Müasir tarixdə lobbi amili

 

Lobbi fərdi və kollektiv münasibətlərin siyasi sistemidir

 

Qeyd edək ki, elmlə bağlı həyata keçirdiyimiz layihə çərçivəsində gənc tədqiqatçıların fikir və fəaliyyətlərini də işıqlandırmağı qarşıya məqsəd qoymuşuq. Bu baxımdan AMEA Tarix İnstitutunun dissertantı, diaspor və lobbizm sahəsində gənc tədqiqatçı Yəhya Babanlı ilə söhbətləşdik.

- Müasir lobbiçilik fəaliyyəti necə qurulmalıdır?

- Lobbiçiliyin metodları müasir dövrün qanunauyğunluqları ilə uzlaşmalıdır. Qloballaşma və transformasiya dövründə lobbi hərəkatını genişləndirməkdə və gücləndirməkdə əsas məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, milli özünəməxsusluğunu təbliğ etmək, inkişaf etmiş ölkələrin diqqətini ölkəmizə yönəltmək və insanlarda bura qarşı maraq oyatmaqdan ibarət olmalıdır. Eyni zamanda, dünyanın nüfuzlu təşkilatlarının diqqətini özümüzə cəlb etmək, Birləşmiş Millətlər Təşkilatı, Avropa İqtisadi Birliyi, Avropa Şurası və beynəlxalq aləmdə fəaliyyət göstərən başqa təşkilatlarla qarşılıqlı münasibətlər qurmaq və onların mövqeyindən, təcrübəsindən bəhrələnmək lazımdır.

- Bütün bunların reallaşmasında əsas güc və fəaliyyət kimin üzərinə düşür?

- Bu məsələlərin reallaşmasında əsas güc birinci olaraq xarici dövlətin vətəndaşı olan etnik mənşəli azərbaycanlılar və özünü azərbaycanlı hesab edənlərin üzərinə düşür. Bunlar müxtəlif ictimai mənşəyə mənsub ola bilərlər - siyasi lider, elm xadimi, mədəniyyət işçisi və digərləri. Daha sonra xaricdə müvəqqəti yaşayanlar və fəaliyyət göstərənlər bu işdə fəal olmalıdır. Üçüncüsü isə beynəlxalq təşkilatlarla əməkdaşlıq edən yerli dövlət və ya qeyri-dövlət təşkilatları, yəni siyasi partiyalar, ictimai birliklər, qeyri-hökumət təşkilatları və başqalarının üzərinə güc düşür.

O cümlədən, xarici ölkələrdə yerli əhali ilə yanaşı digər xalqların lobbi birlikləri ilə əməkdaşlıq etmək əsas şərtdir.

- Lobbimizin formalaşma tarixi və xüsusiyyətləri barədə nələri qeyd etmək olar?

- İyirminci yüzilliyin sonlarında yaşadığımız planetin geosiyasi düzəni dəyişərək başqa səmtə yön aldı.  Yeni dünya mənzərəsi müstəqil dövlətlərin meydana çıxmasına şərait yaratdı. Lakin postsovet məkanında hökm sürən xaos-anarxiya, siyasi-iqtisadi tənəzzül gənc dövlətlərin acınacaqlı duruma düşməsinə, narazı əmək miqrantlarının yaranmasına səbəb oldu. Sadalananlar üzündən ölkəni tərk edənlər milli maraqları çərçivəsində yox, şəxsi mənafeyi uğrunda mübarizəyə qoşulurdu. Nəticədə xoşagəlməz məqamlar ortaya çıxırdı. Maddiyyata satılan işsiz ordu formalaşırdı. Bu amillər birbaşa milli təhlükəsizliyimizə ağır zərbə idi. Nəticədə dövlətimizin xarici siyasətinin əleyhinə, beynəlxalq imicinə xələl gətirən narazı lobbi kontingentindən ibarət qruplar yaranırdı. Elə buna görə də yüzilliklər boyu formalaşmış və qəbul edilmiş lobbi mexanizminə yeni müstəqillik qazanmış keçmiş sovet ölkələrində başqa yanaşma tələb olunurdu.  Tarix dönə-dönə sübut edib ki, milli keyfiyyətlərdən məhrum olaraq assimliyasiya prosesinə uğrayan millətlər yer üzündən silinmə kimi təhlükələrlə üzləşirlər. Bunun üçün müasir dünyanın qabaqcıl dövlətləri və xalqları ilə münasibətlər qurmaq və mütəmadi ünsüyyət saxlamaq lazım idi. Buna görə isə lobbi hərəkatını gücləndirmək və düşünülmüş şəkildə həyata keçirmək lazım idi. Yalnız bu halda beynəlxalq nüfuz qazanmaq olar. Azərbaycanda xoşagəlməz tendensiyaların və ümummilli problemlərin qarşısının alınması və lazımi məcraya yönəldilməsi Heydər Əliyev fenomenal dühasının və siyasi müdrikliyinin sayəsində reallaşdı. Müasir tarixi zərurət və xalqın təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkə daxilində gedən sosial-iqtisadi proseslərə yeni düzən verdi. Milli dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində konkret addımlar atıldı. Görülən əməli işin  nəticəsində Azərbaycanın beynəlxalq aləmə çoxşaxəli inteqrasiyasına, enerji asılılığından çıxmasına, azad iqtisadiyyatın yaradılmasına və geostrateji maraqların müəyyənləşdirilməsinə nail olundu. Bu, milli dövlətçiliyimizin, suverenliyimizin, milli təhlükəsizliyimizin təmin edilməsi istiqamətində atılan addım və hüquqi, demokratik, sivil vətəndaş cəmiyyətinə malik firəvan həyatın başlanılması üçün başlanğıc idi. Ən əsası isə ölkə ərazisində yaşayan azərbaycanlılarla yanaşı xaricdəki həmyerlilərimizə münasibətdə yeni mərhələ başladı. Bir sözlə, Azərbaycanın qazandığı ikinci müstəqillik qələbəsi ölkə ərazisində yaşayan azərbaycanlılarla yanaşı həm də dünyaya səpələnən 50 milyonluq soydaşımızı bir mərkəzdən koordinasiya etmək üçün şərait yaratdı.

Məhz ulu öndər himayəsiz diasporumuzun taleyinə və plansız lobbi işinə xüsusi diqqətlə yanaşdı. Bu sahəni bütövlükdə əhatə edənəcən “Xaricdə yaşayan azərbaycanlılar” haqqında qanun qəbul olundu. Bununla “Xaricdə yaşayan azərbaycanlılar” anlayışı ictimai və dövlət səviyyəsində dərk olundu. Milli diasporumuzun hüquqi təyinatı və lobbi siyasətinin cəhətləri müəyyənləşdi. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən həmvətənlərimizlə qarşılıqlı əlaqələrin qurulmasına başlanıldı. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsində və onların milli özgürlüyünün qoruyub saxlanmasında və inkişaf   etdirilməsində yeni mərhələ başladı. Azərbaycan lobbi işinin müəllifi ümummilli lider Heydər Əliyev bu sahəyə daim diqqət və qayğı ilə yanaşıb və fikirlərini aşağıdakı sözlərlə ifadə edib: “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən”.

Bu gün dünyanın geosiyasi arealında istər daxili, istərsə də xarici lobbinin təsir imkanları gündən-günə artır. Müasir şəraitdə Azərbaycan dövləti və hökuməti lobbi potensialının formalaşmasına xüsusi önəm verir. Bu amilin milli maraqlarımızın təminatında rolu araşdırılaraq bu istiqamətdə fəaliyyət göstərməsi üçün çoxşaxəli və kompleks işlər aparılır. Misal olaraq ölkəmizin milli təhsil strategiyasında xaricdə təhsil alan tələbələrin sayının ildən-ilə artırılması bu işin potensialını artırır. Məhz təhsil almağa, elmi-bilik səviyyəsinin yüksəldilməsinə çalışan, müxtəlif dövlət və qeyri-dövlət sahələrində fəaliyyət göstərən həmvətənlərimiz açıq şəkildə ölkəmizi təbliğ edirlər.

- Bu baxımdan təhsil sahəsi vasitəsi ilə görülən daha hansı işləri sadalamaq olar?

- Hazırda respublikamızdan kənarda təhsil alan tələbə kontingentinin ali təhsil aldığı univesitetlərdə yerli əhali ilə yanaşı müxtəlif ölkələrdən gələn xalqların nümayəndələri ilə münasibət qurulmasına şərait yaranır. Bu şəxsi münasibətlərin gələcəkdə dövlətlərarası əlaqələrin yaranmasına və təmsil olunduqları qurumlarla əməkdaşlığın inkişafına müəyyən təsiri olacaqdır. Çünki bu insanlar artıq bir-birinin psixologiyası, adət-ənənələri ilə yaxından tanışdırlar. Bu da gələcəkdə münasibətlərin milli xüsusiyyətlər zəminində qurulmasına əsas verəcək. Nəticədə ölkələrarası əlaqələrin, xalqlararası münasibətlərin inkişafına müsbət təsir edəcək. Nəzərə alaq ki, müəyyən vaxt keçdikdən sonra bu insanlar müxtəlif mövqeyə malik şəxslərə çevriləcəklər. Onda şəxsi münasibətlərin rəsmi şəkildə beynəlxalq əməkdaşlığımıza səmərə verəcəyini də düşünə bilərik. Bu da birbaşa düşünülmüş şəkildə lobbi işinin həyata keçirilməsinə, elmi ictimaiyyət, dövlət instansiyaları, hakimiyyət nümayəndələri, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələrin qurulmasına imkan verir. Sadalanan potensiallardan düzgün istifadə lobbizmin gücləndirilməsinə güclü təkan verən amillərdəndir.  Lobbinin keyfiyyətini xarakterizə edən kəmiyyətlər sırasında lobbiçinin yaşadığı cəmiyyətdə və işlədiyi təşkilatda düzgün münasibətin qurulması və geniş nüfuzun qazanılması qeyd edilməlidir.

Keçən əsrin sonlarında baş verən siyasi proseslərin keçmiş postsovet ölkələrində bir sıra problemlər yaratdığını vurğulamışdıq. Bu, ölkəmizdən də yan keçmədi. Azərbaycan və azərbaycanlılar ümummilli problemlə qarşılaşmışdılar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi ilə üz-üzə qaldıq. Üzləşdiyimiz haqsızlıq bütün detallarını dünya ictimaiyyətinə, müvafiq təşkilatlara çatdırılmalıdır. Bunun üçün düşünülmüş lobbi işinin həyata keçirilməsi şərti vacibdir. Bu fəaliyyəti daha da geniş vüsətlə həyata keçirmək lazımdır. Bu imkanlar digər ölkələrin müvafiq birlikləri ilə əlaqələrin qurulmasında, müştərək çıxışların edilməsində daha fəal olmağımızı əsaslandırır. Onu da xüsusilə qeyd etmək olar ki, dövlətimizin xarici siyasətində artıq lobbiçilik geniş yer alıb. Azərbaycan lobbisinin ictimai-sosial sistemi iqtisadi-siyasi fəlsəfə ilə əvəzlənib. Gənc lobbimizə təkan verən amillər sırasında Azərbaycanın tarazlaşdırılmış xarici siyasət kursunun olması, həm regional, həm də beynəlxalq, inteqrasiyasının cəhətlərininin müəyyən edilməsi durur. Ölkəmizin beynəlxalq aləmdə sivil vətəndaş cəmiyyəti, dini dözümmlülük məkanı kimi tanınmasına, yeraltı və yerüstü sərvətlərin, bəşər cəmiyyətinin inkişafına yönəldilən layihələrin həyata keçirilməsinə, qloballaşmanın təzahürü olan enerji təhlükəsizliyi siyasətinin dəstəklənməsinə və aparıcı rola malik dövlət kimi tanınmamıza nail olunub. Belə ki, artıq dövlətimizin xaricdə yaşayan həmvətənlərimizlə əlaqələrin daha da genişləndirilməsi və lobbi hərəkatının həyata keçirilməsini təmin edən fəaliyyət proqramı buna real zəmin yaradıb.

- Azərbaycan lobbisinin əsas hədəfləri nələrdən ibarət olmalıdır?

- Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində lobbiçiliyə verdiyi böyük önəmi belə ifadə edir:  “Ümumazərbaycan məsələləri ilə bağlı təsirli addımlar atılmalı, aparıcı ölkələrdə güclü Azərbaycan lobbisi formalaşdırılmalıdır. Dost icmalar və lobbi təşkilatları ilə səmərəli əməkdaşlıq qurulmalı, diaspor quruculuğu sahəsində onların müsbət təcrübəsindən istifadə olunmalıdır .”

Hal-hazırda, Azərbaycan lobbisi öz səmərəli işi ilə xarici simamızı əks etdirir. Son illər bu sahədə ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız tərəfindən müəyyən nailiyyətlər əldə edilsə də bunu qənaətbəxş hesab etmək olmaz. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının Konqresinin gələn ilin büdcəsindən separatçı Dağlıq Qarabağ bölgəsinə səkkiz milyon dollarlıq maliyyə vəsaiti ayırması bunu bir daha sübut edir. Məhz bu səbəblər bizi daha da mütəşəkkil birləşməyə və məqsədyönlü iş aparmağa sövq edir.

 

 

Ağayev İlkin

 

Palitra. -23 dekabr. -2009. –S.9.