“Abidənin torpaq altında gələcək nəsillərə qalması onun naşı tərəfindən tədqiq edilməsindən qat-qat sərfəlidir”

 

Professor Əsədulla Cəfərov: “Arxeologiya sahəsindətədqiqatlar aparmaq istəyən, ortaya yeni nəticələr qoymaq istəyən savadlı alimlər üçün heç bir maneə yoxdur”

 

Arxeologiya elmi bu gün dünyada yüksək qiymətləndirilir. Çünki bir sıra aktual məsələlərin həllini tapması üçün arxeoloji qazıntılara maraq getdikcə dünya səviyyəsində artır. Çünki qədim tarixi öyrənmək üçün ən etibarlı mənbələr arxeoloji mənbələrdir. Yazıları, salnamələri saxtalaşdırmaq mümkünsə də, arxeoloji abidələri saxtalaşdırmaq olmur. Çünki burada zamanı dəqiqləşdirən metodlardan istifadə edilir. Bu baxımdan bizdə də son zamanlar arxeoloji tədqiqatlara yüksək qiymət verilir. Arxeoloq həkimə bənzəyir. Savadlı həkim xəstəni həyata qaytardığı kimi, arxeoloq da abidəni açır, tədqiq edir və bu günə qaytarır.

Məsələn, 1953-cü ildən bu günə kimi aparılan tədqiqatlar nəticəsində ölkəmizdə məskunlaşmış ən qədim insanların yaşının 1,5 milyon il yox, 2,5 milyon il olduğu sübuta yetirilib. Bununla isə həm də Azərbaycanın ən qədim sivilizasiya məskənlərindən biri olduğu da sübut edilib və dünyaya qəbul etdirilib.

Bütün bunların təkzibolunmaz elmi əsasları var. Daş dövrü üzrə ixtisaslaşdığıma görə deməliyəm ki, Azərbaycanda daş dövrü tədqiqatlarının böyük önəmi var. Xüsusilə 1953-cü ildə Damcılı, daha sonralar Daşsalahlı, həmçinin dünya şöhrətli Azıx və Tağlar kimi paleolit düşərgələrinin aşkara çıxarılması ölkəmizin qədim və orijinal tarixə malik olduğunu nümayiş etdirməyə gözəl imkan yaradıb. Qeyd etməliyəm ki, 2001-ci ildən sonra aparılan tədqiqatlar zamanı əldə olunmuş nailiyyətləri və nəticələri xüsusilə nəzərə alan İtaliya, Fransa, İspaniya, Rusiya, Gürcüstan, Hollandiya, Almaniya alimləri “İNTAS-2000” adlı proqram hazırladılar və bu proqrama uyğun olaraq mən ezam olunub Fransanın bir sıra elmi tədqiqat mərkəzlərində və arxeoloji tədqiqat yerlərində bir neçə il işlədim. Mən Fransanın məşhur elmi mərkəzlərində ölkəmizin tarixi və arxeologiyasına aid mühazirələrlə çıxış etdim. Onların məşhur arxeoloji düşərgələri ilə yaxından tanış olmaq və tədqiqat aparmaq imkanı qazandım. Həmçinin burada onların paleontoloji və paleantropoloji materialları ilə əyani tanış oldum. Proqrama uyğun olaraq daha sonra biz - adını çəkdiyim Avropa alimləri Bakıya gəldik və Azıx, Tağlar, Daşsalahlı, Damcılı, Naxçıvandakı Qazmada aparılan arxeoloji tədqiqatlar, o yerlərdən tapılan maddi-mədəniyyət qalıqları ilə əyani tanışlıq olduq.

Mən 2002-ci ildə Fransada olarkən Avropa Tədqiqatlar Mərkəzində, Fransanın cənubunda yerləşən Totavel şəhərində Azıx və digər düşərgələrimizdən tapılmış maddi-mədəniyyət abidələri haqqında sistemli bir məruzə ilə çıxış etmişdim. Məruzəmin materialları isə Avropa Tədqiqatlar Mərkəzində çox yüksək qiymətləndirilmişdi.

- Son zamanlar arxeologiya elmində gedən proses və dəyişiklikləri, yenilikləri necə xarakterizə edərdiniz?

- Arxeoloji tədqiqatların nəticəsində aşkar olunmuş abidələr tariximizin güzgüsüdür. Ona görə də hər hansı bir arxeoloji tədqiqat aparmaq olduqca böyük məsuliyyət kəsb edir. Arxeoloq olmaq üçün tarixi, geologiyanı, etnoqrafiyanı, paleontologiyanı və digər elmi sahələri mükəmməl surətdə bilmək lazımdır.

Xüsusilə bu məsələ müasir dövrdə aktualdır. Fransız alimləri hələ 60-cı illərdə yazırdılar ki, paleolit düşərgələri, qədim insanın meydana gəlmə yerləri dünyada çox azdır. Bəzən tədqiqatçının, arxeoloqun savadsızlığı üzündən belə nadir abidələr aşkara çıxarılmadan məhv olur. Ona görə də belə bir məsələ bu gün də çox aktualdır ki, əgər sənin savadın yoxdursa, hər hansı tədqiq olunmamış abidəyə toxunmamalısan. O adamın abidəni tədqiq etməyə haqqı çatır ki, o, bütün müvafiq elm sahələrini çox gözəl bilir və bu işdə təcrübəsi var. Əgər tədqiqat aparmaq iddiası ilə çıxış edən alim bu keyfiyyətlərə malik deyilsə, onda abidəyə toxunmamalıdır. Abidənin torpaq altında gələcək nəsillərə qalması onun naşı tərəfindən tədqiq edilməsindən qat-qat sərfəlidir. Çünki gələcəkdə tədqiqat üçün daha modern texnologiyaların kəşfi daha dəqiq nəticələr əldə etməyə imkan verəcək. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bizdə təəssüf ki, bu cür naşı “tədqiqatlar” aparılmışdı. Nəticədə bir sıra yerlərdə, xüsusən də cənub bölgəsində ibtidai icma cəmiyyətinin dağılması prosesi hələ də öyrənilməmiş qalıb. Çünki digər millətlərin nümayəndələrindən olan həvəskar tədqiqatçıların axtarışları zamanı belə abidələr dağıdılıb. Bu cür abidələr indiyə qalsaydı, alimlərimiz onları mükəmməl şəkildə tədqiq edə bilərdilər.

Bu kimi məqamlara görə təklif edərdim ki, arxeoloji tədqiqatlar aparmaq haqqında xüsusi qanun layihəsi hazırlansın və təsdiq edilsin. Çünki bu kimi abidələrimiz bəşəri əhəmiyyətlidir. Fransada məhz bu məqamı yüksək qiymətləndirdiklərinə görə bu gün Qərbdə ən qabaqcıl elmi-arxeoloji məktəb oradadır. Digər qabaqcıl ölkələrin alimləri isə Fransa arxeoloji məktəbini öyrənməyə cəhd edirlər.

Bu gün arxeologiyanın inkişafına da ciddi diqqət yetirilir. Müstəqilliyimizin biz alimlər üçün ən fərəhli məqamlarından biri də odur ki, hazırda arxeologiya sahəsində tədqiqatlar aparmaq istəyən, ortaya yeni nəticələr qoymaq istəyən savadlı alimlər üçün heç bir maneə yoxdur. Əksinə, alimlərə bu baxımdan şərait yaradılır. Müstəqillik olmasaydı, biz alimlər xarici ezamiyyətlərə gedib qədim tariximiz haqqında məlumatlar verə, onların məktəbləri ilə tanış ola, xarici alimləri ölkəmizə dəvət edə bilməzdik.

Amma bəzi məsələləri də qeyd etmək istəyirəm. Məsələn, arxeoloji tədqiqatların səviyyəsini daha da yüksəltmək üçün elmi-texniki bazanı gücləndirmək lazımdır.

Daha bir məsələ arxeoloji muzeylərin formalaşdırılmasının aktuallığı ilə bağlıdır. Xarici ölkələrdə elmi tədqiqatlara həsr olunmuş, arxeoloji tapıntılar haqqında müfəssəl informasiya verən möhtəşəm muzeylər var. Elmlə, qədim tarix və maddi-mədəniyyətlə maraqlanmaq istəyən hər kəsin həmin muzeylərə getmək imkanı var. Belə muzeylərdə həm tədqiqatçılar tədqiqat aparır, həm də məktəblilər gəlib savadlanırlar. Əsl savad mənbəyi kitablarda olduğu kimi, həm də muzeylərdədir. Ona görə də hətta Bakının mərkəzində maddi mədəniyyət tarixi muzeyinin yaradılmasını təklif edirəm.

Daha bir məqam isə ondadır ki, ölkədə elmi tədqiqat işi ilə məşğul olan, ömrünü bu işə sərf etmiş alimlər xüsusi qiymətləndirilməlidir. Onların əməkhaqqı yüksək olmalıdır.

Digər sahələrin kompleks inkişafı da elə elmin inkişafı ilə bağlıdır ki, burada da həqiqi alimlərin sosial təminatının yüksəldilməsi məsələsi əsasdır.

Həmçinin bu gün Elmlər Akademiyasında yüzlərlə savadlı, novator alimlər fəaliyyət göstərir. Onların universitetlər, tələbələrlə əlaqəsinin qurulması, onlara ali məktəblərdə mühazirə oxumaq üçün şərait yaradılması da işin vacib tərəfidir. Həmçinin belə alimlərin mühazirələrinin əvəzinə verilən maaşlar da artırılmalıdır. Hansı savadlı alim elmi tədqiqatlarla yanaşı tədris prosesində də iştirak edirsə, onun savadlı tələbələri olur. “İNTAS” proqramına uyğun olaraq ölkəmizdən 8 tələbənin xaricdə arxeoloq kimi formalaşması məsələsi qarşıda dururdu. Bununla bağlı universitetlərə müraciətlər etsəm də, mənə kömək edən olmadı. Nəticədə Beynəlxalq Universitetdəki 11 tələbədən cəmi 2 nəfər qələbə çaldı və onlar proqrama uyğun olaraq yetişdilər. Bu gün onların ikisi də mənimlə bərabər işləyirlər. Deməli, gənc tədqiqatçıların yetişməsi üçün də stimullaşdırıcı mexanizm formalaşdırılmalıdır.

Həmçinin paleontoloq, paleantropoloq və sair xüsusi sahələrə aid tədqiqatçıların yetişdirilməsində çətinliklər var.

Bunların xaricdə yetişdirilməsi üçün işlər görmək lazımdır. Bu gənc tədqiqatçıları yaxşı yetişdirmək üçün heç olmasa bir neçə aylığa Avropa ölkələrinə, ya da Rusiyaya ezamiyyətə göndərmək lazımdır.

Təklif vermək istəyirəm ki, yüksək səviyyədə yazılmış mühüm elmi əsərlər dövlət səviyyəsində mükafatlandırılsın. Həmçinin həqiqi, yaradıcı və novator alimlərin hamısına yaşından asılı olmayaraq Prezident təqaüdü verilməsini təklif edirəm.

Həmçinin akademik seçilənlərin həqiqi alim olmalarına da diqqət yetirilməlidir. Bu məsələdə məsuliyyət artırılmalıdır. Onsuz da alimlər bir-birilərini çox yaxşı tanıyır və kimin qabında nə olduğunu hamı yaxşı bilir. Ona görə də obyektiv seçim etmək zəruridir.

Ümumiyyətlə isə dövlətimizin getdikcə qüvvətlənməsi, əldə olunan parlaq iqtisadi nailiyyətlər, uğurlar imkan verir ki, digər elm sahələri kimi arxeologiyanın da yüksək səviyyədə inkişafı mümkün olsun. Prezident İlham Əliyevin 2008-ci ilin 5 fevralında arxeologiyanın inkişafı ilə bağlı imzaladığı sərəncam əsasında tədqiqatlar aparmaq üçün xüsusi pul vəsaitinin ayrılması da elmi inkişaf etdirmək iradəsini bariz göstərir. Bununla yanaşı kadr hazırlığı ilə bağlı da vəsait ayrılmasını təklif edərdim ki, nailiyyətlərimizi daha yüksək zirvələrə qaldıraq.

 

 

Ağayev İlkin

 

Palitra.-2009.-18 noyabr.-S.6.