Perm
vilayətində deputat seçilən ilk azərbaycanlı: “Vətənimizi,
xalqımızı, mədəniyyətimizi layiqincə təmsil
etməliyik”
Vasib Kazımov: “Azərbaycandan
gedəndə müəyyən tarixi
materialları, bayrağımızı aparıb orada muzeyə vermişəm ki,
orda qalsın, tarixə düşsün.
Rəhbər işlərdə bizim
xalqımızın nümayəndələri olduqda
ilk növbədə diasporumuz
özünü güclü
sayır”
“Mənim
oğlumun bu yaxınlarda ilk kitabı çap olunub. Məhəmməd
4-cü sinifdən axtarışlar aparır. O Azərbaycana gələrkən
buradan aparıb öz
siniflərində limon ağacı əkdi
və onunla bağlı araşdırma
aparmışdı. Sonralar tarixlə maraqlanmağa başladı və Rusiyada bir neçə
yarışlarda iştirak edib,
iki dəfə qızıl medal qazanıb”
Xaricdə yaşayan soydaşlarımız diaspor fəaliyyəti ilə yanaşı, artıq bir sıra ölkələrdə müxtəlif dövlət qurumlarında təmsil olunurlar. Diasporumuzun daha sıx məskunlaşdığı ölkələrdən biri də Rusiyadır. Burada yaşayan soydaşlarımızdan biri, Azərbaycan diaspor təşkilatının rəhbəri Vasib Kazımov da yalnız diaspor rəhbəri kimi deyil, eyni zamanda bir neçə dəfə deputat seçilməklə ölkəmizin tanıdılması istiqamətində uğurlu fəaliyyət göstərib. Redaksiyamızın qonağı olan həmyerlimiz görülən işlərlə bağlı fikirlərini bizimlə bölüşdü:
- Mən Rusiyanın Perm vilayətinin Dobryanka şəhərində 2011-ci ildən fəaliyyət göstərən Azərbaycan diasporuna rəhbərlik edirəm. İki dəfə şəhərin deputatı olmuşam. Oradakı diasporumuzun fəaliyyətini çox yaxşı qiymətləndirirəm. 2011-2013-cü illərdə Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini alqışlayırdım. Sonradan nədənsə zəiflədi. Hazırda Rusiyada hər bir balaca şəhərdə diaspor təşkilatı var və onların fəaliyyətlərindən razı deyiləm. Yəni, biz diaspor olaraq Vətənimizi, xalqımızı, mədəniyyətimizi layiqincə təmsil etməliyik. Bizim süfrə mədəniyyətimiz dünyada birinci yerdə duran mədəniyyətlərdəndir. Böyüklərə hörmətimizlə də seçilən xalqıq. Biz bunları göstərməliyik ki, nəyə qadirik. Xalqımızı layiqincə işıqlandırmalıyıq, göstərməliyik ki, biz kimik. Heç bir xalqın nə Dədə Qorqudu, nə Koroğlusu olmayıb, axı biz niyə çəkinməliyik? Biz elə xalqıq ki, dahi Nizamimiz, Füzulimiz var, niyə axı geri qalmalıyıq. Hətta bizim üzdəniraq qonşularımızla görüşdükdə sual verirəm ki, deyirsiniz güclü ordumuz olub, siz elə bir saray göstərə bilərsinizmi bu orda toplaşsın. Hansı şəxsiyyətləriniz olub ki, bizimlə müqayisə etmək istəyirsiniz? Ancaq bizim hər zaman qəhrəmanlarımız, güclü ordumuz, mədəniyyətimiz olub.
- Ölkəmizlə bağlı diaspor təşkilatı olaraq tədbirlər təşkil edirsinizmi?
- Bizim şəhər balacadır. Orada yaşayan azərbaycanlılar mehribandırlar. Mən istəyərəm ki, bundan da güclü olsunlar. Tədbirlərə gəldikdə isə gücüm çatdığı qədər təşkil edirik. 20 Yanvar, Xocalı soyqırımı, eləcə də Novruz bayramı ilə bağlı tədbirlər keçiririk. Şəhərin hansısa tədbiri olursa, biz orda iştirak edirik. Hətta 9 May Qələbə günündə bizim kimi heç bir icma iştirak etmir. Xalqımıza münasibət isə bizdən asılıdır. Özümüzü göstərməliyik, layiqincə təmsil olunmalıyıq.
Eləcə də diasporla bağlı Azərbaycanda təşkil olunan tədbirlər bizdə ruh yüksəkliyi yaradır. Yadımdadır, Rusiyada bir yazı dərc edilmişdi, hansı xalqın nümayəndələri bu ölkəyə necə düşüb. Xalq artisti Müslüm Maqomayev bütün dünyaya tanıtdı SSRİ-ni, yaxud məşhur azərbaycanlı geoloq Fərman Salmanov, tarixçilərimiz, ulu öndərimiz Heydər Əliyev sovet ölkələri üçün azmı iş görüb? Heydər Əliyev məhz diasporla bağlı təşkilatı yaratdı.
- Siz orada
deputat seçilmisiniz.
Yerli əhalinin sizə münasibəti necədir?
- Mən bu dəfə
deputat seçilməmişəm.
Ancaq yenə də mənim qəbuluma gəlirlər. Deyirlər “siz
bizim hər zaman deputatımızsınız.
Sizə ümid bağlamışıq.
Bilirik ki, siz bütün
işləri yerinə
yetirirsiniz. Sizinlə çalışmaq
bizə çox xoşdur”. Mənə çox hörmət
göstərirlər. Ümumiyyətlə, mən 1995-ci ildən
ictimai işlərin içindəyəm. Mən
neçə il o şəhərdə
olmuşamsa ermənilərin
orada heç bir fəaliyyəti olmayıb. Orada eşidilməyib ki, belə bir
xalq var. Son dəfə
mən seçilməmişəm,
onlar göbələk
kimi hər yerdə özlərini göstərməyə çalışırlar.
- Bizim oradakı diasporumuzun hansısa vəzifədə təmsil
olunmasının və
yaxud deputat seçilməsinin hansı
üstünlükləri var?
- Birincisi, tanıtdırırıq
ki, biz də varıq, olmuşuq və olacağıq. Mən Perm vilayətində deputat seçilən ilk azərbaycanlı
olmuşam, namizədlər
olub, ancaq keçməyiblər. Bir azərbaycanlının
seçilməsi mühüm
hadisə idi. Azərbaycandan gedəndə müəyyən
tarixi materialları, bayrağımızı aparıb
orada muzeyə vermişəm ki, orda qalsın, tarixə düşsün.
Rəhbər işlərdə bizim xalqımızın nümayəndələri olduqda
ilk növbədə diasporumuz
özünü güclü
sayır. Evdə
böyük qardaşımıza
güvəndiyimiz kimi,
orada da bir iş olan
kimi gəlirlər ki, nə məsləhət
görürsünüz. Bu,
çox yaxşıdır.
- Orada azərbaycanlı gənclər təhsilə
üstünlük verirlərmi?
Yeri gəlmişkən, sizin övladınızın da
hələ kiçik
yaşda olmasına baxmayaraq bir sıra uğurları var.
Bu barədə nə
deyərdiniz?
- Rusiyada bizim savadlı gənclər çoxdur. Elə valideynləri də
sağ olsunlar ki, onları təhsilə yönəldirlər.
Biz ailədə 3 nəfərik. Mənim oğlumun
bu yaxınlarda ilk kitabı çap olunub. Məhəmməd 4-cü sinifdən axtarışlar aparır.
O Azərbaycana gələrkən
buradan aparıb öz siniflərində limon ağacı
əkdi və onunla bağlı araşdırma aparmışdı.
Sonralar tarixlə maraqlanmağa başladı və Rusiyada bir neçə
yarışlarda iştirak
edib, iki dəfə qızıl
medal qazanıb. Davamlı araşdırma
aparır, boş vaxtı olan kimi arxivlərdə çalışır. Çətin olsa da dərslərini
də çatdırır.
Özünün məqsədi böyüyəndə
diplomat olmaqdır. Birinci
dəfə onunla bağlı bu barədə danışdıqda
dedi ki, mən diplomat olsam, çətindirmi bu iş? Dedim həyatda heç bir çətin iş yoxdur. Dedim bəs, sən haradan bilirsən diplomatiya nədir. Dedi internetdə, kitablarda baxıram, mənim üçün maraqlıdır.
Soruşdum ki, məsələn,
Rusiyada millətlərarası
münaqişə baş
versə, sən hansı tərəfə üstünlük verərsən?
Dedi yaxşı
diplomat olan yerdə münaqişə olmaz. Elə o vaxtdan mən ona mane olmamışam, bu işi davam
etdirir. O fikirdədir
ki, diplomat olaram, xalqıma hansısa bir xeyir gətirərəm.
Azərbaycanlı uşaqlarla çox
gözəl ünsiyyəti
var. Harada bir azərbaycanlı
uşaq görürsə,
onunla əlaqə yaradır, görüşür.
Azərbaycanla bağlı tədqiqatlar
aparır. Hətta orada
keçirilən müsabiqələrdə
valideynlər mənə
deyir ki, onsuz da birinci
yer sizindir. Araşdırmalarında göstərir ki,
Azərbaycan xalqı necə qonaqpərvərdir.
- Gələcəkdə hansı
planlarınız var?
- Azərbaycanla bağlı
tədbirləri yenə
keçirəcəyəm. Mən belə tərbiyə almışam. Hazırda mənə
təkliflər var. Vilayət
səviyyəsində 2021-ci ildə namizədliyimi verməyimi istəyirlər.
Fikirləşirəm, zaman göstərər.
Mən fərq qoymuram, gücüm çatdığı
qədər hər kəsə dəstək olmağa çalışıram.
Məsələn, hansısa
bir azərbaycanlı gənc işlə bağlı müraciət
edirsə, gücüm
çatan qədər
kömək edirəm,
bunun bizə ancaq xeyri ola bilər.
Nigar Abdullayeva
Palitra.- 2020.- 10 yanvar.
S. 6.