“Dilmanc” kompyuter sisteminin yaradıcılarından biri

 

Ağamehdi Mehdiəliyev: “Hazırda nitqin tanınması və mətnin səsləndirilməsi məsələləri də həll olunub”

 

Mehdiəliyev Ağamehdi İbadulla oğlu 1952-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. İbtidai təhsilini Talıstan kəndində alıb, 1967-ci ildə Bakı şəhərindəki fizika-riyaziyyat və kimya-biologiya təmayüllü internat məktəbinin 9-cu sinfinə daxil olub və 1969-cu ildə bu məktəbi qızıl medalla bitirib. Həmin ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunub və 1974-cü ildə oranı bitirərək təyinatla AzMEA-nın Kibernetika İnstitutuna göndərilib. 1977-1979-cu illərdə Belarusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda (Minsk şəhəri) təcrübə keçib. 1982-ci ildə Minsk şəhərində “Çoxölçülü diskret sistemlərdə optimal proseslərin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. A.İ.Mehdiəliyev Kibernetika İnstitutunda kiçik elmi işçi, Bakı Dövlət Universitetində aparıcı elmi işçi, Xalq Təhsil Nazirliyində “Təhsilin planlaşdırılması və proqnozlaşdırılması” laboratoriyasının müdiri, Azərbaycan Dövlət İqtisad Universitetində aparıcı elmi işçi, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent vəzifələrində çalışıb.

 1986-1990-cı illərdə Bakı Dövlət Universitetində işlədiyi müddətdə “Avtomatlaşdırılmış öyrətmə sistemlərinin və ali məktəbin idarə olunması modellərinin yaradılması və istismara verilməsi” mövzusunda Ümumittifaq Elmi-Texniki Proqramının yerinə yetirilməsində iştirak edib. Onun yaratdığı “Optimal tədris qruplarının yaradılması” kompyuter sistemi Bakı Dövlət Universitetində uğurla sınaqdan keçirildikdən sonra yuxarıda adı çəkilən Ümumittifaq Proqramı çərçivəsində bütün SSRİ məkanında tipoloji sistem kimi qəbul olunub.

1997-1998-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətində kompyuter şəbəkəsinin qurulması və “Bakıelektrikşəbəkə” İstehsalat Birliyində kompyuter mərkəzinin yaradılmasının təşəbbüskarı və iştirakçısı olub. Onun rəhbərliyi ilə Bakı şəhərinin elektrik enerjisi istifadəçilərinin ilk kompyuter idarəetmə sistemi yaradılıb.

1999-2002-ci illərdə ABŞ hökuməti tərəfindən SOROS fondu xətti ilə maliyyələşdirilmiş “Azeri books” layihəsinin iştirakçısı olub. Bu layihənin əsasında ölkəmizdə kitabxana işçilərinin kompyuter savadını yüksəltmək və onlara informasiya texnologiyalarından istifadə vərdişləri aşılamaq dururdu. Bu layihənin yerinə yetirilməsi nəticəsində həmçinin ilk dəfə olaraq Azərbaycan şifahi ədəbiyyatının nümunələri və klassiklərimizin bir çox əsərləri latın qrafikasında elektron formaya salınaraq internet məkanında bütün dünya azərbaycanlılarının istifadəsinə verilib.

İdarəetmə sahəsi üzrə mütəxəssis kimi Ağamehdi müəllim öz qüvvəsini dövlət quruculuğu və idarəetməsi sahəsində də sınayıb. O, 2003-2004-cü illərdə Avrasiya-Azərbaycan Fondunun B03-0078 H-li “Azərbaycanda bələdiyyə idarəçiliyinin vəziyyəti və bu sahədə fəaliyyətin effektivliyinin yüksəldilməsi üçün təkliflərin işlənib hazırlanması” layihəsinin koordinatoru olub. Layihənin nəticəsi kimi 2004-cü ildə “Azərbaycan bələdiyyələri: ilk təcrübə, əsas problemlər və inkişaf perspektivləri” kitabı çap olunub.

Bakı Dövlət Universitetində aparıcı elmi işçi və Təhsil Nazirliyində laboratoriya müdiri vəzifələrində işlədiyi müddətdə Ali Məktəb Problemləri Elmi-Tədqiqat İnstitutu (Moskva şəhəri) ilə sıx əlaqədə işləyib, bu institutun sifarişi ilə xalq təsərrüfatı sahələrinin ali təhsilli mütəxəssislərə olan tələbatının müəyyənləşdirilməsi üzrə təsərrüfat hesablı müqavilənin yerinə yetirilməsinə məsul icraçı olub.

O, 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının dosenti vəzifəsində işləyir. Ağamehdi müəllim optimallaşdırma üsulları, sosial-iqtisadi proqnozlaşdırma, statistik analiz, informatika, müxtəlif təyinatlı intellektual sistemlər, maşın tərcüməsi sahələrində yüksək səviyyəli mütəxəssisdir. A.İ.Mehdiəliyev ölkəmizdə həyata keçirilən informasiya-kommunikasiya texnologiyaları üzrə layihə və tədbirlərdə fəal iştirak edir. Belə ki, o, MICROSOFT firmasının sifarişi ilə WINDOWS VISTA və MICROSOFT OFFICE 2007 proqramlarının Azərbaycan dilində lokallaşdırılması layihəsində iştirak edib, mətnləri Azərbaycan dilindən ingilis dilinə və tərsinə tərcümə edən “Dilmanc” kompyuter sisteminin yaradıcılarından biri olub.

60-dan yuxarı elmi məqalənin və 3 kitabın müəllifidir. Onun həmmüəllif olduğu “Teoria iqr” (1995, 84 səh.), “Azərbaycan bələdiyyələri: ilk təcrübə, əsas problemlər və inkişaf perspektivləri” (2004, 196 səh.), “Vstroennıe funksii EXCEL” (2008, 444 səh.) kitablarından Akademiyanın tədris işlərində geniş istifadə olunur. O, 25 adda beynəlxalq və respublika konfranslarında iştirak edib, kibernetika, iqtisadiyyat, informatika, təhsil problemləri, intellektual sistemlər üzrə maraqlı məruzələrlə çıxış edib. Ailəlidir, iki övladı var. A.İ.Mehdiəliyev bu yaxınlarda Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Onunla müsahibəni təqdim edirik. O, əvvəlcə namizədlik dissertasiyası haqqında məlumat verdi:

- Riyaziyyatda adətən real obyekt və proseslərin riyazi modeli analitik formada qurulur, alınmış tənliklər analitik üsulla həll olunur və yalnız sonda böyük həcmli hesablamaları aparmaq üçün həll düsturları diskretləşdirilərək elektron hesablama maşınlarına müraciət  edilirdi. Bu halda diskretləşdirmə və hesablama xətaları cəmlənərək son nəticədə modelin adekvatlığına təsir edirdi. Mənim işimin əsas məqsədi reallıqda xüsusi törəməli differensial tənliklərlə təsvir olunan obyekt və proseslərin diskret modellərini əvvəlcədən qurmaq və onların optimal idarə olunması məsələlərini araşdırmaq olub. Müdafiədən sonra bir çox sosial, iqtisadi və ictimai məsələləri araşdırmış və onların da çoxölçülü diskret sistemlərlə təsvir olunduğunu müəyyənləşdirmişəm. Məsələn, “Optimal tədris qruplarının yaradılması” avtomatlaşdırılmış idarə sistemini yaradarkən mən məhz çoxölçülü diskret sistemlərdən istifadə etmişəm. Qeyd edim ki, apardığım son tədqiqatlar göstərir ki, maşın tərcüməsində semantikanı da tutmaq üçün çoxölçülü diskret sistemlərdən istifadə etmək olar.

- Necə oldu ki, özünüz riyaziyyatçı ola-ola birdən-birə tərcümə sistemləri ilə məşğul olmağa başladınız?

- Birincisi, K.Marksın belə bir kəlamı var ki, “Hər hansı bir elmi yalnız o zaman kamil hesab etmək olar ki, ondan riyaziyyatda istifadə etmək mümkün olsun”. İkincisi, informasiya texnologiyalarının indiki inkişaf səviyyəsi əvvəllər görülməsi mümkün olmayan bir çox işləri  kompyuterlərin vasitəsilə həyata keçirməyə imkan verir. Bu cür işlərdən biri də maşın tərcüməsidir. 2002-ci ildə biz - üç nəfərdən ibarət mütəxəssis qrupu (Əbülfət Fətullayev, Firudin Əhmədov və mən) bir araya gələrək informasiya texnologiyaları sahəsində görə biləcəyimiz bir sıra məsələlərin siyahısı ilə informatika sahəsində akademik olan Əli Abbasovdan bizi dəstəkləməyi xahiş etdik. Əli müəllim bu siyahıdan maşın tərcüməsi məsələsinin üzərində dayanaraq bu məsələdə bizə yardımçı olacağına söz verdi. Əli müəllim o zaman Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru idi. O, işinin həddən artıq çox olduğuna baxmayaraq bizimlə hər həftə seminarda iştirak edir, bizi hərtərəfli dəstəkləyirdi, bəzən zarafatla deyirdi ki, “məni işdən çıxarsaydılar, sizə qoşulub bu məsələlərlə məşğul olardım”. Biz çox gərgin işləyirdik, elə olurdu ki, sutkada 20 saat işdən ayrılmırdıq. Qısa müddətdə Azərbaycan dilinin formal qrammatikasını yaratdıq. Yalnız tərcümə modelinin işlədiyinə əmin olduqdan sonra bu işə bəzi dilçi alimləri də cəlb etdik. Şükürlər olsun ki, çəkdiyimiz zəhmət hədər getmədi. 2006-cı ilin aprel ayında Azərbaycan-ingilis istiqaməti üzrə tərcümə proqramının təqdimatı oldu. Sonradan ingilis-Azərbaycan və türk-Azərbaycan istiqamətləri də istifadəçilərin ixtiyarına verildi. Hazırda nitqin tanınması və mətnin səsləndirilməsi məsələləri də həll olunub. Qeyd edək ki, bu günə kimi 380 mindən artıq istifadəçi “Dilmanc” tərcümə sistemini öz kompyuterinə köçürüb və www.dilmanc.az saytında təşkil olunmuş forumdakı müzakirələrdən məlum olur ki, ondan uğurla istifadə edirlər.

- Elmi işlərinizin siyahısını nəzərdən keçirərkən görürük ki, universitetdə riyaziyyatın funksional analizi sahəsi üzrə ixtisaslaşdığınıza baxmayaraq daha çox riyaziyyatın tətbiqi məsələləri ilə məşğul olursunuz. Bunun səbəbi nədir?

- Bilirsiniz, bu gün kompyuter texnologiyaları o qədər inkişaf edib ki, abstrakt riyaziyyatın bir çox məsələlərini də elə kompyuterlər vasitəsilə həll etmək olur. Məsələn, məşhur “Matlab” proqramlar paketindən istifadə etməklə nəinki riyaziyyatın ən vacib problemlərini həll etmək olar, hətta müəyyən mənada riyazi eksperimentlər aparmaq, bəzi ideyaların, hipotezaların düzgünlüyünü yoxlamaq mümkündür. Burada mənim çox sevdiyim və ideyalarından bəhrələndiyim Amerika riyaziyyatçısı T.Saatinin bir kəlamı yerinə düşür: “Mən riyaziyyatın həm reallıqdan kəskin uzaqlaşmağa meyilli olan təmiz tərəfini, həm də böyük ehtirasla real həyata can atan tətbiqi tərəfini sevirəm”.

- Siz Dövlət İdarəçilik Akademiyasında müxtəlif riyazi fənnlərlə bərabər İdarəetmədə informasiya texnologiyaları fənnini də tədris edirsiniz. Respublikamızın dövlət idarəetmə strukturlarında informasiya texnologiyalarından istifadənin səviyyəsindən razısınızmı?

- Hələ sovet dönəmində Azərbaycan cəmiyyətin informatlaşdırılması sahəsində bütün SSRİ miqyasında poliqon elan olunmuşdu. Bunun bizim üçün böyük əhəmiyyəti oldu. Bircə onu qeyd etmək kifayətdir ki, o zamanlar kompyuter texnikasının qiymətləri ucuz olduğuna görə bu qəbildən olan bəzi mallar hətta Moskvaya Bakıdan aparılırdı. Bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclərin bu sahəyə marağı çox böyükdür. Respublikamızda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması ölkədə informasiya-kommunikasiya texnologiyalarının istər istehsalatda, istərsə də idarəetmədə geniş istifadə olunması işinə güclü təkan verdi. Bu mənada dövlət idarəçiliyi də istisnalıq təşkil etmir. Ölkə Prezidentinin sərəncamı ilə bütün dövlət idarəetmə orqanlarına özlərinin veb səhifələrini yaratmaq, idarəetmədə internet texnologiyalarından geniş istifadə kimi tapşırıqlar verilib. Artıq bir çox dövlət qurumları öz internet saytlarını yaradıb və onlardan səmərəli istifadə edir. Lakin hələ də internet resurslarını yaratmamış icra hakimiyyətləri qalmaqdadır. Bunsuz isə bütün ölkə miqyasında elektron hökumət konsepsiyasının həyata keçdiyini söyləmək olmaz. Bizim Akademiyaya gəldikdə isə öz müdavimlərimizə yeni informasiya texnolgiyalarının son nailiyyətlərini öyrədirik və bu texnologiyaların tətbiqinə yardımçı oluruq. Yaxşı olardı ki, Dövlət İdarəçilik Akademiyasında və ya digər ali məktəblərdə müəssisə və təşkilatlarda kompyuterləşdirmə işlərini təşkil edən və bu işləri lazımi səviyyədə həyata keçirən İT menecer ixtisası açılsın. Artıq bütün idarə, müəssisə və təşkilatların smetalarında İT xərclərinə aid maddənin daxil olunması da çox vacib məsələdir.

 

 

Miriyev Anar

 

Palitra.-2009.-20 noyabr.-S.6.