Gənc muğam ifaçılarının konserti
olub
Heydər Əliyev Sarayında “Gəncləşən muğam” adı altında gənc muğam ifaçılarının konserti keçirilib. Üç saata yaxın davam edən konsert xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında baş tutub. Konsertdə muğam ifaçısı Mənsum İbrahimovun tələbələri çıxış ediblər. Çıxışlardan əvvəl səhnəyə çıxan xalq artisti Mənsum İbrahimov gənc muğam ifaçılarına uğurlar arzulayıb:
“Çox sevindirici haldır ki, bu gün gənclərin konserti təşkil olunub və bu qədər gözəl qarşılanıb. Bu konsertə gələn tamaşaçıların sayı muğama olan sevginin hər gün daha da artdığını göstərir. Ən əsası odur ki, tamaşaçılar arasında gənclər də çoxluq təşkil edir. Biz istəyimizə nail olduğumuza görə çox şadıq. Bu gün sizlərin qarşısında gənc və istedadlı muğam ifaçıları çıxış edir. Ancaq mən də sizlərin qarşısında solo konsert proqramı ilə çıxış edəcəyimə söz verirəm. Artıq bununla bağlı hazırlıqlara da başlamışam”.
Anşlaqla baş tutan “Gəncləşən muğam” konsertində əməkdar artist Təyyar Bayramov, gənc muğam ifaçıları Elməddin İbrahimov, Aida Əliyeva, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Oksana Aslanova, Sabir Həsənov, Ülviyyə Rəhimova, Anar Məmmədov, Şaiq İbayev, Arzu Əliyeva, Kənan Hüseynov, Elşad Aydınoğlu, Günay İmamverdiyeva, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Aytən Məmmədova və Malik Həsənovun ifasında Azərbaycanın xalq mahnıları, muğamları səslənib. Konsertdə xanəndələri tarda Rövşən Qurbanov, Rəşad İbrahimov, Ədalət Behbudov, Altay Niftəliyev, kamançada Elnur Mikayılov, Təbriz Yusifov, Pərviz Behbudov, Araz Ağaverdiyev və instrumental ansambl müşayiət edib. Tədbir əməkdar artist Azad Şükürovun aparıcılığı ilə baş tutub.
Qeyd edək ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “Gəncləşən muğam” konsertinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə, www.ha-saray.az və www.bakusearch.az.com saytlarına məxsusdur.
Rasim
Palitra.-2009.-10 noyabr.-S.13.