“Bakı İslam mədəniyyəti və
sivilizasiyası üçün mühüm və tarixi şəhərdir”
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev dünən "Bakı
İslam mədəniyyətinin paytaxtı -2009" mədəniyyət
ilinin açılışı münasibətilə Azərbaycana
gəlmiş İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri ilə görüşüb.
Görüşdə
İslam Konfransı Təşkilatının (İKT)
üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin
bu ilin oktyabrında Bakıda keçiriləcək VI
konfransı ilə bağlı məsələlər
müzakirə edilib. Əbülfəs Qarayev qonağa
"Bakı İslam mədəniyyətinin paytaxtı -
2009" mədəniyyət ili çərçivəsində
keçiriləcək çoxsaylı tədbirlər barədə
ətraflı məlumat verib.
Nazir vurğulayıb ki,
İKT üzvü olan dövlətlərin mədəniyyət
nazirlərinin VI konfransının gündəliyi artıq
hazırdır və bu istiqamətdə ciddi işlər
görülür. Növbəti iki il müddətində Azərbaycan
bu konfransa sədrlik edəcək və bununla bağlı
xüsusi plan hazırlanacaq. Ə.Qarayev bildirib ki, Azərbaycan
İSESKO ilə əlaqələrə xüsusi önəm
verir. "Bakı İslam mədəniyyətinin paytaxtı -
2009" mədəniyyət ili çərçivəsində
keçiriləcək tədbirlər bu əlaqələri
daha da genişləndirəcək.
"Bakı İslam mədəniyyətinin
paytaxtı -2009" mədəniyyət ilinin təntənəli
açılışı münasibətilə təbriklərini
çatdıran İSESKO-nun baş direktoru Əbdüləziz
bin Osman əl-Tüveycri vurğulayıb ki, Azərbaycan bu tədbirə
yüksək səviyyədə hazırlaşıb. Bakı
islam mədəniyyəti və islam sivilizasiyası
üçün çox mühüm və tarixi bir şəhərdir.
Əbdüləziz bin
Osman əl-Tüveycri deyib ki, Azərbaycan ərazisinin müəyyən
hissəsi erməni işğalı altındadır. Bir
çox tarixi abidələr, dini məbədlər, muzeylər,
mədəniyyət və sivilizasiya məkanları
dağıdılıb: "Biz İSESKO olaraq bunu qəti
şəkildə pisləyirik. İnanırıq ki, yaxın
vaxtlarda işğal olunmuş Azərbaycan torpaqları azad
ediləcək".
Görüşdən
sonra keçirilən mətbuat konfransında nazir Əbülfəs
Qarayev və İSESKO-nun baş direktoru Əbdüləziz bin
Osman əl-Tüveycri jurnalistlərin suallarını cavablandırıblar.
Palitra.- 2009.- 20 fevral.- S.
5.