Dərs vəsaiti və tədris proqramlarının müəllifi
Nyu-York EA-nın akademiki və Türk Dili Qurumunun üzvü, GUAM-ın diplomçusu, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov doğma ana dilinin və bütövlükdə türkologiyanın vurğunu və onun yorulmaz tədqiqatçısı, təəssübkeşi və təbliğatçısıdır.
Heç təsadüfi deyil ki, professor M.Çobanov uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü olub. O, çoxşaxəli, zəngin və məhsuldar elmi və elmi-metodik yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti ilə nəinki Azərbaycan filologiyasında, eləcə də türkologiyada xüsusi yer tutan, daim diqqət mərkəzində saxlanılan, yaradıcılığı elmi ictimaiyyətin marağına səbəb olan, həmkarları - alimlər arasında öz səsi, öz nəfəsi, öz ideyası, araşdırma manerası, öz qələmi ilə fərqlənən alimlərimizdən biridir.
Professor M.Çobanov elmə dialektoloq kimi gəlib, onomatoloq kimi elmin ən yüksək zirvələrinə ucalıb, türkoloq kimi həmin zirvədə ədəbiyaşarlığını təmin edib. Onun elmi yaradıcılığında Azərbaycan dilçiliyinin dialektologiya, onomalogiya, müasir ədəbi dil məsələləri, dil əlaqələri, ümumi türkoloji məsələlər, dilin tədrisi metodikası, mətn dilinin təhlili, lüğətçilik məsələləri, ədəbi tənqid, ədəbi əlaqələr və publisistika, pedaqoji və təhsil məsələləri ilə yanaşı hərbi humanitar elmlərin araşdırılması məsələləri də daim diqqət mərkəzində olub.
Qeyd olunanlardan göründüyü kimi, professor M.Çobanovun elmi yaradıcılığı həm çoxşaxəli, həm də çox məhsuldar olub. Onu da qeyd edək ki, Mədəd müəllim yuxarıda adları qeyd olunan elm sahələrinin əsasını da, həmin sahələr üzrə ilk tədris proqramlarını da, ilk dərs vəsaitlərini də, ilk dərslikləri də hazırlayıb çap etdirib. Bütün bunlar göstərir ki, professor M.Çobanov müasir elmin həm nəzəri, həm də tətbiqi sahələrinə ətraflı cavab verən, elmi əlaqələndirmə problemlərini dərindən bilən, elmdə özünü göstərən boşluqları müəyyənləşdirməyi bacaran yaradıcı, təşəbbüskar, yüksək dərəcədə ixtisaslaşmış və geniş miqyaslı fəaliyyət göstərən və elmi araşdırmalarına məsuliyyətlə yanaşan istedadlı alimlərimizin ön sıralarında adı çəkilən, elmin zirvəsinə doğru gedən, vətənpərvər alimlərimizdəndir.
Onun əsərləri Azərbaycan, türk, türkmən, özbək, qırğız, gürcü, rus və s. dillərdə çap olunub. 1980-ci illərdən bəri ali məktəblər üçün yazdığı dərsliklərdən yalnız Azərbaycanda yox, onun hüdudlarından kənarda da istifadə olunur. O, 120-dən çox beynəlxalq, keçmiş SSRİ, ölkə, ali məktəb miqyaslı elmi konfranslarda fəal iştirak edib. O, elmi konfranslarda fəal iştirakına, müasir və aktual mövzularda maraqlı məruzələrlə çıxış etdiyinə görə bir neçə dəfə Təşkilat Komitəsi tərəfindən mükafatlandırılıb, o cümlədən iki dəfə Türkiyənin simvolik Dövlət Bayrağı ilə təltif olunub.
Professor M.Çobanov 1996-cı ilin sentyabr ayından 2003-cü ilə kimi Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində Dillər kafedrasının müdiri, kafedra ləğv olunduqdan sonra isə professor vəzifəsində fəaliyyət göstərib. Bu dövr ərzində Mədəd müəllim kursantlara və zabitlərə dərs deməklə yanaşı həm də geniş sahədə elmi araşdırmalarını davam etdirib.
Ümumilikdə isə M.Çobanov hərbi humanitar elm sahəsi ilə bağlı 20-dən çox tədris proqramı, 25 kitab və kitabça, o cümlədən 15 dərslik, dərs vəsaiti və metodik göstərişlər, 5 hərbi vətənpərvərlik ruhlu monoqrafiya, hərbi xarakterli 2 lüğət, həmçinin 80-a yaxın elmi məqalə yazıb çap etdirib. Bunlardan başqa Mədəd müəllim həm də 30-dan çox kitabın elmi məsləhətçisi, elmi redaktoru, rəyçisi və ya rus dilindən Azərbaycan dilinə tərcüməçisi olub.
Əslən Gürcüstanın Borçalı mahalından olan Mədəd müəllim çoxillik elmi-pedaqoji fəaliyyətlə yanaşı Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin öyrənilməsinə də geniş yer ayırıb. Hələ Gürcüstanda işlədiyi illərdə iki xalq arasında zəngin tarixə malik ədəbi münasibətlərin inkişafı üçün əlindən gələni əsirgəməyib. Bu baxımdan alimin “Azərbaycan-gürcü ədəbi əlaqələri” kitabını göstərmək olar. Onun yazıları “Azərbaycan”, “Ədəbiyyat və incəsənət”, Gürcüstanda “Saxalxo qanatleva”, “Sovet Gürcüstanı” və digər qəzet və jurnallarda işıq üzü görüb. Həmçinin S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun “Elmi Əsərlər” məcmuəsində dərc edilib. Alimin “Azərbaycan-türk köklü toponimlər”,”Borçalı toponimləri” kimi tarixi və elmi linqvistik əsərləri var. Alim Tbilisidə ümumtəhsil və ali məktəblərin filologiya fakültələri üçün tədris proqramları, dərs vəsaitləri, monoqrafiyalar hazırlayıb çap etdirib. Qonşu ölkə ilə ünsiyyət problemini aradan qaldırmaq məqsədilə M.Çobanov hələ 1977-ci ildə M.Çinçaladze ilə birlikdə “Azərbaycanca-gürcücə qısa danışıq lüğəti” tərtib edərək Tiflisdə dərc etdirib. Sonralar həmin lüğət təkmilləşdirilərək təkrar çap olunub. Hətta həmin vəsaitlə bağlı “Veçerni Tbilisi” qəzetində bu, yüksək qiymətləndirilib. Orada göstərilir ki, bu lüğət Gürcüstanda ilk belə nəşrdir. Görkəmli dilçi alim, professor M.Çobanov elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Nigar
Palitra. -23 dekabr. -2009. –S.10.