Ali məktəbdə
əmək haqları
daxili imkanlar hesabına artırıla bilər
Şəmsəddin Hacıyev: “Bunun üçün büdcədənkənar vəsait
hesabına böyük
potensial var”
Milli Məclisin payız sessiyasında elm və təhsillə bağlı
bir neçə qanunun qəbulu nəzərdə tutulur.
Ancaq hələlik parlamentin elm
və təhsil komitəsi qanun layihələrinin ilkin variantının müzakirəsini
təmin etməyib.
“Olaylar”ın müsahibi Milli Məclisin Elm və təhsil məsələləri
daimi komitəsinin sədri Şəmsəddin
Hacıyevdir.
- “Ali təhsil haqqında” və “Əlavə (yaşlıların) təhsil haqqında” qanun layihələrinin hazırlanaraq parlamentin payız sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulurdu. Bu baxımdan bilmək istərdik ki, sözügedən qanun layihələrinin taleyi nə yerdədir?
- Hələlik sözügedən
qanun layihələri üzərində tamamlama
işləri başa çatmayıb. Qeyd edim ki, hazırda
“Ali təhsil haqqında”
qanun layihəsi üzərində çox
ciddi iş gedir. Yəqin ki, dekabr ayının sonlarında onun ilkin variantını
ən azı komitəmizin iclasının
müzakirəsinə çıxara
biləcəyik. O ki
qaldı “Əlavə
(yaşlıların) təhsil haqqında”
qanun layihəsinə,
bildirmək istəyirəm
ki, əslində həmin qanun layihəsi bizdə çoxdan hazır idi. Ona görə bu qanun layihəsi
ali təhsillə
bağlı qanun layihəsi müzakirəyə
çıxarılandan sonra,
yəni ola bilsin, gələn ilin yaz sessiyasında
deputatların müzakirəsinə
təqdim edilsin. Amma payız sessiyasında əsas məqsədimiz odur ki, “Elm və
dövlət elmi-texniki
siyasəti haqqında”
qanun layihəsini (ikinci oxunuş), o cümlədən “Ali təhsil
haqqında” qanun layihəsini komitəmizin və parlamentin plenar iclasının müzakirəsinə çıxaraq.
- Adını çəkdiyiniz “Elm və dövlət elmi-texniki siyasət haqqında” qanun layihəsi ikinci oxunuşa tam hazırdırmı? “Ali təhsil haqqında” qanun layihəsində konkret olaraq nələr nəzərdə tutulur ?
- Demək olar ki, tam hazırdır. Bu qanun layihəsi üzərində də tamamlama işləri gedir. Bu yaxın günlərdə, ola bilsin, elə yaxın bir-iki həftə ərzində onu komitəmizin, sonra isə parlamentin plenar iclasının müzakirəsinə çıxaraq. Burada elə bir qaranlıq məsələ yoxdur. Parlamentin sonuncu növbədənkənar sessiyasında “Təhsil haqqında” yeni qanun layihəsini qəbul etmişik və bu, təhsillə bağlı çərçivə qanunudur. Burada da təhsillə bağlı ümumi müddəalar öz əksini tapıb. Amma “Ali təhsil haqqında” qanun layihəsində bütün məsələlər tamlığı, bütünlüyü ilə açıqlanacaq. Belə demək mümkünsə, həmin sənəddə ali təhsilin bütün sahələrinin, ali təhsilin özündə baş verən bütün proseslərin tənzimlənməsi üçün konkret müddəalar öz əksini tapacaq. Bir sözlə, ali təhsilin elə bir məsələsi olmayacaq ki, orada öz əksini tapmamış olsun.
- Bu gün alimləri, elm adamlarını ən çox maraqlandıran məsələ əmək haqlarının artırılması məsələsidir. Bununla bağlı konkret olaraq mövcud təhsil qanununda hansısa məqamlar nəzərdə tutulubmu?
- Təhsil qanununda alimlərin, elm adamlarının, təhsil işçilərinin sosial müdafiəsi ilə bağlı ümumi müddəalar nəzərdə tutula bilər və bu, belədir. Amma dövlətin vahid əmək haqqı siyasəti var. Bu baxımdan, istər çərçivə qanunumuz olan “Təhsil haqqında”, istərsə üzərində işlədiyimiz “Ali təhsil haqqında” qanunda əmək haqqının artırılması ilə bağlı heç nə yazılamyıb və yazılmamalıdır. Gəlin məsələləri bir-birinə qarışdırmayaq. Biz sadəcə qanunvericilik bazası, hüquqi təminat yaradırıq. Əmək haqlarının artırılması məsələsi dövlətin sosial-iqtisadi siyasəti ilə bilavasitə bağlıdır və eyni zamanda yuxarıda qeyd etdiyim kimi, dövlətin vahid əmək haqqı siyasəti var ki, bundan da kənara çıxmaq olmaz. Amma bayaq qeyd etmişdim ki, bu məsələ ilə bağlı “Təhsil haqqında” qanunumuzda ümumi müddəalar nəzərdə tutulub, yəni, orada göstərilib ki, əmək haqqı necə olmalıdır. Buna uyğun olaraq da hər bir ali təhsil müəssisəsi öz büdcədənkənar vəsaiti hesabına həm əmək haqlarını artıra, həm mükafatlar verə bilər və sair. Bu, artıq hər bir ali təhsil müəssisəsinin öz sərəncamında, öz səlahiyyəti daxilində olan bir məsələdir.
- Siz özünüz həm elm adamısınız, həm də ali məktəb rektorusunuz. Bir elm xadimi və ali məktəb rektoru kimi, ali məktəb müəllimlərinin, elm adamlarının əmək haqları, maaşları sizi qane edirmi?
- Əlbəttə, arzu edərdik ki, alimlərin, elm adamlarının, təhsil işçilərinin də məvacibləri, əmək haqları indikinə nisbətən bir az yüksək olsun. Bayaq mən xüsusi - büdcədənkənar vəsaitdən danışdım. İndi də bildirmək istəyirəm ki, əmək haqlarının artırılması üçün həmin büdcədənkənar vəsaitin hesabına böyük potensial imkanlar var. Yeri gəlmişkən, mən komitəmizin büdcə ilə bağlı iclasında əmək haqqı fondundan ödəmələr məsələsini qaldırdım. Yenə də əvvəlki fikrimdə qalıram ki, əgər müəyyən güzəştlər olsa, heç şübhəsiz, əmək haqlarının artırılması üçün geniş potensial imkanlar mövcuddur. Elə etmək olar ki, yaxın gələcəkdə ali təhsil müəssisələrində əmək haqqı haradasa 1000 manata yaxın olsun.
- Şəxsən sizin rəhbərlik etdiyiniz İqtisad Universitetində büdcədənkənar vəsait hesabına professor-müəllim heyətinin əmək haqlarının artırılması yönümündə hansısa addımlar atılırmı?
- Bəli, biz artıq müəyyən kateqoriyadan olan işçilərimizə dediyim həcmdə əmək haqqı veririk.
- Yaxın gələcəkdə Təhsil Məcəlləsinin hazırlanması və qəbulu mümkündürmü?
- Biz əgər təhsillə bağlı bütün qanunları - təhsilin bütün səviyyələrini, pillələrini əhatə edən qanunlar toplusunu qəbul edib, başa çatdıra bilsək, o zaman Təhsil Məcəlləsinin hazırlanmasına da başlaya bilərik. Bu, istisna deyil. Hesab edirəm ki, təhsillə bağlı haradasa 9-10-a yaxın qanunu bu Məcəlləyə daxil etmək olar.
Palitra.-2009.-10 noyabr.-S.11.