Dini təhlükəsizlik şəxsin, cəmiyyətin və dövlətin təhlükəsizliyi kontekstində

 

Azərbaycanın tarixi dini modelinin, nümunəvi tolerantlıq mühitinin qorunması üçün dini tədris sahəsində xarici ölkələrin təsirinin aradan qaldırılması vacibdir

 

Müasir dövrdə cəmiyyət və dövlət təhlükəsizliyinin sıx bağlı olduğu məsələlərdən biri də dini sferadır. Çünki çağdaş dünyada, qloballaşmanın hökm sürdüyü şəraitdə istənilən ölkədə çaxnaşma yaratmaq, sabitliyi pozmaq üçün din faktorundan çox geniş şəraitdə yararlanılır. Bu gün bir çox ölkələrdə xarici qüvvələr tərəfindən dini təfriqə yaradılması nəticəsində yaranan çox acı nəticələri - terror, qarşıdurma, siyasi kataklizmlər və müharibələri müşahidə etməkdəyik. Bu baxımdan hər bir dövlətin milli təhlükəsizliyi təmin etmək üçün lazım gələn bütün tədbirləri həyata keçirməsi günün ən əsas tələbləri sırasındadır. O cümlədən Azərbaycanda bu sahənin diqqətdə saxlanılması olduqca vacib məsələdir.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən və millətimiz dini inanclarını sərbəst şəkildə ifadə etmək hüququ qazandıqdan sonra dini sferada növbəti addım dini təhsil sisteminin formalaşması və milli kadrların hazırlanması ilə əlaqədar olub. Çox keçmədi ki, dini ali məktəb yarandı, fakültələr açıldı. Bu məktəb və fakültələrdə ilahiyyat fənləri əhatəli şəkildə tədris olunmağa başladı. Bütün bu məsələlər ilk baxışdan xalqın dini-mənəvi dəyərlərinə qovuşması və dini cəhətdən maariflənməsi üçün proqressiv işlərdir.

Hazırda da dini universitet və fakültədə dini kadrlar hazırlanmaqdadır. Konkret olaraq qeyd etsək, Bakı Dövlət Universitetinin nəzdindəki İlahiyyat fakültəsi və Bakı İslam Universitetində dini tədris aparılır və dinlə bağlı mütəxəssislər hazırlanır. Amma bu proses necə gedir? Bu məsələdə hansı çatışmaz və neqativ cəhətlər mövcuddur?

Aparılan araşdırmalar göstərir ki, dini kadrların hazırlanması prosesi parçalanmış və koordinasiya olunmamış formada həyata keçirilməkdədir. Hər dini tədris müəssisəsində ayrı-ayrı müsəlman ölkələrində hazırlanan dini ədəbiyyatlar üstünlük təşkil edir. Bir sıra hallarda isə tarix və sair kimi dünyəvi fənlərə aid ədəbiyyatların da xarici ölkə nəşrləri olduğu və bunlara əsasən tədris aparıldığı barədə faktlarla rastlaşmaq mümkündür. Ən yaxşı halda isə dini tədris prosesində xaricdə çap edilmiş dini ədəbiyyatların tərcümə variantlarından istifadə olunur.

Bu durum isə Azərbaycanda dini tədrisin faktiki olaraq qonşu müsəlman ölkələrindəki dini kadrların və onların hazırladığı ədəbiyyatların təsiri altında aparıldığını büruzə vermiş olur.

Belə olduğu halda qonşu müsəlman ölkələrinin tədris ədəbiyyatı ilə öz milli kadrlarımızı hazırlaya bilərikmi? Əlbəttə, elə ilahiyyat fənləri ola bilər ki, onun tədrisində xarici müəllifin hazırladığı ədəbiyyatdan hansısa məqamda istifadə etmək olar. Amma bütövlükdə bu məsələni ölkə xaricinə həvalə etmək olmaz. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Ceyhun Məmmədov da məsələnin aktual olduğunu bildirir: “Həqiqətən də dini tədris sahəsində xarici ölkələrin təsiri var. Mövqeyimiz belədir ki, Azərbaycanın özünün dövlət-din münasibətlərinə uyğun, ölkəmizdəki dini gerçəkliklər nəzərə alınaraq dini tədris aparılmalıdır və tədris kitabları hazırlanmalıdır. Din məsələsi olduqca həssas bir məsələdir. Dini təhlükəsizliyin milli təhlükəsizliklə sıx bağlı olduğu danılmazdır. Çünki bir sıra qüvvələr tərəfindən müəyyən dünya ölkələrində ictimai sabitliyi pozmaq, terror və sair törətmək üçün din amilindən istifadə olunur. Ona görə də dini təhlükəsizliyimiz milli təhlükəsizliyimizlə birbaşa bağlıdır. Çalışmalıyıq ki, var gücümüzlə din sahəsində dövlətimizin və cəmiyyətimizin təhlükəsizliyini təmin edək.  Bu da ilk növbədə Azərbaycana kənardan olan təsirlərin qarşısının alınması nəticəsində mümkün ola bilər. Bəzi qüvvələr var ki, dini sahədə ölkəmizdə müəyyən işlər görməyə çalışırlar. Dövlət də bu istiqamətdə iş aparır ki, həmin qüvvələrin Azərbaycana təsirinin, meyillərinin qarşısı alınsın. Tarixi dini modelimizə uyğun dini mühitin mövcudluğunu davam etdirməkdə ictimai və dövlət mənafeyi baxımından maraqlıyıq. Hansısa dövlət və ya təriqətin yeni dini modelinə ehtiyacımız yoxdur. Çünki bu, özümüzdə var. Bizdə dini tolerantlıq, dinlərarası dialoq çox yüksək səviyyədədir. Belə nümunəvi bir mühitin qorunması isə çox vacibdir. Ona görə də dövlət lazımi tədbirlər həyata keçirir. O da məlumdur ki, qloballaşma gedir, müxtəlif ölkələrdən ədəbiyyat, dini ideyalar və vəsaitlər daxil olur. Belə gərgin bir şəraitdə dini kökümüzü və ənənələrimizi qorumalıyıq. Bunun üçün ilk növbədə lazımi səviyyədə hazırlıqlı milli kadrlarımız və onların hazırladıqları dini vəsaitlər ortada olmalıdır. Dini tədrislə bağlı isə demək lazımdır ki, dərs vasaitləri hazırlanarkən və onlara əsasən tədris aparılarkən ilk növbədə yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır. Həmçinin məzhəb məsələləri də bu kontekstdə diqqətə götürülməlidir. Bu baxımdan qeyd etməliyəm ki, ölkəmizə gətirilən kitabların yayılmasında dindən daha çox dini duruma təsir etmək məqsədi güdülür. Yəni xarici qüvvələr dini durumu öz məqsədlərinə uyğun formalaşdıraraq sonradan dini sferaya təsir etmək və cəmiyyətdə təfriqə yaratmağa çalışırlar”.    

Göründüyü kimi, müvafiq dövlət qurumunun sözçüsü də məsələnin aktuallığını bildirir.       

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində aparılan tədris prosesində Türkiyə dini dairələrinin təsiri böyükdür. Bu məsələ ilə bağlı olaraq fakültənin İslam elmləri kafedrasının müdiri, ilahiyyat elmləri namizədi Mübariz Camalov da obyektiv fikir bildirir: “Bizim fakültə yaranandan bu yana İslamla əlaqəli fənlər Türkiyədən gətirilən kitablar əsasında tədris olunur. Yalnız dil və sair məsələlərlə bağlı bəzi fənlər Azərbaycan qaynaqlı ədəbiyyatlar əsasında tədris edilir.

İki il öncədən başlayaraq İslamla bağlı fənlərə aid ədəbiyyatların bir çoxu fakültəmiz üçün yenidən yazılmağa başlayıb. Çünki Türkiyədə hazırlanan kitablarla buradakı dini şərait arasında fərqlər çoxdur. Buna görə də bir layihə hazırlandı ki, burada tədris olunan fənlərə aid dini kitabların bir çoxu yenidən yazılsın, onların bir qismi isə Azərbaycan dilinə tərcümə olunsun. Bəzi kitablar var ki, onların tərcümə olunması zəruridir. Çünki Türkiyəyə aid kitablarda əsas etibarilə şiəliyə aid bilgilər yoxdur. Məsələn, fiqh üsulunu tədris edirik, amma buna aid ədəbiyyatlarda şiə fiqh üsuluna aid məlumat yoxdur. Eləcə də hüquq, kəlam, təfsir bəhslərinə aid şiəliklə bağlı məlumatlara bu kitablarda ötəri toxunulur. Buna görə də belə kitabların yenidən yazılması qərara alındı”.

Qeyd edək ki, belə kitabların yenidən yazılması və ya tərcümə olunması da vəziyyəti - fakültədəki dini tədrisin başqa ölkənin dini dairələrinin nəzarətində olması durumunu dəyişmir. Yenidən hazırlanması planlaşdırılan kitabların, şiəliyə aid ədəbiyyatların da Azərbaycandan kənarda çap olunması bu sahədə nikbinlik yaratmır.

M.Camalov deyir: “Dediyim layihə çərçivəsində hazırlanan bu kitablar da Türkiyədə yazıldı. Türkiyəli müəlliflər şiə məzhəbinə aid ədəbiyyatları da özləri yazırlar. Fakültəmizin müəllimləri yalnız bu kitabları dilimizə tərcümə ediblər. Təəssüf ki, azərbaycanlı ilahiyyat müəllimləri kitab yazmırlar, onların fəaliyyəti yalnız Türkiyədə nəşr edilmiş kitabların tərcüməsi ilə məhdudlaşır.

İndiyə qədər üç tərcümə edilmiş kitab nəşr olunub: Bunlar “Fiqh üsulu”, “Məzhəblər tarixi”, “Təfsir üsulu” adlı ədəbiyyatlardır. Digər fənlərə aid ədəbiyyatların nəşri isə davam edir. Gələcəkdə bu cür kitabları özümüz hazırlamağı düşünürük. Çünki türkiyədəki müəlliflər Türkiyədəki tədris proqramına görə kitab yazırlar. Elə sahələr var ki, bizim üçün əhəmiyyətlidir, amma türk müəllifləri bunlara geniş yer vermirlər. Bu baxımdan sözügedən məsələ diqqətə götürülməlidir. Dərsliklər dövrün tələbinə uyğun dəyişikliklər, yeni əlavələr istəyən bir nəsnədir. Ona görə də fikir baxımından köhnəlmiş dərsliklər yenidən hazırlanmalıdır”. Göründüyü kimi, İlahiyyat fakültəsinin azərbaycanlı kafedra müdiri də mövzunun aktuallığını ifadə edir.

Bakı İslam Universitetində isə vəziyyət bir qədər fərqlidir. Universitetin İslamşünaslıq fakültəsinin dekanı Hacı Fuad Nurulla da bizimlə söhbətində bildirdi ki, universitetdə tədris aparan kadrların hamısı millidir: “Başqa dini tədris müəssisələrindən fərqli olaraq bizim xaricdən maliyyə asılılığımız yoxdur. Maliyyə baxımından müstəqilik.Amma deyim ki, öz kadrlarımız müstəqil şəkildə bir çox dərslikləri hazırlasalar da, bu, bizim üçün kifayət sayılmamalıdır.” Qeyd edək ki, universitetdə dünyəvi fənlərə aid bütün ədəbiyyatların dünyəvi ali məktəblərimizdə istifadə olunan ədəbiyyatlara tam uyğunluğu müsbət məqam kimi qeyd edilməlidir. Dini ədəbiyyatlar isə əksər hallarda əsasən İranda və sair müsəlman ölkələrində çap edilmiş ədəbiyyatların tərcümə variantıdır. Beləliklə, milli kadrlar tərəfindən dini ədəbiyyatların hazırlanması aktuallığı gündəmdədir. 

Onu da bildirək ki, dini tədris məsələlərinin tənzimlənməsində Təhsil Nazirliyinin rolu ilə bağlı məlumat öyrənmək üçün nazirliyə müraciət etsək də, mövqe öyrənə bilmədik.

Bəs dünyəvi dövlətdə dini təhsillə bağlı beynəlxalq praktika necədir? Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin sədri, Prezident Yanında Təhsil üzrə Komissiyanın üzvü Elmina Kazımzadə fikirlərini belə bölüşür: “Bizdə hələki dini təhsillə bağlı standartlar yoxdur. Bu barədə yanaşmaların axtarış prosesi gedir. Ona görə də dini təhsil və dini kadrların hazırlanması təriqət ayrılıqları fonunda həyata keçirilir, burada müəyyən təhlükəli məqamlar özünü göstərir. Bu, ciddi problemdir. Əslində İslam insani, humanist dəyərləri ən mükəmməl şəkildə özündə ehtiva edən bir dindir. Dini tədrisdə məhz bu məqam çox ciddi diqqətə götürülməlidir. Bu sahədə tədris standartlarının formalaşdırılmasında qeyd etdiyim məqamdan maksimum yararlanılmalıdır.

Digər məqam isə odur ki, dini ali məktəbdə çalışan müəllimin təkcə dərs dediyi fənni bilməsi kafi hesab olunmamalıdır. Həmçinin hansısa dini təriqətin nümayəndəsi olmaq o təriqətə aid dini fənni tədris etmək üçün hələ əsas verməməlidir”.

Qeyd edək ki, bir sıra qabaqcıl, dünyəvi xristian ölkələrində əvvəllər, məsələn, katolik dini fənni ilə bağlı olaraq katolik müəllim, protestantizmlə bağlı olaraq protestant müəllim çağırırdılarsa, sonradan bu qayda dəyişib. Qərbdə dini təhsildə müəllimdən və bu sahədəki kadrlardan xüsusi pedaqoji peşəkarlıq keyfiyyətləri tələb olunur. Bizim dini təhsildə də bu məqam nəzərə alınmalıdır. Həmçinin dini tədris aparılan cəmiyyətdə həmin cəmiyyət üzvlərinin çoxunun mənsub olduğu təriqətə aid fənlərin tədrisi digər təriqətə qarşı diskriminasiya yaratmamalıdır. Dünyəvi ölkələrin dini tədrisində bu məqam da nəzərə alınır.

Qeyd edilənlərdən göründüyü kimi, həqiqətən də dini tədris parçalanmış şəkildə həyata keçirilir. Dini tədrisdə milli kadr və milli ədəbiyyat problemi var. Milli kadr probleminin aradan qaldırılması üçün xüsusi strategiya ortaya qoyulmalıdır. Belə olarsa, milli kadrlar müstəqil şəkildə dini ədəbiyyatlar hazırlaya və dini tədris edə biləcəklər. Unudulmamalıdır ki, dini təhlükəsizlik milli təhlükəsizliklə sıx bağlıdır. Bu baxımdan dünyəvi dövlətdə dinin rolunu lazım olduğu kimi dərk edən, milli-dini məfkurəyə əsaslanan kadrların yetişdirilməsi Azərbaycanın tarixi dini modelinin qorunması, xarici ölkələrin dini sferada təsirinin aradan qaldırılması, nəhayət, ölkədə tarixən mövcud olan dini tolerantlıq mühitinin qorunması üçün vacib məsələdir.

 

 

Ağayev İlkin

 

Palitra.-2009.-20 noyabr.-S.10.