“Əmək müqaviləsi hökmən
bağlanmalıdır”
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) II Məclisinin
iclası keçirilib. İclasda Məclis üzvləri,
respublikanın şəhər və rayonlarından həmkarlar
ittifaqları təşkilatlarının nümayəndələri
iştirak ediblər. AHİK sədri Səttar Mehbalıyev
“Respublikada həmkarlar ittifaqı hərəkatının
inkişaf meyilləri, problemlər və vəzifələr”
mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda
Həmkarlar İttifaqı hərəkatının
inkişafda olduğunu bildirən S.Mehbalıyev eyni zamanda həmkarlar
ittifaqlarının hüquq və azadlıqlarının
pozulmasına qarşı mübarizə
aparıldığını qeyd edib.
O, son dörd ildə 451 yeni
həmkarlar ittifaqı təşkilatı təsis edildiyini,
son iki ildə isə mülkiyyət münasibətlərindən
asılı olmayaraq 200-dən yuxarı müəssisə və
təşkilatda yeni həmkarlar ittifaqlarının
yaradıldığını bildirib. Bu təşkilatlar
17000-ə yaxın üzvü birləşdirir: “Nəticədə
respublikadakı xarici sərmayəli, birgə və özəl
müəssisələrdə yaradılan həmkarlar
ittifaqı təşkilatlarının sayı 3462-yə,
üzvlərinin sayı isə 143532 nəfərə
çatıb. Bu fakt bütövlükdə Azərbaycan Həmkarlar
İttifaqları hərəkatı üçün müsbət
haldır”.
O, işçilərin sosial
müdafiəsi ilə bağlı aparılan işlər nəticəsində
həmkarlar ittifaqına olan inamın getdikcə bərpa
olunduğunu vurğulayıb: “Bunu üzvlərin həmkarlar
ittifaqına yazdıqları müraciətlərdən də
hiss etmək mümkündür. Əgər 2004-cü ildə
həmkarlar ittifaqlarına cəmi 68 min 144 ərizə daxil
olmuşdusa, 2009-cu il yanvar ayının 1-nə olan məlumata
görə, respublika həmkarlar ittifaqları üzvlərindən
236 min 220 ərizə alınıb. Bunların da 98%-i müsbət
həll edilib”.
Məruzə ətrafında
müzakirələrdə Dövlət İdarələri və
İctimai Xidmət İşçiləri Həmkarlar
İttifaqının sədri Hikmət Osmanov, Neft və Qaz Sənayesi
İşçiləri Həmkarlar İttifaqının sədri
Cahangir Əliyev, Rabitə İşçiləri Müstəqil
Həmkarlar İttifaqının sədri Tofiq Musayev
çıxış ediblər.
Məclisdə müzakirə
olunan məsələlər barəsində müvafiq qərarlar
qəbul edilib.
Səttar Mehbalıyev qeyd
edib ki, işsizlik problemi bütün dünyada var. Bunun Azərbaycanda
da tam olaraq həll edildiyini söyləmək
qeyri-mümkündür. Onun sözlərinə görə, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
təşkil olunan yarmarkalarda minlərlə insan iş yeri ilə
təmin edilir: “Təəssüflər olsun ki, yenə də
bir sıra halda yenə də işçi ilə əmək
müqaviləsi bağlanmır. İşçilər xəsarət
alır, onlara xəsarət pulu ödənilmir. Bəzi
hallarda işçilərə təhlükəsizlik
qaydaları başa salınmır, onlar geyimlə, kaska, təhlükəsizlik
kəmərləri ilə təmin olunmurlar. Belə
halların qarşısının alınması üçün
parlamentdə İnzibati Xətalar Məcəlləsinə
çoxlu sayda əlavə və dəyişiklik edilib. Əmək
müqaviləsi bağlamadan insanları işə
götürmək qəti qadağandır. İşəgötürənlər
belə addım atarsa, cərimələnəcəklər”. S. Mehbalıyev onu da bildirib ki,
hazırda parlamentin İqtisadi siyasət komitəsində
işçilərin məcburi sosial sığortası ilə
bağlı müzakirələr aparılır: “Biz bununla
bağlı təkliflərimizi vermişik. Bu qanun qəbul
olunandan sonra xəsarət alan zaman sığortalanmış
işçiyə kompensasiya veriləcək”.
AHİK sədri qeyd edib ki, həmkarlar
ittifaqlarına üzv olan işçilərin işdən
çıxarılması yalnız həmin ittifaqların
razılığı ilə olmalıdır. Onun sözlərinə
görə, bu məsələ ilə bağlı əmək
qanunvericiliyinə dəyişiklik edilib və dəyişiklik
hər bir vətəndaşa şamil olunan məsələdir:
“Bu məsələ uzun müddətdir müzakirə olunurdu
və 15 ildir ki, bununla bağlı bizim qurultaylarda məsələ
qaldırılırdı. Həmkarlar ittifaqlarının
üzvləri işdən çıxarılanda bu təşkilatlar
onların hüquqlarını qorumalıdır. Bu dəyişikliyi
ona görə bu şəkildə etdik ki, əgər
hansısa şirkətdə işləyən 20 nəfərin
5-i həmkarlar təşkilatına üzvdürsə, bu dəyişikliklərdən
sonra digər işçilər də həmkarlar təşkilata
üzv olmaqda maraqlı olsunlar”. S.Mehbalıyev bildirib ki, əgər
həmkarlar təşkilatı 1000 nəfərdən
200-nün hüququnu qoruyub digərlərinin hüququnu qoruya
bilmirsə, bu, onun zəifliyini göstərir. Bəzi xarici
şirkətlərdə həmkarlar ittifaqlarının sədrlərinin
işdən çıxarılması ilə bağlı məlumatlara
gəldikdə S. Mehbalıyev bildirib ki, həmkarlar
ittifaqının sədrini heç kim işdən
çıxara bilməz: “Ola bilər ki, müəyyən
yardımçı qruplar yaradılır, müəyyən
işləri həyata keçirir və bu iş başa
çatandan sonra ixtisarlar aparırlar. Yəni bu qurum işini
qurtarandan sonra ona ehtiyac qalmır. O zaman bu yardımçı
qurum ləğv olunursa, həmkarlar ittifaqının sədrini
işdə necə saxlamaq olar? Amma əgər qurum varsa, fəaliyyət
göstərirsə, o zaman həmkarlar ittifaqının sədrini
işdən çıxarmaq qeyri-mümkündür”.
Cavidan
Palitra. -2009. -29 dekabr. – S.5.