (Aİ) Cənubi Qafqaz və
Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi
Toivo Klaar ilə telefon söhbəti olub. Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər
ki, tərəflər qlobal pandemiya ilə mübarizə
çərçivəsində bölgədəki son vəziyyət,
eləcə də Avropa İttifaqı ölkələrinin
hazırkı durumu ətrafında ümumi fikir mübadiləsi
aparıb, bu xüsusda beynəlxalq əməkdaşlıq və
həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Telefon söhbəti zamanı tərəflər
xüsusilə Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsi
prosesinin cari vəziyyətini müzakirə ediblər.
Nazir E.Məmmədyarov Aİ-nin xüsusi nümayəndəsinə
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin
ATƏT-in Minsk qrupunun həmsədrləri və fəaliyyətdə
olan sədrin şəxsi nümayəndəsinin vasitəçiliyi
və iştirakı ilə videokonfrans şəklində
baş tutmuş görüşü barədə məlumat
verib, danışıqların formatının və gündəliyinin
dəyişilməz qaldığını qeyd edib. O,
münaqişənin beynəlxalq hüququn norma və prinsipləri,
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq həll edilməsinin, o cümlədən Ermənistan
silahlı qüvvələrin Azərbaycanın işğal
edilmiş ərazilərindən
çıxarılmasının, məcburi
köçkünlərin öz evlərinə və mülklərinə
geri qayıtmasının vacibliyini vurğulayıb.
“Qarabağın
erməni icması azərbaycanlılarla birgə yaşamaqda
maraqlıdır”
Azərbaycan Respublikasının Dağlıq Qarabağ
bölgəsinin erməni icması Azərbaycan
Respublikasının beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində azərbaycanlı
icma ilə sülh şəraitində birgə yaşamaqda
maraqlıdır. Bunu Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcmasının sədri, deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini
ən yaxından izləyənlər arasında Dağlıq
Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda
vətəndaşımız var. Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistan tərəfindən
qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin
repressiv davranışlarına rəğmən, erməni
icmasının üzvü olan sakinlər bizimlə əlaqə
saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və
azərbaycanlı icma ilə sülh şəraitində
ölkəmizin beynəlxalq tanınmış sərhədləri
çərçivəsində birgə yaşamağa
hazır olduqlarını bildirmişlər. Heç
kəsə sirr deyil ki, Ermənistan tərəfindən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin erməni icmasının
aşağılanmasına yönəlik faktlar (pandemiya
dövründə “seçki” şousunun keçirilməsi və
s.) mövcuddur və bu hal indi də davam etməkdədir.
Amma Ermənistan öz daxilindəki bütün
problemlərdən sadə vətəndaşların diqqətini
yayındırmaq üçün daim Azərbaycan ərazilərinin
işğalını bir vasitə kimi istifadə edir, Ermənistandakı
problemləri həll etmək əvəzinə,
torpaqlarımızda qanunsuz fəaliyyətini davam etdirir, daim təxribat
xarakterli addımlar atır və bəyanatlar səsləndirir.
Faktlar isə onu göstərir ki, Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin erməni icması
özlərinin bütün bu oyunların qurbanı
olduqlarının, Ermənistan tərəfindən Azərbaycana
qarşı təcavüzün bir alətinə
çevrildiklərinin fərqindədirlər. Müsbət haldır ki, Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni
icması daxilində bölgədə ədalətli və
davamlı sülhə nail olunması və normal həyatın
bərpası üçün münaqişənin yeganə
həllinin Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazi bütövlüyü çərçivəsində
iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan
şəxslərin sayı kifayət qədər çoxdur və
artmaqdadır. Son dövrlər ərzində
həm azərbaycanlı icmanın rəsmi sosial media
hesablarına, həm də mənim şəxsi hesablarıma
erməni icmasının nümayəndələri tərəfindən
göndərilən çoxsaylı ismarıclar bunu deməyə
əsas verir. “Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin seçilmiş
nümayəndəsi olaraq, mən, erməni icmasının
diqqətinə çatdırmaq istəyirəm ki, onların
bizə göndərdikləri müraciətlərin anonimliyi
həmin şəxslərin təhlükəsizliyi naminə
yekun sülh əldə olunanadək tam qorunacaqdır. Azərbaycan Respublikasının Dağlıq
Qarabağ bölgəsinin azərbaycanlı icması bölgədə
sülhün bərpası üçün daim səy
göstərir və bu prosesdə bizə dəstək olan
bütün erməni icmasının nümayəndələrinin
fəaliyyətimizə dəstəyini qiymətləndiririk.
Xankəndi şəhərinin deputatı olaraq,
şəhərin həm erməni, həm də azərbaycanlı
sakinlərinin bütün qayğı və problemlərinin həlli
istiqamətində çalışdığıma sizləri
bir daha əmin etmək istəyirəm. Xankəndinin
istənilən erməni əsilli sakini, eynilə azərbaycanlı
sakinlər kimi işğalçı Ermənistanın təzyiqlərinə
rəğmən sosial media və elektron poçt vasitəsilə
bizə öz şikayət və təkliflərini göndərə
bilərlər. Azərbaycan Respublikası
Dağlıq Qarabağ bölgəsinin erməni icmasına
bir daha bildirmək istəyirəm ki, biz, sülh naminə icmalararası
daha geniş dialoqa hazırıq və bunu tezliklə təşkil
edəcəyik. Şübhəsiz ki, Azərbaycanın
ərazi bütövlüyü tezliklə bərpa ediləcək
və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
yaşayan hər iki icmanın bütün hüquq və
azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasına
müvafiq olaraq bərabər şəkildə, ən yüksək
səviyyədə qorunacaq” -deyə Tural Gəncəliyev
vurğulayıb.
“Ermənistan
mətbuatında Azərbaycan tərəfinin minaatanlardan
istifadə etməklə atəşkəs rejimini pozması
barədə yayılan xəbər yalandır”
Ermənistan kütləvi informasiya vasitələrində
guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə
atəşkəs rejimini pozması barədə yayılan xəbər
yalandır, həqiqəti əks etdirmir. Bunu “Palitra”nın
sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən
bildiriblər. Belə ki, Ermənistan tərəfinin
iddiasının əksinə olaraq bu gün gündüz
saatlarında düşmən ordusunun bölmələri atəşkəs
rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə
tutub. Azərbaycan Ordusunun bölmələri
82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi
ilə düşmənin atəş nöqtələrini
susdurub.
(Ardı var)
A.Miriyev
Palitra.- 2020.-
1 may. S. 11.