Azərbaycanlı deputatın fəaliyyəti
Qazaxıstan mediasında işıqlandırılıb
Qazaxıstanın Pavlodar vilayətinin
Ekibastuz şəhərinin parlamentində təmsil olunan
soydaşımız Eldar Abdinovun fəaliyyəti daimi olaraq
yerli mətbuatda işıqlandırılır. Belə ki,
ötən il Qazaxıstanın “Ekibastuzun səsi” və
“Otarka” qəzetlərində Eldar Abdinovun gördüyü
işlər haqqında bir sıra xəbərlər yer
alıb. Yazılarda qeyd olunur ki, "Məktəbə gedən
yol" kampaniyası çərçivəsində deputat,
"Nur Otan" partiyasının fəal üzvü Eldar
Abdinov 25 şagirdə məktəb ləvazimatı hədiyyə
edib. “Bacardığım qədər uşaqlara kömək
edirəm. Mən istəyirəm ki, uşaqlar yaxşı
oxusunlar, idman və yaradıcılıqda fəal olsunlar və
gələcəkdə də ölkəmizin layiqli vətəndaşları
kimi böyüsünlər”- deyə yazıda E.Abdinovun fikirləri
vurğulanıb.
Xatırladaq ki, Eldar Abdinov 15 ildir
ki, “Məktəbə gedən yol” aksiyasında iştirak edir.
Bu aksiya çərçivəsində məktəb ləvazimatı
və komplekt məktəbli geyimi kasıb ailələrə təqdim
olunur.
“Ekibastuz səsi” qəzetinin digər
sayında Eldar Abdinovun Beynəlxalq Ahıllar Günü
münasibətilə keçirdiyi qəbuldan söz
açılır. Yazıda bildirilir ki, Eldar Abdinov özü
bu bayramı "Əmək veteranı günü"
adlandırır: “Əzizlərim. Sizlərə yaşlı
insan deyə bilmirəm. Mən sizə baxıb qürur hissi
keçirirəm. Sizlərin sayəsində gözəl şəhərimizdə
böyük müəssisələrimiz qurulub. Bu, Ekibastuzun
yeni nəsillərə olan sevgisini verdi. Hər zaman xoşbəxt,
sağlam və gənc olun!”
Yazıda qəbulda 70-dən
çox əmək veteranının qonaqpərvərliklə
qarşılandığı qeyd olunur. Tədbirdə
iştirak edən Ekibastuz sakini Baljean Sikymbaeva öz
çıxışında deyib: “Eldar Abdinova təşəkkür
edirəm. Hər il bizi xatırlayır və bir araya
toplayır. Kommunal problemləri həlli edir, xeyriyyə tədbirləri:
veteranlar üçün konsertlər, oğlanlar
üçün futbol turniri, voleybol yarışları
keçirir, məktəblilərə hədiyyələr
verir. Yarışlarda qaliblər həmişə layiqli
mükafatlar alırlar. Bütün idmançılar
üçün yemək süfrəsi təşkil edir”.
Tədbirdə iştirak edən
digərləri də Eldar Abdinova minnətdarlıqlarını
bildiriblər. Eldar Abdinovun həm gənclərə, həm də
veteranlara daim qayğı göstərən yeganə deputat
olduğunu vurğulayıb.
Nəzərə çatdıraq
10 ildən artıqdır ki, Eldar Abdinov Ahıllar Günü
ilə bağlı qəbul keçirir. Bu müddət ərzində
1200-dən çox əmək fəaliyyətini
dayandırmış şəxs belə tədbirlərdə
iştirak edib.
“Otarka” qəzetində isə həmyerlimizin
həyat və fəaliyyəti haqqında ayrıca yazı dərc
edilib. Məqalədə qazax və Azərbaycan
xalqlarının türk birliyi haqda məlumat verilir və bu
gün Qazaxıstanda yüz minə yaxın azərbaycanlının
yaşadığı qeyd olunur.
Xatırladaq ki, Abdinov Eldar Rzaqulu
oğlu 20.04.1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində
anadan olub. 1958-68-ci illərdə Ərkivan kəndində tam
orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli
ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə
ilə bitirdikdən sonra hərbi xidmətə
çağırılıb. 1970-72-ci illərdə
Rusiyanın Komsomolsk-Amur şəhərində hərbi xidmət
edib. Tərxis olunduqdan sonra həmin şəhərdə
qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst
güləş üzrə ustalığa namizəd E.Abdinov
1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər
birinciliyinin qalibi olub. Elə həmin il E.Abdinov
Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə
gedib və hazırda orada yaşayır.
Hazırda E.Abdinov təqaüdçüdür.
Tanınmış ictimai xadim 2003-cü ildən etibarən
Milli Mədəniyyət Mərkəzinin Əlaqələndirmə
Şurasının sədri, Qazaxıstan Xalqları
Assambleyasının üzvü, “Ekibastuzun gələcəyi”
hərəkatının aktiv üzvlərindəndir. E.Abdinov
6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin
deputatı seçilib. 2015-ci ildən Ekibastuz şəhərinin
fəxri vətəndaşı olan E.Abdinov dəfələrlə
şəhər və vilayət rəhbərliyinin fəxri fərmanları
ilə təltif olunub.
Fuad
Hüseynzadə
Palitra.-
2020.- 31 yanvar. S. 7.