Elm və sənəti birləşdirən dəyərli kitab

 

Azərbaycan incəsənəti respublikamızın hüdudlarından kənarda da yaxşı tanınmaqdadır. Mütəmadi olaraq keçirilən sərgilər, təqdimat mərasimləri, yubileylər Azərbaycan incəsənətinin həm ölkəmizdə, həm də xaricdə populyarlıq qazanmasına şərait yaradır. Bu uğurlu durum dövlətimizin mədəniyyət sahəsindəki siyasətinin, elm və mədəniyyət xadimlərinin gördüyü işin əməli nəticəsidir.

İncəsənətin öyrənilməsi sənətşünaslıq elmi ilə bağlıdır. Azərbaycan sənətşünaslığının artıq bir əsrlik tarixi var. Bu gün sənətşünaslığın özü də ciddi, hərtərəfli tədqiqat obyektidir. Artıq bu sahədə bir sıra irihəcmli elmi əsərlər yazılıb, Azərbaycan sənətşünaslığının əhatəli, ardıcıl mənzərəsi yaradılıb.

Çağdaş sənətşünaslıqda perspektivli təsir bağışlayan nəşr formalarından biri də həm incəsənəti, həm də sənətşünaslığı əhatə etməkdən ibarətdir. Bir nəşrdə iki əlaqəli sahəni, əgər belə demək mümkünsə, birləşdirmək, onları eyni müstəvidə işıqlandırmaq, nəzəri mahiyyətini əlaqəli şəkildə izah etmək elmi axtarışların prinsipcə yeni imkanlarından xəbər verir. Bu maraqlı layihə sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadənin bu il çapdan çıxmış yeni əsərində - “İncəsənət və sənətşünaslıq” adlı kitabında gerçəkləşib.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı məqalələr, elmi xarakterli araşdırmalar toplanıb. Yazılar incəsənət və sənətşünaslıq xarakteri daşıyır ki, bu da kitabın adında öz ifadəsini tapır. Nəşrin elmi redaktoru tanınmış nəzəriyyəçi alim, sənətşünaslıq doktoru Rəna Abdullayevadır. Kitaba fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və sənətşünaslıq doktoru Kübra Əliyeva rəy veriblər.

Ərtegin Salamzadənin yeni kitabı quruluş etibarilə üç hissədən ibarətdir. Birinci hissə “Sənətşünaslıq”, ikinci hissə “Rəylər”, üçüncüsü isə “Portretler” adlandırılıb.

Birinci hissədə müəllif müasir Azərbaycan sənətşünaslığının qarşısında duran bir sıra məsələlərə toxunur. Buraya sənətşünaslıq islahatları, sənətşünaslığın paradiqma növbələşməsinin nəsil problemi, sənətşünaslıqda landşaft problemi, sənətşünaslıqda üçcəhətlilik prinsipi kimi maraqlı, elmdə hələlik az öyrənilmiş, əsasən nəzəri xarakter daşıyan problemlər daxildir. Azərbaycan sənətşünaslığının dövrləşdirilməsi problemi, incəsənət tarixinin izahedici mahiyyəti kimi ciddi elmi mövzular da kitabın birinci bölməsində yer alıb.

Kitabın “Rəylər” adlanan ikinci hissəsi də maraq doğurur. Bu hissədə Ərtegin Salamzadənin müxtəlif tədqiqatçıların elmi əsərlərinə verdiyi irihəcmli, geniş, analitik təfəkkürə malik məqalə yönümlü rəyləri daxil edilib. Bu rəylər Azərbaycan sənətşünaslığında və digər elm sahələrində aktiv polemikalara səbəb olan maraqlı məsələlərə müəllifin obyektiv, məntiqi münasibətini əks etdirir. Kitabın bu hissəsində Azərbaycanın qədim tarixi-memarlıq abidələrinə olan qeyri-ənənəvi baxışlar, eləcə də söy-kökümüz, qədim inanclarımız, əski türk təqvimi və folklor qarşılığı sahəsindəki fikirlər Ərtegin Salamzadə tərəfindən bir qədər də əsaslandırılıb, bəzi vacib məqamlar üzə çıxarılıb. Müəlliflərin, tanınmış tədqiqatçıların əsərlərinə, monoqrafiyalarına geniş mütəxəssis münasibəti bildirməklə Ərtegin Salamzadə öz yeni kitabında sənətşünaslıqda elmi yanaşma dəst-xəttini bir qədər də inkişaf etdirib, genişhəcmli elmi rəy anlayışının əhəmiyyətini təsdiqləyib.

Kitabın “Portretlər” adlanan üçüncü fəsli də diqqətdən yayınmır. Əgər birinci iki fəsildə müəllif sənətşünaslığın elmi-metodoloji, hüquqi və inzibati məsələlərini işıqlandırırsa, elmi əsərlərə münasibət bildirirsə, üçüncü fəsildə o, bədii yaradıcılıqla məşğul olan şəxsiyyətlərdən, onların sənət dünyasından söz açır. Bununla da müəllif sözügedən nəşrin üçxassəli məzmununu müəyyənləşdirir ki, bu xassələr ardıcıl olaraq elmi təhlil, elmi münasibət və bədii təhlil formalarından ibarətdir.

“Portretlər” bölməsində müəllif çağdaş Azərbaycan təsviri və tətbiqi sənətlərində öz dəst-xətti, baxışları ilə seçilən rəssamlardan, sənətkarlardan söz açır. Kitabda dörd sənətkarın - Məlik Ağamalovun, İlyas Alovun, Aida Mahmudovanın və Tofiq Rəsulovun sənət dünyası ideya və şəxsiyyət kontekstində nəzərdən keçirilir. Yəqin elə buna görə də Ərtegin Salamzadə yaradıcı insan fenomeninin təmsil olunduğu bu yazıları “portret” adlandırıb.

Məlik Ağamalovun rəngkarlıq tablolarına həsr olunmuş yazı rəssamın sənət görüşlərində özünü büruzə verən fəlsəfi kamilliyi əks etdirir. Ümumiyyətlə, bir sənətşünas kimi Ə.Salamzadə təhlildə günümüzlə ayaqlaşa bilməyən ənənəvi formalardan yan keçərək tablonun mahiyyətinin təsvir edilməsində izahedici pozisiyadan çıxış edir. Bu dəst-xətt sənətşünaslıq təhlilinin yeni imkanlarını əks etdirməklə burada sosioloji aspektin rolunu gücləndirir. Ə.Salamzadə təhlil zamanı təkcə görünəni, üzdə olanı qələmə almaqla kifayətlənmir. Tədqiqatçı sənət aləminin sosial mahiyyətini təfəkkür, cəmiyyət və fəlsəfi dünyagörüşü aspektində izah edir, sənətin forma və məzmununu onlarla əlaqələndirir. Qeyd edək ki, bu təhlil metodu nisbətən yeni olub ənənəvi təsvirçilik mövqelərindən imtina etməsi ilə səciyyələnir. Əlbəttə, izahedici təhlil çağdaş tamaşaçını və oxucunu özünə daha çox cəlb edir, çünki bu təhlil göz önündə olanı deyil, onun “pərdəarxası” ideya-estetik, fəlsəfi və sosial mahiyyətini dilə gətirir. Bu metod həm də humanitar elm sahələrinin konsentrasiyasının, onların İNSAN müstəvisində üz-üzə gəlməsinin təzahürüdür. İzahedici pozisiya kommunikativ və sosioloji əsaslardan qidalanmaqla texnogen əsrdə bədii sənətin mövqelərini qoruyub saxlamağa kömək edir.

Oxşar fikirləri İlyas Alovun, Aida Mahmudovanın yaradıcılığına verilən qiymət barəsində də söyləyə bilərik.  Ə.Salamzadə bu rəssamlardan hər birinin yaradıcı dünyagörüşünə sirayət etməklə onların sənət meyillərini düzgün müəyyənləşdirir, bu meyillərin sosial sənətşünaslıq baxımından əsaslandırılmış maraqlı təhlillərini verir. Kitabdan götürülmüş və İlyas Alovun (Elçin Firdovsi oğlu Əliyevin) yaradıcılığını xarakterizə edən aşağıdakı fikrə diqqət yetirək: “İlyas Alovun yaradıcılığı sosial və mədəni kommunikasiyaya istinad edir. Bunlardan birincisi indiyə, ikincisi isə keçmişə, bədii ənənələrə doğru yönəlmişdir” (s.166). Bununla da müəllif sənətkarın müasir əhvali-rühiyyəli tablolarının əslində milli sənət qaynaqlarından bəhrələndiyini əks etdirmiş olur.

Londonda təhsil alan gənc rəssam Aida Məmmədovanın yaradıcılığının işıqlandırılması da ənənəvi baxış bucağından xeyli fərqlənir. Professor Ə.Salamzadə gənc rəssamın sənət aləmində onun doğulub boya-başa çatdığı Bakı mühiti ilə oxuduğu Qərb aləmi arasında sənətdə əks oluna biləcək paralellər axtarmağa çalışır. Gənc rəssamın natürmort və mənzərələri təhsil aldığı Qərb mühiti ilə bağlı olsa da, burada peşəkar sənətşünas gözünün tuta biləcəyi milli başlanğıc var - bəlkə də məhz həmin keyfiyyət Ə.Salamzadəni bu tablolara diqqət yetirməyə sövq edib.

Şəbəkə ustası Tofiq Rəsulova həsr edilmiş yazıda həm isti məişət lövhələri, həm də sənətin peşəkar təhlil metodları özünü göstərir. Qədim el sənətini yaşadan və inkişaf etdirən sənətkar, onun sənətə nikbin münasibəti kitabda Ə.Salamzadə tərəfindən təqdir edilib və müsbət qiymətləndirilib.

Ərtegin Salamzadənin yeni kitabı sənətşünaslıq elmimizi müasir təhlil imkanları, nəzəri yanaşma metodları ilə daha da zənginləşdirir. Yəqin ki, yaxın illərdə müəllifin bu səpgidə yeni-yeni nəşrləri işıq üzü görəcək.

 

 

Zeynalova   Aludə

 

Palitra. -23 dekabr. -2009. – S.11.