“Cəmiyyətdə belə bir düşüncə tərzi hakim olmalıdır ki, elmi tədqiqatlar bizə lazımdır”

 

“Elm adamlarının tibbi sığortası və güzəştli istirahəti sosial təminatda prioritet təşkil etməlidir”

 

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquqi Tədqiqatlar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru,  Əbülfəz Süleymanlı ilə müsahibəmiz elm adamlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı oldu. Əbülfəz müəllim bizimlə söhbətə belə başladı:

- Bu gün bütün dünyada elmi tədqiqat institutlarının rolu artmaqdadır. İnkişaf etmiş ölkələrdə elmi tədqiqat müəssisələrinin sayı getdikcə artır. Amma elmi tədqiqat institutlarının fəaliyətinin həyata, istehsalata tətbiqinin səviyyəsi təbii ki, ölkədən ölkəyə dəyişir. İnkişaf etmiş ölkələrdə akademiyanın, elmi tədqiqat institutlarının həyata keçirdiyi layihələr sadəcə sırf elmi səviyyədə, akademik tədqiqat olmaqla kifayətlənmir, onların ictimai maraqlar naminə konkret tətbiq mexanizmləri də olur. Bu layihələr cəmiyyətin inkişafı və dövlətin güclənməsi naminə tətbiq olunur. Bizdə isə bu məsələ hələ ki həllini tapmayıb. Bununla bağlı təkliflər verdikdə belə, gözlənilən reaksiya verilmir. Çünki hələ zəmin formalaşmayıb. Akademiyanın ictimai sferada tətbiqi baxımından səmərəliliyi məsələsi ilə paralel olaraq eyni zamanda akademiyada həyata keçirilən ciddi elmi fəaliyyətlərin istər dövlət, istərsə də digər özəl qurumlar tərəfindən formalarının müəyyənləşdirilməsi lazımdır. Bunun üzərində düşünməliyik. Bu məsələdə birinci növbədə dövlət müəssisələri maraqlı olmalıdır, çünki akademiya dövlət tərəfindən maliyyələşdirilir. Dövlət müəssisələri akademiyada həyata keçirilən elmi tədqiqatlardan öz sahələrinin inkişafı naminə yararlana bilərlər. Bu baxımdan da elmi tədqiqat institutları ilə dövlət təşkilatları arasındakı münasibətlərin günün tələbləri əsasında qurulmasına böyük ehtiyac var. Bir çox hallarda bu fikirlər səsləndirilir, amma əfsuslar olsun ki, bunun tətbiq mexanizmləri, akademiyada çalışan insanlar tərəfindən bu layihələrin səmərəliliyinin dərk olunması və ondan istifadə olunması halları çox azdır. Bu da belə bir sual ortaya çıxarır ki, akademiya bizə lazımdır ya yox?

Və yaxud belə bir fikir səslənir ki, bu gün bizdə aparılan xüsusən humanitar sahədəki elmi tədqiqatların cəmiyyətin inkişafı üçün nə əhəmiyyəti var?   Bu gün cəmiyyət, ailə, təhsil sahəsində aparılan tədqiqatlarımız var. Bu tədqiqatların öz növbəsində, nəticələrinin təhlil olunması, onlar ətrafında dəyirmi masaların keçirilməsi, müzakirələr aparılması məsələləri reaksiya doğurmur. Bu kimi məqamlar həqiqətən də elmi sahədə çalışan alimin pessimizminə səbəb olur. Belə alimlərin həvəsi və motivasiyası azalmış olur. Faktiki olaraq alim ciddi bir tədqiqat aparmaq üçün böyük əmək sərf edir, eyni zamanda bir çox halda maddi gözləntisini bu məqamda arxa plana keçirir. Çünki belə məqamlarda alimlər dövlətçilik, milli maraqlardan çıxış edir. Amma yenə də heç bir reaksiya olmadığı zaman ikikat pessimizm yaranır. Hesab edirəm ki, elmimizdə bu məqam çox ciddi bir məsələdir. Elm adamlarının fəaliyyətlərinin və tədqiqatlarının dünya standartları çərçivəsində yenidən nəzərdən keçirilməsi və dövlət müəssisələri ilə qarşılıqlı əlaqələrin qurulması aktualdır.

Bu sahədə koordinasiya mümkün olsa, bəlkə də bu gün bir sıra dövlət müəssisələri çox xeyir görmüş olar. Çünki onlar həyata keçirdikləri layihələrdə, elan etdikləri tenderlərdə alimlərin tədqiqatlarından yararlana bilərlər. Xarici qurumların alimlərimizin fəaliyyətindən yararlanmasındansa, dövlətin yararlanması daha məqsədəuyğundur. Əlbəttə, xarici qurumlarla da əməkdaşlıq olmalıdır, amma prioritet dövlət maraqları naminə elm adamlarının stimullaşdırılması və onların tədqiqatlarından müxtəlif sahələrdə yararlanılmasına verilməlidir. Bu, həm alimlərin fəaliyyətini daha effektli edər, onlara bir təbəqə kimi stimul verər, həm də onların maddi təminatı sahəsində müəyyən yaxşılaşma müşahidə olunar. Tenderlərdə iştirak edən alimlərin layihələri onlar üçün təbii ki, müəyyən gəlir deməkdir.

- Alimlərin əmək haqqı məsələsi ilə bağlı təklifləriniz nədir?

- Əmək haqqı təbii ki, yüksəldilməlidir. Buna görə də alimlərin 30-40 faizi əlavə iş yerlərində çalışmaqdadırlar. Bu hal bir tərəfdən onların maddi vəziyyətinin bir qədər yaxşılaşmasına səbəb olursa, digər tərəfdən, onların enerjilərini sırf elmə sərf etməsinin qarşısını alır. Halbuki alimlər öz potensialını daha geniş və ciddi tədqiqatlara həsr edə bilər. Alimin fəaliyyəti bir neçə yerə parçalandıqda, istər-istəməz onların elmi tədqiqatlarının keyfiyyəti və kəmiyyəti də aşağı düşmüş olur. Ola bilsin ki, elm adamı üçün prioritet deyil ki, onun bütün maddi ehtiyacları təmin olunsun. Amma alimin zəruri ehtiyaclarının təmin olunması onun elmi fəaliyyətinin normal məcraya düşməsinə yardımçı olacaq. Bu, əslində çox böyük şərtlərdən biridir.

Bu gün bununla bağlı olaraq elm sahəsinə gələn gənclərin sayı ildən ilə azalır. Doğrudur, bu proses bütün dünyada var, təkcə Azərbaycan üçün spesifik deyil. Məsələn, Türkiyədə deyirlər ki, alim olmaq üçün ya valideynlərin tərəfindən təmin edilməlisən, ya da bir çox şeylərdən vaz keçməlisən. Amma bizdə iqtisadiyyatın yüksəlişi müşahidə olunur, gəlirlərimiz artır. Buna uyğun olaraq alimlərin sosial təminatı da nisbətən yaxşılaşmalıdır. Çünki gələcək inkişafımızın əsas təminatçılarından biri də elm adamlarımız olmalıdır. Bunun üçün tədbirlər reallaşdırmaq lazımdır. Prezidentin çox önəmli bir çağırışı var: “qara qızıl” kapitalını insan kapitalına çevirmək lazımdır. Bəli, bu məsələ bizim cəmiyyətimiz, xüsusən də elm adamlarımız üçün böyük önəm kəsb edir. Elə bunun üçün - həmin çağırışın reallaşmasında töhfə vermək üçün də elm sahəsində bir çox məsələlərə yenidən baxmaq lazımdır.

- Elm adamlarının sosial müdafiə sistemi ilə bağlı daha nələri demək olar?

- Burada birinci olaraq alimlərin tibbi sığorta məsələsini qeyd edim. Müasir şəraitdə alimlərin aldıqları məvaciblə onların hətta adi kommunal xidmətlərin haqqını ödəmək üçün çətinlik çəkdikləri bir dövrdə tibbi sığortanın olmaması əlavə çətinlikdir. Bu gün 7-8 min dollara başa gələn bir əməliyyatın haqqını ödəmək alim üçün əlçatmazdır. Sosial müdafiədə bu məsələ birinci yerdə durur. Bu hadisə ilə alimlər qarşılaqdıqları zaman aciz qalırlar və hesab edirəm ki, bu məsələ tezliklə reallaşsa, alimlərə çox böyük dəstək olar. Bu məsələ müvafiq qurumlar tərəfindən prioritet olaraq qaldırılmalıdır. Heç olmasa, ilkin variantda xüsusi, özəl klinikalarda elm adamlarına  50 faizlik güzəştlə tibbi xidmətin təşkil olunması məsələsi reallaşmalıdır.

Elm adamının ildə bir dəfə olan məzuniyyətinin heç olmasa kafi dərəcədə keçirilməsi üçün müəyyən güzəştlər tətbiq edilməlidir. Bu yoxdur. Doğrudur, Elmlər Akademiyasında Həmkarlar İttifaqının xətti ilə sanatoriyalara “putyovkalar” verilir. Amma bu, yetərli deyil. Bir elm adamının sovet dövründə ən yaxşı sanatoriyalarla təmin olunması kimi müsbət təcrübələrin bərpasına bu gün ehtiyac var. Türkiyə təcrübəsini də bu baxımdan qeyd emək olar. Türkiyədə çox maralı bir sistem var: bütün dövlət qurumlarının öz işçilərinin rahatlığı, istirahəti üçün yaratdıqları “sosial təsis” sistemi. Məsələn, müəllim, yaxud alim yayda öz ailəsi ilə birgə Bakıdan hansısa istirahət zonasına gedir. Onun işlədiyi müəssisənin də həmin yerdə sosial təsisi olmalıdır. Qeyd edim ki, Türkiyədə bunlar 3-4 ulduz səviyyəsində olan otellərə bərabərdir. Türkiyədə həmin sosial təsislərdəki qiymətlər normal bazar qiymətləri ilə müqayisədə on dəfəyə qədər ucuzdur. Yeməklər də bazar qiymətlərindən dəfələrlə aşağıdır. Bizdə də elm və təhsil sahəsində çalışan insanlar üçün də bu cür sistem formalaşdırılmalıdır. Bir sözlə, normal istirahətin təmin edilməsi vacibdir.

- Bu güzəştlərin tətbiqi üçün elm sahəsində ixtisarlar vacibdirmi?

- Hesab edirəm ki, bu gün ixtisarlardan daha çox  elm aləminə gələn gənclərin stimullarını artırmaq tədbirləri haqqında düşünmək lazımdır. Bu baxımdan daha əvvəl sizin qəzetdə yayınlanan müsahibələrimin birində xüsusilə gənc elm adamlarının mənzil-kommunal problemlərinin həlli istiqamətində bir sıra tədbirlərin görülməsinin vacibliyinə yenidən diqqəti çəkmək istəyirəm. Xüsusilə burda sosial ipotekanın Elmlər Akademiyası strukturunda çalışan gənc elm adamlarını da əhatə edə bilməsi üçün şərtlərin yüngülləşdirilməsinin vacibliyi qeyd etmək yerinə düşər. Çünkü qanuna görə sosial ipoteka elmlər namizədlərinə və doktorlarını da əhatə etdiyi halda Elmlər Akdemiyası sistemində çalışan bu kateqoriyaya daxil olan insanların maaşlarının az olması, onları  bu imkandan istifadə etmə imkanlarını məhdudlaşdırır. Gənc nəslin yaşlı nəslin nümayəndələrindən aldığı estafeti  layiqli davam etdirə bilməsi üçün bu cür tədbirlərin görülməsi zəruridir. Ümumiyyətlə, Elmlər Akademiyasına qarşı münasibət dəyişməlidir. Cəmiyyətdə belə bir düşüncə tərzi hakim olmalıdır ki, elmi tədqiqatlar bizim inkişafımız, güclənməyimiz üçün bizə lazımdır. Dövlətimizin və cəmiyyətimizin gələcəyi, bu barədə strategiyanın formalaşması elmin inkişafı ilə paralel getməlidir.

- Elmi tədqiqat institutlarının universitetlərlə struktural əlaqələrinin formalaşması ilə bağlı nə deyərdiniz?

-Müasir dünyada universitetlərin ən başlıca vəzifələrindən biri ixtisaslı mütəxəssis hazırlamaqla yanaşı,  elm sahəsində innovasiyalar tətbiq etmək və həmçinin qloballaşan dünyada özünə layiqli yer tapa biləcək səviyyədə biliyə və dünyagörüşünə sahib olan gənc beyinlər  qazandırmaqdır. Bu baxımdan tələbələrin tədqiqat institutları ilə əlaqələndirilməsi, birgə seminarların intensiv keçirilməsi çox vacibdir. Eyni zamanda universitetdə çalışan pedagoq kollektivində elmi tədqiqat fəaliyyəti  əhəmiyyət kəsb edir. Amma bir faktı qeyd etmək lazımdır ki, bugün  universitet müəllimlərinin dərs yükü çox olduğuna görə əksər hallarda onlar üçün elmi tədqiqatlar ikinci plana keçir.Lakin unutmaq olmaz ki, bu gün dünya universitetlərinin reytinqi müəyyənləşdirilərkən həm də həmin universitetin müəllim və  tələbə heyəti tərəfindən həyata keçirilən elmi tədqiqatların və layihələrin sayı və keyfiyyət göstəriciləri də nəzərə alınır. Əgər biz öz universitetlərimizin dünya standartlarına qaldırmaq istəyiriksə ordaki həm müəllim heyətinin, həmçinin tələbələrin həyata keçirdikləri elmi layihələrin sayının artırılmasına diqqət verməliyik.  Ona görə də Elmlər Akademiyasının elmi tədqiqat məsələlərində universitetlərlərlə yaxın işbirliyi yaratması və bu sahədə topladığı təcrübəni bölüşməsi ölkəmizin elmin maraqlarına xidmət edir.

 

 

Ağayev  İlkin

 

Palitra.-2009.-20 noyabr.-S.7.