Müasir tarixdə lobbi amili

 

           Lobbi fərdi və kollektiv münasibətlərin siyasi sistemidir

          

           Qeyd edək ki, elmlə bağlı həyata keçirdiyimiz layihə çərçivəsində gənc tədqiqatçıların fikir və fəaliyyətlərini də işıqlandırmağı qarşıya məqsəd qoymuşuq. Bu baxımdan AMEA Tarix İnstitutunun dissertantı, diaspor və lobbizm sahəsində gənc tədqiqatçı Yəhya Babanlı ilə söhbətləşdik.

Məlumat üçün bildirək ki, Y.Babanlı diaspor və lobbi sahələrinin tədqiqatı ilə məşğuldur. Azərbaycan diasporu ilə bağlı bir sıra məqalələrin müəllifidir. O cümlədən, Ukraynada Azərbaycan diaspor siyasətinin təbliğ olunmasında, Donetsk Azərbaycan Konqresinin təşəkkülündə, Donetsk Azərbaycanlıları Konqresi Gənclər Parlamentinin yaradılmasında, “Konqres Azərbaycan” adlı Ukraynada çıxan qəzetin nəşr edilməsində yaxından iştirak edib. Donetsk Azərbaycanlıları Konqresi Gənclər Parlamentinin sədri və adıçəkilən qəzetin baş redaktoru olub.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Diaspor şöbəsinin dissertantıdır.

- “Lobbi” sözünün istilahı ilə bağlı nələri demək olar?

- XXI əsrdə qloballaşan dünyada funksiyası əhəmiyyətli dərəcədə artan lobbi məfhumunun hansı anlamı daşıdığı və təyinatının nədən ibarət olduğunu öyrənməyin, təhlil etməyin artıq vaxtı çatıb. “Lobbiçilik” termini ingiliscə “lobby” sözündən götürülüb və “xoll-foye-koridor” mənasını verir. Yəni uyğun şəraitdə sadə vətəndaşlar sadalanan yerlərdə iclas salonlarından və başqa toplanılan yerlərdən çıxan dövlət məmurlarına yaxınlaşaraq məqsədlərini açıqlayır və maraqlarının müdafiə olunmasına israr edirlər.Hətta onlara qarşılıq ödəyəcəklərini və məbləği də bildirirlər. Lobbiçiliyin fundamentində təşkilatlanmış maraqların dövlət orqanlarına və ayrı-ayrı rəsmi şəxslərə məqsədyönlü təsir etmək məharəti durur. Başqa sözlə, lobbiçilik cəmiyyətin sosial, iqtisadi və siyasi maraqlarının müdafiəçisi olmaqla yanaşı hakimiyyət nümayəndələrini əməli iş görməyə vadar edən işlək mexanizm anlayışıdır. Məsələyə təcrübi tərəfdən və daha geniş yanaşdıqda aydın görmək olar ki, sivil lobbizm anlayışı təkcə bir qrupun müdafiəsində yox, bütövlükdə dövlətin, xalqın və hakimiyyətin hüquqlarının tənzimlənməsində müəyyən rola malik sistemdir.

Bu gün beynəlxalq demokratik prinsiplərdən biri sayılan amil hər hansısa bir dövlətdə keçirilməsi nəzərdə tutulan seçkilərin şəffaf olması və xalqın səsinin qəbul olmasıdır. Lakin seçilmiş insanın cəmiyyətlə əlaqələrinin qurulması və ya seçiciyə nəyin lazım olmasını bilməlidir. Bunun üçün lobbiçilər formalaşır və seçicilərin tələblərini seçdiklərinə çatdırırlar. Bu da ikili anlam daşıyaraq həm cəmiyyət, həm də məmur haqqında təsəvvür yaradır. Bu anlamda lobbini demoktarik cəmiyyətdə vacib idaarəetmə elementi hesab etmək olar. Lobbi hər hansısa bir cəmiyyətin keyfiyyət mexanizminin göstəricisidir. Avropadada çox geniş yayılan lobbi istitutlarının mərkəzi isə Avropa Birliyinin paytaxtı Brüsseldə yerləşir. Burada 700-dən artıq dünyanın nüfuzlu şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir.

Bunlar birlik ölkələrinin nümayəndələrinin marağını özlərinə qarşı yönəldərək lazımi qanunvericiliyin qəbul olunmasına çalışırlar. Həmçinin mənşə ölkəsinin iqtisadi və siyasi imicini güdürlər. Burada lobbiçiliyin üç formulu birləşir: bu kölgə, açıq və qanunvericiliklə tənzimlənən formalardır. Lobbizmin geniş təşəkkül tapdığı yer Birləşmiş Ştatlardır. Mərkəzi isə Vaşinqton sayılır. Burada iri biznes maqnatlarının və etnik millətlərin icmaları var. ABŞ qanunvericiliyi orqanları nəzdində iri inhisarların xeyrinə qanunvericilərə və dövlət məmurlarına təzyiq göstərən kontor və agentliklər sistemidir. Lobbiçiliyin əsas məğzi iqtisadi münasibətin bir növü kimi siyasi sahibkarlıq anlayışında istifadə olunur. Nəzəri baxışdan lobbi kommunikasiyasının baza modeli həm iqtisadi kommunikasiyanın, həm də siyasi kommunikasiyanın modeli sayılır. Hətta elə millətçi təşkilatlar var ki, insanları planlı şəkildə lobbi fəaliyyətinin qurulmasına sövq edirlər. Bu, daxildə hər hansısa referendumun keçirilməsi zamanı lazım olan vacib elektorat və qazanılan səslərin sayı deməkdir. Bu gün dünyada fəaliyyət göstərən lobbi təşkilatları və lobbiçilər fərqli strategiyalardan istifadə edirlər. Yəni, biri öz dövlətinin maraqları (ictimai), o biri millətin mənafeyi (etnik), digəri  biznes marağı (şəxsi) və ya iqtidarın əleyhinə (siyasi elita) işini qurur.

Lobbinin işini məsafədən idarəolunan informasiya maşınına bənzətsək, yanılmarıq. Belə ki, bunu da yönəldən rəsmi və ya qeyri-rəsmi qrumlar vardır. Və burada insan və maraq işin əsasını təşkil edir. Lobbiçiliyin qalibiyyətində daim işlək mexanizm olması əsasdır. Yəni hücumda olmaq əsas şərtdir. Qeyd etmək olar ki, diasporu hər hansı bir millətin dünyanın müxtəlif regionlarına səpələnən nümayəndələri təşkil edirsə, lobbi səpələnən diasporçuların siyasiləşmiş icmasıdır. Əksər lobbistlər siyasi birlik rolunda çıxış etsələr də onların məqsəd və məramında maddi mənafe və siyasi tələb durur. Lobbi təşkilatlarının özünəməxsus üsullarının və qabaqcadan müəyyənləşdirilmiş strateji xəttinin olması vacibdir. Lobbiçilərin ən böyük uğurlarından biri tələblərinə uyğun hədəfi düzgün müəyyən etmək bacarığının olmasıdır. Onlarla münasibətlərin qurulmasına önəm verməlidir. Lobbi mənşə və donor dövlətlərin strateji maraqlarını müəyyənləşdirməli, vahid mövqedən çıxış etməsi üçün işlər aparmalıdır. Şəxsi münasibətləri milli maraqlar istiqamətinə yönəltməyi bacarmalıdır. Məsələn, tarixin müxtəlif dövrlərində xaricə miqrasiya etmiş soydaşlarımız var ki, onlar bu gün yaşadıqları dövlətdə yüksək nüfuza və maddi imkana malik şəxslərdir. Həmin insanlar özlərinin ixtisasları, sənət və peşələri, əməli işləri ilə cəmiyyətin bütün sferalarında təmsil olunurlar. Yəni, sosial-mədəni həyatda, elm-təhsil ocaqlarında, iqtisadi-siyasi arenada, hərbi qurumlarda və digər sahələrdə. Bu potensialdan Azərbaycanın təbliğində istifadə edilməsi çox fayda gətirər. Lobbiçilər təsir dairəsinə görə hərəkət etməyi və bunun vaxtını, formasını müəyyələşdirməyi bacarmalıdırlar. Lobbi təşkilatlarının əsas məqsədi hakim dairələrdə səs hüququnun qazanılmasıdır. Yəni gündəmə çıxardıqları hər hansı bir məsələnin istər ictimaiyyət, istərsə də dövlət tərəfindən təsdiq olunmasına nail olmaqdır. Bu gün iri biznes lobbistləri birləşərək dövlətin nəzarətində olan və tənzimlənən qiymətləri dəyişə və ya böhran yarada bilirlər.

Dünya bazarında neftin qiymətinin iri korporasiyalar tərəfindən hərraclar vasitəsilə tənzimlənməsi bəlkə də siyasiləşmiş lobbi birliklərinin iqtisadi maraqlarının qələbə çalmasıdır. Hazırkı dövrdə dünyanı cənginə almış maliyyə böhranının mənbəyində siyasiləşmiş lobbi amilinin olması da müəmmalıdır.

- Lobbiçiliyin müasir dünya düzənində yeri və rolu nədən ibarətdir?

- Bəşəriyyət inkişaf etdikcə onun mədəni prosesləri, hadisələri, predmetləri dəyişir, yeniləşir və dayanmadan təkamül edir. Dövrlər və ictimai formasiyalar bir-birini əvəz edir, dövlət idarəçilik üsulları yeniləşir. Həyatımızı əhatə edən sosial, siyasi, iqtisadi və mədəni sferalarda yeni tələblər meydana çıxır. Nəticdə beynəlxalq münasibətlər sistemində yeni metodlar yaranmağa başlayır. Yeni dünya nizamında baş verən qloballaşma, xalqlar arasında gedən elmi-texniki və sosial-mədəni mübadilə ümumdünya mədəni əlaqələrinə töhfə verir və bu proses onun iştirakçısının beynəlmiləl inkişafına zəmin yaradır. Qlobusdan ayrılan, sivilzasiyalararası dialoqda, mədəniyyətlərarası əməkdaşlıqda iştirak etməyən, “dünya içində özünə başqa dünya quran” dövlətlər tənəzzülə məhkum olurlar. Müasiri olduğumuz yeni dünya mənzərəsində, demokratiyanın transformasiya etdiyi kapitalizm sistemində insan resursunun ön plana keçməsi, modern tələblərin meydana gəlməsini əsas tələb kimi ortaya qoydu. Zamanın tələbinə uyğun olaraq cəmiyyətdə coğrafi məkanın, etnik mənşənin, dini mənsubiyyətin, ümumi-siyasi dünyagörüşün fərqi qabarıq şəkildə görünməyə başladı. Belə demək mümkünsə, yer kürəsi öz spektrində fırlandıqca, demos hakimiyyətinin dalğalarının təsir imkanları artdıqca, cəmiyyətin həyat tərzi dəyişir, yeni beynəlmiləl metodlar ortaya çıxır.

Müasiri olduğumuz əsrdə prioritet sayılan, daim gündəmdə yer alan məsələlərdən biri də lobbiçilikdir. Bu fəaliyyət dünyanın hər yerində aktual məsələyə çevrilir. “Lobbi institutları hər hansısa bir xalqın, dövlətin və yaxud hər hansısa birliyin və ya müəssisənin maraqlarını güdən siyasiləşmiş ordudur” desək, yanılmarıq. İstər Şərq-Qərb, istərsə də okeanın o tayı olan Amerikada, bu sahə üzrə fəaliyyət göstərən instansiyalar, istər dövlət, istərsə də qeyri-hökumət orqanları lobbi işini müxtəlif maraqlar istiqamətində qururlar. Lobbi artıq beynəlxalq münasibətlərin bir elementi hesab olunur. Elə dövlətlər var ki, lobbi fəaliyyəti ilə bağlı xüsusi dövlət proqramı qəbul edirlər. Bu proqramda lobbiyə, əsasən başqa ölkədə informasiya daşıyıcısı olmaqla siyasi tələblərin yerinə yetirilməsi, eyni zamanda beynəlxalq münaqişələrin həlli faktoru kimi böyük diqqət yetirilir. Lobbi hər hansısa bir məsələnin gündəmdə yer alması, onun ictimaiyyət arasında yayılmasına və təbliğ olunmasında vasitədir.

 

 

Ağayev İlkin

 

Palitra. -22 dekabr. -2009. – S.9.