“Mənim günahım” növbəti
dəfə səhnədə
Yanvarın
17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mənim
günahım” tamaşası oynanılacaq.
Lent.az
xəbər verir ki, Xalq yazıçısı İlyas
Əfəndiyevin eyniadlı əsəri əsasında səhnələşdirilən
tamaşa sevgi haqqında pritçadır.
Tamaşanın
ideya müəllifi və bədii rəhbəri Əməkdar
incəsənət xadimi Əliqismət Lalayev olan tamaşaya
İradə Gözəlova quruluş verib.
Səhnə
əsərinin quruluşçu rəssamı Elnur Axundov,
quruluşçu baletmeysteri Əməkdar artist Yelena
Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin
Dadaşovdur.
Tamaşada
obrazları Əməkdar artistlər- Nərgiz Kərimova
(Nurcahan), İlham Hüseynov (Sahib) və teatrın balet artisti
Mələkxanım Səfərova (Ayqız) və
başqaları canlandıracaq.
Əsərin süjet xəttində yaşlandığını qəbul etməyən Nurcahan adlı balerinadan bəhs edilir. O, həyat yoldaşını gənc balerina - Ayqıza hədsiz qısqandığı üçün gərgin psixoloji sarsıntılar keçirir. Nurcahan Ayqızı təkcə ərinə yox, həm də sənətinə qısqanır... Bəzən sənətə aşırı dərəcədə sevgi acınacaqlı nəticələr verir... Nurcahan səhnəyə yenicə qədəm qoyan balerinanın gələcəkdə onun yerini tuta biləcəyindən qorxur. Buna görə də qarşısında maneə kimi gördüyü gənc balerinaya zərbə vurmaq üçün böyük bir günah işlədir. Sonra isə əməlindən peşman olub bu günahın mənəvi əzabını çəkir...
Biletləri şəhərin bütün kino-teatr kassaları, “ASAN xidmət” mərkəzləri, eləcə də “İTicket.az” saytından əldə etmək olar.
Palitra.- 2020.- 15 yanvar.
S. 16.