İqtisadçı alimin yubileyi
Naxçıvan Dövlət
Universitetində İqtisad fakültəsinin dekanı, iqtisad
elmləri doktoru, professor, 38 monoqrafiyanın, 170-dən
çox elmi məqalənin müəllifi, 7 övlad, 9 nəvə
sahibi Asif Şirəliyevin 70 illik yubileyi muxtar respublikanın
ictimaiyyət nümayəndələrinin, eləcə də
yubilyarın yaxınları və ailə üzvlərinin
iştirakı ilə təntənəli şəkildə
qeyd olunub.
Yubiley mərasimində səmimi
təbriklərini çatdıran rektor, millət vəkili,
akademik İsa Həbibbəyli belə tədbirlərin,
Naxçıvan MR Ali Məclisi Sədrinin muxtar respublika
ziyalılarına göstərdiyi qayğının parlaq bir
təzahürü olduğunu vurğulayıb. Natiq
yubilyarın universitetdə müxtəlif məsul vəzifələrdə
çalışdığı 35 il ərzində onunla
bağlı olan maraqlı xatirələrini
bölüşüb. Rektor, yubilyarı hərtərəfli
insan kimi qiymətləndirərək onun istər dəqiq, istərsə
də humanitar elmlər sahəsində dərin elmi biliyə,
tükənməz məlumat bazasına malik olduğunu diqqətə
çatdırıb. Natiq bu insanın iqtisadiyyat elminin ən
böyük və mürəkkəb bölməsi- iqtisadi nəzəriyyənin
bir sıra problemlərinin tədqiqi, iqtisadi nəzəriyyə
anlayışlarının dünyəvi dəyərlərə
və Azərbaycan reallıqlarına uyğun şəkildə
şərhinin verildiyi çoxsaylı lüğətlərin
hazıranması sahəsindəki yorulmaz fəaliyyətini
yüksək qiymətləndirib. Qeyd olunub ki, Asif müəllim
bir tədqiqatçı, elm adamı olmaqla yanaşı sadə,
humanist insan, ədalətli və məsuliyyətli
işçi, nümunəvi ailə
başçısıdır. Sonra yubilyara universitet rəhbərliyi
tərəfindən Fəxri fərman təqdim olunub, həmçinin
o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl tTəhsil işçisi” döş
nişanı ilə təltif olunub.
İqtisad elmləri namizədi,
dosent Müslüm Cabbarzadə professorun həyat yolu və
elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məruzə
edib. Vurğulanıb ki, 1939-cu ilin dekabr ayının 19-da Naxçıvan
MR Şərur rayonunun Düdəngə kəndində anadan
olan Asif İsmayıl oğlu Şirəliyev orta təhsilini
başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində
ali təhsil alıb və universiteti fərqlənmə diplomu
ilə bitirib. Asif Şirəliyev hələ gənc
yaşlarından fəallığı ilə seçilib,
onun müxtəlif mövzularda
məqalələri mətbuatda dərc olunub. Qeyd olunub ki, o,
1971-ci ildən etibarən Naxçıvan Dövlət
Universitetində müəllimliyə başlayıb,
1971-1975-ci illərdə Azərbaycan Dövlət İqtisad
Universitetinin aspiranturasında təhsil alıb və
1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək
elmlər namizədi alimlik dərəcəsinə layiq
görülüb. Ali məktəbdəki səmərəli fəaliyyəti,
təşkilatçılıq qabiliyyəti nəzərə
alınaraq Asif Şirəliyev müxtəlif rəhbər vəzifələrdə
çalışıb, yorulmadan tədqiqat işləri ilə
məşğul olub, bir çox elmlər namizədlərinin
və doktorların hazırlanmasında əməyi olub.
Respublikamızın mütərəqqi ziyalılarından
olan Asif Şirəliyevin əməyi dövlətimiz tərəfindən
də yüksək qiymətləndirilib, müxtəlif
vaxtlarda o, Naxçıvan MSSR Təhsil Nazirliyinin fəxri fərmanları,
2007-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Yubiley mərasimində həmçinin
AMEA Naxçıvan bölməsinin sədri, millət vəkili,
akademik İsmayıl Hacıyevin, universitetin elmi işlər
üzrə prorektoru, AMEA-nın müxbir üzvü,
fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynovun,
İqtisadiyyat kafedrasının müdiri, iqtisad elmləri
doktoru Ağarza Rüstəmovun, Sosial idarəetmə və
hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri
namizədi, dosent Qərib Allahverdiyevin, universitetin “Dünya ədəbiyyatı”
ixtisası üzrə doktorantı Süsənbər
Ağamalıyevanın, yubilyarın ailə üzvləri
adından qardaşı Mamoş Şirəliyevin,
yaxınları adından Düdəngə kənd ərazi-inzibati
dairəsi üzrə nümayəndə Roza Mustafayevanın,
İqtisad fakültəsinin Gömrük işinin təşkili
ixtisası üzrə III kurs tələbəsi Adilə
Ramazanovanın təbrik çıxışları dinlənilib.
Tədbirdə həmçinin
universitetin doktorantı Süsənbər
Ağamalıyevanın bu ilin mart ayında Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən hər
il müxtəlif ali məktəblərin iştirakı ilə
keçirilən və gənc tədqiqatçıların
üzə çıxarılması məqsədini
daşıyan “Doktorantların və gənc tədqiqatçıların
XIII Respublika Elmi Konfransı”nda uğurlu iştirakından da
söz açılıb. Qeyd olunub
ki, doktorantımızın elmi məruzəsi konfransda təqdim
olunan 25 elmi məruzə içərisindən ən
yaxşısı kimi dəyərləndirilərək
birincilik qazanıb, Respublika Təhsil Nazirliyinin sertifikatı,
eləcə də “Nexus” markalı noutbukla
mükafatlandırılıb.
Sonda söz yubilyara verilib. O,
ziyalılara göstərilən bu böyük diqqətə
görə minnətdarlığını ifadə edib.
Cəfərova Nərmin
Palitra. -22 dekabr. – 2009. –S.10.