Bələdiyyə seçkiləri
başladı
Bu gün Azərbaycanda sayca
3-cü bələdiyyə seçkiləri keçirilir. Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov dünən
keçirdiyi mətbuat konfransında bildirdi ki, bələdiyyə
seçkiləri ilə bağlı Azərbaycan ərazisində
qeyri-iş günüdür. Belə ki, Seçki Məcəlləsinin
8.2-ci maddəsinə uyğun olaraq səsvermə günü
seçki keçirilən ərazidə iş günü
hesab edilmir. İstər dövlət, istərsə də
özəl qurumlar qanunun bu tələbinə əməl etməlidir.
Onun sözlərinə görə, seçkilər 118
seçki dairəsinin ərazisində 4813 seçki məntəqəsində
keçiriləcək. Seçkidə 1718 bələdiyyəyə
15 min 682 bələdiyyə üzvü seçiləcək.
Məntəqələrdə bütün texniki işlər həyata
keçirilib və 4 milyon 600 minə yaxın seçicinin
hamısının adı seçici siyasına daxil edilib.
MSK-nın bələdiyyə seçkilərinin keçirilməsinə tam hazır olduğunu vurğulayan Məzahir Pənahov əlavə etdi ki, seçkilərin geridə qalmış mərhələsi yüksək səviyyədə həyata keçirilib: “Bəzən diqqətsizlikdən xırda problemlər olub, bunlar da aradan qaldırılıb. Amma prosesə kölgə sala biləcək bir addım yoxdur”.
M.Pənahov bildirdi ki, səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə ictimaiyyətə məlumatlar çatdırılacaq. İlk məlumatlar 12.00-da, daha sonra isə 15.00, 17.00, 19.00. 20.00-da növbəti informasiyalar açıqlanacaq. Rəsmi məlumatlar isə iki gündən sonra protokollar əsasında veriləcək. MSK sədri onu da qeyd etdi ki, bu seçkilər əvvəlki seçkilərdən qat-qat çətin prosesdir: “Bələdiyyə seçkiləri əhəmiyyət baxımından prezident və parlament seçkiləri ilə müqayisə oluna bilməz. Amma bu seçkiləri keçirmək kifayət qədər mürəkkəb prosesdir. Prezident seçkilərində bir bülletenlə, parlamentdə 125 bülletenlə, bələdiyyə seçkilərində isə 1718 fərqli bülleten üzrə səs veriləcək. Yəni ictimaiyyətə 1718 müxtəlif bülletenlə bağlı məlumatları açıqlamalıyıq. Seçki keçirilən bələdiyyələrdə ən az 5 üzv, ən çox isə 19 üzv yerləri var. Bələdiyyələrdə ən az 10, bəzilərində isə 100-ə qədər namizəd var. Ona görə də bələdiyyə seçkilərinin operativlik məsələsində geri qalacağıq. Lakin daxil olan məlumatları ictimaiyyətə çatdıracağıq. Hesab edirəm ki, hər bir bələdiyyədən daxil olan məlumatlar operativ elan ediləcək. Bəzi böyük bələdiyyələrdə isə zaman keçdikcə bu və ya digər namizədin daha çox səs toplaması səbəbindən namizədlərin yeri dəyişə bilər. Lakin kiçik bələdiyyələrdə seçkilərin nəticələri seçkilər bitəndən bir qədər sonra məlum olacaq və elan ediləcək. Məlumatları MSK-nın saytında da yerləşdirməyə çalışacağıq”.
M.Pənahovun sözlərinə görə, namizədlərin qeydə alınma mərhələsində 33 857 nəfər DSK-lara imza vərəqələrini təqdim edib ki, onlardan 953 nəfərinin namizədliyinin qeydə alınmasından imtina edilib: “Bu isə ümumilikdə çox kiçik bir rəqəmdir. Adətən bələdiyyə seçkilərində seçici fəallığı digər seçkilərlə müqayisədə aşağı olur. Bu bütün dünyada belədir. Azərbaycanda da bu hal müşahidə olunur. Bunu aradan qaldırmaq üçün Qərbdə elektron səsvermə üsulundan istifadə olunur. Bizdə bu təcrübə daşınar qutular vasitəsilə həyata keçirilir”.
Ötən bələdiyyə seçkilərində 33 faiz seçici iştirak etmişdi. 2004-cü ildə bu rəqəm 46 faiz olub. M.Pənahov bildirdi ki, seçkilərdə 31 minə qədər namizəd iştirak edəcək. Onların 16 755-i siyasi partiyaların namizədləri, 14 073-ü bitərəflərin, 147 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb: “Siyasi partiyalar prosesdə kifayət qədər fəal iştirak edirlər. Bu seçkidə siyasi partiyaların namizədlərinin çəkisi digər qüvvələrin birlikdə təmsilçiliyindən çoxdur. 16 partiya namizəd irəli sürüb”.
MSK sədri seçici siyahılarının dəqiqləşdirildiyini və bununla bağlı heç bir problemin olmadığını qeyd etdi. Adları seçici siyahısında olmayan şəxslərin problemləri qanuna müvafiq şəkildə yerindəcə həll ediləcək. Seçkiləri izləmək üçün 50 minə yaxın müşahidəçi qeydə alınıb. M.Pənahovun sözlərinə görə, onların 48 388-i DSK-larda, 1160-ı isə MSK-da qeydiyyatdan keçib. Prosesi izləmək üçün 52 beynəlxalq müşahidəçi qeydə alınıb. Onlar 13 beynəlxalq təşkilatdan və 18 ölkədən olan beynəlxalq müşahidəçilərdir. Müşahidəçilərin arasında Avropa İttifaqının, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin və digər beynəlxalq qurumların nümayəndələri var.
Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlər noyabrın 25-dən dekabrın 22-dək 28 gün ərzində təbliğat-təşviqat kampaniyası aparıblar. Bu kampaniyanın aparılması müddətində özünü göstərən xarakterik cəhətlərdən biri də qanun pozuntusunun demək olar ki, baş verməməsi olub. MSK-nın məlumatına görə, bu müddət ərzində təbliğat-təşviqat kampaniyası ilə bağlı komissiyaya yalnız iki müraciət daxil olub. Şikayətlər araşdırılması üçün aidiyyəti üzrə müvafiq orqanlara göndərilib.
Seçki günü 500 məntəqədə qurulmuş veb-kameralar vasitəsilə onlayn rejimdə bütün gün ərzində kameralar qurulan məntəqələrdə seçkini müşahidə etmək mümkün olacaq.
Xatırladaq ki, Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Səsvermə səhər saat 8.00-da başlayacaq və 19.00-da başa çatacaq.
Nigar
Palitra. -23 dekabr. -2009. –S.2.