Günəş enerjisindən istifadənin yeni layihəsi hazırlanıb

 

Nurməmməd Məmmədov: “Alternativ regenerativ enerjinin hesabına Bakının bütün binalarının fasadlarını və magistral yolların işıqlandırılmasını təmin etmək mümkündür”

 

Nurməmməd Yaşar oğlu Məmmədov 1951-ci ildə Şəki rayonunun Baş Zəyzid kəndində anadan olub. 1968-1973-cü illərdə ovaxtkı Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda oxuyub, istilik-qaz təchizatı və ventilyasiya sahəsində inşaatçı-mühəndis ixtisası alıb. İlk əmək fəaliyyətinə təhsil aldığı institutun birləşmiş qazanxanasında növbə rəisi vəzifəsində başlayıb, 1977-ci ildən isə müsabiqə ilə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər kafedrasına assistent vəzifəsinə keçib.

Elə o vaxtdan indiyə qədər həmin kafedrada əvvəlcə baş müəllim, sonra isə dosent vəzifələrində çalışır. Moskva Dövlət İnşaat Mühəndisləri Universitetində namizədlik dissertasiyasını müdafiə edib. 1994-2001-ci illərdə Mühəndis sistemləri və qurğuları tikintisi fakültəsinin dekanı vəzifəsində işləyib. 80-dən çox elmi əsərin, o cümlədən 5 dərsliyin, 4 dərs vəsaitinin, 14 metodik vəsaitin müəllifidir. Elmi əsərləri Moskva, Minsk, Kiyev, Tomsk, Volqoqrad və digər şəhərlərdə çap olunub. Hazırda “Müasir binalar üçün istilik enerjisinin tələbat rejiminin optimallaşdırılmış modelləri” mövzusunda doktorluq dissertasiyasını bitirmək ərəfəsindədir. Ailəlidir, iki övladı və dörd nəvəsi var. Nurməmməd Məmmədov söhbətə Bakıda aparılan tikinti-quruculuq işləri ilə başladı:

- Bu gün Bakı şəhəri sanki yenidən qurulur. Şəhərin elə bir küçəsi, döngəsi, parkı yoxdur ki, orada tikinti-quraşdırma, abadlıq işləri aparılmasın. Belə sürətli tikinti işləri şəhərimizdə keçən əsrin 70-ci illərində, ümummilli lider Heydər Əliyev respublikada ilk dəfə hakimiyyətə gələndə aparılmışdı. 8-ci kilometr, Əhmədli, Günəşli, Yeni Günəşli, Yeni Yasamal və s. yaşayış massivlərində bu gün yüz minlərlə insanların rahat yaşadığı evlər, çoxsaylı metrostansiyalar və s. bilavasitə ulu öndərin bizə qoyub getdiyi yadigarlardır. Həmin illərdə başlanmış tikinti işləri bu gün daha iri miqyasda davam etdirilir. Bütün tikinti işlərinin bilavasitə Prezidentin ciddi nəzarəti altında aparılması, onun vaxtaşırı xüsusi əhəmiyyətli tikinti işləri ilə yaxından maraqlanması çox önəmli olmaqla bərabər bütün əlaqədar təşkilatların bu məsələdə mobil şəkildə fəaliyyət göstərməsinə zəmin yaradır. Bugünkü tikinti işləri o zamankından müasirliyi ilə fərqlənir. Azərbaycanın milli arxitekturası müasir tikintinin əsas atributlarından biridir. Yüksək mərtəbəli yaşayış, inzibati və s. çoxfunksiyalı binalar şəhərin ümumi görünüşünü dəyişdirib, şəhərə qeyri-adi gözəllik verib. Bu gün Bakı şəhərini dünyanın ən müasir, ən gözəl şəhərləri ilə müqayisə etmək olar. Bunu şəhərimizə gələn xarici qonaqlar da etiraf edirlər. Lakin aparılan tikinti işlərinin şəhərsalma prinsiplərinə uyğunluğu, inşaat norma və qaydalarının, dövlət standartlarının gözlənilməsi, binaların su, qaz, kanalizasiya, enerji təminatı, yanğınaqarşı ventilyasiya sistemləri, sanitar-gigiyenik normalar müasir tələbatlara uyğundurmu?

Birinci növbədə qeyd etmək lazımdır ki, tikilən müasir çoxmərtəbəli binalarda memarlıq və konstruksiya elementləri müasir tələblərə uyğun şəkildə layihələndirildiyi halda binaların enerji təminatı, mühəndis-kommunikasiya sistemləri və digər ekoloji aspektlər müəyyən qədər kölgədə qalır.

Gəlin bu işlərə bir qədər elmi cəhətdən yanaşaq.

Bu gün bütün dünyada enerji çatışmazlığı, enerji təhlükəsizliyi və enerjiyə qənaət məsələləri ən aktual problemlərdən sayılır. Üzvi yanacağın (neft, qaz, bərk yanacaq) ehtiyatlarının sonsuz olmaması, onun yandırılmasına müəyyən qədər qadağaların qoyulması və s. məsələlər dünya alimlərini cəmiyyətin enerji tələbatının ödənilməsi üçün alternativ variantlar axtarmağa məcbur etdi. Dünyanın iri dövlətləri də daxil olmaqla bir sıra aparıcı ölkələr üzvi yanacağın yandırılmasına məhdudiyyət qoyan məşhur Kiota protokolunu və bu yaxınlarda Danimarkanın Kopenhagen şəhərində yeni bir protokolu imzalayaraq ətraf mühitin qorunması yolunda mühüm bir addım atıblar.

Üzvi yanacağın yandırılmasına məhdudiyyət qoyulmalıdır! Əks halda Yer kürəsi qarşısının alınması mümkün olmayan fəlakətlərlə üzləşə bilər.

- Bəs çıxış yolu nədir?

- Bu problemlərin həllində yeganə çıxış yolu mövcud enerji mənbələrindən səmərəli, effektiv, məqsədyönlü istifadə etmək və iri addımlarla alternativ regenerativ enerjidən istifadə olunmasına keçməkdir. Bu gün bütün dünyada enerjidən effektiv istifadə edən intellektual binaların layihələndirilməsinə və tikintisinə xüsusi fikir verilir. İntellektual binalar dedikdə daxili mühitdə ekoloji və sosial nöqteyi-nəzərdən tələb olunan tam komfort şəraiti yaratmaq üçün enerji tələbatının (istilik və elektrik enerjisi) minimuma endirildiyi binalar nəzərdə tutulur. Bu məqsədlə binaların daxili planlaşdırılması, onların xarici ölçülərinin formaya uyğun seçilməsi, hakim küləklərə uyğun olaraq cəhətlənmənin seçilməsi, fasadlara nəzərən isitmə sisteminin layihələndirilməsinin tənzimlənməsi, xarici qoruyucu konstruksiyaların və istilik izolyasiya materiallarının optimal seçilməsi və s. məsələlər kompleks şəkildə həll edilir. Hətta bir sıra Avropa ölkələrində praktik olaraq istilik itkisi olmayan “passiv” binaların tikintisi geniş yayılıb. Bəs bizdə vəziyyət necədir? Heç olmasa bir dənə intellektual, yaxud da sadəcə olaraq enerjidən effektiv istifadə edən yaşayış binası tikmişikmi? Tikdiyimiz çoxmərtəbəli binaların xarici konstruksiyaları istilik-texniki tələbləri ödəyirmi? Xarici divar konstruksiyalarının istilik izolyasiyası nə vəziyyətdədir və yaxud onlar ümumiyyətlə izolyasiya edilirmi? Bizim hesabatlarımız göstərir ki, ancaq xarici divar konstruksiyalarının izolyasiyası hesabına çoxmərtəbəli binanın istilik enerjisinə olan tələbatını 32-34% aşağı salmaq olar. Kiyev şəhərində xarici divar konstruksiyalarının istilikötürmə əmsalı 0,28 Bt/(m2dər) qəbul olunur, bizdə isə bu rəqəm 1,2-1,5 intervalında dəyişir. Nə qədər istilik enerjisinin itkisinə yol verildiyi göz qabağındadır.    

- Bu məsələlərlə bağlı elmi araşdırmalar aparılırmı?

- Bir məsələni qeyd edim. Mən bu yaxınlarda (11-13 noyabr 2009-cu il) Moskva Dövlət İnşaat Universitetində keçirilən “İstilik-qaz təchizatı və ventilyasiyanın nəzəri əsasları” mövzusunda III Beynəlxalq konfransda iştirak etmişəm. Mənim orada müasir binalar üçün istilik enerjisinin paylanması və idarə olunmasında informasiya texnologiyalarının tətbiqinə aid məruzəm böyük rezonansa səbəb oldu. Moskva, Minsk, Volqoqrad, Voronej, Riqa, Kiyev, Nijni-Novqorod və digər şəhərlərdən gələn alimlər bizim işlərimizlə yaxından maraqlanmağa başladılar, gələcəkdə bizimlə əməkdaşlıq etmək istədiklərini bildirdilər. Bunu qeyd etməkdə əsas məqsədim ondan ibarətdir ki, bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində tikintinin müxtəlif sahələri üzrə yüksək səviyyəli, dünyanın ən qabaqcıl alimləri ilə müqayisə olunan və onlardan heç də geri qalmayan mütəxəssislər çalışır. Onların potensialından istifadə etmək həm tikinti işlərinin müasirləşməsinə, həm də tikinti texnologiyasında elmin müasir nailiyyətlərindən istifadə olunmasına səbəb olardı.

Məsələn, universitetin İstilik təchizatı və istilik texnikası və Qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər kafedralarında müasir binalar üçün isitmə, ventilyasiya, kondisioner və qaz təchizatı sistemlərinin hesabatına, alternativ regenerativ enerji mənbələrindən istifadəyə, suyun yumşaldılması və axıntısız su emalı texnologiyasına aid MDB məkanında analoqu olmayan elmi işlər aparılır. Bu işlərdən müasir şəhər tikintisində istifadə olunması milyonlarla iqtisadi səmərənin və yaşadığımız şəhərin ətraf mühitinin qorunmasının zəmanəti olardı. İstilik təchizatı və istilik texnikası kafedrasının əməkdaşlarının yaratdığı ekoloji cəhətdən təmiz tullantısız su emalı texnologiyası bu gün bütün MDB məkanında və dünyanın bir sıra inkişaf etmiş ölkələrində müvəffəqiyyətlə istifadə olunur.

Apardığımız müşahidələr göstərir ki, Bakı şəhərində ilin 292 günü günəşli, 310 günü isə küləkli olur. Bu isə milyardlarla kilovat enerji deməkdir. Kafedramızın əməkdaşları Beynəlxalq Ekoenergetika Akademiyasının və “Buxar” kollektiv müəssisəsinin mütəxəssisləri ilə birlikdə müasir binalar üçün isitmə və isti su təchizatı sistemləri üçün günəş enerjisindən istifadə etmənin yeni layihələrini hazırlayıblar. Bu layihələrdən Bakı şəhərinin tikintisində istifadə olunması yüksək səviyyəli arxitekturaya malik müasir binalarımızın xarici görünüşünü pis vəziyyətə salan yerli isitmə sistemlərindən birdəfəlik imtina etməyə, eyni zamanda milyon manatlarla iqtisadi səmərənin əldə olunmasına gətirib çıxarardı. Digər tərəfdən üzvi yanacağın yandırılmaması ətraf mühitin çirklənməsinin qarşısını alar, artıq yanacağı xarici ölkələrə satmaq mümkün olardı. Məlumat üçün qeyd edim ki, Moskva və Kiyev şəhərlərində yerli isitmə sistemlərindən istifadə olunması birmənalı şəkildə qadağan edilib.

Daha bir ciddi məsələnin üzərində dayanmaq istərdim. Beynəlxalq Ekoenergetika Akademiyasının əməkdaşları ilə birlikdə apardığımız tədqiqatların nəticələrinə əsaslanaraq deyə bilərik ki, bu gün ekoloji cəhətdən tam təmiz alternativ regenerativ enerjinin hesabına heç bir əlavə işçi qüvvəsi və enerji mənbəyi olmadan Bakı şəhərinin bütün binalarının fasadlarının və magistral yollarının işıqlandırılmasını təmin etmək mümkündür.

Şəhərimizdə küləyin sürətinin yüksək olması (normalara əsasən Bakı şəhəri üçün yanvar ayında küləyin orta sürəti 8,4 m/san götürülür) külək enerjisindən də istifadə etmək zərurətini yaradır. Nəzərə alsaq ki, Lökbatan-Xocasən ovalığı boyunca demək olar ilin 365 günü külək əsir, onda Bakı şəhərinin enerji təchizatında külək enerjisindən də istifadə olunmasının vacibliyi aydın olar.

Əməkdaşlarımız eyni zamanda ucqar rayonlarda və kəndlərdə biokütlədən istifadə etməklə nisbətən kiçik yaşayış evlərinin, məktəblərin və s. obyektlərin isitmə sistemləri üçün bioqaz alınması layihəsini də işləyib hazırlayıblar. Kənd yerlərində çoxsaylı iribuynuzlu heyvanların çox olması ekoloji cəhətdən təmiz olan bu enerji növündən də istifadənin səmərəliliyini göstərir.

Apardığımız hesabatlar göstərir ki, qeyd olunan alternativ mənbələrdən alınan enerjinin qiyməti üzvi yanacaqdan alınan enerjidən bir neçə dəfə baha başa gəlir. Lakin nəzərə alsaq ki, üzvi yanacaq tədricən tükənir, tükəndikcə onun qiymətinin qalxması labüddür və yaxın gələcəkdə bu qiymətlər arasındakı fərq minimuma enəcək, digər tərəfdən üzvi yanacağın yandırılması ətraf mühitin çirklənməsində əsas amillərdən biridir və yaxın gələcəkdə onun yandırılmasına qoyulan qadağalar daha da gücləndiriləcək, alternativ regenerativ enerjidən istifadəyə keçidin sürətləndirilməsinin labüd olması aydın olar.

Son illərin təcrübəsi göstərir ki, müasir binaların tikintisində yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Yanğına qarşı ventilyasiya sistemlərinin layihələndirilməsinə ciddi yanaşılmalıdır. Bu məsələlərdə müasir texnologiyalardan istifadə olunması vacibdir.

Binaların layihələndirilməsində sanitar-gigiyenik normaların tam şəkildə təmin olunması da bu gün həllini gözləyən aktual problemlərdəndir.

Yeri gəlmişkən qeyd edim ki, Rusiyada isitmə, ventilyasiya və kondisioner sistemləri üzrə mütəxəssislərin assosiasiyası yaradılıb. Həmin assosiasiya qeyd olunan sahədə dünyadakı bütün yenilikləri axtarıb tapır, yüksək səviyyədə nəşr etdirdikləri iki beynəlxalq jurnalda onları çap etdirir, yeni normaların və digər normativ sənədlərin hazırlanmasında yaxından iştirak edir. Bizim respublikamızda da ictimai əsaslarla belə bir elmi cəmiyyətin yaradılması tikinti sektorunda müasir texnologiyaların tətbiqinə, elmin uyğun sahəsinin inkişafına, kadr hazırlığına böyük köməklik göstərərdi.

 

 

Miriyev  Anar

 

Palitra. -23 dekabr. -2009. –S.7.