Kəlbəcərin
işğalından 17 il ötür
Bu gün Azərbaycanın
daha bir rayonunun – Kəlbəcərin işğal
olunmasının ildönümüdür.
Lent.az-ın
xatırlatmasına görə, rayonun işğal
olunmasından 17 il ötür. Kəlbəcər 1993-cü il
aprel ayının 2-də Ermənistan Respublikasının silahlı
qüvvələri tərəfindən işğal edilib. Dağlıq
Qarabağ ərazisindən kənarda yerləşən, 1936
kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər
rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğal edilməsi nəticəsində dinc əhaliyə
vəhşicəsinə divan tutulub, yerli əhali min illər
boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin
salınıb.
Kəlbəcərin
işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik
Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə
bütün işğalçı qüvvələrin Kəlbəcər
və Azərbaycanın digər işğal olunmuş
rayonlarından dərhal çıxarılması tələb
olunur. Lakin indiyədək həmin qətnamədən irəli
gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər
rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və
şəhərinin 707 yaşayış məntəqəsində
qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər
rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil,
37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin
və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər
rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına
başlanılıb.
Ermənistan
Respublikasının münaqişədə, o cümlədən
Kəlbəcər rayonunun işğalında iştirakı
qeyri-hökumət təşkilatı olan "Human Rights
Watch/Helsinki" "Azərbaycan. Dağlıq Qarabağda
münaqişənin 7 ili" (Nyu-York, 1994-cü il, səh.
67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə,
1998-ci ildə Ermənistanda keçirilən seçkilər
zamanı səyyar səsvermə qutuları Kəlbəcər
rayonunda yerləşdirilən erməni əsgərlərinin
səsini toplamaq üçün Ermənistan
Respublikasının dövlət sərhəddindən
keçirilib ki, bu da ATƏT-in Demokratik Təsisatlar və
İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il 16 və
30 mart tarixlərində keçirilən prezident seçkilərinə
dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini
tapıb.
Kəlbəcər
rayonunun Vəng kəndi ərazisində Alban məbədi,
Çərəkdar kəndində Alban kilsəsi (Həsən
Camal kilsəsi), Qanlıkənd ərazisində Lök
qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər
çayının Bulanıq çayı ilə
qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu
kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd
qalası, Camışlı kəndində Keşikçi
qalası, Kəlbəcər şəhərində məscid,
Başlıbel kədində məscid, Otaqlı kəndində
məscid, Soyuqbulaq kəndində Tərtər çayı
üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər
Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir
adına mədəniyyət vei, Söyüdlü
yaylağında Seyid Əsədullanın ziyarətgahı
işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri
tərəfindən dağıdılıb.
Hələ 1990-cı
ildə, iyul ayının 11-də erməni
separatçıları tərəfindən “Tərtər-Kəlbəcər”
sərnişin avtobusu partladılıb, dinc əhali olan
maşın karvanına qarşı terror aksiyası həyata
keçirilib və nəticədə 14 nəfər qətlə
yetirilib, 35 nəfər yaralanıb.
1993-cü il aprel
ayının 1-də Ermənistan silahlı birləşmələrinin
Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı
hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah
radiostansiyasından (“QSM-7”) Kəlbəcər döyüş
bölgəsindəki baş radiostansiyaya (“Uraqan”) bölgədəki
bütün səyyar radiostansiyalara çatdırmaq
üçün təcili əmr verilmişdi. Əmrdə əsir
və girov götürülmüş Azərbaycan vətəndaşlarını,
o cümlədən qocaları, qadınları və
uşaqları təcili məhv edib basdırmaq tələb
olunurdu. Ermənilər azərbaycanlılar barəsində
törətdikləri vəhşiliklərin izlərini həmin
vaxt döyüş bölgəsinə gələn beynəlxalq
nümayəndə heyətindən, o cümlədən
jurnalistlərdən gizlətməyə nail olmuşdular. Erməni
hərbi birləşmələri komandirlərinin efirdəki
bu radiodanışığının mətni Azərbaycan
Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat
xidməti tərəfindən lentə alınıb.
1993-cü ilin qiymətlərinə
görə Kəlbəcərin xalq təsərrüfatına
703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində
Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc əhali
öldürülüb, 321 nəfər isə əsir
götürülüb və itkin düşüb. Kəlbəcərdə
doğulub boya-başa çatmış 3 nəfər
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Paralel.-
2010.- 2 aprel.- S. 10.