NATO-nun yeni strateji konsepsiyası
Azərbaycan NATO-ya tərəfdaş ölkələrə
təhlükəsizlik qarantiyası
verən sazişlər
imzalamağı təklif
edib
Bakıda “NATO-nun yeni strateji konsepsiyası: tərəfdaşların müzakirələrə töhfəsi” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda NATO və Avroatlantik məkanın təhlükəsizliyinin ümumi arxitekturası məsələləri müzakirə olunub.
Konfransda çıxış edən xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizin NATO-nun ən aktiv tərəfdaşlarından biri olduğunu deyib. O həmçinin NATO-nun tərəfdaş ölkələrin təhlükəsizliyinə qarantiyalar təklif etməsinin zəruriliyini bildirib. Əks-təqdirdə bunun alyansın gələcək arxitekturasına neqativ təsir göstərəcəyini deyən Araz Əzimov ötən ilin avqustunda Gürcüstan baş verən hadisələri misal çəkib: “Mən NATO ilə tərəfdaş ölkələr arasında ikitərəfli sazişlər imzalanmasını təklif edirəm. Bu sazişlərdə tərəflərin məsuliyyət və öhdəlikləri ilə yanaşı, tərəfdaş ölkələrin təhlükəsizlik qarantiyası da öz əksini tapmalıdır”. Konfransda beynəlxalq ekspertlər, həmçinin Azərbaycandakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Ermənistanın
iki seçimi var
Jurnalistlərin suallarını cavalandıran Araz Əzimov bildirib ki, Azərbaycan Ermənistan prezidentlərinin növbəti görüşünün yaxın günlərdə keçirilməsi planlaşdırılır. “Azərbaycan bu görüşdən nə gözləyir” sualına cavab olaraq nazir müavini bunları deyib: “Birincisi, əsaslı və müfəssəl formada müzakirələr aparılmasını, ikincisi, qarşı tərəfin bu müzakirələrdə ötən görüşdə və ümumilikdə mövqeyində dəyişikliklər olmasını gözləyirik”.
A.Əzimov deyib ki, dəyişiklik olmasa, inkişafdan söhbət açmaq mümkün olmayacaq. Nazir müavini Azərbaycanın mövqeyinin Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində, əhalinin öz yurdlarına qaytarılması, normal şəraitin bərpa edilməsi ilə orada yaşaması və gələcəkdə hansısa münasib şəraitdə statusun müəyyənləşdirilməsi prinsipləri ilə həllindən ibarət olduğunu deyib: “Qarşı tərəf münaqişənin sülh yolu ilə həll edilməsinə hazır olduğunu bildirsə də, onun mövqeyində beynəlxalq hüquq norma və prinsiplərinə uyğunluğu görmürük. İkincisi, biz onların mövqelərində inkişafın əks istiqamətini müşahidə edirik. Həmsədrlərin neçə illərdən bəri səylərindən, bu qədər görüşlərdən, ümid bəslənən inkişafın əldə edilməsi üçün atılan addımlardan sonra Ermənistan yenə də prinsiplərə təklif edilən variantlara məhəl qoymadan, təzədən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və onun torpaqlarının bir hissəsinin ayrılmasına üstünlük verirsə, məncə, Ermənistan əks mövqedə dayanır. Odur ki, dediyim kimi, Ermənistanın mövqeyində dəyişiklik baş verməlidir”. Azərbaycanın öz mövqeyində kompromislərə yer saxladığını qeyd edən A. Əzimovun sözlərinə görə, Azərbaycan körpünün ortasında dayanıb və qarşı tərəfin bu nöqtəyə gəlməsini gözləyir.
Nazir müavini yeddi rayon və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və bunun müzakirə edilmədiyini bir daha diqqətə çatdırıb: “Yeddi rayonun boşaldılması, azərbaycanlıların Dağlıq Qarabağa qayıtması əvvəldən Azərbaycanın prinsipial mövqeyində əsas yer tutub. Ermənistanın iki seçimi var: ya münaqişə həll olunmur, ya da azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra status müəyyənləşir. Başqa seçim yoxdur. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan əvvəldən tutduğu mövqeyə sonra təzədən nəzərə salıb və artıq razılaşdırılmış məsələlərdən geriyə çəkilmək istəyib”.
Odur ki, hansısa razılığa dair məsələləri açıqlamaqdan çəkindiyini söyləyən A. Əzimov bütün hallarda işğal edilmiş ərazilərin boşalmasının bilavasitə münaqişənin həllində komponentlərdən biri olduğunu vurğulayıb.
NATO
ölkələri istənilən
zaman icazə əsasında Azərbaycan
üzərindən uçuşlar
həyata keçirirlər
Xarici işlər nazirinin müavini “Associated Press” agentliyinin “Azərbaycan NATO hərbi yüklərinin Əfqanıstana çatdırılması üçün Türkmənistan istiqamətində hava dəhlizi açmaqdan imtina edir” xəbərinə münasibət bildirib. XİN rəsmisi bu xəbərin doğru olmadığını vurğulayıb: “Bu məsələ həqiqətəuyğun deyil. Azərbaycan üzərindən Əfqanıstan istiqamətində minlərlə təyyarə uçur. Bütün NATO ölkələri istənilən zaman icazə əsasında Azərbaycan üzərindən uçuşlar həyata keçirirlər. Azərbaycan bu cür uçuşlar üçün bəzi ölkələrə bir illik icazə verməkdədir. Qeyd etdiyim kimi bu cür məsələlərlə heç bir problem, çətinlik yoxdur”.
Xarici işlər nazirinin müavini həmçinin qeyd edib ki, son zamanla NATO ilə Azərbaycan arasında “AWACS” tipli təyyarələrin Azərbaycan üzərindən keçərək Əfqanıstana göndərilməsi ilə bağlı danışıqlar aparılır. Lakin hələlik Azərbaycan NATO-nun bu istəyini cavablandırmayıb, eyni zamanda bu tipli təyyarələrin Əfqanıstana göndərilməsi üçün hava dəhlizi təklif edən bütün ölkələrin razılığı lazımdır.
Cavidan
Palitra.-2009.-20 noyabr.-S.4.