Elm strategiyası
folklorşünaslıq sahəsinin
qarşısında yeni
vəzifələr müəyyən
edib
Azərbaycan xalqı çağdaş dönəmdə
müstəqil dövlətini
bərpa etdikdən sonra bütün sahələrdə öz milli və strateji
hədəflərini müəyyən
edən bir sıra konsepsiya və qanunvericilik aktları qəbul edib. Bu sıradan
Azərbaycanın milli
təhlükəsizlik konsepsiyası
və elm strategiyasının əhəmiyyəti
xüsusilə vurğulanmalıdır.
Azərbaycan Respublikasının
milli təhlükəsizlik
konsepsiyası xalqımızın
milli maraqlarının
mühafizəsini və
strateji hədəflərini
müəyyən edir.
Elm strategiyası adıçəkilən konsepsiyanın
həyata keçirilməsində
və Azərbaycan elminin dünya elminə inteqrasiya edilməsində mühüm
vəzifələr müəyyən
etmişdir.
Elm strategiyasının həyata keçirilməsi ilə bağlı dünyanın ən nəhəng mədəniyyət təşkilatı olan YUNESKO nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla görüşlər keçirmişlər.
Elm strategiyası bütün sahələrdə olduğu kimi folklorşünaslıq sahəsində də Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən edib. AMEA-nın Folklor İnstitutu bu sahədə ixtisaslaşmış elmi-tədqiqat müəssisəsi kimi dünyada folklor nümunələrinin mühafizəsi və tədqiqi ilə bağlı aparılmış işlərdən kənarda qalmayıb. O, cümlədən bu sahədə Azərbaycan elminin naliyyətlərini dünya elminə inteqrasiya edilməsi və elm strategiyasının reallaşdırılması üçün elmi potensialını səfərbər etməyi qarşısına məqsəd qoyub. AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmlər doktoru Hüseyin İsmayılovun təşəbbüsü və rəhbərliyi ilə İnstitutun əməkdaşları filologiya elmlər namizədi Seyfəddin Rzasoy və hüquqşünas Səməd Vəkilov, Sərxan Xavəri tərəfindən Azərbaycan Folklor Nümunələrinin Hüquqi Qorunması və Milli Reyestrinin aparılması Strategiyası hazırlanıb. Sözügedən sənəd üçün əsas hüquqi baza milli təhlükəsizlik konsepsiyası, elm strategiyası və YUNESKO-nun konvensiyaları olub. Hazırlanmış sənəd Azərbaycan folklorşünaslığı qarşısında yeni vəzifələr müəyyən edərək onun dünya elminə inteqrasiyasını qarşısına məqsəd qoyub. Sənədin əsas hədəfləri Azərbaycanın milli maraqlarını qorumaq onun mədəniyyətinin tədqiqi və mühafizəsini təmin etməkdir.
Azərbaycan Folklor Nümunələrinin Hüquqi
Qorunması və Milli Reyestrinin Aparılması Strategiyası
Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsi onun milli özünəməxsusluğunun ən vacib konponentidir. Azərbaycan Respublikası ümumdünya mədəniyyətinin qloballaşması meyllərindən kənarda qalmamaq şərti ilə milli mədəniyyətin özünəməxsusluğunu qorunmasını Milli Təhlükəsizlik Konsepsiyasının vacib tərkib hissəsi sayaır və dövlət siyasətinin əsas strateji hədəflərindən biri hesab edir (Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası 23.05.07-ci il tarixdə qəbul edilib).
1. AZƏRBAYCAN XALQININ
MƏDƏNİ İRSİ ONUN MİLLİ
İDEOLOGİYASININ VƏ MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASININ TƏRKİBİ KİMİ
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri müəyyən edilərkən elm, təhsil, mədəniyyət siyasəti və mənəviyyatın qorunmasına ayrıca bölmə həsr edilib. Adıçəkilən bölmədə elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması siyasətinin Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsinə, onun mədəni tələbatlarının ödənilməsi vasitələrinin və elmi-texniki potensialının daxili və xarici təhdidlərdən qorunmasına, mütərəqqi daxili və beynəlxalq inkişafdan bəhrələnməsinə yönəlməsi strateji hədəf kimi müəyyənləşdirib.
Konsepsiyada Azərbaycan Respublikasının milli maraqlarının əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, həmçinin dünya azərbaycanlılarının daşıdığı dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması, eləcə də ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi, dilinin, özünüdərk, vətənpərvərlik və milli iftixar hissinin, intellektual potensialının inkişaf etdirilməsi əsas hədəf kimi götürülüb.
Beləliklə, Konsepsiya Azərbaycan xalqının özünəməxsusluğunun qorunması və təbliği problemini özündə ehtiva etməklə onun iki istiqamətini müəyyən edir.
1) Azərbaycan xalqının mədəni irsinin, maddi və mənəvi dəyərlərinin mühafizəsi,
2) Azərbaycançılıq ideyasının təşviqi milli özünəməxsusluğun möhkəmləndirilməsi.
2. AZƏRBAYCAN
XALQININ MƏDƏNİ İRSİNİN ÖYRƏNİLMƏSİ
VƏ MÜHAFİZƏSİ ELM
STRATEGİYASININ HƏDƏFİ KİMİ
Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi problemləri Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyən edib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin 04 may 2009-cu il tarixli (H255) sərəncamı ilə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı təsdiq edilib.
Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərlə bağlı müxtəlif istiqamətlərdə bir çox məsələləri yenidən azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırmaq, elmi potensialı ölkənin mədəni-mənəvi inkişafına yönəldmək Elm Strategiyasının məqsəd və əsas hədəfləri sırasına daxil edilib.
Milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyektiv, konseptual və kompleks şəkildə araşdırılması və dövlətin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində elmin rolunun artırılması məsələləri Elm Strategiyasının vəzifələrinə daxil edilib.
Bundan başqa, dövlətin elmi-texnoloji və innovasiya siyasətinin əsas istiqamətləri müəyyən edilərkən Azərbaycan mədəniyyətinin və folklorunun öyrənilməsi əsas hədəflərdən biri kimi götürülüb.
Beləliklə, adıçəkilən hər iki mühüm sənəd: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı Azərbaycan xalqının mədəni irsinin öyrənilməsi və mühafizəsi istiqamətindəki problemləri və hədəfləri müəyyən etməklə mədəni irsin mühafizəsi və tədqiqi üçün hüquqi təminatlar yaradıb.
3. AZƏRBAYCAN XALQININ
MƏDƏNİ
İRSİNƏ (FOLKLORUNA) YÖNƏLMİŞ TƏHDİDLƏR
Azərbaycan xalqı çoxəsrlik zəngin tarixə və mədəniyyətə malik bir xalqdır. Tarixən xalqımızın maddi və qeyri-maddi mədəni irsi saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşıb. Bu hal xüsusi ilə qeyri-maddi mədəni irsin başqa xalqlar tərəfindən mənimsənilməsi şəkilində həyata keçirilib. Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar.
1. Şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin o, cümlədən dastanlar, nağıllar və.s. mənimsənilməsi.
2. Xalq musiqisi xəzinəsinə daxil olan xalq mahnılarımızın mənimsənilməsi.
3. Milli musiqi alətlərmizin,o cümlədən balaban, kamança, saz və.s. mənimsənilməsi.
4. Azərbaycan mətbəxinə daxil olan xörək növlərinin mənimsənilməsi.
5. Azərbaycan xalçalarının mənimsənilməsi.
Yuxarıda qeyd olunan kateqoriyaya daxil olan mədəniyyət nümunələri, o cümlədən “Koroğlu” və “Aşıq Qərib” dastanları ermənilər tərəfindən mənimsənilərək özününküləşdirilməyə cəhd edilir. Azərbaycan xalçaları İran xalçaları adı altında beynəlxalq sərgilərdə nümayiş etdirilir. Bundan başqa, Azərbaycanın məhşur xalq mahnısı “Sarı gəlin” beynəlxalq festivallarda erməni xalq mahnısı kimi təqdim edilir. Eyni vəziyyət Azərbaycan mətbəxinə məxsus olan xörəklər və musiqi alətlərində aiddir. Azərbaycanla müharibə vəziyyətində olan ermənilər tərəfindən Azərbaycan mədəniyyət nümunələrinin mənimsənilməsi artıq ənənə şəkilini alıb.
Rzasoy S.
Xavəri S.
Vəkilov S.
Palitra.-2009.-18 noyabr.-S.7.