Bir ziyalı ömrünə qısa səyahət
V.Məmmədəliyev
İslamın insanlara və cəmiyyətimizə
aşıladığı müsbət keyfiyyətləri bir
qədər ətraflı təhlil edir və “Quran”ın hikmətlərindən
danışır: “Biz ölümdən sonrakı həyatı
görmürük, bilmirik. Ancaq onu da bilirik ki,
axirət günü hamı diriləcək. Bunun nə
vaxt olacağını isə heç kim bilmir. Allah-Təala
peyğəmbərə buyurub: “Səndən soruşurlar ki,
qiyamət nə vaxt gələcək? Onlara de ki, onu mənim
Rəbbimdən başqa heç kim bilə bilməz”. Bizim bu
sonsuz kainatda bilmədiyimiz çox məqamlar var.
“Quran” bax bunları öyrədir
bizə. Biz hardan gəlmişik, nə üçün gəlmişik
və hara gedəcəyik? Allah-Təala buyurub ki, “mən sizi
ancaq mənə ibadət etmək üçün
yaratdım. İnsanları və cinləri ancaq mənə
ibadət etmək üçün yaratdım”. Bəziləri
bu fikri səhv başa düşür. Elələri var
düşünür ki, bütün gününü ibadətdə
keçirməlidir. Xeyr. Burda Allah-Təala yalnız ona ibadəti
mütləq göstərir. Yəni ondan qeyrisinə ibadət
etmək olmaz. İslam dinində tərki-dünyalıq,
zahidlik yoxdur. Sadəcə, bu dində ibadət yalnız Allaha
olmalıdır. “Quran” bizə bu məsələni təlqin
edir. “Quran” bizə düzgün olmağı, ədalətli
olmağı, bütövlükdə bəşəriyyətə
qarşı səmimi olmağı aşılayır. Ona
görə də bu kitab əbədi bir kitabdır. Ona məhəbbət
getdikcə artır. İnsanların mədəni və elmi səviyyələri
yüksəldikcə “Quran”a daha çox maraq göstərirlər.
“Quran”da olan qeyb xəbərlər var ki, digər müqəddəs
kitablarda yoxdur. Çünki başqa səmavi kitabların əsli
bizə gəlib çatmayıb. Sonradan qələmə
alınanlarda isə təhriflər var. Məsələn, “Tövrat”ın
əsli yandırılıb. Sonradan yəhudi din xadimlərinin
yadında nə qalıbsa, kitab şəklinə
salınıb. “İncil”in də taleyi elə buna bənzəyir.
Bütün səmavi kitablardan fərqli olaraq “Quran” Peyğəmbər
Məhəmməd Əleyhissəlama necə göndərilibsə,
o zamandan indiyədək bir kəlməsi belə dəyişmədən
qalıb. “Quran”ın elə ayələri var ki, onlar hələ
də açılmayıb. Alimlər bildirirlər ki,
müasir elmin səviyyəsi o ayələrin
açılmasına imkan vermir. Ola bilsin ki, müəyyən
vaxt keçəcək və yeni elmi kəşflər olacaq.
“Quran”ın bütün ayələrinin açılması
mümkün olacaq. Və yaxud bir ayə açılır və
sən elə bilirsən ki, onun mənasını dərk
edirsən.
- Son zamanlar müasir
dünyada qloballaşma prosesinin fəsadları hamını
narahat edir. Sizin bu məsələ ilə bağlı fikirlərinizi
bilmək olduqca maraqlıdır.
- Bu saat bütün
dünyada qloballaşma prosesi gedir. İndi dünyanı
böyük bir kəndə bənzədirlər. Bu da
müasir elmi-texniki tərəqqi hesabınadır. Müasir nəqliyyat
vasitələri hesabına çox az müddətdə
dünyanın istənilən nöqtəsinə getmək
olur. İstər-istəməz müasir dünyadan təcrid
olunmuş şəraitdə yaşamaq mümkün deyil.
Müasir texnologiyalar, kəşflər bir ölkədən o
birisinə rahatlıqla ötürülür. Yəni belə
bir dövrdə hər hansı bir ölkənin öz
qınına çəkilərək yaşaması
mümkün deyil. Müasir texnologiyalardan, elmin yeni nailiyyətlərindən
hər bir ölkə geniş istifadə edir. Bu da sirr deyil ki, Avropa, Amerika bu sahələrdə
Şərq ölkələrindən daha öndədir.
İslamın yayıldığı ilk dövrlərdə isə
Şərq Avropanı hər sahədə qabaqlayırdı.
Avropadakı intibah məhz İslamın sayəsində olub.
İslamın yayıldığı ilk dövrlərdə
yunan alimlərinin, filosoflarının əsərlərinin ərəb
dilinə tərcümə edilməsi baş tutub. Ancaq
onların əsərlərinin orijinal yunan-latın dilində
olan variantı it-bata düşüb. Avropada intibah
dövründə yenidən həmin əsərlər ərəbcədən yunan, latın dilinə tərcümə
olunub. Şərq hər zaman Avropa üçün bilik mənbəyi
olub. Məsələn, İbn Sinanın “Qanun” əsəri əsrlərlə
Avropanın tibb məktəblərinin dəyişməyən
dərsliyi olub. Bu qəbildən Farabinin, Marağayinin musiqi
sahəsində yazdığı əsərlərin də
adını çəkmək olar. Bəli, etiraf edək ki,
bu gün texnologiya və digər sahələrdə Avropa
Şərqdən öndədir. Biz bu texnologiyalardan istifadə
edirik. Başqa yol yoxdur. Çünki biz istər-istəməz
yeni elmi nailiyyətlərdən istifadə etməsək,
çox geridə qalarıq. Onlar isə bunun müqabilində
Şərqə öz əqidəsini yeritmək istəyir. Əxlaqa,
mentalitetə və dini dünyagörüşünə təsir
bu cür başlayır. Məsələn, onlar qloballaşma
sayəsində xristianlığın təbliğinə,
müsəlman Şərqinin mentalitetinə uyğun olmayan adət-ənənələrin
yayılmasına can atırlar. Qabaqcıl ölkələr
bütün bunları mədəniyyət və inkişaf
adı altında Şərqə tətbiq etməyə
çalışır. Biz buna görə bir qədər
ayıq olmalıyıq. Müasir dövrdən geri qala bilmərik.
Ancaq bunun müqabilində biz mədəniyyətimizi, ədəbiyyatımızı,
tariximizi, xarakterimizi qoruyub saxlamalıyıq. Qloballaşmadan
bu cür istifadə etsək, biz bu məsələlərdə
ancaq qazana bilərik. Əslində müasir dünyada
qabaqcıl ölkələr qloballaşmadan bu cür istifadə
edir. Əgər biz öz keçmişimizi unutsaq, bir müddət
sonra xalq kimi məhv olarıq. Zövqümüzü və mənəviyyatımızı
qorumalıyıq. İslamın təbliğ olunduğu ilk
çağlarda Şərqdə elmə çox böyük
qiymət verilirdi. Abbasilər xilafəti dövründə
alimlərin əsərlərinin tərcümə olunması
üçün xüsusi diqqət ayrılırdı.
Müasir dillə desək, xilafət elmə o dövrdə
kapital qoyurdu. Sonradan dünya malına insanların aludəçiliyi
Şərqdə elmi arxa plana keçirdi. Avropa isə bu vaxt cəhalətdən
ayıldı və intibah başladı. Ancaq yenə də
Şərq ölkələri elmə əvvəlki diqqəti
ayırsa, öz statusunu geri qazana bilər.
- Son zamanlar Avropada antiislam təbliğatı
nəyin nəticəsidir?
- Avropada indi islamofobiya var.
Çünki İslam dini çox sürətlə
yayılır. İslam sonuncu dindir və bütün əvvəlki
dinlərin ən gözəl cəhətlərini toplayaraq
özünün əxlaq, etiqad prinsiplərini ortaya
çıxarıb. Ona görə də bu din avropalı
insanları cəlb edir. İslamda Allahı
insanlaşdırmaq olmaz. Xristian dinində isə Allah
üç şəxsdə təcəssüm edir. Deyirlər
ki, bunu hər adam anlaya bilməz. Ancaq adi məntiq var. Onlar
bildirir ki, Allah birdir, ancaq 3 şəxsdə təcəssüm
edir - Ata, Oğul və Müqəddəs Ruh şəklində.
İslam belə fikri qəbul etmir. Dinimizdə Allah birdir.
Allahın isim və sifətləri kainatda təcəlli edir.
Digər dinlərdəki qeyri-məntiqi fikirləri görən
avropalının məntiqli düşünüb İslama
meyil göstərməsi bununla bağlıdır. Onlar
İslama gələndə başa düşürlər ki,
Allah əlçatmaz bir qüvvədir və onun hər
hansı şəxsdə təccəssüm etməsi
mümkün deyil. Bu gün İslamı avropalı kor-koranə
qəbul etmir. Onların ziyalısı, mühəndisi,
riyaziyyatçısı, düşünən beyinləri bu
dinə maraq göstərir. Avropa buna görə
İslamın yayılmasından qorxur. Avropada yüksək
intellektli insanlar məntiqli düşünüb İslamı
qəbul edirlər. Hətta ərəb dilini öyrənərək
“Quran”ı orijinaldan oxuyan avropalılar var.
- Ölkəmizdə dini
tolerantlığı necə qiymətləndirirsiniz?
- Bizdə dini tolerantlıq
çox güclüdür. Ümummilli liderimiz Heydər Əliyevin
bunda çox böyük xidmətləri var. Hələ sovet
dövründə o, Azərbaycanda çox incə siyasət
yeritməklə tolerantlığın yaranmasına
çalışıb. Müstəqillik əldə etdikdən
sonra xalqın israrlı tələbi ilə onun hakimiyyətə
qayıdışından sonra bu tolerantlıq daha geniş
vüsət aldı. Bu gün Azərbaycanın fəxr etdiyi
tolerantlığın əsasını dövlət siyəsəti
səviyyəsində heydər Əliyev qoyub. Elə Azərbaycan
xalqının psixologiyasının özündə də
başqa dinlərə dözüm var, başqa xalqların
torpağında gözümüz olmadığı kimi,
onların dini əqidəsinə də toxunmuruq. Mentalitetimizdə
olan bu müsbət cəhəti Heydər Əliyev dövlət
siyasəti səviyyəsinə qaldırdı. Bu gün təsadüfi
deyil ki, Azərbaycan tolerant ölkə olaraq dünyaya
nümunə göstərilir.
- Son zamanlar müxtəlif
missioner təşkilatların fəaliyyəti də cəmiyyətimizdə
narahatçılıq yaradır.
- SSRİ dövründə
dövlətin ateizm siyasəti missionerliyə imkan vermirdi.
Müstəqillik qazanandan sonra sərhədlərin
açılması müxtəlif təriqətlərin Azərbaycanda
yayılmasına start verdi. Ölkəmiz onlar
üçün hardasa laboratoriya, sınaq meydanı idi.
Çünki 70 il ateist mühitində yaşayan bir ölkə
birdən-birə azadlığa çıxmışdı. O
dövrdə gənclərin İslam haqqında təsəvvürləri
belə azdı. İslamın Azərbaycan üçün ənənəvi
məzhəbləri şiə və sünni məzhəbləridir.
Ancaq sonralar ölkəmizdə İslam aləminin belə qəbul
etmədiyi məzhəbləri missionerlər burda təbliğ
etməyə başladılar. Xristianlığın Avropada
qadağan olunmuş şəkilləri, məsələn,
“Yahoba şahidləri” və s. ölkəmizdə missionerlər
tərəfindən təbliğ olunur. İlk əvvəllər
Azərbaycan bu məsələlərdə bir az təcrübəsiz
idi və bu təşkilatlar müxtəlif yollarla qeydiyyatdan
keçə bilirdilər. Amma indi dövlət belə məsələlərdə
daha diqqətlidir. Çünki belə missioner təşkilatlara
nəzarət olmasa, onlar cəmiyyətimizin gələcəyi
üçün böyük təhlükə yarada bilər.
Bu gün bu sahədə ciddi dövlət nəzarəti var.
Amma vətəndaşlarımız da bu məsələdə
diqqətli olmalıdır.
- Cəmiyyətimizdə
İslama olan münasibəti necə dəyərləndirirsiniz?
- İslama, milli-mənəvi
dəyərlərə qayıdış var. Dövlətimiz
də buna imkan yaradır. Din özü ən böyük mənəvi
dəyərdir. Məscidlərin bərpasına şəxsən
dövlət başçısının diqqət
ayırması ölkədə dinə olan yüksək
ehtiramdan xəbər verir. Ölkədə bu sahədə
böyük işlər görülür. Mədrəsələr
tikilir, dini təhsilə maraq artırılır. Bu yaxınlarda
Bakı İslam Universiteti dövlət qeydiyyatına
alındı. Sonra Bakı Dövlət Universitetində
1993-cü ildən İlahiyyat fakültəsi fəaliyyətə
başlayıb ki, burda əsas məqsəd yüksək
ixtisaslı dinşünaslar hazırlamaqdır. Bu təhsil
müəssisəsində tədris dünya standartlarına
uyğun bir şəkildə aparılır. Yetişdirdiyimiz
tələbələr arasında onlarla elmlər namizədi
var bu gün də onlar bizimlə birgə
çalışırlar. Bəzən cəmiyyətdə
görürük ki, gənclərimiz arasında fanatizmə
yuvarlananlar da olur. Çünki onlar dini olduğu kimi təbliğ
edən insanlara qulaq asmırlar. Düşünürəm ki,
fanatizmə yuvarlanmamaq üçün onlar sadəcə
savadlarını artırmalıdırlar.
V.Məmmədəliyev Məhərrəm
ayı haqqında da ümumi məlumatlar verdi və insanlara bu
ayın mahiyyətindən qısaca danışdı: “Məhərrəm
ayını Azərbaycan xalqı hər zaman qeyd edir. İmam
Hüseynin xatirəsini yad edirlər. İfrata varmaq
düzgün deyil, amma bu ayın əhəmiyyətini də
azaltmaq olmaz. İmam Hüseyn İslamın böyük şəxsiyyətlərindən
biri idi. O olmasaydı, bəlkədə İslamda bütpərəstlik
ənənələri yaranardı. O, öz şərəfli
ölümü ilə İslamı da təhlükədən
xilas etdi. Ona görə də Məhərrəm ayını
onun və silahdaşlarının müqəddəs ruhuna
uyğun bir şəkildə qeyd etməli və dualar etməliyik”.
Akademik hər zaman maraqlı
kitab nəşrləri ilə oxucuları sevindirir. Elə
növbəti il də V.Məmmədəliyev daimi
oxucularının diqqətini nəzərə alıb:
“Quran”ın təfsiri üzərində işləyirəm. Bu
kitabdan əlavə gənc bir heyətlə hədislərin tərcüməsinin
5-6 cilddə nəşrini planlaşdırırıq. Bilirsiniz,
indi oxucular 10-15 cildlik kitabı oxumağa elə də həvəsli
deyillər. Ona görə də 5-6 cilddə kitab nəşri
barədə düşünürük”.
Nüşabə
Palitra. -23 dekabr. -2009. – S.6.