Azərbaycanın Kəbəsi
– Şuşa
Kəbəni ziyarət hər bir
inanclı müsəlmanın ən böyük arzusudur. Bu səbəbdən
insanlar müqəddəs Məkkə və Mədinə
şəhərlərinə böyük sevgi, həvəslə
səfər edirlər. Həmin ziyarətdən qayıdanlar səfər
təəssüratından danışmaqdan yorulmur və bu
ziyarətdən sevərək bəhs edirlər.
Belə
ovqat böyük sevgi yarada bilir. Ziyarətçilərin
hissini, həyəcanını, emosiyasını yaşamaq,
anlamaq üçün inamlı olub, vətənini sevmək
bəs edir. “Vətəni sevmək də imandandır”
buyurulub. Torpağı sevmək, onu qorumaq, ondan pay verməmək,
onu əkib-becərmək vəsiyyət edilib.
İşğaldan
təmizlənən Vətən torpaqlarını ziyarət
edənlərdə doğma hisslər yaranır.
Dekabrın
27-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı
ilə yerli kütləvi informasiya vasitələrinin bir qrup təmsilçisi
Şuşaya səfər edib.
Azərbaycanı
sevənlər, Kəbəni ziyarət edənlər bu
möhtəşəm şəhərin dəyərini bilər.
Bu şəhər barədə kiçik məlumat vermək
istərdim. Şəhərin təməli 1752-ci ildə
Qarabağ xanı Pənahəli xan tərəfindən
qoyulub. İlk dövrdə bura xanın şərəfinə
Pənahabad adlandırılıb. Şuşa 17 məhəllədən
ibarətdir: Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dörd
çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala,
Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı,
Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə
məhəlləsi. Hər məhəllədə hamam, məscid
və bulaq olub. XVIII əsrdə Şuşa Azərbaycanın
ən mühüm mədəniyyət mərkəzlərindən
birinə çevrilib. Burada “Pənahabadi” adlanan
gümüş sikkə zərb edilib.
XIX əsrin
sonu və XX əsrin əvvəllərində isə
Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib.
Ona “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan
musiqisinin beşiyi” və “Cənubi Qafqazın
konservatoriyası” adı verilib.
Şuşanın
gözəlliyi və möhtəşəmliyi düşmənlərin
gözünə girib. Havadarlarının köməyi və
dəstəyi ilə ermənilər bu şəhəri 1905,
1920 və 1992-ci illərdə üç dəfə
yandırıblar.
Bu şəhər
həm də qazidir. Bu şəhərdə ermənilərin
Azərbaycan və azərbaycanlılara qarşı iddia, eləcə
də müharibələrinin yaraları var. Hər addımda
bu yaraları görmək olur.
Şuşa
onu sevənlərin sayəsində yaralarını tez
sağaldır. Ermənistan 30 ilə yaxın işğal
zamanı Azərbaycanın rayon və kəndlərini viran
qoyub, məhv edib. Görünür, Şuşanın əzəməti
və gözəlliyindən onu öldürməkdən
qorxub. Bu qazi şəhəri yaralamaqla özünə tabe etmək,
murdarlamaq istəyiblər. Ancaq təmizlik və paklıq murdarlığı
götürmür. Düşmənin murdarlıq və hiylə
ilə qurmaq istədikləri özündən əvvəl
dağıldı. Şuşa təmiz olduğundan
özünü bu çirkinlikdən Azərbaycanın qəhrəman
oğulları tərəfindən təmizləndi. Müqəddəs
şəhərin əraziləri murdarlığı
götürmədi, qəbul etmədi.
Şuşa
azərbaycanlı xanın qaya üzərində tikdirdiyi milli
memarlıq incisidir. Bu şəhərin hər yerində şəhid
ruhları dolanır. Azərbaycan əsgəri, Ali Baş
Komandanın qətiyyəti nəticəsində
Şuşanı dişi və dınağı ilə azad
edib.
Şuşa
Azərbaycanın milli azadlıq mübarizəsinin rəmzidir.
Ölkə inkişaf edəndə, müstəqil olanda
düşmənlər həmişə onu ələ
keçirməyə can atıblar. Sanki Şuşa Azərbaycanın
ruh mərkəzi olub. Düşmən Şuşaya zərbə
vurmaqla Azərbaycanı sındırmaq, əzmək,
aşağılamaq istəyib. 28 il 6 aylıq ayrılıqda
Azərbaycan ictimaiyyəti bunu yaşadı. Şuşasız
Azərbaycan çox yaraşıqsız
görünürdü. O, Vətən Azərbaycanın bəzəkli,
gözəl övladıdır. Düşmən bu zərifliyi,
gözəlliyi məhv etməklə Azərbaycana və azərbaycanlılara
mənəvi zərbə vurmağa çalışıb.
Şuşanı
başı dik, vüqarlı, yaraları sağalmaq üzrə
olan, daha arxayın, ümidli, sevimli və sevgili gördük.
Bir də
Xankəndi, Xocalı və Xocavəndin indiki sakinləri ilə
birlikdə ondan aşağıda yerləşməsi
Şuşanın əzəmətini göstərirdi.
Şuşa
Azərbaycan mədəniyyətinin Kəbəsidir.
Şuşa Azərbaycanın azadlığı və
suverenliyinin simvoludur. Şuşa Azərbaycanın ərazi
bütövlüyünün göstəricisidir.
Gələn
il bu şəhərin 270 yaşı tamam olur. Tarixin
yaşı ilə müqayisədə gənc, Azərbaycanın
milli dövlətçiliyi tarixi ilə müqayisədə
müdriklik təcəssümü olan bu şəhər
dünya mədəniyyətinin bir incisi olduğunu da sevənlərinə
göstərəcək.
Şuşanın
giriş qapısından aşağıda qurulan sülhməramlı
postu yada salmağın da yeri var. Noyabrın 13-də bu postda
terrorçu erməninin törətdiyi cinayət, onun
sülhməramlılar tərəfindən tutularaq sonra sərbəst
buraxılması da yaddan çıxan, yaxud
çıxarılan mətləblərdən deyil. Axı
sülhməramlı 366-cı motoatıcı alayın
Xocalıda törədilən soyqırımda
oynadığı rol da unudulmayıb. Bu hadisə tarixin
üzqaralarındandır.
Şuşanı
ziyarət etmək həm də şəhid ruhlarını
xatırlamaqdır. Azərbaycanın mədəniyyət,
suverenlik, milli birlik, ərazi bütövlüyünün Kəbəsini
ziyarət etmək bir borc, bir vəzifədir. Ziyarətiniz,
ziyarətimiz mübarək!
Sədrəddin İsmayılov
Paralel.- 2021.- 30 dekabr.- S.14.