20 Yanvar Azərbaycan xalqı üçün şərəf və qəhrəmanlıq tarixidir

 

Qara Yanvar hadisələrindən 30 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi.

Düz 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir. 20 Yanvar və tariximizdə ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsrdə xalqımız əleyhinə yeridilən siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə, Azərbaycan xalqı hər zaman olduğu kimi, öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. 20 Yanvar yalnız faciə kimi deyil, şərəf və qəhrəmanlıq günü kimi xatırlanır. Sovet imperiyası 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklər törətsə də, günahsız insanlar qətlə yetirilsə də xalqımızın azadlıq arzusunu boğa bilmədi. İyirmi Yanvar hadisələri milli iftixar hissininmilli müstəqillik ideyalarının formalaşmasına tarixi şərait baxımından güclü zəmin yaradıb. Qanlı Yanvar faciəsindən sonra ölkənin müstəqilliyinin dönməzliyi birmənalı şəkildə dərk olunub. O dəhşətli gecədə baş verən qanlı hadisələrdən zaman etibarilə uzaqlaşsaq da, xalqımız şəhidlərimizi heç vaxt unutmur, onları həmişə yad edir. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər. Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Ümummilli Lider xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirib. Qəhrəmanlıq tariximizin bu şanlı səhifəsi barədə ümummilli lider Heydər Əliyev çox dəqiq qiymət verərək deyib: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qan Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üzərindəki qandır”. Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdubu nailiyyəti heç vaxt əlindən verməyəcək. Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu MülkiSiyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu. 1990-cı ilin 20 Yanvarında sovet ordusunun Bakıda həyata keçirdiyi qətliam Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tariximizin qan yaddaşına əbədi həkk olunub. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə qanlı divan tutuldu. Keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 mülki şəxsi amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 günahsız insan yaralandı. İnsanlıq simasını itirmiş hərbi canilər hətta təcili tibbi yardım maşınlarını atəşə tutur, heç kəsə aman vermirdilər. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndərin qətiyyətinin təzahürü kimi tarixə düşdü. Ulu Öndərin 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam hüquqi-siyasi qiymət verməsi tövsiyə olunurdu. 1994-cü il martın 29-da respublika parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə-kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman Prezident İlham Əliyevin diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

 

Qəhrəman Rəcəbli

Abşeron rayon Qeydiyyat

şöbəsinin rəisi vəzifəsini

müvəqqəti icra edən

Palitra.- 2020.- 17 yanvar. S. 7.