Nəvainin şeirləri çapa hazırlanır

 

Layihə çərçivəsində növbəti müsahibimiz M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri namizədi, dosent Paşa Kərimovdur.

- Mən 1981-ci ildə BDU-nun Filologiya fakültəsini bitirmişəm və 1982-ci ildən Əlyazmalar İnstitutunda elmi işçi, elmi katib və 6 ildən artıqdır ki, direktor müavini vəzifəsində çalışıram. O dövrdən əsasən türkdilli yazılı abidələrimizin tədqiqi ilə məşğul olmuşam. İndiyədək onlarla şairlərimizin əsərlərini tədqiq edib çap etdirmişəm. Əsas elmi işim XVII əsrdə yaşamış Q.Təbrizi adlı Azərbaycan şairinin “Divan”ının təhlili və elmi-tənqidi mətni olub. Elmi-tənqidi mətnə gəldikdə isə bu, çoxsaylı nüsxələr əsasında ideal olaraq ortaya qoyulan bir nüsxədir. Beləliklə, Q.Təbrizinin 4700 beytdən ibarət irihəcmli Azərbaycan dilində şeirlərini həm çap şəklində oxuculara təqdim etmişəm, həm də haqqında tədqiqat işi yazmışam. Sonrakı illərdə, yəni 1984-cü ildə XIX əsr Azərbaycan şairi M.Qasirin şeirlər toplusunu çapa hazırladım. Ondan başqa bir sıra Azərbaycan şairlərinin, XVII əsr Azərbaycan şairi, görkəmli tarixçi, Səfəvi hökmdarı şah Cüleymanın baş vəziri V.Qəzvininin türk dilində “Divan”ını Berlin Dövlət Kitabxanasından tapdıq və bu yaxınlarda çap etmişik. Mənim 50-dən çox sırf elmi məqalələrim var. Əlyazması tarixi fənnindən xüsusi kurs proqramının müəllifiyəm. Mən bütün dövrlərə aid əsərlərimizin ilk növbədə ölkəmizə gətirilməsi, onların çap olunması ilə məşğulam. Ancaq burada da bir dövrləşmə var. Mən daha çox çalışmışam ki, XVII əsrə aid abidələrimizi dünyanın hansı kitabxanasında saxlanılmasından asılı olmayaraq əldə edim və çap etdirib oxuculara çatdırım. Bunun nəticəsi olaraq bir neçə il öncə “XVII əsr Azərbaycan lirikası” adlı bir antologiya nəşr etdirdim. İndiyədək şeirləri çox az, yaxud da tamamilə məlum olmayan 24 şairin əsərlərini üzə çıxartdım. Bu şeirlər yeganə nüsxələrdir ki, indiyədək üzə çıxarılmamışdı. Bunların sırasında adlarını çəkdiyim şairlərlə yanaşı Mürtəzəqulu xan Şamlı, Mürtəzəqulu Sultan Şamlı, M.Təbrizi, S.Səfi kimi eyni dövrə aid olan şairlərin şeirləri var və kitabın ön sözündə də göstərmişəm ki, indiyədək deyilən fikirlərə baxmayaraq XVII əsrdə Səfəvilər sarayında Azərbaycan dili əsla sıxışdırılmamışdı və əksinə, biz orada tapdıq ki, Səfəvi sarayının vəziri olan Vəhid Qəzvini, I Şah Abbas və II Şah Abbasın da ana dilində şeirləri olub. Şah sarayında Azərbaycan türkcəsinə böyük bir hörmət olub. Nəşr olunan həmin antologiyanın əsas ideyası da o idi ki, ana dilimizin XVII əsrdə kifayət qədər nüfuzlu olduğunu sübut edək. Eyni zamanda XIX-XX əsr şairi N.Şeydanın kitabı tərtib olunub, XIX əsrdə yaşayıb-yaratmış Qarabağ şairlərinin heç bir yerdə çap olunmamış şeirlərinin antologiyasını hazırlayıb institunun kitab halında çıxan “Keçmişimizdən gələn səslər” adlı bülletenini də çap etmişik. Bizim gördüyümüz işlər abidələrimizin nəşridir və onların da içərisində indiyədək çap olunmayanlar xüsusi yer tutur.

- Ədəbiyyat və mədəniyyətimizlə bağlı mühüm əlyazmaların saxlandığı institutun fəaliyyəti barədə nə deyərdiniz?

- Öncə qeyd edim ki, mənbələr orta əsrlərdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir. 1924-cü ildə I Ümumazərbaycan Ölkəşünaslıq Qurultayında “Əlyazma kitablarının, sənədlərin və qədim çap kitablarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında” qərarı qəbul edilib və 1929-cu ildən bu iş həyata keçirilməyə başlanıb. Toplanmış abidələr ozamankı Azərbaycanı Öyrənmə Tətəbbö Cəmiyyətində kitabxana şəklində mühafizə edilməyə başlanıb. 1950-ci ildə toplanan materialların sayının artdığını, onların saxlanması üçün xüsusi mühafizə və iqlim rejiminin vacibliyini görən AMEA -nın qaldırdığı təşəbbüsə əsasən, Azərbaycan SSRİ EA Respublika Əlyazmalar Fondu (RƏF) yaradılıb. Həmin vaxtdan başlayaraq RƏF-in fəaliyyəti ildən-ilə daha da genişlənib. Artıq Fond 1980-ci illərdə institut səviyyəsində fəaliyyət göstərdiyi üçün Moskva qarşısında RƏF-in bazasında elmi-tədqiqat institunun yaradılması məsələsi qaldırılsa da, yalnız 1986-cı ildə ulu öndər Heydər Əliyevin müdaxiləsindən sonra Azərbaycan SSR EA Əlyazmalar İnstitutunun yaradılmasına icazə verilib. 1996-cı ildə isə ümummilli lider Heydər Əliyevin xüsusi sərəncamı ilə Əlyazmalar İnstitutuna dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin adı verilib. Bu gün AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu dünyada ən zəngin Şərq yazılı abidələri toplanmış əlyazma mərkəzlərindən biri sayılır. Hazırda institutun kolleksiyasında 60 minə yaxın müxtəlif materiallar saxlanılır. Bunlardan 12 minə yaxını əlyazma kitabıdır ki, hər kitabda orta hesabla 4-5 əsər yazıldığını nəzərə alsaq, 40 mindən artıq əsərin əlyazmasıdır. Digərləri isə tarixi arxeoqrafik sənədləri, XIX əsrin II yarısı-XX əsrin I yarısı Azərbaycan mədəniyyəti xadimlərinin şəxsi arxivlərini, daşbasma və qədim çap kitablarını, qədim dövri mətbuat materiallarını, mikrofilmləri, həmçinin azərbaycanşünaslığın müxtəlif sahələrinə dair müasir kitabları əhatə edir. Bunun 11 min 463-ü ərəb qrafikalı abidədir ki, bunlar da Azərbaycan, ərəb, fars, özbək və başqa dillərdə yazılıb və ya üzü köçürülüb. Eyni zamanda institutda 2458 tarixi sənəd və fraqmentlər, 12 min 479 qədim çap kitabları da saxlanılır. Qeyd edim ki, burada 34 görkəmli mədəniyyət xadiminin şəxsi fond materialları mühafizə edilir.

İnsitutun fəaliyyətə başlamasının ilk onilliklərində kollektivin üzvləri tərəfindən “Kitabi-Dədə Qorqud”un mətni, X.Şirvani, Ş.Şəbüstəri, İ.Nəsimi, Kişvəri, Ş.Xətai, M.Füzuli, A.Bakıxanov, X.Natəvan, Heyran xanım, M.Qarabaği və digər bir sıra klassiklərin irsi öyrənilib və əsərləri nəşr edilib. 1950-60-cı illərdə institutun fondunda mühafizə edilən şəxsi arxivlərin elmi təsviri işi də başlanıb. 1955-ci ildə A.İbrahimov “M.F.Axundov arxivinin təsviri”ni nəşr etdirməklə biblioqrafik kataloq tərtibinin əsasını qoyub. İnstitutda 1960-cı illərin sonunda 47 əməkdaş, o cümlədən 3 elmlər doktoru və bir neçə elmlər namizədi işlədiyi halda bu gün burada elmi işçilərin sayı 100-ə çatıb ki, onların da arasında 7 elmlər doktoru və 34 elmlər namizədi fəaliyyət göstərir. İnstitutun kataloqları 1993-cü ildə Dubayda, 2001-ci ildə Tehranda, 2002-ci ildə isə Küveytdə çapdan çıxıb. Hazırda institutda 8 şöbə və bir laboratoriya fəaliyyət göstərir.

- Əlyazmaların qorunması ilə bağlı hansı tədbirlər həyata keçirilir?

- Min illik bir dövrü ehtiva edən Azərbaycan və digər müsəlman Şərqi ölkələrinin türk, ərəb və fars dillərində yazılmış abidələri institutda yaradılan xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə edilir. Şərqin demək olar ki, bütün böyük klassiklərinin əsərləri və ya onlardan nümunələr institutun kolleksiyasında təmsil olunub. İnstitutun əsas prioritet fəaliyyət istiqaməti azərbaycanşünaslıq olub burada qorunan abidələrin mühafizə şəraitinin daim müasirləşdirilməsi, onların müntəzəm dezinfeksiya, gigiyena və bərpası məsələlərinin həlli, əlyazmaların kataloqlaşdırılması və sistemləşdirilməsi, onların tədqiq edilməsi və nəşr etdirilərək müasir nəsillərə çatdırılması ilə bağlıdır. 1960-cı illərdən başlayaraq müəssisədə mühafizə edilən əlyazmaların kataloqlaşdırılması təcrübəsi həyata keçirilib. 

- İnstitutun xarici əlaqələri necədir?

- İnstitutun xarici ölkələrdəki qurumlarla, elmi müəssisələrlə olan əlaqələri getdikcə genişlənir.

İnstitutun fondunda qədim lüğət nümunələri var ki, XIII-XIV əsrlərdə dilimizin lüğət tərkibinin, qrammatik quruluşunun öyrənilməsində əvəzsiz mənbə olan, əsrlərin uzaq yollarından keçərək bugünümüzədək gəlib çıxan bu qiymətli mənbələrin tam əlyazma nüsxəsi Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda saxlanılır. İnstituta müntəzəm olaraq yeni əlyazmalar daxil olmaqdadır. Son dövrdə belə əlyazmalara misal olaraq XII əsrdə yaşamış Cövhəri adlı Şərq aliminin ərəb dilinin qrammatikasına aid əsərini göstərmək olar. Bundan başqa xaricdə yaşayan həmvətənlərimizin və iş adamlarımızın səyi nəticəsində Avstriyada saxlanılan 26 Azərbaycan əlyazmasının fotosurəti mikrofilm şəklində instituta göndərilib. Bunlardan ən maraqlısı Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisini, Məhəmməd Əmin Şirvaninin “Kitabül-Fəsvaidil-Xaqaniyyə” əsərini, N.Gəncəvinin “Xəmsə”sini, Qasım Ənvarın və Saib Təbrizinin şeirlərinin əlyazmalarını da bu siyahıya aid etmək olar.

- Hazırda hansı yeni abidə üzərində işləyirsiniz?

- XVI-XVII əsrlərdə yaşamış görkəmli Azərbaycan şairi, alimi, rəssamı, xəttatı olan F.Əfşarın indiyə qədər əsərləri bizə gəlib çatsa da, Azərbaycanda çox az çap olunub. Onların içərisində əsasən “Qanuni süvər”dir ki, rəssamlığın sirrlərinə aid əsərdir. Digəri isə təzkirədir ki, bu da şairlər haqda məlumatdır. Onun çox böyük bir külliyyatı var, lakin onlar çap olunmayıb. Bizi maraqlandıran digər mühüm faktlardan biri Ə.Nəvainin türkcə şeirləridir ki, mən öz dissertasiyamla bağlı onu Təbriz Dövlət Kitabxanasından əldə etdim və həmin surəti çapa hazırladım, bugünlərdə işıq üzü görəcək. Onun fars dilində çox şeirləri var, nəhayət ki, belə bir şairin ana dilində kitabı çap olunur. Burada ömrünün ən son dövrlərində yazdığı xatirələri də öz əksini tapıb.

 

 

Nigar

 

Palitra. -22 dekabr. – 2009. – S.8.