Arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılıb

 

Bakıda dənizkənarı Milli Parkda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb.Yarmarkada 52 rayondan 510 arıçı iştirak edir. Bu münasibətlə keçirilən mərasimdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək bildirib ki, arıçılığın inkişafı həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub.

 Sərgi-satış yarmarkasının keçirilməsindən məqsəd arıçılığı təbliğ etmək, müvafiq qurumların diqqətini sahənin inkişafının vacibliyinə yönəltmək, arıçıları maarifləndirməkdən ibarətdir. Nazir müavini qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlərin tərkibinə arıçılığın inkişafı da daxildir. Belə ki, “Arıçılıq haqqında” qanunun  qəbul edilməsi və sahənin təsərrüfatçılarına dövlət tərəfindən kreditlərin verilməsi bunun bariz nümunəsidir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda da arıçılıq məhsulları istehsalının artırılması zərurəti qeyd edilib. Potensialı nəzərə alaraq arıçılıq təsərrüfatlarını 5 dəfədən çox artırmaq olar. Son illər bu sahədə görülən işlər və həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, buna nail olacağıq. “Dağ arıçıları” İctimai Birliyinin sədri Şamil Quliyev, “Naxçıvan arıçıları” İctimai Birliyinin sədri Zakir Salmanov və digərləri çıxış edərək, yarmarkanın ənənəvi hal almasını alqışlayıb və bu tədbirin ölkəmizdə arıçılığın inkişafına təkan verdiyini bildiriblər. Qeyd olunub ki, ölkəmizdə arıçılıq məhsullarının qablaşdırılması və ixracı sahəsində dünya standartlarının tətbiqi vacibdir. Yarmarkanın keçirilməsindən həm satıcılar, həm də alıcılar razılıqlarını bildirirlər. Alıcıları razı salan, ilk növbədə, məhsulların keyfiyyəti və münasib qiymətə olmasıdır. Burada keyfiyyətindən və çeşidindən asılı olaraq 1 kiloqram balın qiyməti 15 manatdan 40 manatadəkdir. Yarmarkada “APİMEDFARM” MMC-nin arı məhsulları ilə dərman bitkilərindən hazırlanmış və müxtəlif xəstəliklərin (ürək, böyrək, qara ciyər və s.) dərmanı olan məhsulları da nümayiş etdirilir.

Satılan məhsulların tərkibinə və keyfiyyətinə Respublika Baytarlıq Laboratoriyası tərəfindən ciddi nəzarət olunur. Laboratoriyanın nümayəndəsi Mehman İmanov deyir ki, satışa çıxarılan arıçılıq məhsullarından nümunələr götürülərək analiz üçün təmsil etdiyi quruma göndərilir. Əgər müayinənin nəticələri müsbət olarsa satışına icazə verilir. Sərgi-satış yarmarkası noyabrın 19-dək davam edəcək.

 

 

Əlimərdan

 

Palitra.-2009.-10 noyabr.-S.12.