DİSTANT
TƏHSİL: MAHİYYƏTİ VƏ
ƏHƏMİYYƏTİ
Distant Təhsil – müəllim və tələbənin
(şagirdin) fiziki olaraq eyni bir məkanda olma məcburiliyini
aradan qaldıran bir sistemdir. Distant təhsil zaman
keçdikcə həm inkişaf edir, həm də ki, təkmilləşir.
Tarixə nəzər salsaq onda görərik ki,
tarix boyu distant təhsili qarşılıqlı əlaqəli
elementlərin sistemi kimi təsəvvür edən bir neçə
modeli olmuşdur. Qeyd edək ki, bu modellərin
hər birində yalnız bir metoddan istifadə edilmiş, təhsilalanla
müəllim arasında birbaşa qarşılıqlı əlaqə
təmin olunmuşdur.
Distant təhsil zamanı tələbələr və
müəllimlər bir-birləri ilə,
qarşılıqlı diskusiya yarada bilirlər. Həmçinin
belə təhsil formasında tədrisin vəziyyətini və
onun xüsusiyyətləri ilə şərtlənən
potensial problemlərini də qabaqcadan görmək olar.
Pedaqogika
üzrə elmlər doktoru, professor, Hümeyir Əhmədov
yazır: “Əgər texnologiyalar və təlim metodu tələbə
və müəllimin məqsədləri və imkanlarına
cavab verirsə, distant təhsil ənənəvi təhsil
forması qədər səmərəli ola
bilər”.
Qeyd edək ki, COVID-19 virusunun geniş
yayıldığı bu dövrdə dünyanın təhsil
arenasında distant təhsilin imkanları getdikcə daha da
artır. Bir
çox təhsil müəssisələri və
hazırlıq kursları fəal şəkildə məktəb
eksternatından başlamış ali təhsildə,
eləcə də magistratura təhsilində bütün
növ distant təhsil imkanlarından istifadə edirlər.
Distant təhsil
vasitəsi ilə təhsilin aşağıdakı növlərindən
yararlanmaq olar:
1. Ali (bakalvriat
üzrə) təhsildə; 2. Magistr təhsilində;
3.
Əlavə ali təhsildə;
4.
Ortaixtisas (subbakalavr üzrə) təhsilində;
5. Dil
öyrənməkdə;
6. Təhsil
treninqlərində;
7.
İxtisasartırma kurslarında;
8.
Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilində;
9.
İşləyən və ya evdən çıxmaq
imkanı məhdud olan şəxslərin təhsil
almalarında.
Qeyd olunmalıdır ki, təhsilin bütün
formalarında olduğu kimi distant formasınında da müsbət
və mənfi tərəfləri vardır. Onları
aşağıdakı şəkildə quruplaşdıra bilərik:
1. Müəllim
və tələbələrin internetə
çıxış imkanı;
2. Müəllim
və tələbənin xərclədiyi maddi vəsait;
3. Distant
təhsildə konkret olaraq istifadə oluna biləcək təlim
üsulları;
4. Distant
təhsil iştirakçılarının tədris
proqramını mənimsəmə səviyyəsi;
5.
Mövzuların interaktivlik səviyyəsi və tətbiq
edilmə dərəcəsi;
6. Tələbələrin
təhsil müddəti;
7. Tələbə
və müəllimlərin hazırlıq səviyyəsi.
Qeyd edək ki, distant təhsil prosesində tədrisin
keyfiyyətinin yüksəldilə bilməsi üçün
yuxarıda sadaladığımız müddəalar daim diqqətdə
saxlanılmalıdır.
Bundan
başqa distand təhsilin keyfiyyəti seçilən hədəf
qrupundan və öyrənmə şəraitindən (öyrənənlərin
evdə, iş yerində, universitetdə və s. yerdə
olması) də asılıdır.
Bir məsələni də vurğulamaq istəyirəm
ki, hər bir müəllim və pedaqoq distant təhsil
texnologiyasından istifadə edərkən Beytsin 12
qızıl qaydasını bilməsi faydalı olar. Bu qaydalar
aşağıdakılardan ibarətdir:
1.
Yaxşı tədris çox şey deməkdir;
2. Hər
bir texnologiyanın cəlbedici tərəfləri var, eləcə
də distant təhsil texnologiyasınında;
3. Təhsil
texnologiyaları çevikdir;
4. Super
texnologiya yoxdur;
5.
Bütün vasitələri müəllimlər
üçün əlçatan edin;
6. Fərqliliyi,
əsasən, iqtisadiyyatla əlaqələndirin;
7.
Qarşılıqlı əlaqə zəruridir;
8. Tələbələrin
sayı kritik bir ünsürdür;
9.
Müasir texnologiyalar köhnədən yaxşı deyil;
10. Müəllimlərin
texnologiyadan əlverişli şəkildə istifadə etməsi
üçün təlimə ehtiyacları vardır;
11. Komanda
üzvü olmaq vacibdir;
12.
Texnologiya sual deyil.
Onu da qeyd edək ki, distant təhsil üsulları fəal
və qeyri-fəal olmaqla da iki yerə bölünür. Fəal üsullarda öz
daxilində aşağıdakı kateqoriyalara ayrılır:
1.
Audioconferencing – Audio-konfranslar;
2.
Videoconferencing – Video-konfranslar;
3. Desktop
videoconferencing – İş masasında video-konfrans;
4. Elektron
konfranslar. Qeyd edək ki, elektron konfranslarda
aşağıdakı qruplara bölünür:
a)
e-poçt vasitəsilə;
b) onlayn xidmətlər vasitəsilə.
5. Voice
mail – Səsli kommunikasiya;
6.
İkitərəfli peyk və mikrodalğalı rabitə;
7. Virtual
reality – Virtual gerçəklik.
Qeyri-fəal
üsullara aid olunları isə aşağıdakı şəkildə
qruplaşdıra bilərik:
1.
Çap materialları;
2.
Audio-kasetlər;
3.
Video-kasetlər;
4. Birtərəfli
peyk və mikrodalğalı rabitə;
5.
Televiziya və radio proqramları;
6. CD-ROM.
Onu da qeyd etmək lazımdır ki, distant təhsil
yalnız bir texniki vasitənin köməyi ilə həyata
keçirilmir.
Ona görə ki, distant təhsil prosesində
müxtəlif texniki vasitələrdən istifadə edilir.
Distant təhsilin səmərəli olması
üçün isə mütləq yüksək sürətli
internet şəbəkəsi olmalıdır.
Azərbaycan
Respublikası Təhsil İnstitutunun doktorantı Türkan
Əlizadə “Distant təhsilin əsas modelləri və
metodları” adlı məqaləsində yazır:
“Texnologiyanın yeniliyi bir tərəfdən ona böyük
investisiyaların yatırılmasını tələb edir,
digər tərəfdən isə pulsuz məhsulların
(marketinq məqsədləri üçün) və ya əlavə
maliyyələşmənin əldə edilməsi
üçün imkan yaradır. Yenilik də
texnologiyanın tətbiqi və yayılması
üçün lazım olan vaxt ilə yaxından əlaqələndirilir.
Distant təhsil prosesində tədris materiallarından
faydalanmaq və düzgün istifadə etmək dərsin əsas
uğurverici hissəsidir. Ona görə də,
distan dərs zamanı müəllim tərəfindən tədris
materialı əyani şəkildə təqdim
olunmalıdır. Belə olduqda mövzu tələbələr
tərəfindən daha yaxşı mənimsənilər, tələbənin
tədris prosesinin və informasiya axınının idarə
olunması üçün münasib şərait yaranır.
Lakin buna baxmayaraq distant təhsildə müəllimin
yükü azalmır. Buna səbəb
müəllimin idarəetmə və nəzarət
funksiyalarının çoxalmasıdır.
Qeyd edək ki, bu gün distant təhsilin uğurla həyata
keçirilməsi üçün ayrı-ayrı
çoxsaylı materiallar, proqram və sistemlər vardır. Akademik Həsən Abdullayev
distant təhsil üçün proqram məhsullarının
təsnifatını aşağıdakı dörd parametr
üzrə tətbiq edildiyini göstərmişdir:
1.
Funksional təyinat. Bura daxildir ensiklopediyalar
(sorğu materialları kimi istifadə olunan geniş VB), virtual
universitetlər, kolleclər və test proqramları.
2. Fəaliyyət
mühiti. Bura aiddir qeyri-şəbəkə mühitində
(məsələn, DOS) test rejimi olan məhsullar, şəbəkədənkənar
əməliyyat sistemləri mühitində (məsələn,
Windows) qrafik rejimli məhsullar, şəbəkədən
istifadə üçün şəbəkə
texnologiyasından yararlanan məhsullar və WWW mühitində
işləyə bilən məhsullar.
3.
İstifadəçi kateqoriyalarının sayı. Bu parametrə isə bunlar daxildir. Şəbəkədənkənar və şəbəkədə
mövcud olan bir istifadəçili məhsullar, şəbəkədə
biristifadəçili məhsullar, şəbəkədənkənar
və şəbəkədə mövcud olan çoxistifadəçili
məhsullar.
4.
Hipermedia və multimediadan istifadə. Bura isə
aiddir ancaq mətn məlumatı olan proqram məhsulları, mətn
informasiyaları və qrafik komponentləri mövcud olan proqram
məhsulları, hipertext üzrə proqram məhsulları,
multimedia imkanlarından faydalanan proqram məhsulları və
hipermedia imkanlarını tətbiq edən proqram məhsulları.
Qazi
Universitetinin müəlimi Tankut Aslantaş “Uzaktan eğitim
teknolojileri ve Türkiye’de bir uygulama” adlı məqaləsində
distant təhsil zamanı tələbələrin və müəllimlərin
qarşılıqlı əlaqəsi üçün daha
çox istifadə olunan internet texnologiyalarını
aşağıdakı şəkildə
qruplaşdırmışdır:
1. Hipermətnləri
olan bir şəbəkədə işləmək
texnologiyası – WWW (World Wide Web – “dünya hörümçək
toru”);
2.
İstehsal formatında faylların şəbəkə üzərində
ötürülmə texnologiyası – FTP (Fayl Transfer Protocol –
“faylların ötürülməsi protokolu”);
3. Şəbəkə
üzrə birbaşa dialoq rejimində başqa şəxslərlə
qarşılıqlı münasibətdə olmaq imkanı verən
real vaxtda danışıqların təşkili
texnologiyası – IRC (Internet Relay Chat – “şəbəkədə
növbəli danışıq”);
4. Bir
neçə dəqiqədə dünyanın hər hansı
bir yerində e-poçt abonentlərinə
çatdırılan məktubların göndərilməsi və
qəbul olunması, ayrı-ayrı firma və təşkilatlardan
şəbəkə abunəçilərinə icmallar,
xülasələr və başqa sorğu
materiallarının göndərilməsi üzrə məlumat
xidməti – E-mail;
5. Uzaq məsafələrdə
olan insanların iştirak edə biləcəyi müzakirə
materiallarının qəbuledilmə və göndərilmə
texnologiyası. Burada məlumat
axınını dəstəkləmək üçün fərqli
formalarda şəbəkə texnologiyalarından istifadə
oluna bilər. Məsələn, e-poçt üzrə
telekonfranslar, yaxud operativ rejimdə telekonfranslar, elektron elan
lövhələri və televideo konfranslar – Telekommunikasiya və
sairə;
6.
Kompüter telekommunikasiyası vasitəsi ilə məlumat
mübadiləsini təmin edən aparat və proqram vasitələri
kompleksi – Bulletin Board System (Elektron Elanlar Lövhəsi).
Qeyd edək
ki, distant təhsil zamanı müəllim və tələbələr
arasında yaranan informasiya axını iki istiqamətə
ayrılır:
1.
İnformasiyanın müəllimdən tələbəyə
ötürülməsi;
2.
İnformasiyanın tələbədən müəllimə
ötürülməsi
Daha dəqiq desək distant dərs prosesində müəllimlə
qarşılıqlı münasibətdə olan tələbələr
qrupu yaranırır. Bu zaman isə məlumat axını
müəllimdən bütün qrupa və əksinə,
bütün qrupdan müəllimə, tələbədən
qrupa və əksinə qrupdan tələbəyə
ötürülür.
Qeyd edək
ki, hal-hazırda dünyada ən çox istifadə olunan
aşağıdakı distant təhsil sistemləri vardır:
1. Open
meetings;
2. Web-CT;
3. Adobe
Connect;
4. E-Nocta;
5. Moodle;
6. Black
Board;
7. Zoom
Cloud meetings.
Burada Moodle sistemi ödənişsizdir. Bu sistem daha
çox Windows və həmçinin Linux sistemlərində
çalışır. Moodle sisteminin
üstünlüklərindən biri onun ölçülə
bilən olmasıdır. Qeyd edək ki,
sistemin 210 ölkədə, 70 dildə dəstəyi olduğu
üçün hər bir kəs istədiyi dili rahatlıqla
seçə və istifadə edə bilirlər.
Təhsili idarəetmək üçün isə ən
çox Blackboard sistemindən istifadə olunur. Bu proqramın
həm müsbət, həm də ki, mənfi xüsusiyyətləri
vardır. Müsbət xüsusiyyəti
odur ki, əgər sistem yaxşı idarə edilərsə,
çox yaxşı nəticələr əldə etmək
olur. Mənfi cəhəti isə ondan ibarətdir
ki, idarəetmə yaxşı olmasa, sistemdə
qarışıqlıq yarana bilər.
Adobe Connect sisteminin mühüm xüsusiyyətlərindən
biri keyfiyyətli video və səs dəstəyinə,
onların yayımına sahib olmasıdır. Həmçinin
bu sistem məzmunun idarə olunması (CMS) kimi də istifadə
oluna bilir. Daha dəqiq desək bu sistemdə
dərsləri arxivləşdirmək və daha sonra başqa
bir vaxtda onlardan təkrar istifadə etmək olur. Müəllimlər bu sistem vasitəsilə öz təqdimatlarını
(word, pdf, ppt, pptx və s.) rahatlıqla yükləyə bilir,
tələbələr isə eyni zamanda mesaj vasitəsi ilə
müəllimə yaza bilirlər.
Ödənişsiz və asanlıqla inteqrasiya edilə
bilən sistemlərdən biri də Open Meetings Moodle sistemidir. Bu sistem
müxtəlif tipli yazı formatlarını dəstəkləyir.
Həmçinin bu sistemə bütün
cihazlardan giriş etmək mümkündür. Open
Meetings Moodle sisteminin tətbiqi zamanı bəzi hallarda
proqramçı dəstəyi də lazım olur.
Zoom Cloud
Meetings sisteminin həm ödənişli, həmdə ki,
ödənişsiz funksiyaları vardır. Hal-hazırda
müəllim və təbələr daha çox sistemin
ödənişsiz funksiyalarından istifadə edirlər.
Sistemə kompüter və mobil telefon vasitəsi
ilə rahat şəkildə giriş etmək olur.
Qeyd edək ki, Learning Space sistemi də müəllimin
mövcud olduğu tədris modelini dəstəkləyir. Bu sistemdə
də hər bir tələbəyə fərdi
yanaşılması təmin edilir və birgə qrup işi
üçün virtual məkan yaradılır.
Hazırda Naxçıvan Dövlət Universitetində
“Elektron təhsil şəbəkəsi və rəqəmsal
multimedia” layihəsi çərçivəsində Öyrənmənin
İdarə Olunması Sistemi (Learning Management System) fəaliyyətə
başlayıbdı. Bu sistemdə hər bir tələbənin
adı, semestr üzrə keçirilən fənlər və
tədris planları sistemə daxil edilmiş, elektron
mühazirə otaqları yaradılmışdır. Həmçinin
sistemdə tələbələrə mühazirələrin,
video dərslərin, kurs işi və sərbəst iş mövzularının
çatdırılması, tələbələrin öyrənməsinə
nəzarət üçün onlara test və ya açıq
tipli sualların verilməsi də mümkündür.
Sonda onu qeyd edək ki, təhsildə internet tədris
materiallarının yayılması üçün xüsusi
vasitədir. Distant təhsil proqramı tələbə ilə
öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili
reallaşdıran bir sistemdir. Məsafəli
təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına
qeydli olmayan şəxslərə də təhsil imkanı təmin
edir. Təəssüf ki, bu gün distant təhsil
sistemi üçün heç bir standart yoxdur. Buna görə də, bir çox insanlar tərəfində
maddi vəsait xətrinə müxtəlif səpgidə
proqram məhsulları yaradılır və satışa
çıxarılır. Keçmişdən
günümüzə qədər keçən bir dövrdə
həyata keçirilmiş bütün nəzəri və
praktik təcrübələr göstərir ki, təhsilin ən
yüksək səviyyəsi daha çox müəllim tərəfindən
idarə olunan tələbə qruplarından əldə
edilir.
TALEH XƏLİLOV
Naxçıvan Dövlət
Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə
doktoru, Azərbaycan Respublikası Təhsil Şurasının
üzvü
Palitra.- 2020.- 1 may. S. 12.