Bir ziyalı ömrünə qısa səyahət

 

Layihə çərçivəsində budəfəki həmsöhbətimiz  BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevdir.

Vasim Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda, ziyalı ailəsində anadan olub. 1959-1964-cü illərdə BDU-nun Şərqşünaslıq fakültəsində ərəb filologiyası ixtisası üzrə təhsil alıb və sonradan universitetin aspirantı olub. 1968-ci ildə Tbilisi Dövlət Universitetində “Müasir ərəb-Azərbaycan ədəbi dilində və İraq dialektində feilin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə həmin universitetdə “Müasir ərəb ədəbi dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onu da bildirim ki, alim həmin illərdən danışarkən Gürcüstanda böyük bir məktəb keçdiyini və bu gün də həmin illəri xatırlayanda böyük bir qürur hissi keçirdiyini bildirdi. Bəs nə üçün V.Məmmədəliyev məhz Gürcüstanda namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdi. Görkəmli alim bizimlə birgə həmin dövrü belə xatırladı: “Gürcüstana getməyimin əsas səbəbi o idi ki, o zamanlar Azərbaycanda ərəb dili üzrə elmlər doktoru, professor yox idi. Yalnız Ələsgər müəllim - bizim ustadımız elmlər namizədi idi. Onda da namizədlərə elmi rəhbər olmağa elə də çox icazə verilmirdi. Buna görə məni Tbilisiyə ezam etdilər. Çünki orada çox güclü sami dillər məktəbi var idi. Görkəmli alim, akademik Georgi Vasilyeviç Sereteli təkcə SSRİ-də deyil, dünyada tanınırdı. Onun vaxtı həddən artıq məhdud olduğundan mövzulara rəhbərliyi öz tələbələrindən birinə həvalə edirdi”. Ancaq Azərbaycandan gələn gənc dissertantla söhbət aparan dünyaşöhrətli alim məmnuniyyətlə bu gəncin elmi rəhbəri olacağını bildirir: “Mənimlə söhbət əsnasında o, suallar verirdi və görünür ki, cavablarım onu qane etmişdi. Bakıya dönən zaman hamı onun mənim elmi rəhbərim olmağa razılıq verdiyini eşidəndə təəccüblənirdi. Onu da bildirim ki, Sereteli akademik Kraçkovun tələbəsi olub. İndi ordakı illərimi düşünəndə fəxr edirəm ki, mən o  məktəbi keçmişəm, görkəmli alimlərdən nəsə öyrənmişəm”.

1978-ci ildə Vasim Məmmədəliyev professor elmi adına layiq görülüb. Onun elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunur.

Vasim Məmmədəliyev İraq Elmlər Akademiyasının (1989), İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyasının (1994), Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının (1995) üzvü seçilib.

Hazırda dünyanın müxtəlif ölkələrində çap olunmuş 300-dən çox elmi əsərin, 20 kitabın müəllifi olan alim Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq edir. 1992-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Və ən nəhayət, o, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir.

2002-ci ildə isə Prezidentin fərmanı ilə ölkənin yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli alimin ərəb və fars dillərinə, eləcə də musiqiyə həvəsi onun ailəsiylə sıx bağlıdır. Qeyd edək ki, V.Məmmədəliyevin atası Məmmədəli Məmmədəliyev muğamlarımızı çox sevirdi və milli çalğı alətlərimizin şahı sayılan tarda gözəl ifa edirdi. O, vaxtilə Leninqradda Şərqşünaslıq fakültəsini ərəb və fars dilləri üzrə əla qiymətlərlə bitirmişdi. Sonralar anasının təkidi ilə M.Məmmədəliyev Bakıda ali tibbi təhsil alır. Atanın elmə, incəsənətə, ədəbiyyata olan marağı sonradan göründüyü kimi, övladlara da sirayət edir. Akademik atası barədə ən xoş xatirələrini bizimlə bölüşdü: “Atam uşaq vaxtı mədrəsədə təhsil alıb. Onun müəllimi Mirmövsüm Ağanın qardaşı Seyid Hüseyn Ağa olub. Atam ərəb və fars dilini ondan öyrənib. Babam uzun müddət Tehranda, İraqda təhsil alıb. Ondan başqa bilirsiniz ki, bizim ailədə musiqiyə böyük bir maraq, həvəs olub. Bildiyiniz kimi, qardaşım, Əməkdar artist Vamiq Məmmədəliyev bu sahəni davam etdirib. Atam da gözəl tar ifa edirdi. Atam tez-tez tanınmış musiqiçilərlə görüşürdü. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Ələsgər Abdullayev, Əhməd  Bakıxanov, Qurban Pirimov, Mirzə Mənsur və digər böyük sənətkarlar bizim evimizə gəlib-gedib. Yadıma gəlir ki, hər bazar saat 14:00-da muğam konserti olurdu və atamla birgə biz bu konserti dinləyirdik. Atam bizə muğamı başa salırdı. Hətta həmin vaxtlar xəstələri qəbul etmirdi ki, muğama qulaq asa bilək. O, Şərq ədəbiyyatının çox gözəl bilicisiydi. Orta məktəbdə oxuyanda Füzulinin qəzəllərini mənim üçün açırdı. Gözümü açandan evdə “Quran” avazı eşitmişəm”.

Söhbət əsnasında onu da öyrəndik ki, V.Məmmədəliyevin dinə olan marağı da genlə ötürülüb. Belə ki, akademikin ana tərəfdən babası seyid ailəsinə mənsub olub - Axund Hacı Salam Salamzadə Şəki-Ağdaş qəzasının şiə məzhəb qazisi olub. Ulu babsıa Hacı Mirbaba isə öz dövründə Kərbəlaya və Məkkəyə gedən ziyarətçilərə bələdçilik edib. O, ziyarət zamanı müsəlmana vacib buyrulan dini ayinlərin icrası barədə müsəlman bacı və qardaşlarına istiqamət göstərirmiş. Vasim müəllim onun barəsində olduqca maraqlı daha bir faktı da açıqladı: “Xalalarımdan və yaşlı insanlardan eşitdiklərimə görə, o, 40 dəfə Kərbəlada, 25 dəfə Məkkədə olub. Rəvayətə  görə, kimisi onun 107, kimisi isə 110 yaşında vəfat etdiyini deyir. Deyilənlərə görə, Ağdaş yaxınlığında camaatı ziyarətdən gətirdiyi zaman at belində çaya düşüb və vəfat edib. Onun Şəkidə dəfn olunduğu yer camaat tərəfindən hələ də ziyarət olunur və nəzir qoyulur. Sovet dövründə ateizmin tüğyan etdiyi bir vaxtda bir çox müqəddəs yerlər dağıdılırdı. Deyilənlərə görə, həmin məzarı sökmək istəyəndə 2-3 dəfə traktorun zənciri qırılıb. O da danışılırdı ki, ulu babam həmişə deyirmiş ki, mən 40 dəfə ziyarətdə olmuşam və İmam Hüseynin qəbrini qucaqlamışam. Mən öləndə çürümərəm. Onun ölümündən 7-8 il sonra qəbrinin yerini dəyişəndə görüblər ki, doğrudan da meyitdə çürümə əlaməti yoxdur”.

Dinə olan maraq bu ailəni heç vaxt elə sovetin qadağaları dövründə də tərk etməyib. İlk sualımız da elə bununla bağlı oldu.

- Söhbətimizin əvvəlində qeyd etdiyiniz kimi, sovet rejiminin ateizmi təbliğ etdiyi bir mühitdə müəyyən qadağalar var idi. Hansı çətinliklərlə üzləşirdiniz?

- Bilirsiniz, həvəs olan yerdə heç bir çətinlikdən söhbət gedə bilməz. Düzdür, rəsmi baxımdan dindən hər yerdə danışmaq mümkün deyildi. Yalnız kənd mühitində rahatlıqla dini söhbətlər aparıla bilirdi. Mən uşaq vaxtlarımdan  Quran”ın çox hissəsini əzbərdən bilirdim. Dövlətin yürütdüyü ateizm siyasətinin nəticəsi bu idi. Amma deyirlər ki, qadağan olunmuş meyvə adama daha şirin gəlir. İnsana  maraqlı gəlir ki, nə üçün buna qadağa qoyulub? Oxuyub görürsən ki, “Quran” insanı nəyə dəvət edir. Yaxşılığa, halallığa, saflığa və düzlüyə, təmizliyə. Burda pis heç nə yoxdur. Bütün səmavi dinlərdə bu çağırışlar var. Yəni ilahi dinlərin hamısında məqsəd gözəl insan tərbiyə etməkdir. Allaha inanan insanlara qarşı şəfqətli, mərhəmətli və ibadətində səmimi olan insanlar yetişdirmək. Göründüyü kimi, sovetin qadağaları bizlərdə dinə marağı daha da artırırdı. Bir məsələ vardı ki, bu sahədə açıq fəaliyyət göstərmək çətin idi. Məsələn, 1968-1969-cu illərdə Mərkəzi Komitənin qərarı ilə böyük alimimiz Əli Fəhmi ilə birgə “Quran”ı tərcüməyə başladıq. O zamanlar mən redaktor idim. Əlyazmalar Fondunun direktoru Məmmədağa Sultanov və Mərkəzi Komitənin ideologiya üzrə katibi Cəfər Cəfərovun sədrliyi ilə bir redaksiya şurası yaranmışdı və görkəmli ziyalılarımızın bir çoxu həmin şuranın üzvü idi. Əli Fəhmi ilə biz kitab üzərində xeyli işlədik. Bir ilə yaxın müəyyən tərcümələr edildi. Onda hələ Moskva bu məsələni bilmirdi. 1969-cu ildə Moskva bundah agah olan kimi tərcümə dayandırıldı. Tərcümə “sandıq ədəbiyyatı”ndan bir də 90-cı illərdə çıxdı və akademik Ziya Bünyadovla birgə “Quran”ı tərcümə etdik. Bu zaman vaxtilə Əli Fəhmi ilə birgə işlənən hissəni də ora əlavə etdim və üzərində yenidən işlədim. Moskvada bu kitab rus alimi tərəfindən rus dilinə tərcümə olunmuşdu. Və onlar bildirirdilər ki, hamı rus dilini bilir və kitabın başqa dilə tərcümə edilməsinə ehtiyac yoxdur. Onu da bildirim ki, bizdə “Quran”ın tərcüməsi inqilabdan əvvəllər də olub. Onlardan Mirməhəmməd Kərim Ağanın, Şəkili Axundun tərcüməsi vardı. Amma onlar ərəb əlifbasında olduğu üçün hamı oxuyub başa düşə bilmirdi. Biz 1989-cu ildə yenidən tərcüməyə başladıq. O zamanlar SSRİ siyasi böhran keçirirdi, dayaqları sarsılmışdı və nəyəsə nəzarət eləmək iqtidarında deyildi. Qısa bir müddət ərzində Ziya müəllimlə birgə tərcüməni başa vurduq. O vaxt Mətbuat Komitəsinin sədri, mərhum Rəşid Mahmudov və başqa ziyalılar bizi tələsdirirdilər ki, tez olun, yenə Moskva xəbər tutar, nəşr dayanar. Onda heç kimin ağlına gəlməzdi ki, SSRİ kimi nəhəng bir dövlət dağıla bilər. Ona görə ilk nəşr çox tələsik alındı. Hətta bizdən asılı olan mexaniki səhvlər və ya asılı olmayan mətbəə xətaları ilə bu kitab nəşr olundu. 1991-ci ilin sentyabrında nəşr olunan kitab dekabr ayında SSRİ-yə yayıldı. O dövrdə qeyd etdiyim kimi, sovetler imperiyası çökürdü, ona görə hansısa bir ölkəyə nəyisə qadağan etmək onun əlində deyildi. Bir sözlə, Allah-Taəla özü bizə kömək oldu.

Qeyd edək ki, bu tərcümə Azərbaycan oxucusu üçün sözün əsl mənasında bir tapıntı idi. Kitaba olan maraq nəzərə alındı və bu kitab 11 dəfə nəşr olundu.

- Vasim müəllim, hər zaman qeyd edirlər ki, “Quran” böyük möcüzədir. Sizin fikrinizcə, bu müqəddəs kitabın hikməti nədədir?

- Ən böyük hikməti Allahın kəlamı olmasındadır. “Quran” Allah kəlamıdır. Yəni Allah-Təalanın insanlara göndərdiyi bir mesajdır. “Quran”ın əvvəla, ilahi gözəlliyi onun dilidir. Ərəb dilində o qədər əsərlər var ki. Ancaq onlardan heç birində “Quran”da olan gözəllik yoxdur. Burda sözlərin seçilməsi, düzülüşü, bir-biri ilə yanaşı işlənməsi, qovuşması, yanaşı işlənən sözlərdə saitlərin, samitlərin bir-birini izləməsi o qədər əsrarəngiz, o qədər təkrarolunmazdır ki, orada qəribə bir ilahi musiqi, harmoniya yaranır. “Quran”da ilahi bir ahəng var. İkincisi, “Quran”ın məzmunudur ki, insanla iman aşılayır. İmansız və inamsız insanın həyatda xoşbəxt olması çətindir. İnsan əgər ancaq bu dünya üçün yaşayırsa, onda həyatın, yaşamağın nə mənası var. Din göstərir ki, xeyr, bu müvəqqəti bir həyatdır və gələcəkdə insanın böyük bir həyatı var.

 

 

 

Nüşabə

 

Palitra. -22 dekabr. – 2009. – S.6.