Misirdə “Azərbaycan dilinin qrammatikası“ kitabının təqdimat mərasimi keçirilib

 

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin Qahirədəki mərkəzində ərəb dilində hazırlanmış "Azərbaycan dilinin qrammatikası" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov iki dil arasındakı əlaqələrdən, doğma dilimizdə bir çox ərəb mənşəli sözlərin olmasından, kitabın əhəmiyyətindən və xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dili tədrisinin rolundan danışıb.

Misirli müəllif İsra Adil Mahmud ərsəyə gətirdiyi "Azərbaycan dilinin qrammatikası" kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, Misirdə ilk dəfədir dərc olunan iki hissəli kitabda dilimizin qrammatıkası ərəbcə sadə şəkildə izah olunub, eləcə də ölkəmizin böyük şəhərləri və tanınmış şəxsləri haqqında bilgilər verilib.

Müəllif ona Azərbaycan dilini öyrədən diaspor mərkəzinin müəllimlərinə minnətdarlığını bildirib və gələcəkdə bu sahədə araşdırmalarını davam etdirəcəyini vurğulayıb. Azərbaycan dilinin yayılmasında göstərdiyi səylərə görə müəllif diasporumuz tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Qahirə Universitetinin ədəbiyyat fakültəsində ilk dəfə Azərbaycan dili dərsi alandan sonra İsra Adil Mahmud diaspor mərkəzində doğma dilimizi öyrənməyə davam edir. Hazırda dünyanın 27 ölkəsindən Misirin müxtəlif universitetlərində təhsil alan 300-dən çox tələbə diaspor mərkəzində müxtəlif fənlər, o cümlədən Azərbaycan dili üzrə ödənişsiz təhsil alır.

 

Fuad Hüseynzadə

Palitra.- 2020.- 29 yanvar. S. 11.