Çinarlaşan ömür – professor Vaqif Şadlinski 80!

 

Cəmiyyətin mövcudluğu və mənəvi inkişafı onun vətənpərvər ziyalılarından çox asılıdır. Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir. Tarix göstərir ki, millətin çətin anlarında onun mükəmməl milli təəssübkeşlik duyğularına malik ziyalısı millətə düzgün yol göstərib, onun bu çətinlikdən xilas olmasında böyük rol oynayır. Xalqın içərisindən çıxıb ona xidmət göstərmək istəyən ziyalı üçün fəaliyyət dairəsi məhdud olmur.

Əksər halda isə ziyalılar yaratdıqları zəngin mənəvi sərvətlə öz millətlərinin tarix səhnəsindən çıxarılmasının qarşısını alırlar. Sağlam ictimai-siyasi, mədəni və mənəvi mühitin yaradılmasında, cəmiyyətin iqtisadi cəhətdən yüksəlməsində, milli mədəniyyətin tərəqqisində, yüksək etik, estetik keyfiyyətlərin, əxlaq qanun və qaydalarının bərqərar olmasında, elmin, maarifin inkişafında ziyalıların rolu, təbii ki, çox böyükdür.

Mənsub olduğu peşə və ixtisasından asılı olmayaraq, istər müəllim ol, istər həkim, mühəndis, hüquqşünas və ya memar, fərq etməz, əsas odur, xalq, millət qarşısında öz vətəndaşlıq borcunu dərk edən namuslu, vətənpərvər insan, yaşadığı siyasi şəraitin xarakterindən asılı olmayaraq, həmin borcunu ödəməyə çalışan, öz sözünü, öz düşüncələrini xalqına çatdırmaq üçün heç nədən çəkinməyən güc və iradə sahibi olanlardır ziyalı!

Xalqımızın tarixində və bu gün cəmiyyətimizdə mənim tanıdığım ziyalılar çoxdur. Onların sırasında elələri var ki, öz mərd və xeyirxah əməlləri ilə xalqın yaddaşında abidə ucaltmışlar. Belə ziyalı şəxsiyyətlərdən biri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, ziyalılara, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun ömür yoluna nəzər salanda bir üzü ailəsinə bağlı qayğılı günlərlə, bir üzü özünü həmişəlik həsr etdiyi tibb sahəsi, fəal pedaqoji fəaliyyəti, cəfakeş ziyalı qayğıkeşliyi, ən nəhayət, əsl müəllim-alim ömrü ilə tanış oluruq.

1940-cı ildə qədim Azərbaycan torpağı olan Vedi rayonunda ziyalı ailəsində dünyaya gələn Vaqif Bilas oğlu Şadlinski, 1948-1950-ci illərdə deportasiya nəticəsində ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Leninkənd qəsəbəsində məskunlaşıb. 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra, 1963-cü ildə müvəffəqiyyətlə qəbul imtahanlarını verərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub və oranı da uğurla başa vurduqdan sonra, ömrünü Azərbaycan Tibb Universiteti ilə bağlayan professor Vaqif Şadlinski hazırda, Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və terminologiya kafedrasının müdiri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, Respublika Ziyalılar Cəmiyyətinin vitse-prezidenti və Ziyalı Universitetinin fəxri doktoru, Azərbaycan Morfoloqlar Cəmiyyətinin sədri, Avropa Patoloqlar, Qara dəniz və Baltikyanı ölkələrin, Anatomlar Cəmiyyətinin idarə heyətinin üzvü, YUNESKO-nun nəzdində Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, Qafqaz Xalqları Akademiyasının vitse-prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Morfoloqlar Assosiasiyasının Əlaqələndirmə Şurasının üzvü, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademikidir.

Bu günlərdə 80 illik yubileyini qeyd etməyə hazırlaşan böyük alim və müəllimimiz professor Vaqif müəllim Şadlinski haqqında xeyli sayda xoş söz deyilir, yazılır və ünvanına yüzlərlə təbriklər gəlməkdədir. Lakin hesab edirəm ki, bunların içində Vaqif müəllimdən həyatda dərs alan, ondan elm, bilik öyrənən yetirmələrinin ürək sözlərinin yeri bir başqadır. Böyük ədibimiz Mircəlal Paşayev yazırdı: “Elə müəllim var ki, insan ondan həyatda yalnız elm, təhsil yox, həm də həyat dərsi alır”. Mən bu gün dərin məsuliyyət hissi ilə öz timsalımda böyük yazıçının bu sözlərini hörmətli Vaqif müəllimə şamil etmək istəyirəm. Çünki, ömrümün 30 ilindən çoxunu doğma Tibb Universitetinə həsr etdiyim zamanlarda mən çox alimlərdən dərs almış, elmi biliklərə yiyələnmişəm. Amma professor Vaqif Şadlinskidən aldığım dərsi 1991-1998-ci illərdə ATU-nun və respublikanın ictimai-siyasi həyatında çox fəal şəkildə çalışdığı vaxtlarda onunla əməkdaşlığım zamanı əldə etmişəm. Həmin illərdə professor Vaqif Şadlinski ATU Həmkarlar Komitəsinin sədri və sonralar isə prorektor vəzifələrində çalışdığı vaxtlarda, o zamanlar respublikamızda yenicə formalaşmağa başlayan ATU Yeni Azərbaycan Partiyası Təşkilatının sədri kimi əvəzsiz işlər görmüş, o zamanlar partiyanın sədri, Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının cəmiyyətimizdə bərqərar olmasında, öz həmfikirlərilə birlikdə böyük rol oynamışdır. O çətin illərdə Azərbaycan xalqı çox ağır sınaqlar qarşısında idi. Xarici düşmən hücumları, daxili ixtişaşa qalxanlar, ölkəni vətəndaş müharibəsinə sürükləyən qüvvələrlə mübarizə, ölkənin iqtisadi və sosial çətinliklərlə üz-üzə qaldığı zamanlarda professor V.Şadlinski öz həmfikirləri, tanınmış ziyalılar, yeni fikirli gənclərlə ideoloji işlər aparmaqla, onları ölkə prezidenti, xalqımızın xilaskarı Heydər Əliyevin ətrafında sıx birləşməyə çağırırdı. Bu böyük ziyalı çox yaxşı bilirdi ki, dövlətimizin və xalqımızın nicat yolu və gələcək inkişafı yalnız müdrik şəxsiyyət olan Xalqımızın Ümummilli Lideri Heydər Əliyevdə, onun ideyalarının bərqərar olmasındadır. Bu əminliyi professor Vaqif müəllimdə yaradan onun keçdiyi keşməkeşli həyat yolunda aldığı tarixi dərslər idi.

Bu görkəmli alimin həyat yoluna nəzər saldıqda, insanın diqqətini ilk növbədə xalqımızın tarixində salnamə yaradan Şadlinskilər soyadın işığı cəlb edir. Bu işıqdan ziyalanaraq, müdriklik zirvəsinə yüksələn professor Vaqif Şadlinskinin mənsub olduğu nəsil, Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə şəxsiyyətlər yetirmişdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər.

Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər. Bu qədim tayfanın ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olub. Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski Rusiya ordusunda qulluq edib.

Aslan Sultanın nəvəsi Abasqulu bəy Şadlinski isə Vedibasar elinin böyük oğlu, ermənilərə qarşı mübarizədə ad çıxarmış, o, yaxın qohumları Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib kimi igidlərlə birlikdə uzun müddət ermənilərə qarşı mübarizə aparmış və igidliklərilə xalq qəhrəmanına çevrilərək, tarixin yaddaşında yaşayır. Şadlinskilər nəsil tarixə yalnız xalq qəhrəmanları yox, həm də dəyərli ziyalılar bəxş etmişdir.

Vaqif Şadlinskinin atası, Əməkdar müəllim Bilas Şadlinski özünün elm, bilik, mərifət nurundan cəmiyyət üçün qaranlıq olan nöqtələri işıqlandırmağa sərf edən vətənpərvər ziyalılardan olmuşdur. Sözün həqiqi mənasında, ziyalı xalqa, vətənə, millətə aid hər bir işdə qabaqda getməli, kütləni ardınca aparmağı bacarmalıdır. Yaşadığı 80 illik ömür yolu bu gün onu deməyə əsas verir ki, professor Vaqif Şadlinski də atası Bilas müəllim kimi yalnız həkim, müəllim, alim yox, həm də damarlarında xalq qəhrəmanlarının qanı axan milli qeyrət simvolu olan və yeni nəsillərə nümunə ola biləcək əsil Azərbaycan ziyalısı və Kişisidir. O, qanında, canında vətən eşqi, xalq, millət məhəbbəti olan, bu eşqi, sevgini hamıya paylamağa, hamının qəlbini bu məhəbbət nuru ilə işıqlandırmağa, bu sevginin hərarəti ilə isitməyə çalışan ziyalıdır.

Əhməd bəy Ağayev yazırdı: “Mən elə bir həkim təsəvvürümə gətirə bilmirəm ki, o, tibb elminin gücünə inansın, lakin eyni zamanda onu kütləviləşdirməyə səy göstərməsin, ümumxalq malına çevirməyə çalışmasın, tələsməsin. Elə bir pedaqoq xəyalıma gətirə bilmirəm ki, o özü pedaqogikanın gücünə inansın, amma öz pedaqoji metod və üsullarını başqasına aşılamağa cəhd göstərməsin. Habelə, siyasətçi, iqtisadçı, filosof, hüquqşünas və başqaları haqqında da eyni fikirdəyəm” (“Kaspi” qəzeti 17-ci say 1903-cü il). Bunu yalnız işıqlı ziyalılar bacarar.

Bu günlərdə görkəmli alim, Əməkdar elm xadimi, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 80, uzun illər çalışdığı ATU-nun İnsan anatomiyası və teminologiya kafedrasında əmək fəaliyyətinin 50 və kafedraya rəhbərliyinin 25 ili tamam olur. Bütün bu sadalanan rəqəmlər şərəfli keçmişin yaddaşlarda iz qoyan günləridir. Bu illər ərzində görkəmli alimin elmi ixtiraları, alimlik və pedaqoji fəaliyyəti haqqında çox yazmaq olar. Hörmətli alimimiz yorulmaz fəaliyyətinə görə müxtəlif vaxtlarda Rusiya Tibb Elmləri Akademiyasının qızıl və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının gümüş medallarına, Pespublika Prezidentinin sərəncamları ilə “Əməkdar həkim” və “Əməkdar elm xadimi” fəxri adlarına, elmdə və təhsildə əldə etdiyi uğurlara görə BMT-nin təsis etdiyi “I dərəcəli Hippokrat ordeni”, Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq Konqresin təşkilat komitəsi tərəfindən “Robert Kox” medalına, Avropa Elmi Cəmiyyətinin və Avropa Təbiətşünaslıq Elmləri Akademiyası Şurasının birgə qərarına əsasən “Avropanın Fəxri Alimi” diplomuna, çoxlu sayda təltiflərə layiq görülmüşdür. Bütün bunları böyük alim və təvazökar insan olan professor V.Şadlinski yüksək qiymətləndirir və əməyinə verilən bu dəyərdən fərəh hissi duyur. Lakin, öz müəllimini çox istəyən və onu yaxından tanıyan bir şəxs kimi, mən onun sərt baxışlarının arxasında hər zaman bir hüznün və intizarın gizləndiyini gördüyüm üçün, görüşlərin birində cəsarət edib, bunun səbəbini soruşdum. Vaqif müəllim xeyli fikrə getdikdən sonra sizinlə bölüşmək istədiyim bir uşaqlıq xatirəsini danışdı:“Mən uşaq idim. Biz Qərbi Azərbaycanın Vedibasar bölgəsindən Şəmkir rayonunun Çinarlı kəndinə yenicə köçmüşdük. Həyətimizdə hündür, qocaman bir çinar ağacı var idi. Hər axşam hamı onun ətrafına yığışıb, söhbətləşirdi. Yenə belə axşamlardan biri idi. Çinarın hündürlüyünə baxıb, onun zirvəsinə qalxmaq istədim və heç kimin xəbəri olmadan ağacın başına çıxıb, birdən “ata, bax gör hara çıxmışam” deyə atamı səslədim. Atam isə yıxılmağımdan ehtiyat edib, həm həyəcan, həm də qurur dolu səslə astadan “oğlum, aşağı düş” deyə məni çağırdı. Ağacın zirvəsindən bütün kənd yaxşı görünürdü. Bu an dağların arasından, lap uzaqlardan, doğma kəndimizi də görmüş kimi oldum və sevindim. Bir uşaq təxəyyülü ilə özümü sanki orada hiss edib, bir anlıq rahat olsam da atamın təkidi ilə ağacdan düşdüm. Atam başımı sığallayaraq, dedi. “O gün gələcək oğlum, biz mütləq doğma torpaqlarımıza qayıdacağıq”. Həmin gün atamın mənə inamla söylədiyi bu sözlər sevincimə sevinc qatmışdı.”

Müdrik ağsaqqalımızın bu uşaqlıq xatirəsini dinlədikdən sonra onun gözlərinin dərinliyində gizlənən dərin həsrət və nigarançılığın səbəbini anladım. Onu da anladım ki, doğma el-obanın, ata-baba yurdunun həsrəti Vaqif müəllim kimi yüzlərlə vətən həsrətli eloğlularımızın ürəyində kök salmış, rişələri dərinlərə uzanmış, bu istək bir insanın 80 illik ömrünə hakim kəsilmiş, bu ömür çinarlaşan bir ömrə dönmüş və mənim də ürəyimdə aşağıdakı misralara köçmuşdür:

 

Bu qocaman dünyamızda

Möhtəşəm bir “Çinar ömrü” yaşadın!

Budaqları qollarındır,

Rişələri kökündür.

Əzəmətin, ilqarınla,

Dönməzliyin, vüqarınla,

Yaşadığın bu ömrün hər bir günü

Çinarlarla qoşadır!

Körpə idin, qayğılarla boy atırdın,

Ata-ana, sevgisindən güc alırdın.

Görən, bilən varı idimi qəlbindəki çırpıntını,

Doğma yurdun, el-obanın ağrısını...

İçindəki boğa-boğa susdurduğun

“Vətən” adlı hayqırtını,

Göz yaşınla söndürməyə çalışdığın

Yurd həsrətin yanğısını?!....

Gecə-gündüz doğma yerin nisgiliylə

Çırpınırdın,

Uşaqlığın silinməyən yaddaşına möhürlənmiş

“O yerlərə necə gedim, necə görüm” istəyinə

Xəyallarda sarınırdın,

Heç olmasa uzaqlardan baxa bilmək

Arzusuyla yaşayırdın....

Doğmaların kölgəsinə yığışdığı

Bu dünyanın istisinə, soyuğuna sinə gərmiş,

Mətinləşmiş bir qocaman çinar vardı qapınızda.

Əzəmətli çinar idi “Cinarlı”da

O qüvvətli qollarıyla

Sənin kiçik vücudunu ağuşuna alan çinar,

Sinəsinə sığan çinar,

Səni alıb, başı üstə qaldıraraq,

Uzaqlara baxan çinar!

Bir ömürlük zirvələrdə pərvaz vurub,

Yüksəklikdə əyilməyən yaşamağı öyrəndiyin,

Büdrədikdə söykəndiyin,

Bəyzadələr soykökünə

Ceyhununla, Vaqifinlə, Abasqulu adlarıyla

Yeni-yeni pöhrə verən təzə dərin rişələrin,

Yüzlərlə gənc oğlan qıza təhsil verib,

Bu yurd üçün yetirdiyin,

Qocaman bir çinarsan ki,

Gələn nəsil o kölgənə sığınacaq,

Sənin kimi çinarlaşan ömürlərin sahibləri

O yerləri öz xalqına qaytaracaq,

Qoca çinar başı üstə xalqımızı,

Əbədilik o yerlərə aparacaq!

 

 

Aidə Bəndəliyeva

Azərbaycan Tibb Universitetinin

baş müəllimi, YUNESKO Beynəlxalq

Müəllimlər Forumunun üzvü.

Palitra.- 2020.- 24 yanvar. S. 13.