ATİ yalnız turizm sahəsi ilə
işini məhdudlaşdırmayacaq
Cəfər Cəfərov: “Turizm sənayesinin
ehtiyacları ödəndikcə biz xidmətlə
bağlı sahələrlə də məşğul
olacağıq”
Müsahibimiz Azərbaycan
Turizm İnstitutunun rektoru Cəfər Cəfərovdur.
- İşlərimiz əvvəldən müəyyənləşdirilmiş strategiyaya uyğun gedir. Bir neçə il əvvəl “ATİ-nin inkişaf strategiyası” adlı sənəd hazırladıq. Əvvəllər bu, müəyyən vaxt üçün nəzərdə tutulsa da, sonra Azərbaycanda turizmin inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramına uyğun olaraq müddəti 2016-cı ilə qədər uzatdıq. Bu sənədin içərisində bir neçə istiqamət var. Bu istiqamətlərdən biri və ən əsası tədrisin mükəmməl qurulmasıdır. ATİ yarandığı gündən bu məsələyə önəm vermişik. Artıq strukturlaşma prosesinin birinci mərhələsi başa çatmaq üzrədir. 2010-cu ildə ilk məzun buraxılışımız olacaq. Bundan sonra müəyyən dəyişikliklərin olması gözlənilir. Amma bu dəyişikliklər fənlərə təsir etməyəcək. Hazırda bizim əsas işimiz fənlərin və həmin fənləri tədris edən müəllimlərin oturuşmasına, bununla paralel olaraq isə keyfiyyətin qaldırılmasına nail olmaqdır. Birinci buraxılışdan sonra bir neçə fakültə əsasında işimizi davam etdirmək niyyətindəyik. Hazırda 9 ixtisasımız var. Gələnilki qəbul üçün əlavə iki ixtisasın götürülməsini də nəzərdə tuturuq. Bu da qəbul edildikdən sonra bir fakültənin içərisində 11 ixtisas yerləşməsi müəyyən çətinliklər doğurur. Belə olduqda bütün yükü kafedralar arasında paylaşdırmaq istəyirk. Elmi-Metodiki Şuranın iclaslarının kökündə də bu məsələ durur - hərə öz səlahiyyətləri çərçivəsində işini keyfiyyətlə görsün. İstəyirik ki, kafedralar özlərini tam səlahiyyətli hesab etsinlər. ATİ klassik ali məktəb olmadığından kafedra bir fənn üzrə ixtisaslaşmayıb. Bizdə elə kafedralar var ki, özündə 30 fənni birləşdirir. Burada da əsas rolu fənn komissiyaları oynayır. Məsələn, Dillər kafedrasında bütün güc ingilis dili üzrə fənn komissiyasının üzərinə düşür. Bu, strukturlaşma prosesində çox önəmlidir. Ötən tədris ilinin sonlarına yaxın iki kafedradan beş kafedraya keçdik. Elə kafedralar var ki, yarandığı cəmi bir ildir, bunların oturuşması üçün vaxt lazımdır. Bundan əlavə dərsliklərin hazırlanması ilə bağlı müəyyən işlər görürük. Turizm fənni üzrə dünyada qəbul edilən dərslikləri ya tərcümə edəcəyik, ya da tələbələrin dil hazırlığına böyük önəm verdiyimizdən onları birbaşa orijinaldan istifadə edəcəyik.
- Tələbələr lazım olan dərs vəsaitlərini ATİ-nin öz kitabxanasından əldə edə bilirlərmi?
- İxtisas ədəbiyyatı
baxımından bizim kitabxana ölkədə birincidir. Digər
fənlər üzrə isə başqa kitabxanalara müraciət
edə bilərlər. Bizim kitabxana fondumuz artıq beş mini
keçib. Bunların da
xeyli hissəsi ixtisasa aiddir. Rus, ingilis, alman dillərində
olan kitablarımız da var. Dövlət Dillər Universiteti
istisna olmaq şərtilə bizdə heç bir ali təhsil
ocağında olmayan qədər dilə saat ayrılır.
Bir tələbə təhsil müddətində 3000 saatdan
çox dərsdə oturur. Bunun 1000 saata yaxını dil dərsləridir.
Bəzən Elmi Şuranın iclaslarında belə bir
haqlı sualla qarşılaşıram ki, “Menecment ixtisası
üzrə oxuyan tələbənin vaxtını ixtisasdan
çox dil dərslərinə sərf etməsi nə qədər
doğrudur?”. Amma hələlik buna məcburuq. Çünki
dili bilmədən turizm biznesində işləmək
qeyri-mümkündür. Mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev də ötən konfransda
qarşımızda ciddi tələb qoydu ki, keyfiyyətsiz
kadr Azərbaycan turizminə lazım deyil.
- Nazir ötən konfransda
qarşınızda belə bir tələb qoydu ki,
üç dəfə imtahan verib kəsilən tələbəyə
diplom verilməsin. Sizdə belə tələbələrin
sayı çoxdurmu?
- Belə tələbələrimiz
var. ATİ bütün fəaliyyəti dövründə iki
dəfə tələbə xaric edib. Bunlar da davranışla
bağlı olub. Tələbələrimiz arasında xeyli
sayda kəsiri olanlar var. Boloniya sistemində kurs
anlayışı yoxdur. Şərtlərdən biri budur ki, tələbənin
aşağıdan və yuxarıdan fənn seçmək
ixtiyarı var. Bu nə deməkdir? Əgər tələbə
yaxşı oxuyursa, öz dərslərini
çatdırırsa, onda o, özündən yuxarı pillədə
oxuyanların dərslərindən birini götürüb
oxuya bilər. Zəruri fənlərdən başqa tələbə
müəllim və fənn seçimində sərbəstdir.
Bu minvalla biz hesablamışıq ki, həmin tələbə
240 kreditlik proqramı bitirə bilər. Aşağıdan fənn
seçmək o deməkdir ki, tələbə vaxtında hər
hansı fənni mənimsəməyib. Onda o, özündən
aşağı kursda oxuyan tələbələrlə birlikdə
öz dərsləri ilə yanaşı borclu
qaldığı fəndən də
hazırlaşmalıdır. Bunun da limiti var. Tələbə
bacarıqlıdırsa, iki fənn götürə bilər.
Yuxarıdan da, aşağıdan da.
- Əgər tələbənin
ikidən çox kəsiri varsa, bu halda onları necə verməlidir?
- Bizim hətta 15 kəsiri
olan tələbəmiz var. Diplom almaq istəyən tələbə
necə olur-olsun, borclarını verməlidir. Biz bunun
üçün tələbələrə müxtəlif
formalarda əlavə imkanlar yaradırıq. Bu məqsədlə
yay məktəbləri təşkil etmişik. Müəyyən
müddət ərzində tələbələr nisbətən
qısaldılmış dərslərə gəlirlər,
sonra isə imtahan verirlər. Burada da limit nəzərdə
tutulub. Üç fənni də bu yolla əritmək
mümkündür. Bundan başqa kəsiri olan tələbələrə
kömək məqsədilə axşam məktəbləri də
yaratmışıq. Altı nəfərlik qrup şəklində
dərslər davam etdirilir. Bütün bunları ona görə
edirik ki, yeni yaranmış ali məktəbdə tələbələr
hər şeyə uyğunlaşa bilsinlər. Biz az sayda tələbənin
diplom almasında qətiyyən maraqlı deyilik. Əksinə,
ATİ-də təhsil alan tələbələrin
hamısının diplom almasını istəyirik.
Yaxşı tələbələrimiz çoxdur.
- ATİ gələn il ilk məzunlarını
buraxacaq. Neçə tələbə diplom almağa namizəddir?
- Birinci il 200 nəfər qəbulumuz
olub. Bunların 74-ü qiyabiçidir, beş il oxuyacaqlar. Yerdə
qalan 126 nəfər bu il qurtarmalıdır. Təxmini
hesablamalarımıza görə, ən yaxşı halda
onların 70-80 faizinin diplom almaq şansı var. Amma bu 60, 50
faiz də ola bilər.
- Bunun səbəbini nədə
görürsünüz?
- Səbəblər
çoxdur. Birinci səbəb odur ki, bizim institutda tələbələr
yalnız bilikləri sayəsində qiymət alırlar.
Bilikli, savadlı tələbələr çoxdur. Ancaq bunun əks
göstəricisi də var. Tələbələrin bəziləri
məsuliyyətsizdir. Onlar vəziyyətin ciddiliyini başa
düşmürlər. Fikirləşirlər ki, bu il
olmayacaq, növbəti il olacaq. Anlamırlar ki, bu illər
ömürdən götürülmüş məzuniyyətdir.
Keyfiyyətli tədris vermək
bizim birinci işimizdir. Mən bugünlərdə Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
toplantısında iştirak edirdim. ATİ Azərbaycanda fəaliyyət
göstərən ali məktəblər içərisində
reytinqə görə 5-ci yerdədir. Bu reytinq ali məktəblərin
ixtisas kodlarını abituriyentlərin ərizələrində
neçənci yerdə göstərmələri, qəbul
olunan abituriyentlərin topladıqları balların miqdarı
və ali məktəbə sənəd verənlərin
ümumi bilik səviyyəsi ilə müəyyənləşdirilir.
Qısası, burada ali məktəbin, konkret olaraq isə
ixtisasın populyarlığından söhbət gedir.
- Məlumdur ki, Azərbaycanda
çox az sayda turizm işini mükəmməl bilən
mütəxəssis var. Bu insanların təcrübəsindən
yararlanırsınızmı?
- Bəli. Mən dəvət
olunduğum bütün tədbirlərdə iştirak etməyə
çalışıram. Birincisi, ona görə ki, bu,
institutun tanıdılması üçün lazımdır.
Digər tərəfdən bütün əlaqələrdən
istifadə etməklə bacarıqlı insanları ATİ-yə
cəlb etmək istəyirik. Turizm sənayesində
çalışan bütün insanlarla bu barədə
söhbət gedir. Elə fənlər var ki, biz onu tədris
etməyə illərdir mütəxəssis tapa bilmirik. Məsələn,
bronlaşdırma ilə bağlı fənnin tədrisini
mütəxəssis problemi üzündən dörd ildir
yubadırdıq. Yalnız bu il turizm şirkətlərindən
birində gənc və bacarıqlı bir mütəxəssis
tapmışıq. Başlanğıc mərhələdə
bu işi belə etməkdən başqa yol yoxdur. Ümumi fənlər
üzrə ən yaxşı müəllimləri axtarıb
tapırıq. İxtisas fənnləri ilə bağlı
mütəxəssisləri isə yalnız sənayedə
axtarmalı oluruq. Düşünürəm ki, bu çətinliklər
də müvəqqətidir. Çünki bizim öz tələbələrimiz
bir neçə ildən sonra bacarıqlı mütəxəssis
olacaqlar. Onda bizim bu problemlərimiz öz həllini tapacaq.
- Turizm şirkətlərindən,
hotellərdən tələbələrinizə iş təklifləri
gəlirmi?
- Təkliflər çoxdur.
Heç məzun olmağı gözləmirlər. İndidən
işləyən tələbələrimiz var. “Lənvarq”da,
“Holliday inn”, “Park inn”, “Hyatt Park” hotellərində işləyən
tələbələrimiz var. Bunların hamısının
kökündə də təcrübə durur. Yay ərzində
tələbələr bu hotellərdə təcrübə
keçərkən rəhbərliyin diqqətini cəlb edirlər.
Gələcəyin mütəxəssisi olacaq bu uşaqlar təbii
ki, hotellər üçün çox qiymətli
kadrlardır və biznesinin çiçəklənməsini
istəyənlər onlardan vaz keçməyəcək. Bundan
sonra isə başqa bir məsələ ortaya
çıxır ki, bu kadr həmin hoteldə qalacaq, yoxsa sərfəli
təklif gələndə çıxıb gedəcək.
- Bu səbəbdən də
bəzi menecerlər işçilərinin təcrübə
mübadiləsi məqsədilə xaricə getmələrinə
maliyyə sərf etmək istəmirlər.
- Onların başqa
çıxış yolları yoxdur. Keyfiyyətli
işçini əldə saxlamaq üçün onun maddi təminatını
ödəmək lazımdır. Bu, əmək
bazarıdır. Bilirsiniz, bizdə hələ də
turizmçi düşüncəsi lazımi səviyyədə
deyil. Çox adam mövsümi işləyir. Ona görə
də xidmətin keyfiyyətindən əksər insanlar
narazılıq edirlər. İnfrastruktura qoyulan investisiya qədər
vəsait də kadra qoyulmalıdır. Yalnız bu halda
yüksək keyfiyyətdən danışmaq
mümkündür.
-
Bu il sizdə magistraturaya qəbul gözlənilirmi?
- Magistraturaya qəbul olacaq.
Ötən il də bu məsələ
qaldırılmışdı. İnstitut yeni
yarandığından bakalavr pilləsi axıra
çatmamış, kafedralar oturuşmamış bu işə
girişmək məsuliyyət tələb edirdi.
Çünki magistratura təhsili ciddidir. Bu səbəbdən
bu məsələni indiyə qədər saxlamaqda
düşünürəm ki, düz etmişik. İstəyirdik
ki, bizim ilk buraxılışımız olan tələbələrin
də bura imtahan vermək şansı olsun. Təxminən 30 nəfəri
əhatə edən magistratura
pilləmiz olacaq.
-
2009-cu il ATİ üçün nə ilə yadda qaldı
və bir il ərzində hansı önəmli layihələrə
imza atdınız?
- Layihələrimiz
çoxdur. Beynəlxalq əməkdaşlıq etmədən
inkişafdan danışmaq qeyri-mümkündür. Bu
baxımdan xüsusilə qeyd etməliyəm ki, Avstriyanın
Krems Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlığımızı
getdikcə dərinləşdiririk. Erasmus-Mundos Xarici Əməkdaşlıq
Proqramı çərçivəsində 16 ali məktəblə
əlaqələr qurmuşuq. Bu əlaqələrdən
istifadə edərək Yunanıstanın Saloniki şəhərində
yerləşən “Qrek” hotellər şəbəkəsi ilə
münasibət qurduq. Bu da tələbələrimizə təcrübə
mübadiləsi keçmək üçün yeni imkanlar
açdı. Bundan başqa Türkiyənin İstanbul şəhərində
Beynəlxalq Universitetlər Assosiasiyası və İstanbul
Universitetinin birlikdə təşkil etdiyi Avrasiya rektorlar
toplantısında ATİ-ni təmsil etdim. Toplantının yekununda
ATİ Beynəlxalq Universitetlər Assosiasiyasına üzv qəbul
edildi. Sonra isə Sankt-Peterburq şəhərində
keçirilən “Turizm və hotelçilik üzrə
ixtisaslaşmış universitetlərin və işəgötürənlərin
qarşılıqlı fəaliyyət strategiyası üzrə
Beynəlxalq Forum”da iştirak etdim. Burada MDB ölkələrindən
xidmət və hotelçilik üzrə yeganə
iştirakçı ATİ idi. Beynəlxalq forumun
iştirakçıları tərəfindən yaradılan
Xidmət üzrə İxtisaslaşmış Universitetlərin
Milli Elmi-Tədqiqat Texnoloji Konsorsiumuna üzv qəbul edildik.
İnstitutumuz bu il ərzində daha iki təşkilatın -
Xəzər Dənizi Assosiasiyası və AUDEM-ə
(Demokratiya üçün Universitetlər Assosiasiyası)
üzv oldu.
Ölkə daxilində bir
sıra layihələr həyata keçiririk. Şahdağ
Qış-Yay Turizm İstirahət Kompleksi layihəsinə də qoşulmuşuq. Kompleksin kadr
potensialını təmin etmək məqsədilə
institutumuzda hazırlıqlar gedir. Gədəbəydə
“Siemens”in muzeyini yaratmaq niyyətindəyik. Ümumiyyətlə,
respublikamızın Şimal, Cənub və Qərb bölgələrində
ayrı-ayrı mövzular üzrə layihələr həyata
keçiririk. İl ərzində 20-yə yaxın konfrans
keçirmişik. Bu il institutda
yeni bir mərhələ başlandı. Biz ali məktəb
olaraq quruculuğumuzun yekun mərhələsinə qədəm
qoyuruq, yəni məzun buraxılışına
hazırlaşırıq. Düşünürəm ki,
ATİ yalnız turizm sahəsi ilə işini məhdudlaşdırmayacaq.
Turizm sənayesinin ehtiyacları ödəndikcə biz xidmətlə
bağlı sahələrlə də məşğul
olacağıq.
Nigar
Palitra. -2009. -29 dekabr. – S.6.