Bir əsrlik şərəfli yol

 

Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın” (Heydər Əliyev). Hər bir xalqın öz tarixini, kecdiyi ictimai-siyasi prosesləri, tənəzzül və inkişafı, onun səbəblərini bilməsi, yalnız keçmişi bir mərhələ kimi öyrənməsi yox, tarixin dərslərindən nəticə çıxarıb mövcud reallıqları dərk etməsi və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Buna isə yanaşma fərqli ola bilər.Yəni bir ölkənin, bir müəssisənin və ya ayrı-ayrı şəxsiyyətlərin timsalında bu mərhələləri, prosesləri öyrənmək, təhlil etmək mümkündür.

Azərbaycanda ali pedaqoji təhsilin inkişafında müstəsna xidmətlər göstərmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2021-ci ildə keçiriləcək 100 illik yubileyinə hazırlıq işləri görülür. Yubileylə bağlı nəzərdə tutulmuş silsilə tədbirlərə artıq indidən başlanmışdır. Bunlardan biripedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun hazırladığı “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” (2019) kitabıdır. Kitabın elmi redaktoru ADPU-nun elminnovasiyalar üzrə prorektoru prof.A.Zamanovdur. 100 illik tarixi ərzində müxtəlif adlarla fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinə 31 nəfər görkəmli alim və ziyalılar rəhbərlik etmişdir. Fərrux Rüstəmov 31 nəfər rektorun sadəcə fəaliyyətini, şəxsiyyətlərini deyil, onların timsalında ADPU-nun tarixini tədqiq etmiş, baş vermiş ictimai-tarixi prosesləri faktlar və sənədlər əsasında təqdim və təhlil etmişdir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov kitaba yazdığı “Ön söz”də haqlı olaraq göstərir: “Azərbaycan ziyalı təbəqəsinin formalaşmasında, yüksək elmi potensialın yaranmasında, 160 mindən artıq yüksək ixtisaslı müəllim kadırları hazırlığında Azərbaycan Dövlət Pedaqoji Universiteti öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirmiş, bu sahədə şəriksiz lider rolunu oynamışdır”.

Universitetə rəhbərlik etmiş şəxslərin həyat yolu,fəaliyyəti ilə bağlı verilən, materiallardan da göründüyü kimi həm Universitetin, həm də rəhbərlərin işi heç də həmişə rahat olmamış, çətin sınaqlardan keçmişdir. Fərqli idarəetmə sistemində yaşamış və fəaliyyət göstərmiş bu insanlar böyük fədakarlıq göstərmişdir. Bu, xüsusilə ötən əsrin 20-50-ci illərində daha kəskinliyi ilə özünü göstərmişdir.

Prof.F.Rüstəmovun “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorlar “ adlı kitabı bir tərəfdən ayrı-ayrı şəxsiyyətlərin - rektorların, digər tərəfdən isə 100 ili əhatə edən müxtəlif ictimai-tarixi proseslərdən keçən cəmiyyətin tarixidir. Bu tarix ağlı-qaralı, sevincli-kədərli, şirinli-acılı bütöv bir mərhələnin tarixidir. Burada totalitar bir rejimin mahiyyətindən irəli gələn, bəzən qorxu və təlaş yaradan sistemin içərisində insanların necə bir həyat yaşadığı, fəaliyyət göstərdiyi ayrı-ayrı şəxsiyyətlərin timsalında öz əksini tapır.

Elm də, təhsil də digər canlı varlıqlara bənzəyir. İstənilən canlı varlığın yarandığı, inkişaf etdiyi, tənəzzülə uğradığı mərhələlər olur. İnsanlar bəzən öz yaratdıqlarından qürur duyur, bəzən təəssüf hissi keçirir. Bunu ADPU-nun timsalında da görmək mümkündür. Universitetə rəhbərlik edən elə şəxsiyyətlər olmuşdur ki, sistemin ideoloji, siyası təzyiqi altında, hətta həyatını təhlükə qarşısında qoyularaq şüurlu şəkildə elm, təhsil, xalq naminə risq etmişdir.

Kitab rektorlara həsr olunsa da, fikrimizcə, ilk növbədə ADPU-nun yarandığı gündən günümüzədək keçdiyi yol araşdırılır. Həm də bütün bunlar sənədlər, dəlillər əsasında verilir. Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun, Xalq maarif komissarı D. Bunyadzadənin imzaladığı 26 avqust 1921-ci il tarixli 66 saylı dekterdən başlaşmış günümüzədək baş verənlər xronoloji ardıcıllıqla təqdim edilir.

Prof.F.Rüstəmov hər şeyi- nizamnamədən tutmuş Pedaqoji institutun ilk binasının, hətta layihələrin şəkillərinin verilməsinədək ən xırda, əhəmiyyətsiz belə hesab olunacaq sənədləri verməklə 100 illik tarixin mənzərəsini yarada bilmişdir. O, yazır: ADPU-nun tarixi ali pedaqoji tariximizin şərəfli bir hissəsi olmaqla yanaşı, həm də burada təhsil alan on minlərlə tələbənin, elmi- pedaqoji fəaliyyət göstərən professor-müəllimlərin və bironlara rəhbərlik edən rektorların tarixidir.” Biz isə deyərdik ki, bu kitabda verilənlər nəinki bir Universitetin, bütövlükdə Respublikamızın keçdiyi 100 illik tarixin bir parçasıdır.

Kitabla tanış olduqca institutun yaranmasının necə çətin bir yol keçdiyi göz önündə canlanır. 30-cu illərin əvvəlinədək müəllim kadrları, elmi-pedaqoji, tədris-metodiki ədəbiyyat çatışmazlığı var idisə, 30-cu illərdən repressiya dövrü başladı. 30-50-ci illərin dəhşətli mənzərəsini indi təsəvvür etmək belə çətindir. İdeoloji xəttə qarşı cüzi bir şəkildə etiraz etmək ən azı sürgün həyatı yaşamaq idi. Lakin şüurlu şəkildə öz həyatlarını təhlükə qarşısında qoyaraq risk edənlər də olub.

Bəlkə keçmişdə baş verənləri tarixin səhifələrində qalmış bir hadisə kimi unutmaq lazımdır. Lakin hesab edirik ki, keçmişdə baş verənlərin üstündən sükutla keçmək, onun dərslərindən ibrət götürməmək özü də səhv olardı. İnsanlar bəzən özlərini qorumaq, bəzən də təbiətlərindən irəli gələn, xarakterlərinə uyğun olaraq dostlarından, rəhbər işçilərdən “yuxarılara” donos yazırdılar. Bunlardan bir çoxu şər, qarayaxma idi.

1929-cu ildən başlayaraq SSRİ-də köklü dəyişikliklərin əsası qoyuldu. Stalin heç də əbəs yerə bu dövrüBöyük dönüş ili” adlandırmırdı. Həmin ildən başlayaraq nəinki ayrı-ayrı alimlərin, hətta bütöv elm sahələrinin taleyi təhlükə qarşısında qaldı. “Böyük dönüşbir şəxsin diktaturasının başlanğıcı idi.

Yarandığı vaxtdan 1951-ci ilədək inistituta 18 nəfər rəhbərlik etmişdir. Onlardan bəziləri rektor (direktor) vəzifəsini yalnız bir neçə ay icra etmişdir. Yeri gəlmişkən, qeyd edək ki, 31 rektordan yalnız 4 nəfəri (Həşim Ağayev, Afad Qurbanov, Bəhlul AğayevYusif Məmmədov) ayrı-ayrı vaxtlarda hər biri on il müddətində Pedaqoji Universitetə rəhbərlik etmişlər.

İnstitutun yarandığı ilk vaxtlar ona rəhbərlik edənlərdən beş nəfəri Novorossiyski, Peterburq Universitetlərinin, Kiyev Politexnik, Peterburq Psixonevroloji, Tiflis Aleksandrovski Müəllimlər İnstitutunun məzunları olmuşlar. Onlar Azərbaycanda yalnız elm və təhsilin inkişafında deyil, həm də ictimai-siyasi həyatda yaxından iştirak etməklə müstəsna xidmətlər göstərmişlər.

Yuxarıda deyildiyi kimi, 30-cu illərin ortalarında repressiya dalğası genişlənməyə başladı. Rektorlar içərisində onun ilk qurbanı Şərif Manafov oldu. Fərrux Rüstəmov yazır: “Bu elə bir dövr idi ki, siyasi rejim ziyalılara qarşı çox amansız idi. Hər yerdə “siyası düşmən” axtarılırdı, repressiya maşını işə düşmüşdü”. Şərif Manafov 1936-cı ildə dünyasını dəyişir və yalnız 1962-ci ildə ona bəraət verilir.

Repressiya qurbanlarından biri Pənah Qasımov olub. İnstitutda yoxlama aparan M.Kasparyanın 19 iyul 1937-ci ildə yazdığı arayışda Pənah Qasımov casusluq fəaliyyətində ziyankarlıqda ittiham edilir.

İnstitutda 1930-1933-cu illərdə direktor işləmiş Məmməd Bayramovun da taleyi acınacaqlı olur. O, 1938-ci ildə güllələnir. Ailəsi sürgün olunur, yalnız 1955-ci ildə Məmməd Bayramov bəraət aldıqdan sonra ailə Bakıya qayıdır. Mirzə Məmmədov da oxşar tale yaşayıb.1937-ci ildə əks-inqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatı aparmaqda ittiham olunub. Mirzə Məmmədov ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib. Ona dəhşətli əzablar verilirsə o, heç kəsin üzünə durmayıb.

Repressiya Davud Rəsulzadədən yan keçməyib. Sürgün olunub həbs düşərgəsində vəfat edib. 31 nəfər rektor haqqında yazılanları müstəqil, arxiv sənədləri, tarixi faktlar əsasında yazılan oçerklər adlandırmaq olar. Fərrux Rüstəmov yalnız bu oçerklərin qəhrəmanları haqqında deyil, onların həyatı, təhsili, ailə üzvləri haqqında yazmaqla bitkin bir fikir formalaşdıra bilmişdir. 30-cu illərdə milli kadrlara qarşı fiziki mənəvi repressiya həyata keçirilirdi. Tanınmış rus Azərbaycan alimləri vəzifələrdən uzaqlaşdırılır, onların yerinə maneəsiz olaraq ermənilər yerləşdirilirdi. Nəticə olaraq əksər kafedraların müdirləri, İnistitut Partiya komitəsinin katibi, Həmkarlar təşkilatının Komsomol komitəsinin katibi erməni idi.

Belə bir vəziyyətdə instituta Hüseyn Musayev rəhbərlik edir. Vəziyyəti düzəltmək istəyən Hüseyn Musayev 1937- ci ildə ermənilərin danosu əsasında həbs olunub. 40-cı illərin əvəllərindən başlayaraq demək olar ki, ermənilər ADPİ-ni zəbt etmişdilər. Təsəvvür edin ki, 1946-ci ildə ADPİ- 543 nəfər azərbaycanlı, 583 nəfəf erməni təhsil alırdı.

1944-1950-ci illərdə ADPİ-yə Əhməd Seyidov rəhbərlik edir. Həmin dövrü, Əhməd Seyidovun fəaliyyətini, baş vermiş iştimai-siyasi prosesləri Fərrux Rüstəmov faktlar və sənədlər əsasında təqdim edə bilmişdir. Xüsusilə, ermənilərin məkrli siyasəti, Əhməd Seyidovun bu məkrli oyunlara qarşı cəsarətli və ağıllı cavabı çox inandırıcı şəkildə təqdim edilir. Həmin hadisələrin Fərrux Rüstəmovun yazdığı kimi verilməsi hesab edirəm ki, daha məqsədəuyğun olar, aydın fikir formalaşdırar.

“Əhməd Seyidov direktor təyin olunduqdan sonra Nazirlər Sovetinin təsdiq etdiyi bölgü əsasında Maarif Nazirliyindən instituta qəbul planı daxil olur.Qəbul planında göstərilir ki, növbəti tədris ilində ADPİ-yə 30% azərbaycanlı, 60% erməni və 10% rus qəbul olunmalıdır.

Bu ədalətsiz bölgüyə etiraz edən Əhməd Seyidov onu aşağıdakı kimi düzəldir: instituta 70% azərbaycanlı,15% erməni və 15% rus qəbul edilsin. Ermənilər qara yaxmaq, böhtan atmaq əməlləri ilə Seyidovu millətçi kimi aradan götürməyə çalışırlar. Məsələ Azərbaycan KP MK -nın bürosunda müzakirəyə çıxarılır. Problemdən xəbərdar olan Mircəfər Bağırov deyir:” Seyidov, nə üçün millətçilik edirsən?”

Əhməd Seyidov vəziyyəti izah edir. Belədə Müzəfər Bağırov deyir: “Kişi qayıt APİ-yə, get öz bildiyin kimi işlə”.

Kitab bubuna bənzər çoxsaylı faktlarla zəngindir. Onu da qeyd edək ki, bu kimi hadisələr yalnız bir institutun tarixi deyil, demək olar ki, bütün sahələrə aid edilə bilər. Əhməd Seyidovun inadkarlığı ona baha başa gəldi, saxta ittihamlarla onu direktor vəzifəsindən uzaqlaşdırdılar.

Ermənilər sonrakı illərdə də öz xislətlərindən əl çəkmədilər. Hər halda Fərrux Rüstəmovun yazdığı bu faktlar sadəcə bir tarix deyil, lap elə bu gün də dərindən düşünməli olduğumuz məsələdir.

Sonrakı illərdə ADPU-ya Cəfər Xəndan, Mehdi Mehdizadə və digər görkəmli alimlər, təhsil işçiləri, ziyalılar rəhbərlik etmişdir. Cəfər Xəndan görkəmli filoloq, Mehdi Mehdizadə görkəmli pedaqoq olmuşlar. SSRİ-də böyük elmi nüfuza malik olan M.Mehdizadə 1967 - ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Onu da qeyd edək ki, M.Mehdizadədən nə əvvəl, nə də sonra heç bir azərbaycanlı SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilməmişdir.

İnstitut müəllim kadrları hazırlamaq və pedaqoqika elmini inkişaf etdirmək sahəsində qazandığı müvəffəqiyyətə ğörə 1972-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif olunmuşdur. Yüksək dövlət mükafatını institutun kollektivinə Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev təqdim etmişdir.

2016-cı ildə professor Cəfər Cəfərov ADPU -ya rektor vəzifəsinə təyin olunur. Ötən dövr ərzində Universitetin beynəlxalq əlaqələri genişləndirilmiş, yüksək ixtisaslı kadr hazırlığına diqqət daha da artırılmışdır.

İnfrastrukturun, insan resurslarının yeniləşdirilməsi, sağlam təhsil mühitinin yaradılması rektor Cəfər Cəfərovun həyata keçirdiyi ciddi islahatlardandır. Bura yüksək bal toplayan tələbələrin Universitetə cəlb olunması, müəllim kadrlarının hazırlığının daha səmərəli təşkili və həyata kecirilməsi üçün respublika və beynəlxalq konfransların keçirilməsi, elm və sənət adamları ilə Universitetin əlaqələrinin gücləndirilməsi və s. tədbirləri aid etmək olar.

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun kitaba yazdığı “Ön söz” belə yekunlaşır: “Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin və Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Pedaqoji Universitet öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Pedaqoji Universitetin bir əsrlik yubileyi ərəfəsindəyik. Yubiley zamanı isə daha çox yada düşənlər bu universiteti yaradanyaşadanlar olur”.

Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun zəngin mənbələr və arxiv materialları əsasında ərsəyə gətirdiyi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları” adlı kitab məhz bu missiyaya xidmət edir”.

 

 

Ramiz Əliyev.

ADPU-nun Ümumi psixologiya

kafedrasının müdiri, psixologiya üzrə

elmlər doktoru, professorf

Palitra.- 2020.- 15 yanvar. S. 13.